AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Elmə dəstək şöbəsinin müdiri Məhəmməd Babanlı Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Topoloji izolyatorların kimyası və materialşünaslığının bəzi məsələləri” mövzusunda ustad dərsi keçib.
Məruzəçi bildirib ki, son illərdə kimya, fizika və materialşünaslığın qovşağında aparılan multidissiplinar elmi araşdırmaların prioritet istiqamətlərindən biri yeni nəsil qeyri-üzvi funksional materialların – topoloji izolyatorların yaradılması və tədqiqidir. Topoloji izolyator materiyanın xüsusi kvant halıdır və bu materiallar həcmdə izolyator kimi davransa da, səthdə yüksək spin-polyarlaşmış keçiriciliyə malikdir. Bu xüsusiyyətlər topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronika sahələrinin – spintronika və topoloji kvant kompüterlərinin yaradılması üçün geniş imkanlar açır. Həmin materialların tibbdə və təhlükəsizlik sistemlərində istifadə olunan terahers detektorlarında, eləcə də kvant kompütinqi əsasında işləyən yeni nəsil cihaz və qurğularda tətbiqi perspektivlidir.
Məhəmməd Babanlı qeyd edib ki, ölkəmizdə qeyri-üzvi materialşünaslıq sahəsində 50 ildən artıqdır elmi-tədqiqat işləri aparılır və güclü elmi məktəb formalaşıb. O, topoloji izolyator materialları sahəsində sistemli tədqiqatların 2011-ci ildən aparıldığını bildirib və bu müddətdə Azərbaycan alimlərinin Avropa Birliyi və Yaponiyanın aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Əməkdaşlıq çərçivəsində əldə olunan nəticələrin “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 30-dan artıq elmi məqalədə əks olunduğu diqqətə çatdırılıb.
Məruzəçi əlavə edib edib ki, 2019-cu ildə Azərbaycan və müxtəlif ölkələrdən olan alimlərin antiferromaqnit topoloji izolyatorların kəşfinə həsr olunmuş “Antiferromaqnit topoloji izolyatorların proqnozlaşdırılması və müşahidəsi” adlı birgə məqaləsi “Nature” jurnalında dərc olunub. Bu məqalə 2023-cü ildə Pekində keçirilən “International Congress of Basic Science” beynəlxalq elmi konqresində son beş ilin ən yaxşı elmi məqalələrindən biri kimi qiymətləndirilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.




