Akademik Rəfiqə xanım Əliyevanın anım günüdür

06/05/2021

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın əbədiyyətə qovuşduğu gündür. Ziyalıların, alimlərin vəfatı xalq üçün hər zaman böyük itki sayılır. Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.
Ölkəmizdə çoxsaylı elmi kadrların yetişməsində əvəzsiz rolu olan Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.
Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayan Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaratmış, Azərbaycanın kimya elmində özünəməxsus iz qoymuş, Universitetdə bir çox elmi tədqiqatların aparılmasında, kimya üzrə laboratoriyanın yaradılmasında mühüm rol oynamışdır. Həyatını kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.
Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.
Uzun illər Bakı Dövlət Universitetində çalışmış Rəfiqə xanım Əliyeva səmərəli elmi fəaliyyəti nəticəsində kimya elminin inkişafına əvəzolunmaz töhfələr verib, bütün bilik və bacarığını yüksəkixtisaslı kadrların hazırlanmasına sərf edərək öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürüb. Akademikin yaratdığı böyük elmi məktəb bu gün də kimya elminin inkişafında onun izi ilə davam edir. Görkəmli alim, pedaqoq, əsl ziyalı Rəfiqə xanım Əliyevanın işıqlı xatirəsi onu tanıyanların, yetirmələrinin qəlbində daim yaşayacaq.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024