Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili

13/02/2014

Azərbaycan   Respublikasının Nazirlər  Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" (bundan sonar Qaydalar) təsdiq edilmiş və Azərbaycan Respublikasının təhsil nazirinin 21 yanvar 2014-cü il tarixli əmri ilə ali təhsil müəssisələrinə həmin qərarın icra və rəhbərlik üçün qəbul edilməsi tapşırılmışdır. Bu əmrlə həmçinin  kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin nümunələri təsdiq edilərək göstərilmişdir ki, əmr 2013/2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən qüvvəyə minir və həmin vaxtdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"nin təsdiq edilməsi haqqında 20.04.2006-cı il tarixli 264 nömrəli, həmin əmrdə dəyişiklik edilməsinə dair 23.07.2007-ci il tarixli 914 nömrəli, habelə "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə"nin təsdiqi barədə 15.05.2003-cü il tarixli 420 nömrəli əmrləri qüvvədən düşmüş hesab olunur.

Qaydalarla təsbit olunan bəzi yeniliklərə aydınlıq gətirmək məqsədilə bu məqalədə aşağıdakı bir sıra məqamları vurğulamaq istərdik.

Hər şeydən əvvəl qeyd edək ki, Qaydalarda hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması, hər bir  fənn üzrə ayrıca jurnalın tərtib edilməsi və tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması ilə bağlı məqamlar öz əksini tapmışdır. Məlumat üçün qeyd edək ki, bu praktika inkişaf etmiş dünya universitetlərində geniş tətbiq olunur. Hesab edirik ki, bu praktikanın tədricən respublikamızın ali təhsil müəssisələrində də tətbiqi Bolonya prosesinin tələblərinə uyğun olaraq tələbələr tərəfindən fənlərin və müəllimlərin seçilməsi məsələsinin öz həllini tamlıqla tapmasına kömək edəcəkdir.

Qaydalarda göstərilmişdir ki,  seçdiyi hər bir fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən nəzərdə tutulmuş kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir .

Qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi  8 kreditdən çox olmamaq şərtilə əlavə  fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Məntiqi olaraq aydındır ki, bu halda təhsil haqqı dedikdə tələbənin təhsil formasından (dövlət sifarişi əsasında və ya ödənişli) asılı olaraq  müvafiq ixtisas (ixtisaslaşma) üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur.

Qaydalara əsasən hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. Aydınlıq üçün qeyd edək ki, hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda hansı fənlərin (akademik borcu qalan və ya tədris qrafiki üzrə nəzərdə tutulan digər fənlər) seçilməsindən asılı olmayaraq əlavə təhsil haqqı ödənilmir.

Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, əvvəlki illərdən və ya semestrlərdən qalan akademik borcun olub-olmamasından asılı olmayaraq onun təqaüdü növbəti semestrdən bərpa olunur.

Qaydalarda göstərilir ki, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Qaydalara əsasən belə halda da tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Lakin Qaydalarda xüsusi olaraq vurğulanmamasına baxmayaraq məntiqi olaraq hesab edirik ki, bu halda illik  təhsil haqqı kimi cari ildə müvafiq ixtisas (ixtisaslaşma) üçün dövlət sifarişi üzrə müəyyən edilmiş illik təhsil haqqı əsas götürülməlidir.

Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. Həmçinin tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvəllər qazandığı kreditlər nəzərə alınır. Lakin bu halda da tələbə məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və onları Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır və bu fənn üzrə akademik borcu qalmış hesab edilir (məlumat üçün qeyd edək ki, əvvəlki qaydalarda fənn üzrə ayrılmış auditoriya saatlarının 30 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmırdı və semestr üzrə müəyyən edilmiş ümumi dərs saatlarının 30 faizindən çoxunda iştirak etməyən tələbə təhsilini davam etdirmək hüququndan məhrum edilirdi). Davamiyyətə görə imtahana buraxılmayan tələbə yalnız semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.

Qaydalara əsasən müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verə bilər. Bu halda tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.

Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər  üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

Qaydalara əsasən tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir (bu halda da tələbənin təhsil aldığı əsas ixtisasın (ixtisaslaşmanın) fənləri də daxil olmaqla hər semestr üzrə ümumi kreditlərin sayı 38 kreditdən çox olmamalıdır). Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.

Qaydalarda nəzərdə tutulur ki, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinin müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədilə təşkil olunur.

Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir. Onu da qeyd edək ki, yay semestrinə müəllimlər də könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş də verilə bilər. Ali təhsil müəssisələri yay semestri təşkilatçılarının və müəllimlərinin ödəniş məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.

Son olaraq qeyd etmək istərdik ki, Azərbaycan   Respublikasının Nazirlər  Kabineti tərəfindən təsdiq edilmiş yeni Qaydalar ali və orta ixtisas təhsili müəssisələrində (məlum olduğu kimi, təhsil nazirinin müvafiq əmri ilə 2014-cü ildən başlayaraq orta ixtisas təhsili müəssisələrində də tədrisin kredit sistemi üzrə təşkili nəzərdə tutulur) tədrisin Avropa Kredit Transfer Sisteminə və Bolonya prosesinin tələblərinə uyğun olaraq təşkilinə və həyata keçirilməsinə yeni təkan verərək ali təhsil sisteminin Avropa və dünya təhsil məkanına tamlıqla inteqrasiyasının sürətləndirilməsinə xidmət edəcək.

525.az/site/

Aydın KAZIMZADƏ

Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru
professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024