Anar İsgəndərov Azərbaycan həqiqətlərini Amerikaya tanıtdı
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərovun "Realities of Azerbaijan: 1917-1920" (Azərbaycan həqiqətləri 1917-1920) adlı kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunmuşdur. Kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazmışdır. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, ermənilərin Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, ermənilər tərəfindən 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Soveti, İngilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir.
Kitabda 1990-2010-cu illərdə Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçı siyasət, o cümlədən, BMT-nin ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsi də öz əksini tapmışdır.
Kitaba ön söz yazan prof.Castin Makkarti özü də etiraf edir ki, Azərbaycanın 1917-1920-ci illər tarixi sovet dönəmində tədqiqat mövzusu olmadığına görə Qərb oxucusu bu problemlərdən xəbərsizdir. Kitabın ABŞ-da nəşr olunması Qərb oxucularına Azərbaycanda 1917-1920-ci illərdə baş verən proseslərlə obyektiv və qərəzsiz tanış olmağa imkan verəcəkdir.
Kitab ABŞ-ın ən nüfuzlu təşkilatlarına, o cümlədən, Konqres kitabxanasına təqdim olunmuşdur.
Mətbuat və İnformasiya Şöbəsi, 10 iyun 2011-ci il.