Sosial elmlər və psixologiya fakültəsi 20 yaşını qeyd edib
Bu gün Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya (SEP) fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi adıçəkilən fakültədə Heydər Əliyev guşəsinin açılışı olub. Rəsmi hissədə çıxış edən rektor, akademik Abel Məhərrəmov yubiley mərasiminə qatılan bütün qonaqları, millət vəkillərini, professor-müəllim heyətini, tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor BDU-nun 100 illk yubileyə doğru inamlı addımlarla irəlilədiyini deyərək universitetin tarixi və bu günündən, əldə olunan uğurlardan, nailiyyətlərdən bəhs edib. Rektor bildirib ki, Sosial elmlər və psixologiya fakültəsi müstəqillik qazanmış ölkəmizdə baş verən sosial-siyasi hadisələr fonunda suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. Akademik Abel Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, fəaliyyəti dövründə Respublikamız üçün minlərlə yüksək ixtisaslı mütəxəssis hazırlayan SEP fakültəsi həm də uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadrlar hazırlayıb, beynəlxalq miqyasda tanınan peşəkar professor-müəllim heyətinin yorulmaz xidməti sayəsində regionun elmi mərkəzinə çevrilib, ali struktur rəhbərlərinin formalaşmasında müstəsna rol oynayıb.
Fakültəninin psixologiya, siosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır, layiqli vətəndaş və mütəxəssis kimi özlərini təsdiqləyirlər.
Rəsmi hissənin sonunda fakültənin 20 illiyi münasibətilə bir sıra əməkdaşlar fəxri fərman və pul mükafatları ilə təltif edilib.
Daha sonra SEP-in ayrı-ayrı ixtisaslar üzrə tələbələri, o cümlədən BDU-nun nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyinin məzunu, SEP-in I kurs tələbəsi Sevda Cəlilzadə, fakültə «Şən və hazırcavablar» klubunun üzvləri çıxış edib. Yubiley tədbiri bədii hissə ilə sona çatıb.
Mətbuat və İnformasiya şöbəsi, 30 noyabr 2011-ci il