“BDU məzunları” layihəsi çərçivəsində millət vəkili, yazıçı Aqil Abbasla görüş

17/04/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU məzunları” layihəsi çərçivəsində Milli Məclisin üzvü, yazıçı, jurnalist Aqil Abbasla tələbələrin görüşü keçirilib.

Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, BDU fəaliyyət göstərdiyi 105 il ərzində zəngin tarixi yol keçib və ölkənin ictimai, siyasi, elm, təhsil, mədəni həyatında böyük rol oynayıb. BDU bu illər ərzində xalqımızın maariflənməsinə, milli düşüncənin inkişafına, yüksəkixtisaslı kadrların yetişməsinə əvəzsiz töhfələr verib. Əliş Ağamirzəyev qeyd edib ki, yubileylə əlaqədar BDU-nun Tədbirlər Planı təsdiqlənib və il ərzində icra olunacaq: “Hər bir universitetin 3 ən böyük dəyəri var. Bunlar onun məzunları, alimləri və tələbələridir. “BDU məzunları” layihəsinin əsas məqsədi də Universitetin tanınmış məzunları ilə tələbələrin görüşünü təşkil etmək, onları daha yaxından tanıtmaqdır”.

Tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Aqil Abbasın həyat və yaradıcılığı haqqında tələbələrə məlumat verib. Bildirib ki, Filologiya fakültəsinin məzunu olan Aqil Abbas əmək fəaliyyətinə müəllim kimi başlayıb. O, müasir Azərbaycan jurnalistikasının və çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. O, həm də ictimai-siyasi xadimdir, Milli Məclisin üzvüdür: “Yazıçı, jurnalist və millət vəkili Aqil Abbas həmişə xalqın sözünü dediyi üçün daim rəğbət görüb. Onun Qarabağla bağlı yazdığı əsərlər 30 illik işğal dövründə milli ruhun saxlanılmasında və qələbə əzminin formalaşmasında böyük rol oynayıb”.

Daha sonra söz Aqil Abbasa verilib. O, tələbəlik həyatı, müəllimləri barədə xatirələrini bölüşüb. BDU-nun ölkəmizin həyatındakı rolunu vurğulayan qonaq tələbələri təhsil həyatlarından daha çox yararlanmağa, tələbəlik illərini səmərəli keçirməyə çağırıb. Yazıçılığı jurnalistlik və millət vəkilliyindən üstün bildiyini deyən Aqil Abbas ən böyük tənqidçisinin ailəsi olduğunu diqqətə çatdırıb. Tələbələri yaradıcılığı, xüsusilə Qarabağ ruhunu özündə əks etdirən əsərləri ilə tanış edən Aqil Abbas şanlı Zəfərimizə həsr olunan “44 gün” adlı ssenarisini artıq başa çatdırdığını və yaxın günlərdə təqdim edəcəyini də bildirib.

Sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda Aqil Abbas tələbələrə öz kitablarını bağışlayıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024