Akademik əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin fəaliyyətinin əsas istiqamətini təşkil edir

31/03/2021

Bakı Dövlət Universiteti (BDU) dünyanın elm və təhsil məkanında nüfuzunu daha da artırmaq, yeni universitet assosiasiyalarına qəbul olunmaq, Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşularaq bu sahədə səmərəli fəaliyyət göstərmək, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq məqsədilə dünyanın aparıcı ali məktəbləri, elm və təhsil müəssisələri, müxtəlif qurumları ilə sıx əlaqələr yaradıb.  Bu əlaqələrin genişlənməsində universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, müxtəlif elm-təhsil qurumları ilə birgə layihələrin həyata keçirilməsinə, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa xüsusi əhəmiyyət verir.

Bu məsələlərlə bağlı BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənovla müsahibə apardıq.

Rauf müəllim, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri hansı istiqamətlərdə inkişaf edir?

-  Nüfuzlu universitetlərlə əməkdaşlıq, beynəlxalq reytinqlərdə iştirak, Universitetdə xarici tələbələrin, mübadilə proqramlarının sayının artırılması, akademik əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda ictimai etimad və nüfuzun qorunmasına, diplomatik nümayəndəliklərlə əməkdaşlığa, yeni xarici əlaqələrin qurulmasına, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi tədqiqat istiqamətlərinin artırılmasına da xüsusi diqqət yetirilir.

Xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında prioritetlər nədən ibarətdir?

- Xarici ölkə universitetləri ilə əlaqələrin qurulması zamanı universitetlərin beynəlxalq reytinqlərdə yeri, inkişaf potensialı nəzərdən keçirilir. Bununla yanaşı, universitetlərin fəaliyyət istiqamətləri, maddi-texniki və elmi-tədqiqat potensialının olmasına diqqət yetirilir.

Hazırda BDU-nun hansı universitetlərlə əlaqələri qurulur və inkişaf etdirilir?

- BDU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlərin (Konfutsi institutu, Bakı Sejong İnstitutu - Koreya Mərkəzi, Abay mərkəzi və Rus mərkəzi) fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səylər gücləndirilmişdir və mövcud müqavilələrin yenilənməsi istiqamətdə işlər görülür. Belə ki, noyabr ayında BDU nəzdində King Sejong İnstitutunun fəaliyyətinin davam etdirilməsi məqsədilə Kyunqvun Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Məlumat üçün qeyd edim ki, King Sejong İnstitutu Cənubi Qafqazda ilk dəfə Bakı Dövlət Universitetində yaradılmışdır.  Konfutsi institutunun fəaliyyətinin davam etdirilməsi üçün Çinin Anhui Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlanılmışdır. Türkiyənin TİKA təşkilatı ilə 2020-ci il 25 dekabr tarixində onlayn görüş keçirilmişdir və əlaqələrin daha da gücləndirilməsi və bununla bağlı layihə təkliflərin TİKA-ya təqdim olunması istiqamətində razılığa gəlinmişdir. Qeyd edək ki, Yunis Əmrə İnstitutunun rəhbərliyi ilə də görüş keçirilmiş, BDU-da Yunis Əmrə Mərkəzinin yenidən açılması istiqamətində razılığa gəlinsə də, pandemiyaya görə Yunis Əmrə İnstitunun Bakı nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırması ilə əlaqədar bu məsələdə müvəqqəti fasilə yaranmışdır. Hazırda Türkiyənin İzmir Texnologiya İnstitutu, Eskişehir Texniki Universiteti, Rusiyanın Tambov Dövlət Universiteti, Ukraynanın Kiyev Milli Linqivistika Universiteti, Çexiyanın Cənubi Bohemia Universiteti, Qazaxıstanın Satbayev Universiteti, Fransanın Lion-2 Universiteti, Qazaxıstanın Qazax Milli Pedoqoji Universiteti ilə əlaqələrin qurulması istiqamətində işlər davam etdirilir.

Hansı beynəlxalq elm və təhsil təşkilatları ilə, assosiasiya və birliklərlə əməkdaşlıq əlaqələri qurulur?

- Avrasiya Universitetlər Assosiasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası, Qara Dəniz Universitetləri Assosiasiyası, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu, MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzi, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası, Nüvə Texnologiyası Sahəsində Təhsilin və Kadr Hazırlığının Təşkili Regional Şəbəkəsi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası ilə əlaqələr qurulub. Hazırda ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına  üzv olmaq istiqamətində işlər icra olunur.

Beynəlxalq proqram və layihələrlə iş hansı səviyyədədir? Universitetin bu sahədə uğurları haqqında məlumat verərdiniz?

-  Ötən ilin oktyabr ayında İtalyanın La Sapienza Universiteti ilə Erasmus+KA 2 proqramı çərçivəsində Azərbaycanda Ekoloji Vəziyyətlə bağlı İnnovativ Tədris Mərkəzi /İTACA layihəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Layihənin məqsədi Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş üçüncü pilləli təhsilin yaradılması, inkişaf etdirilməsi məqsədilə Təlim Mərkəzini yaratmaq və inkişaf etdirməkdir. Hazırda BDU ilə İsveçin Linköpinq Universiteti arasında Erasmus+ KA2 proqramı çərçivəsində MAGNUS layihəsinin icrası üzrə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən BDU-da magistratura pilləsində yeni ixtisas olan “Oyun dizaynı və mobil tətbiqin inkişafı” (“Game Design and Mobile Application Development”) ixtisaslaşması açılmışdır və növbəti tədris ilindən tələbə qəbulu həyata keçiriləcək. Cari ildə Ruminiyanın Kluj-Napoca Kənd Təsərrüfatı Elmləri və Baytarlıq Tibb Universiteti və İspaniyanın Kadiz Universiteti ilə Erasmus proqramı çərçivəsində yeni müqavilələr imzalanmışdır. Türkiyənin Eskişehir, Portuqaliyanın Tomar Texniki Universiteti ilə Erasmus KA 107 çərçivəsində müqavilə imzalanmışdır. Türkiyənin Selçuk və Yıldız Texniki Universitetləri ilə isə Mevlana mübadilə proqramı çərçivəsində müqavilənin imzalanması üçün danışıqlar aparılır. Portuqaliyanın Tomar Texniki Universiteti və Koreya Respublikasının Keymyunq Universiteti ilə anlaşma memorandumlarının imzalanması ilə bağlı işlər aparılır. Erasmus KA 107 mübadilə proqramı çərçivəsində İspaniyanın Kadiz, Polşanın Jeşuv və Türkiyənin Sivas universitetlərinə təhsil almaq üçün müraciət edən tələbələrin seçilməsi üçün müsahibə təşkil edilmiş və nəticələr elan olunmuşdur. Ruminiyanın Yassı Aleksandru İoan Kuza Universitetinə Erasmus proqramı çərçivəsində seçimlərdə iştirak etmək üçün elan verilmişdir. Türkiyənin nüfuzlu universitetlərindən olan Uşak Universiteti və Qafqaz Universiteti ilə Mevlana müəllim-tələbə mübadilə protokolu imzalanmışdır.

BDU-nun tərəfdaş olduğu proqramlar, ikili diplom layihələri, bu sahədə gələcəkdə reallaşdıırlması nəzərdə tutulan planlar nələrdir?

-  BDU-nun beynəlxalq rəqabətliliyinin gücləndirilməsi istiqamətində, o cümlədən ikili diplomlar istiqamətlərdəki işlərimiz pandemiya dövrünün çətinliklərinə baxmayaraq müvəffəqiyyətlə davam edir. Ötən ilin sentyabr ayında Qazaxıstanın Əl Fərabi adına Qazax Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Hüquq fakültələrində “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə kadr hazırlığı sahəsində ikili diplom proqramı barədə müqavilə imzalanıb. Eyni zamanda 2020/2021-ci tədris ilində BDU ilə Fransanın Lion-2 Universitetinin Hüquq fakültələri arasında “Əqli mülkiyyət hüququ” ixtisası üçün ikili magistr diplomu proqramı üzrə müqavilənin imzalanacağı haqqında da razılığa gəlinmişdir. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında kompyuter elmləri ixtisası üzrə bakalavr pilləsində ikili diplom layihəsi üzrə müqavilə imzalanmışdır. Bununla yanaşı Özbəkistanın Daşkənd Şərqşünaslıq İnstitutu ilə də üçlü diplom istiqamətində, İsveçrənin UBİS universiteti ilə beynəlxalq münasibətlər istiqaməti üzrə magistratura pilləsində ikili diplom proqramı üzrə danışıqlar aparılır. 2020-ci ilin noyabr ayında BDU ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında anlaşma memorandumu, dekabr ayında isə Bakı Dövlət Universiteti ilə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Memoranduma əsasən, BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yüksək ixtisaslı kadrların hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ixtisasyönümlü təlimlər təşkil ediləcək, tələbələrə mühazirə və praktiki formada olmaqla professor Toby Long (Corctaun Universiteti) tərəfindən mühazirələr oxunacaq, təlimləri uğurla başa çatdıran təhsilalanlara sertifikatlar təqdim olunacaq.

Müsahibəni hazırladı:

Günel Orucəliyeva

Nərminə Əsədova

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024