Qurban bayramı

31/07/2020

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramı münasibəti ilə təbrik edir, kəsilən qurbanların, edilən ibadət və duaların qəbul olmasını diləyirik.

 

Milli Məclisin deputatı, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərovun Qurban bayramına həsr olunmuş "Qurban Bayramı" adlı məqaləsini təqdim edirik:


Qurban bayramı

Hər il milyonlarla müsəlman qurban bayramını qeyd edir. Qurban sözünün ərəb dilindən tərcüməsi Allaha yaxın olmaq üçün vəsilə mənasını verir.

...Həcc ziyarətində ilk dəfə ucu-bucağı görünməyən insan selinin canlı şahidi oldum. Gördüklərimi qələmə almaqda bu gün də çətinlik çəkirəm. Həcc ziyarəti həyatımın unudulmayan günləri ilə bağlıdır. Ziyarət günlərində özümə sual verirdim: milyonlarla insanı bu səhralıqda birləşdirən hansı gücdür? Bu insan seli bir-birinin dilini başa düşmür, amma bir-birini əl işarələri ilə başa salır, bir-birinə kömək əli uzatmaqdan zövq alır. Heç kim çətinlikdən şikayət etmir, hamı çalışır ki, Həcc əməllərini olduğu kimi yerinə yetirsin.

21 il əvvəl Həcc ziyarətində bir indoneziyalı zəvvarın dediyini unuda bilmirəm: Həyatımda yalan danışmamışam. Həcc ziyarətindən sonra da dilimə yalan gələ bilməz. Qurban Həcc ziyarətinin vacib əməlidir. Həcc ziyarətini yerinə yetirənlər zilhiccə ayının 10-da Mina vadisində Qurban kəsməlidirlər.

Qurban kəsmə mərasiminin icra edildiyi gün İslam dünyasında böyük bayram kimi qeyd edilir. Qurban bayramı dini mətnlərdə “eydəl-əzha” kimi xatırlanır. Qurban kəsmək hər şeydən əvvəl, insanın öz nəfsi üzərində qələbəsi günüdür. Ata (İbrahim Peyğəmbər (ə) öz doğma oğlunu (İsmaili (ə) nə qədər dərin məhəbbətlə sevsə də Allahdan əmr aldığı üçün, onu qurban kəsməyə razı oldu. Ana (Hacər) Allahın tapşırığına tabe olub oğlunun qurban kəsilməsi ilə razılaşdı. Övlad (İsmail(ə)) tam razılıq və könüllü şəkildə ölüm şərbətini içməyə hazırlaşdı. Bu hadisə insan iradəsinin nümayişi günü, imanın nəfs üzərində qələbəsi günüdür.

Qurban bayramının insan həyatına təsir edən faydaları haqqında danışmağa dəyər. İslam dininin başqa bayramlarında olduğu kimi, Qurban bayramında da insanlar bir-birinin evinə qonaq gedir, mehribançılıq yaradırlar. Həmin gün küsülülər barışır, bir-birindən uzaq düşənlər bir-birini görməyə can atırlar. Bayram qurbanı kəsənlər ehtiyacı olan insanlara ətdən pay verirlər. Bununla da imkanlılar ehtiyacı olanların, heç olmasa, bir günlük ehtiyacını ödəmiş olurlar.

Qurban bayramı günü ən yaxşı əməl Allah yolunda heyvan kəsmək, ata-anaya mehribanlıq göstətərmək, uzaq düşmüş qohumların görüşünə getmək, qurbanlıq ətindən ehtiyacı olanlara pay verməkdir. İmam Əli ibn Talib(ə) Allah yolunda qurban kəsməyin savabını bu şəkildə bəyan etmişdir: ”Əgər insanlar bilsəydilər ki, qurban günü heyvan kəsməyin bu qədər savabı var, borca qurban alıb kəsərdilər.”

Qurban, qurban bayramının ilk üç günündə, yəni zilhiccənin 10, 11, 12-ci günlərində, bayram namazından sonra, bayramın üçüncü gününün axşamına qədər kəsilə bilər. Qurbanın bayramın birinci günü kəsilməsi daha fəzilətli sayılır. Qurbanların gündüz kəsilməsi daha üstündür, amma təhlükə yaradan bir maneə olmadıqda gecə də kəsilə bilər.

Qurbanlıq ət üç hissəyə bölünür. Qurban kəsən ətin bir hissəsini özünə, ailəsinə, ikinci hissəsini qohumlarına, qonşularına götürməli, üçüncü hissəsini isə mütləq ehtiyacı olan insanlara paylamalıdır. Qurban kəsən ətin hamısını ehtiyacı olanlara paylaya bilər, bunun savabı daha çoxdur. 7-ci əsrdə İslam Azərbaycanda hakim dinə çevrildi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin idarəçiliyində şəriət qaydalarına xüsusi önəm verilirdi. Hətta müstəqil Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğal olunmasına baxmayaraq, xalq islami dəyərlərini, o cümlədən Qurban, Orucluq və Novruz bayramlarını qeyd edirdilər. Sovet dönəminin İslam dini ilə bağlı bir çox qadağalarına baxmayaraq, Qurban bayramı heç vaxt açıq şəkildə təqibə məruz qalmamışdır. Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra din-dövlət münasibətləri qanunla təmzimləndi. Dövlət öz vətəndaşının dini inanclarına böyük ehtiram göstərməklə onun dini etiqad azadlığını təmin etdi. 30 ilə yaxındır ki, müstəqil Azərbaycanın vətəndaşı dövlət qayğısı görməklə müqəddəs Həcc ziyarətinə gedir, xalqı üçün, dövləti üçün dualar edir, qurbanlarını kəsir. Azərbaycanın bütün bölgələrində Qurban bayramı böyük coşqu ilə həyata keçirilir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, Qarabağda üç rəngli bayrağımızın yenidən dalğalanması üçün nə qədər boyun aldığımız qurbanlarımız var? Bu qurbanların müstəcəb olması üçün daha çox birləşməyə ehtiyacımız vardır. Qurban bayramı bizi birləşdirir ki, aztəminatlı ailələrimiz çətinlik hiss etməsin, imkanlı insanlarımız öz səxavət dolu əlini qonşusuna vaxtında uzada bilsin.

Bu il Covid-19 bizə Həcc ziyarətinə getməyə və Mina vadisində qurban kəsməyə imkan vermədi. Digər tərəfdən, təcavüzkar erməni hərbi birləşmələri Tovuz istiqamətində dövlət sərhəddimizi pozmağa cəhd etdilər. Düşmənə qarşı döyüşlərdə 12 şəhid verdik. Bu hadisə bizi ruhdan salmamalıdır. Yüz minlərlə gəncimiz düşməndən qisas almaq üçün könüllü ordu sıralarına yazılıb. Allahın köməyi ilə düşməndən qisas alacağımız gün uzaqda deyil. Bu arzu və istəklə tələbələrimdən tutmuş seçicilərimə qədər hamınıza deyirəm: Gələn il bayramımızı azad edəcəyimiz bütün torpaqlarımızda əmin-amanlıq şəraitində və rahatlıqla keçirək. Amin.

 

Anar İsgəndərov,

Milli Məclisin deputatı,

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri

tarix elmləri doktoru, professor

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024