Akademik Vasif Babazadə: “BDU-nun Geologiya fakültəsinin böyük elmi potensialı var”

24/11/2021

Bakı Dövlət Universiteti (BDU) ağsaqqal professorların fikirlərindən, istər elmi fəaliyyətlərində, istərsə də həyatda qazandıqları təcrübədən tələbə gənclərin faydalanması üçün müntəzəm olaraq qocaman alimlərimizlə söhbətləşir, onların tövsiyələrini gənc nəslə təqdim edir.

Növbəti müsahibimiz geologiya-minerologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli Vasif Babazadədir.

Dünya şöhrətli alim Vasif Babazadə gənc yaşlarından taleyini geologiya elminə bağlamış, bu sahədə çoxlu uğurlar əldə etmiş, nailiyyətlərə imza atmışdır. Vasif müəllim Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri kimi məhsuldar elm və təhsil fəaliyyətilə yanaşı, Universitetin ictimai həyatında da yaxından iştirak edir. Biz də bütün bunları, elmi fəaliyyətdə keçdiyi yolu, əldə etdiyi təcrübəni, zəngin biliklərini öz dilindən eşitmək üçün görkəmli alimlə görüşüb, geologiya elmindəki fəaliyyəti, tədqiqatları, geoloji kəşfləri, Geologiya fakültəsinin tələbələri ilə iş, çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması, geologiya elminin növbəti onilliklərdə perspektivləri barədə söhbətləşdik.

-       Vasif müəllim, 65 ildir geologiya elmi sahəsindəsiniz. Bir çox filiz yataqlarında tədqiqatlar aparmısınız. Araşdırmalarınızda Sizi heyrətləndirən nələr olub?

-       Heç şübhəsiz, Azərbaycan torpağının zənginliyi, təbiətimizin rəngarəngliyi... Mən müxtəlif yerlərdə – Şimali Qafqazda, Gürcüstanda işləmişəm, Ermənistanın bir çox yataqlarında olmuşam. Ancaq Azərbaycanın torpağı kimi ikinci bir zəngin torpaq görməmişəm. Təsadüfi deyil ki, respublikamızın faydalı qazıntı yataqlarını Uralla müqayisə edirlər. Həqiqətən, bizim çox əhəmiyyətli faydalı qazıntı yataqlarımız vardır, elə faydalı qazıntı yoxdur ki, bizim yer təkində olmasın. Mendeleyev cədvəlinin, demək olar ki, bütün elementləri torpağımızda vardır. Buna görə biz heç bir dövlətdən asılı olmadan iqtisadi cəhətdən inkişaf edə bilərik və edirik də. Bunu nəzərə alsaq, Azərbaycanın heç bir xarici dövlətdən asılılığı yoxdur. Bütün elementlər, filizlər, yataqlar Azərbaycanda var. Bu məni yenicə geoloq kimi fəaliyyətə başlayanda ən heyrətləndirən cəhət olub.

-       1975-ci ildə doktorluq dissertasiyasında müdafiə etdiyiniz – “Sevan-Qarabağ zonasının filiz formasiyaları” mövzunuzla hələ o zaman ermənilərə meydan oxuyaraq reallığı əks etdirmisiz. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımıza biz artıq qayıtmışıq. Bu torpaqlarda olan hansı filiz yataqlarında tədqiqat aparmaq istərdiniz?

-       Mən 35 yaşında o zaman İttifaqın ən məşhur geoloji mərkəzi hesab edilən Novosibirsk şəhərində doktorluq dissertasiyamı müdafiə etmişəm. Sevan-Qarabağ zonası Kiçik Qafqazın mərkəzi hissəsini - Laçın, Kəlbəcər zonasını əhatə edir. Bu ərazini naqis qonşularımız 30 ilə yaxın müddət ərzində işğal etmişdilər. Bu sahə elə bir unikal sahədir ki, burada çox zəngin faydalı qazıntı yataqları mövcuddur. Kəlbəcər rayonunda Qafqazda ən iri qızıl yatağı hesab edilən Zod yatağı yerləşir. Bu yatağın təmiz  metal (qızıl) ehtiyatı 150 t hesablanmışdır. Zod yatağı Kəlbəcərlə Basarkeçərin sərhədində yerləşir. O yatağın 73%-i Azərbaycan ərazisinə, 27%-i isə Ermənistan ərazisinə düşür. Yataq 1954-cü ildə kəşf olunmuşdur. Hələ sovetlər dönəmində ermənilər bu yataqda istismar işləri aparıblar. Sonralar onlar Laçın-Kəlbəcər ərazisini ilhaq edəndən sonra bu ərazidəki əksər qızıl yataqlarını, o cümlədən Zodu, İstisu mineral su bulağının yaxınlığında yerləşən Ağduzdağ yatağını xarici şirkətlər cəlb edilməklə istismar etmişlər. Bu zonada həmçinin iri xromit yataqları da var. Yüksək keyfiyyətə malik olan xrom xammalı, metallik xromun alınması üçün çox əhəmiyyətli mənbədir. Müxtəlif tikinti materialları, üzlük daşları, travertin, serpentin, asbest var. Sevan-Qarabağ zonasının ən əsas mineral xammallarından biri də civə hesab edilir. Vaxtı ilə keçmiş İttifaqın civə xammalına çox böyük ehtiyacı olduğu 60-cı illərdə Kəlbəcərdə və Laçında rəngarəng civə yataqları kəşf edilmişdir (Şorbulaq, Lev, Ağyataq, Narzanlı, Çilgəzçay və b.). O civə yataqlarında biz uzun müddət işləmişik. İlk dəfə tərəfimizdən Kiçik Qafqazda civə filizi qurşağının varlığı elmi cəhətdən əsaslandırılmışdır və buna görə biz 1978-ci ildə Dövlət mükafatına layiq görülmüşük. Bu baxımdan, Ermənistan ərazisini nəzərdən keçirəndə burada zəngin mis-molibden yataqlarının varlığını söyləməliyik – Qacaran, Aqaraq, Cindərə... Lakin bu yataqların yerləşdiyi ərazi əzəli Azərbaycan torpaqları olmuşdur. Ümumilikdə götürdükdə, Qərbi Zəngəzurdakı faydalı qazıntı yataqlarını çıxsaq, Ermənistanda qırmızı tufdan başqa əhəmiyyətli mineral xammal yatağı, demək olar ki, yoxdur. İnanıram ki, Qərbi Zəngəzurdakı mis-molibden yataqlarının bir qismi bizə verilməlidir. Mənfur qonşularımız 30 il ərzində bizə on milyardlarla manat dəyərində ziyan vurublar, ekoloji terror törədiblər, meşələrimizi qırıblar, çaylarımızı zəhərləyiblər, qızıl yataqlarımızı istismar ediblər. Həmçinin Zəngilan rayonunda yerləşən Vejnəli yatağını da buraya əlavə etmək lazımdır. Odur ki, təzminat verməlidirlər.

-            Cənab Prezident İlham Əliyevin səbrli, dərin düşünülmüş siyasəti nəticəsində biz istədiyimizə nail olacağıq, təzminat olaraq Qacaran yatağını almaq lazımdır. Zod və Vejnəli yataqlarından nə qədər qızıl çıxarıblar, bunu hesablamaq lazımdır. Sovetlər dönəmində yeraltı dağ qazmaları (ştolnya) vasitəsilə bizim ərazimizdən (Söyüdlü sahəsi də daxil olmaqla) nə qədər qızıl xammalı çıxarılıb, o da hesablanmalıdır. Bizə məxsus olanları alıb tədqiqat işləri aparmalıyıq.

 

-       Geologiya fakültəsində təhsil alan tələbələrin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması üçün hansı işlər aparılır? Hazırda Geologiya fakültəsinin məzunları hansı iş yerlərində çalışırlar?

-       Bir neçə il əvvəl kiçik araşdırma apardım. Təxminən 30-a yaxın ölkədə bizim Geologiya fakültəsini bitirmiş ixtisasçılar işləyir. Qərbi və Şərqi Avropada, Asiyada, ərəb ölkələrində, Amerika qitəsində və başqa yerlərdə yüksək səviyyəli ixtisasçılarımız çalışırlar. Geoloq tələbələrimizin sırasında Sosialist Əməyi Qəhrəmanları, deputatlar, yüksək hərbi rütbəli şəxsiyyətlər olub. Mənimlə bərabər oxuyan həmkarımdan biri uzun müddət Kubada Raul Kastronun məsləhətçisi olub. Yeraltı dağ qazmaları  (metro tikintisi) sahəsinin baş direktoru kimi çalışıb. Digər bir həmkarım uzun illər UNESCO-da keçmiş SSRİ-nin nümayəndəsi olmuşdur, daha başqa bir həmkarım görkəmli kinorejissor kimi tanınmışdır. Qəlbi Qarabağ ağrısı ilə barışmayan, böyük vətəndaş, dünya miqyaslı kristalloqraf alim, akademiyanın müxbir üzvü Xudu Məmmədov da bizim yetirməmizdir.

Məzunlarımız sənətini yaxşı bilən ixtisasçılardırlar. Onlarla biz fəxr edirik. Ümumiyyətlə, bu haqda çox danışmaq olar. Hal-hazırda müxtəlif sahələrdə işləyərək istər Universitetin, istərsə də fakültəmizin adını layiqincə yüksəklərə qaldırırlar. Bizim Kubadan, Vyetnamdan, Əl-Cəzairdən, Şri-Lankadan, İraqdan, İrandan, Livandan, İordaniyadan və başqa ölkələrdən çoxlu tələbələrimiz, aspirantlarımız olmuşdur. Bir neçə il əvvəl Vyetnamdan nümayəndə heyəti BDU-da olarkən gəlib məni görmək istəmişdilər, təəssüf ki, iş yerində ola bilməmişdim. Daha sonra onlar dünyasın dəyişən müəllim geoloqlarımızın qəbirlərini ziyarət etmişdilər, diqqət göstərib, öz minnətdarlıq hisslərini bildirmişdilər.

Fakültəmiz keçmiş İttifaqın ali məktəbləri içərisində ilk dəfə olaraq ardıcıl iki dəfə UNESCO xətti ilə xarici ölkə geoloqlarının ixtisasartırma kurslarına rəhbərlik etmişdir.

-       Bu ixtisasın növbəti illərdə perspektivi nələrdir?

-       Azərbaycanın filiz faydalı qazıntılarını öyrənmək sahəsində bizim fakültə 50 ildən artıqdır ki, respublikada öncül mövqe tutur. Ən vacib, ən əhəmiyyətli işlər BDU-nun Faydalı qazıntılar kafedrasında aparılıb. Neft-qaz sahəsində də yeni ixtisaslar açmaq fikrindəyik. Vaxtı ilə bu ixtisas üzrə geoloq kadrlar Universitetdə hazırlanmışdır. Hörmətli rektorumuz Elçin Babayevlə bu barədə fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, BDU-nun Geologiya fakültəsinin böyük elmi potensialı vardır. Bu potensialdan əməli olaraq istifadə etmək lazımdır. Bunun üçün kifayət qədər gücümüz var. 44 günlük Zəfər müharibəsindən sonra  geoloqların işi xeyli artmışdır. Azad edilən torpaqlarımızda qızıl, civə, mis və digər yataqlar vardır. Müharibədən öncə Cənab Prezident hər ay bir rayonda artezian quyularının qazılması üçün bir neçə milyon pul ayırırdı. İndi kifayət qədər su ehtiyatımız vardır. Suqovuşanı, Xudafərini, Sərsəngi, Tərtər su elektrik stansiyasını və s, mineral su bulaqlarını nəzərə almış olsaq, su mənbələrimizi yenidən öyrənmək üçün nə qədər hidrogeoloq ixtisasçılar hazırlamaq lazım olmağını hesablamaq lazımdır.

Təəssüf edirəm ki, hidrogeologiya sahəsində bizim qəbulumuz kəsilib. Geofizika sahəsində də kifayət qədər ixtisasçılarımız olmalıdır. Geofizikasız geologiyanın heç bir sahəsi, xüsusən yanar xammal və filiz faydalı qazıntıları inkişaf edə bilməz. Geologiya isə, ilk növbədə, yer  təkinin faydalı qazıntılarıdır, bu xammal olmadan sənaye, kənd təsərrüfatı, ümumiyyətlə, iqtisadiyyatımız inkişaf edə bilməz.

Bu yaxınlarda ölkə rəhbəri Cənab Prezident  İlham Əliyev Daşkəsən rayonunda Çovdar qızıl yatağında olmuş, lazımi tapşırıqları vermişdir. Biz vaxtı ilə bu yatağın proqnozunu vermişdik, onun qızıl ehtiyatı 100 tona qədərdir. Qafqazda Zod yatağından sonra ən iri yataq hesab olunur. Cənab Prezident Daşkəsən dəmir filiz yatağı ilə bağlı da lazımı tapşırıqlarını verib. Bu yataq Avropada ən iri dəmir filizi yataqlarından biri hesab olunur. Onun filiz ehtiyatı 300 milyon tondur. SSRİ dövründə bu yataqdan dəmir filizinin illik istismarını nəzərə almış olsaq, onun ən azı 100 illik istismar ehtiyatı vardır.

Bir neçə gün bundan öncə Cənab Prezident Cəbrayılda və Suqovuşanda olmuş, burada bir qrup yerli sakinlərlə görüşərək, rayonda görüləcək abadlıq işlərindən danışmışdır. Bu rayonda da kifayət qədər faydalı qazıntı, ilk növbədə qeyri-filiz xammalı vardır. Belə ki, Cəbrayılda Kovdar, Soltanlı, Hacılı və Sarıcalı gəc, Böyük Mərcanlı qum-çınqıl, Şəritan və Kovdar qum, Tinli, Niyazqulu və Kürddaş sement xammalı yataqları bu ərazilərdə tikinti işlərinin aparılması üçün müvəffəqiyyətlə istifadə edilə bilər. Cəbrayılda habelə əlvan daş yataqları da vardır (Şahverdilər və b.). Bunların hamısını öyrənmək və istismara tətbiq etmək üçün geoloq lazımdır. Mən hələ Daşkəsəndəki alunit yatağının (Zəylik) adını çəkmirəm, alüminium xammalı üçün çox əhəmiyyətli mənbədir. Bu yataq dünyanın ən iri yataqlarından biri hesab olunur. Hesab edirəm ki, Geologiya fakültəsində bakalavriat üzrə ixtisasların rəngarəngliyini və sayını artırmaq lazımdır. Bu ixtisaslara nə qədər yer ayırmaq lazım olduğunu bizdən soruşmaq lazımdır. Ümid edirəm ki, gələcəkdə bu məsələyə fikir veriləcək.

-       Vasif müəllim, bizimlə həmsöhbət olduğunuza görə təşəkkür edirik! Çox sağ olun.

-       Siz də sağ olun.

Müsahibəni hazırladı:

Gülabə Məmmədzadə

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024