Abdulla Muxtarov vəfat edib

17/05/2013

Azərbaycan elm və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  Azərbaycanda nəzəri fizika məktəbini yaradıcısı, Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru,  Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Abdulla İbrahim oğlu Muxtarov 2013-cü il may ayının 17-də, ömrünün 95-ci ilində vəfat etmişdir.

Abdulla Muxtarov 1918-ci il dekabr ayının 24-də ildə anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə imtahansız qəbul olunmuş,1944-cü ildə Universiteti əla qiymətlərlə bitirmişdir. 1946-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş və 1950-ci ildə namizədlik dissertasiya işini müdafiə etmişdir. 1950-ci ildə Bakıya qayıtmış və Azərbaycan Dövlət Universitetinin nəzəri fizika kafedrasında baş müəllim kimi fəaliyyətə başlamışdır. Həmin ildən etibarən Azərbaycanda nəzəri fizika elminin bünövrəsi qoyulmuşdur.  A.İ.Muxtarov 1964-cü ildə ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1965-67-ci illərdə fizika fakültəsinə rəhbərlik etmişdir. 1967-ci ildə professor elmi adını almış, 1967-1988-ci illərdə Nəzəri fizika kafedrasına rəhbərlik etmişdir

A.İ.Muxtarovun işlərində nəzəri nəticələr, onlarda iştirak edən zərrəciklərin polyarizasiya xassələri nəzərə alınmaqla qeyri-lokal nəzəriyyədə tədqiq edilmişdir və göstərilmişdir ki, bu halda nəzəri nəticələr təcrübi nəticələrə uyğun gəlir.

Kvant generatorlarında yüksək polyarizasiya  dərəcəsinə malik yüksək enerjili foton, elektron, pozitronların nazik dəstələrinin alınması nəticəsində belə dəstələrin hərəkət edən hədəflərdən, yüngül və ağır nüvələrdən səpilmə proseslərinin tədqiqi məsələsi mühüm əhəmiyyət kəsb edirdi. Bu cür tədqiqatlar kvant elektrodinamikasının tətbiq olunma sərhədini təyin etməyə, yüksək dərəcəli polyarizə olunmuş zərrəciklər dəstələrini almağa, zərrəciklərin bəzilərini digərləri hesabına generasiya etdirməyə və bəzi prinsipial məsələləri həll etməyə imkan verirdi.

A.İ.Muxtarovun bu istiqamətdəki işlərində lokal və qeyri-lokal nəzəriyyələr yüksək enerjili -kvantların, elektron və pozitronların, neytrinonun ixtiyari zərrəciklərdən və eləcə də toqquşma nəticəsində digər zərrəciklər cütü yaratmaqla, onların  nüvələrdən, nuklon və bozonlardan səpilmə prosesləri tədqiq edilmişdir. Alınan nəticələr   nüvəsinin  -çevrilməsində buraxılan  -kvantların dairəvi polyarizasiyasını ölçən Şopperin və  nüvəsində K-zəbt zamanı yaranan daxili tormozlanma şüalanmasının dairəvi polyarizasını ölçən Parfenovanın təcrübələrinin nəticələri ilə müqayisə edilmiş və Vunun təcrübələrində istifadə edilmişdir.

Yüksək enerjili zərrəciklərin müxtəlif hədəflərdən səpilmə prosesləri çoxlu sayda yeni zərrəciklərin - əsasən spini vahiddən böyük olan mezon və barion rezonanslarının kəşfinə gətirmişdi. Belə proseslərin nəzəri təhlili üçün spini ikidən böyük olan zərrəciklərin proyeksiya operatorunun tapılması tələb olunurdu. A.İ.Muxtarovun işlərində ilk dəfə olaraq belə proyeksiya operatorları qurulmuş və rezonansların yaranmasına gətirən proseslər tədqiq edilmişdir. Proseslərin amplitudu və keçid formfaktorları üzərinə qoyulmuş bəzi şərtlər daxilində nəzəriyyə ilə təcrübə arasında uyğunluq alınmışdır.

Onun sonrakı dövr elmi araşdırmaları sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir.

A.İ.Muxtarovun elmi-tədqiqat fəaliyyətində yüksək enerjili elektron və pozitron dəstələrinin toqquşması zamanı gedən proseslərdə  bozonla əlaqədar effektlərin tədqiqi mühüm yer tutur. Bu məqsədlə son halda iki və ya üç yeni zərrəcik-fermionlar,nuklonlar, rezonanslar, kvark-qlüon və s. yaranan proseslər tədqiq olunur: zərrəciklərin, başqa sözlə, zərrəciklərin spinlərinin yönü ilə təyin olunan müxtəlif növ asimmetriyalar hesablanır və göstərilir ki, bu asimmetriyaların təcrübədə ölçülməsi  ilə əlaqədar effektlər haqqında müəyyən məlumat verə bilər.

Muxtarovun son illərdəki işləri yüksək enerjili lepton-lepton, lepton-hadron və hadron-hadron toqquşmalarında baş verən bir sıra zəif cərəyan effektlərinin təqiqinə həsr olunmuşdur. Bu istiqamətində aparılan tədqiqatların nəticəsində bu proseslər zamanı yaranan elektrozəif asimmetriyaların tam şəkildə riyazi hesablama üsulu verilmişdir. Həmin üsulda zəif cərəyan effektlərini proseslərin spiral amplitudları ilə ifadə etməyə imkan verən yanaşma diqqəti cəlb edir. Təklif olunmuş riyazi üsul əsasında bir sıra proseslərdə diferensial və inteqral elektrozəif asimmetriyalar (irəli-geri asimmetriya, sağ-sol asimmetriya, irəli-geri spin asimmetriyası, leptonların uzununa polyarlaşma dərəcəsi, yarıinklüziv proseslərdə yaranan Lo-hiperonun uzununa polyarlaşma dərəcəsi və s.) üçün analitik ifadələr alınmış və əlavə vektor -bozonunun həmin xarakteristikalara təsiri öyrənilmişdir.

İlk dəfə göstərilmişdir ki, standart model çərçivəsində bir sıra proseslərin spiral amplitudları və elektrozəif asimmetriyalar elektron-pozitron dəstələrinin enerjisinin müəyyən qiymətlərində sıfıra çevrilir. Bu fakt artıq təcrübələrdə təsdiq olunmuşdur. Əlavə vektor bozonla mübadilə diaqramının nəzərə alınması, bir tərəfdən asimmetriyaların sıfır nöqtələrinin yaranmasına səbəb olur.

Abdulla müəllimin  aldığı elmi nəticələr 150 -dən çox məqalə şəklində xarici, keçmiş ittifaqın çox nüfuzlu jurnallarında və respublikanın jurnallarında çap edilmişdir. Bu məqalələr dünyanın tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilmiş və bir sıra monoqrafiyalara daxil edilmişdir: A.A.Sokolov Vvedenie v kvantovuö glektrodinamiku, Moskva, 1958; Methods of experimental Physics; v.513, Nuclear Physics, New-York-London, 1960; Methods of the determination of fundamental Physics quantites, New-York-London, 1963; və s.

Elmi-pedaqoji fəaliyyətilə yanaşı A.Muxtarov Respublikamızda ali və orta təhsil sisteminin təkmilləşdirilməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında böyük rol oynamışdır.

Fizika elminin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə A.İ.Muxtarov Azərbaycan Respublikası Ali Sovetinin “Fəxri fərmanı”na, keçmiş SSRİ-nin “Şərəf nişanı” ordeninə, Azərbaycan Respublikası və keçmiş SSRİ-nin “Maarif əlaçısı” və “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” fəxri adlarına layiq görülmüşdür. Anadan olmasının 80 illiyi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi ilə əlaqədar olaraq ümummilli liderimiz H.Ə.Əliyev cənablarının fərmanı ilə A.İ.Muxtarov müstəqil respublikamızın yüksək mükafatına “Şöhrət” ordeninə layiq görülmüşdür.

Allah rəhmət eləsin!

Mətbuat və İnformasiya şöbəsi, 17 may, 2013-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024