“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Bakı Dövlət Universitetinin tələbələrinin Mir Cəlalın Ev Muzeyinə ekskursiyasını təşkil edib

28/04/2014

Ölkəmizin mədəni həyatında xüsusi rolu olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2013-cü ildən həyata keçirdiyi “Mir Cəlal irsinin təbliği və öyrənilməsi” layihəsi çərçivəsində ədibin Gəncə şəhərində yerləşən Ev Muzeyinə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsinin ekskursiyasını təşkil edib.

Görkəmli ədibin anadan olmasının 106-cı ildönümündə reallaşan tədbiri Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru İradə İbayeva açaraq qonaqları salamladı. Sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun salamlarını tədbir iştirakçılarına çatdırdı və layihə haqqında məlumat verdi. O bildirdi ki, 2013-cü ildən həyata keçirilən layihə çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetinin tələbələri arasında “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsi keçirilmiş, müsabiqədə qalib gələn məqalələr kitab şəklində nəşr edilmişdir. “Bizim bu layihəmiz üzun müddətli layihədir və gələcəkdə də davam etdiriləcəkdir. Qeyd edim ki, layihənin məsləhətçisi Qənbər Şəmşiroğlu, rəhbəri isə Şəmşir Şəmşirlidir”.

Daha sonra tədbirin aparıcısı – Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dosent Ələmdar Cabbarlı görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda pedaqoji fəaliyyətindən bəhs etmişdir: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun hekayələri, romanları, eləcə də “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər(1905-1917)” kimi elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaqdır. Mir Cəlal müəllimin “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də alimlərin, tələbələrin stolüstü kitabıdır. Amma Mir Cəlal müəllim hər zaman vurğulamışdır ki, ən böyük əsərim ailəmdir. Həqiqətən də bu, belədir. Vaxtilə Mir Cəlal zavallı bir Azərbaycan gəncinin manifestini yazmışdır.  Bu gün isə onun övladları, nəvələri müstəqil və xoşbəxt Azərbaycanın manifestinin yazılmasında uğurla iştirak edirlər”. Ə.Cabbarlı çıxışının sonunda belə bir tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğluna, BDU-nun rektoru, akademik Abel Məhərrəmova, eləcə də görkəmli ədibin qızı Ədibə xanım Paşayevaya minnətdarlığını bildirdi.

Daha sonra mərasimdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri  Məmməd Alim, şairə Xəzangül, BDU-nun tələbəsi Nihal Qüdrətli çıxış etdilər.

Tədbirdə Mir Cəlal Paşayevin Ev Muzeyinin direktoru İradə İbayevaya İctimai Birlik adından diplom verildi, həmçinin görkəmli ədib haqqında hazırlanmış videoçarx və hekayələri əsasında qurulmuş səhnəciklər nümayiş etdirildi.

Mətbuat və informasiya şöbəsi, 28 aprel 2014-cü il.

Xəbərlər

Küsülüləri barışdıran çərşənbə

Küsülüləri barışdıran çərşənbə
19/03/2024

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”
18/03/2024

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib
18/03/2024