Akademik N.Paşayeva: «Oksford Universitetində keçirilən imzalanma mərasimini elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda əsrin kontraktı adlandırmaq olar»

25/05/2018

May ayının 23-də İngiltərə və Azərbaycan arasında elmi, mədəni və humanitar sahədə mühüm tarixi hadisə baş vermişdir.2013-cü ildən Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontrakt imzalanmışdır. İmzalanma mərasimi Universitetin Protokoluna əsasən, XV əsrdə yaradılmış Universitetin Klarendon Kollecində keçirildi. Kontraktı Oksford Universiteti tərəfindən Universitetin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri akademik Nərgiz Paşayeva imzalamışdır. İmzalanmış müqaviləyə əsasən, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

2016-cı il yanvarın 1-dən Oksford Universitetinin vitse-kansleri vəzifəsini tutur. İxtisasca politoloq olan professor Riçardson İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecinin tarix üzrə bakalavr pilləsini bitirib, Kaliforniya ştatının Los Anceles Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini, sonra isə Harvard Universitetində magistr və doktorluq dərəcələrini alıb. Professor       Riçardsonun tədqiqat işlərində terror təhlükələrinə xüsusi diqqətin yetirilməsi və beynəlxalq təhlükəsizlik məsələləri araşdırılır.Professor Riçardsonun tədrisə və müəllimlik peşəsinə bağlılığı Harvard Universitetində işlədiyi müddətdə ona Levenson və Abramson mükafatlarını qazanmağa imkan verib.Onun tədqiqat işləri elmi dairələrdə geniş şəkildə tanınıb və professor Riçardson müharibələrin qarşısının alınması və bütün dünyada sülhün bərqərar olması sahəsindəki xidmətlərinə görə Samner mükafatına,  eləcə də Harvard Universitetinin, İncəsənət və Elmlər Ali Məktəbinin 100 illik medalına layiq görülüb. Professor Riçardson Şotlandiyanın Aberdin və Sent-Andryus universitetlərinin, Dublindəki Triniti Kollecinin və İrlandiyanın Belfast Kral Universitetinin, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Qərbi Hindistan Universitetinin fəxri doktorudur.

Akademik Nərgiz Paşayevanın və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardsonun imzaladıqları müqavilə - Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi bu qədim və dünyada tanınmış təhsil ocağında daimi fəaliyyət göstərməsinin rəsmiləşdirilməsi Mərkəzin Oksford Universitetindəki akademik uğurundan irəli gəlir. Nəticə olaraq, 2013-cü ildən həyata keçirilməyə başlanan, Azərbaycanın və Qafqazın dil, mədəniyyət və tarixini öyrənmək üçün nəzərdə tutulan beş illik elmi-tədris və tədqiqat proqramına  əsaslanır. Artıq Mərkəz Oksford Universitetinin daimi bir hissəsi kimi, beynəlxalq elmi dairələr, müəssisələr və intelektual informasiya daşıyıcıları tərəfindən şərtsiz qəbul olunur.

İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeyd olunub. Onu da xatırladaq ki, bir müddət əvvəl, aprel ayının 23-də akademik Nərgiz PaşayevanınOksford Universitetinin Bodleyn Kitabxanasının  (https://www.bodleian.ox.ac.uk) direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovendenlə keçirilən görüşü zamanı bu təklif qarşı tərəfdən olduqca müsbət qarşılanmışdır.

İmzalanan sənəd həmçinin Bodleyn Kitabxanalarında Yaxın Şərq və İslam Koleksiyaları bölümünün kitabxanaçısına dəstək verəcək və bu vəzifəni icra edən şəxsə Azərbaycan dilini öz fəaliyyət sahəsinə əlavə etmək imkanı yaradacaq. Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə mərkəzin fəlsəfə doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları, tələbələr və kənardan dəvət olunan araşdırmaçılar üçün xüsusi bir oxu zalı da yaradılacaq. Bundan əlavə, Britaniya fondunun dəstəyi Bodleyn Kitabxanalarına Azərbaycandan və Qafqazdan olan nadir və əhəmiyyətli materiallarla öz kitab fondlarını artırmağa imkan verəcəkdir. Şərqşünaslıq İnstitutu çərçivəsində Fondun dəstəyi sayəsində üç fəlsəfə doktoru (DPhil) təqaüdünün ayrılması imkanı yaranacaq, tədqiqatçı-alimlərə, müxtəlif tədbirlərin proqramlarına, həmçinin idarəetmə məsələlərinə dəstək verəcək və Oksford Universitetinin Türk Dilləri bölümündə Azərbaycan Respublikasının rəsmi dövlət dili olan Azərbaycan dili ilə tanış olmaq və bu dili öyrənmək istəyən tələbələr üçün təlimatçı vəzifəsinin təsis olunmasına imkan yaradacaq.

Beləliklə, imzalanan bu mühüm müqavilə Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı münasibətlərin elmi, humanitar, mədəni və digər sahələrdə inkişafının yeni və vacib bir mərhələsidir və heç şübhəsiz ki, bu razılaşma Azərbaycan elmi və mədəniyyəti tarixinə qızıl hərflərlə yazılacaq. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Elmi Mərkəzin dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Oksford Universitetində daimi qaydada, Universitetin ayrılmaz hissəsi olaraq fəaliyyət göstərməsi Mərkəzin 5 il ərzində ədəbiyyat, tərcüməçilik, tarix, arxeologiya, tədris və mədəniyyət sahələrindəki ciddi və gərgin akademik əməyinin məntiqi nəticəsidir.

Oksford Universitetinin ən məşhur və nüfuzlu inzibati binalarından olan və ən yüksək qonaqların rəsmi qəbulları üçün nəzərdə tutulan Klarendon binasında keçirilən imzalanma mərasimindən əvvəl akademik Nərgiz Paşayeva və Oksford Universitetinin vitse-kansleri Luiz Riçardson arasında fikir mübadiləsi aparılıb. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə  2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti  geniş müzakirə olunub.

Bildirilib ki, Nizami Gəncəvi adına Elmi Mərkəz  Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq  fakültəsi ilə bağlı məsələlərdə  deyil, ümumiyyətlə, Oksford Universitetində  digər sahələrdə  Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.  Həmçinin Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun 2017-ci ilin yanvarında Londonda 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert muzeyində keçirilmiş təqdimat mərasimi də xatırlanıb. Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədi ilə şəffaf və ədalətli dəstək üçün yaradılıb. Qeyd edilib ki, bu gün imzalanan müqavilənin reallaşmasına Britaniya Fondu da öz dəstəyini vermişdir.

Tədbirdə çıxış edən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayaraq, bu cür tanınmış və nüfuzlu alimlərin bugünkü imzalanma mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd edib. Akademik Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğulayaraq dedi: "Beş il əvvəl Oksford Universitetinə gələndə buradakı fantastik atmosfer və insanlar bizi heyran etdi. Azərbaycanı və Qafqazı öyrənən, Nizaminin adını daşıyan yeni elmi mərkəzin yaradılması ideyası yarandı. Mərkəzin həmin andan Oksford Universitetində davamlı, daimi mövcudluğu məqsəd olaraq qarşıya qoyuldu. Azərbaycan elmi və mədəniyyəti Qafqazın bir hissəsi kimi, Oksford Universitetində tədqiqat obyektinə çevrilmək imkanı aldı. Müxtəlif, dəyişik elmi yanaşmalara, müasir nəzəri metodologiyalara, istedadlı insanlara və dialoqa yeni yol açıldı. Bu gün imzalanan kontraktı - belə böyük hadisəni elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda “Əsrin kontraktı” adlandırmaq olar. Bu fərəhli gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan ADR-nın 100 illik yubileyinə və müsəlman şərqində birinci Demokratik Respublika yaradan parlaq insanların əziz xatirəsinə ithaf olunur."

Qeyd edək ki, Postsovet müsəlman respublikaları arasında Azərbaycan birinci olaraq, Oksford  Universitetində öz daimi funksional mərkəzini yaratdı və təsdiq etdi. Bəşər tarixinin təcrübəsi göstərir ki, böyük elm aləminə daxil olmadan sanballı və fundamental elmi nailiyyətlər əldə etmək mümkün deyil.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Herziq dedi: "Oksfordda Qafqaz və Orta Asiya ilə bağlı tədqiqatların uzun bir tarixi var və Bodleyn kitabxanasında bölgədən gətirilən çoxlu sayda kitablar və əlyazmalar toplanmışdır. Lakin bu günə qədər bu bölgənin öyrənilməsi ilə məşğul olan bir mərkəz olmayıb və bu ərazidə yerləşən və daha məhşur olan böyük imperiyalar bu ölkələri hər zaman öz kölgələrində saxlamağa meyilli olublar. Bu imzalanma Oksford Universitetinə, ilk növbədə, Azərbaycanı, Qafqazı və Mərkəzi Asiyanı davamlı şəkildə tədqiqat obyektinə çevirməyə imkan verəcək. Belə ki, Mərkəz burada işləmək üçün ən yaxşı tədqiqatçı tələbələri və araşdırmacıları cəlb edəcəkdir. Və bütün bunlar gələcəkdə bu sahənin yalnız Şərqşünaslıq İnstitutunda deyil, həm də Universitetin digər qurumlarında  daha da inkişaf etdirilməsinin təməlini qoyacaq".

Tədbirdə fəxri qonaqlar arasında bir-biri ilə ünsiyyət yaradan görkəmli elm və mədəniyyət nümayəndələri, siyasi və ictimai xadimlər var idi. Onlar Azərbaycanı və Qafqazı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparırdılar. Səmimi ab-hava tədbirin xüsusi əhəmiyyətindən xəbər verirdi. Vurğulanırdı ki, Oksford Universitetində indiyə qədər Azərbaycanla bağlı bu məzmunda və bu səviyyədə tədbir keçirilməmişdir.

İmzalanma günündə Birləşmiş Krallığın elmi akademik dairələrinin nüfuzlu üzvləri, Oksford Universitetinin Bodleyn kitabxanasının  direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Herziq (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/people), qədim İslam tarixi üzrə dünyanın tanınmış alimlərindən olan, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü professor Robert Hoyland, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri professor Mark Smit, Britaniya Lordlar Palatasının üzvü, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü Lord Malkolm Bryus, Oksford Universitetinin Vadham Kollecinin İdarə heyətinin rəhbəri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Ken Makdonald, Oksford Universitetinin inkişaf departamentinin direktor vəzifəsini icra edən professor Entoni Qrin, Oksford Universitetinin professoru, şərqşünas-alim Culiya Bray,  Bodleyn kitabxanasının Şərq bölməsinin rəhbəri doktor Gilliyan Evison, Oksford Universitetinin Humanitar elmlər departamentinin rəhbəri Karen O’Breyn, həmçinin Azərbaycandan olan fəxri qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibi akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərov iştirak ediblər.

İmzalanma mərasiminin sonunda Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardsona xatirə olaraq, Azərbaycanın böyük xeyriyyəçisi və mesenatı Hacı Zeynalabdin Tağıyev haqqında kitabı və Bakının keçmiş Nikolayev küçəsindəki Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918-ci ildə keçirilmiş ilk iclası təsvir olunan şəkli hədiyyə etdi. Professor Luiz Riçardson da öz növbəsində, akademik Nərgiz Paşayevaya Oksford Universitetini əks etdirən rəsm əsərini təqdim edib.

Onu da qeyd edək ki, rəsmi görüşdən əvvəl akademik N.Paşayeva Oksford Universitetinin alimləri  və digər qonaqlarla birgə Bodleyn kitabxanasının qədim hissələrindən olan Horton  zalında və Qərb kitabxanasında oldular, Bodleyndə saxlanan ən qədim əlyazmaların kolleksiyası və onların qorunması mərkəzinə baş çəkdilər. Olduqca maraqlı keçən bu gəzintidə qonaqları Bodleyn kitabxanasının İnkişaf departamentinin rəhbəri Eleyn Gallagher müşayiət edib.

Gəzinti başa çatdıqdan sonra tədbir iştirakçıları Vadham Kollecinin “Trapp rum” adlanan zalında rəsmi nahara dəvət olundular.

Oksford Universitetinin 1610-cu ildə Doroti Vadham tərəfindən, mərhum həyat yoldaşı Nikolas Vadhamın vəsiyyətinə uyğun olaraq, yaratdığı və Oksfordun mərkəzi hissəsində yerləşən məşhur Vadham kollecində olduqca səmimi keçən rəsmi nahardan sonra, qeyd olunduğu kimi, görüş Oksford Universitetinin Klarendon adlanan binasında rəsmi imzalanma mərasimi ilə davam etmişdir. Klarendon binası Nikolas Hoksmurun dizaynı əsasında tikilmişdir və birinci dərəcəli memarlıq abidəsi hesab olunur.

23 may 2018-ci il tarixində Oksford Universitetində imzalanan bu kontraktı, sözün həqiqi mənasında, böyük mədəni - tarixi və humanitar hadisə kimi “Əsrin kontraktı” adlandırmaq olar. Bu hadisə Azərbaycan akademik elmi fikrinin və tarixi irsinin dünya elminə inteqrasiyasına sanballı töhfə verəcəyinə, gələcəkdə yeni yollar və imkanlar açacağına böyük inam yaradır.

Mətbuat və informasiya şöbəsi, 25 may 2018-ci il

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024