Akademİk Bəhram Mehralı oğlu Əsgərov

19/03/2015

Artıq bir ildir ki, Bəhram müəllim aramızda yoxdur. Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası" kafed­ra­sı­nın müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun 2014-cü il mart ayının 12-də dünyasını dəyişmişdir. Akademik B.M.Əsgərovun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymət­ləndirilmişdir.  O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm xadimi  fəxri adına layiq görülmüş, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. B.M.Əsgərov 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr vermiş və Azərbaycanda Bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı, elmin və ali təhsilin böyük təşkilatçısı kimi tanınmış alim olmuşdur.

İlk ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində almış Bəhram müəllim aspirantura təhsilini, məşhur Rent­genin tələbəsi olmuş akademik A.F.İoffenin di­rektor olduğu, SSRİ Elmlər Akademiyası Yarım­ke­çi­ri­cilər İnstitutunda (Leninqrad şəhəri) davam etdirmişdir. Bu İns­titutda B.M.Əsgərov professor A.İ.An­selmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçmiş, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri – kvantlayıcı maqnit sahəsində elektron köçürmə hadisələrinin banisi olmuşdur. Onlar tərəfindən kvant­layıcı maq­nit sahəsində dissipativ termomaqnit cərəyanlarını hesab­lamaq üçün metod təklif edilmişdir. Elmi ədəbiyyatda Anselm-Əsgə­rov metodu adı ilə məlum olan bu üsul, sonralar müəllifər tərəfindən dönməyən proseslərin ümumi nəzəriyyəsi vasitəsi ilə əsaslandırılmışdır.

Doktorluq dissertasiya işində qaldırılan problemlərin ak­tu­allığı nəzərə alınaraq Leninqradda "Наука" nəş­riyyatında onun "Кинетические эффекты в полупроводниках"  ("Yarımkeçiricilərdə kinetik effektlər", rus dilində) adlı monoq­rafiyası nəşr edilmişdir. Bu mo­noqrafiyanın çox uğurlu taleyi olmuşdur: bu mo­noqrafiyaya görə müəllif 1974-cü ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mü­kafatına layiq görülür. Bu monoqrafiya mü­tə­xəs­sislər arasında böyuk şöhrət qazanır və bu günə qədər bir çox aparıcı universitetlərdə onun əsasında kinetik effektlərdən ixtisas kursları oxunur.

B.M.Əsgərovun növbəti monoqrafiyası olan "Электронные явления переноса в полу­про­водниках" ("Yarımkeçiricilərdə elektron köçürmə hadisələri", rus dilində) adlı kitabını 1985-ci ildə Moskvada "Наука" nəşriyyatında nəşr edilmişdir. Bu monoqrafiya da uğurlu olur. Belə ki,  həmin kitab, "Electron transport in semiconductors" adı ilə ingilis dilinə tərcümə olunaraq World Scientific (Singapore) Ümumdünya nəş­riyyatında çap olumuşdur.

Təbəqələrdə elektron köçürmə hadisələrinin nə­zə­riy­yəsinə həsr olunmuş işlər əsasında professor B.M.Əsgərov əməkdaşları ilə birgə 1984-cü ildə  Almaniyada nəşr olunan "Physica  Status Solidi" jurnalı üçün geniş icmal məqalə yazmışdır. Bu işlərin bir çox nəticələri onun "Теория явлений переноса в полупроводниках", "Кинетические эффекты в полупроводниках" və "Электронные явления переноса в полу­про­водниках" adlı monoqrafiyalarına daxil edilmişdir. "Кинетические эффекты в полупроводниках" monoqrafiyasının müqəddiməsində kitabın məsul re­daktoru professor S.S.Şalit yazırdı: "Təqdim olunan mo­noqrafiyanın müəllifi B.M.Əsgərov yarım­ke­çiri­ci­lərdə kinetik hadisələrin nəzəriyyəsi üzrə öz işləri ilə məşhur olan mütəxəssisdir, O təcrübəçilərin tələbləri ilə də yaxşı tanışdır və ümid etmək olar ki, onun bu əsəri onlar arasında tədqirəlayiq qiymətini alacaqdır."

Doğrudanda monoqrafiya redaktorun ümid­lərini tam şəkildə doğrultdu, kitab çox uğurlu oldu. Tamlığı və aydınlığı professor B.M.Əsgərovun monoq­ra­fiyasına qısa müddətdə ölkəmizdə və xaricdə layiqli şöhrət qazandırdı. Buna sübut kimi yarımkeçiricilər fizikası üzrə olan elmi jurnalların və monoqrafiyaların sə­hi­fələrində çoxlu sayda istinadları göstərmək olar. Mübaliğəsiz demək olar ki, professor B.M.Əsgərovun bu mo­noq­rafiyası yarımkeçiricilərdə köçürmə hadisələrinin tədqiqi ilə məşğul olan fiziklərin stolüstü kitabına çevrilmiş və elm aləminin tam rəğbətini qa­zanmışdır.

Akademik B.M.Əsgərov, çox hissəsi "Пи­сь­ма в Журнал Экспериментальной и Теоретической Физики", "Физика и Тех­ни­ка Полупро­вод­ни­ков", "Физика Твердого Тела" (Россия), "Физика Низких Температур" (Украина), "Journal Physics. Condensed Matter", "Nanotechnology", "Proceedings of the Royal So­ci­ety A", (England), "Phys Status Solidi" (Germany), "Physica E: Low-Dimensional Systems and Nanostructures" (Netherlands), Japanese Journal of Applied Physics (Japan) kimi məşhur elmi jurnallarda dərc olunmuş 200-dən çox elmi əsərin müəllifi olmuşdur.  Bu işlər geniş mütəxəssis kütləsinə məlumdur və onlar tərəfindən yüksək qiymətlən­dirilmişdir. Professor B.M.Əsgə­rovun əksər nəzəri nəticələri bir çox laboratoriyalarda öz təcrübi təsdiqini tapmışdır.

Bütövlükdə qeyd etmək lazımdır ki, akademik B.M.Əsgə­rovun elmi işlərində fiziki cəhətdən maraqlı və mühüm nəticələr alınmışdır. Bu orijinal nəticələrin, onun ümumi istifadə üçün nəzərdə tutulmuş kitablarına daxil edilməsi onların böyük əhəmiyyətini bir daha üzə çıxarır. Bundan başqa onun elmi nəticələri məşhur dərslik, monoq­ra­fiya və ensiklopediyalara daxil edilmişdir, onlardan bəzilərini göstərmək olar: Физическая энциклопедия, (Москва, Изд-во "Большая Российская энциклопедия", 1998),  "Физика твердого тела" (Киев, Наукова Думка, 1998) ensiklopedik lüğəti, A.İ.An­selmin "Введение в теорию полупровод­ников", L.Bonç-Brueviç və S.Q. Kalaşnikovun "Физика полу­проводнков", R.Smitin "Полупроводники", V.P.Draqunov və b. "Основы наноэлектроники" dərsliyinə və V.Zavadskinin "Advance In Physics" jurnalında dərc olunmuş icmalına daxil edilmişdir. 1997-ci ildə O, İngiltərədəki Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin məşhur alimi" sırasına daxil edilmiş, "Elmdə görkəmli nailiyyətlərinə görə" diplomu və medalı ilə təltif olunmuş və Ümumdünya ensiklopediyasına daxil edilmişdir.

Öz işləri ilə akademik B.M.Əsgərov yarım­keçiricilər nə­zəriyyəsinə, o cümlədən kvantlayıcı maq­nit sahə­sində termomaqnit və qalvanomaqnit hadisələr nəzəriy­yəsinə böyük töhfələr vermişdir.

Akademik B.M.Əsgərovun son illər apardığı elmi və pedaqoji fəaliyyətinin külliyatı kimi 2010-cu ildə Springer (Berlin, Almaniya) nəşriyyatı (S.R.Fiqarovanın həmmüəllifliyi ilə) "Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases" (ingilis dilində) adlı monoqrafiyasını nəşr etdirmişdir. Ümumiyyətlə prof. B.M.Əsgərov 5 monoqrafiya, 2 dərslik və 1 dərs vəsaitinin müəllifi olmuşdur.

Monoqrafiyanın və elmi işin əhəmiyyəti, dəyəri və gərəkli olması onlardan həmin sahədə ça­lışan mütəxəssislər, elmi işçilər və aspirantlar tə­rə­findən istifadə olunması, elmi məqalələrdə onlara istinad edilməsi ilə müəyyən edilir.

Akad. B.M.Əsgərovun monoqrafiyaları və bir sıra elmi məqalələri göstərilən meyarları ödəyir. Təkcə onu qeyd etmək kifayətdir ki, bizdə olan məlumata görə onun kitablarına və məqalələrinə elmi ədəbiyyatda 1000-dən çox istinad var. Bu isə onu göstərir ki, akademik B.M.Əsgərov bərk cisimlər fizikası sahəsində nəinki Respublikamızda, həm də dünyada tanınır.

Bəhram müəllimin aramızda bir ildən artıq olmamasına baxmayaraq onun başladığı işlər hələ də davam edir. Buna misal olaraq son illər olan istinadlardan 2014-cü ildə impakt faktoru 40-dan artıq olan olan “Science” elmi jurnalında nəşr olunan icmal məqaləni, “Nature” və digər Beynəlxalq elmi jurnallarda olan  istinadları göstərmək olar. Bundan əlavə onun ideyaları əsasında yazılmış məqalələr 2014-15-ci illərdə  "Phys Status Solidi" (Germany), "Physica E: Low-Dimensional Systems and Nanostructures" (Netherlands), "Физика и Тех­ни­ка Полупро­вод­ни­ков" (Russiya) jurnallarında dərc olunmuşdur. Qeyd etmək lazımdır ki, “Statistik fizika” üzrə elmi ədəbiyyatda onun adı ilə adlandırılan funksiyasına həsr olunmuş məqalələr var (məsələn “Analytical evaluation of Askerov functions arising from anisotropy of the thermoelectric power in superlattices”, Physica A: 2012, ELSEVIER).

Onun rəhbərliyi ilə Bərk cisimlərin nəzəriyyəsi istiqamətində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının bazasında elmi məktəbin əsası qoyulmuş və bu məktəbin davamçıları hal-hazırda Respublikanın və dünyanın müxtəlif elm mərkəzlərində bu məktəbin içlərini davam etdirirlər. Prof. B.M.Əsgərov yüksəkixtisaslı fizik-nəzəriy­yə­çilərin hazırlanmasında aktiv iştirak etmiş, rəhbərliyi altında çoxsaylı namizədlik dissertasiyası müdafiə edilmiş və O, bir sıra doktorluq işinin elmi məsləhətçisi olmuşdur. Hal-hazırda onun müəyyən etdiyi elmi istiqamətdə iki elmlər doktoru dissertasiya işi yazılmaqdadır.

Akademik B.M.Əsgərov Respublikada bir çox elmi-ictimai işləri iştirak etmişdir. O, 1994-cü idən 2004-cü ilə kimi Bakı Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru vəzifəsini icra etmişdir. Professor B.M.Əsgərov uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuşdur. Bir çox illər Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri olmuşdur. Bundan başqa B.M.Əsgərov "Bakı Universitetinin Xəbərləri" jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın "Xəbərlər" və "Fizika", "Sumqayıt Universitetinin Xəbərləri" və "Qafqaz Universiteti" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

Görkəmli pedaqoq və gözəl insan olan Bəhram müəllim əməkdaşları və tələbələri üçün nümunə olmuş, öz diqqət və qayğısını onlardan əsirgəməmişdir. O yaddaşlarda həyatsevər, təvazökar, geniş dünyagörüşünə və incə yumor hissinə malik bir insan kimi qalmışdır. Tələbələri hər zaman ona böyük hörmət və rəğbət hissi ilə yanaşmış, həmişə ondan dəyərli məsləhətlər almışlar.

Akademik B.M.Əsgərovun əziz xatirəsi onun əməkdaşlarının, dostlarının, tələbələrinin və müəllim həmkarlarının yaddaşlarında əbədi yaşayacaqdır.

Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov.

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024