Aqrar Sığorta Fondu BDU-nun müəllim-tələbə heyəti ilə görüş keçirib

28/02/2024

Aqrar Sığorta Fondu (ASF) Bakı Dövlət Universitetinin (BDU) müəllim-tələbə heyəti ilə görüş keçirib.

Tədbirdə BDU-nun Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin müəllim-tələbə heyəti iştirak edib.

ASF rəhbərliyinin, müxtəlif struktur bölmələrinin və müstəqil aqrar sığorta ekspertlərinin qatıldığı tədbirdə BDU tələbələri Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sisteminin əhəmiyyəti, bu sahədəki iş və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov BDU-da təhsil sistemi, tədris olunan ixtisaslar, məzunların əmək bazarına inteqrasiyası, o cümlədən aqrar sığorta sisteminə cəlbi haqqında danışıb. Son illər dünyadakı iqlim dəyişikliklərin Azərbaycana təsirini qeyd edən Fərda İmanov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı iqlim amillərindən çox asılıdır. Bu təsirlərin qarşısını almaq üçün aqrar sığorta effektiv alətlərdən biridir.

ASF-in İdarə Heyətinin üzvü Roman Əmircanov Azərbaycanda yeni yaranan aqrar sığorta mexanizminin iş prinsipi, üstünlüyü, kənd təsərrüfatına dövlət dəstəyində Aqrar Sığorta Fondunun rolu barədə məlumat veriib. O, BDU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrin aqrar sığorta sisteminə cəlbi ilə bağlı əməkdaşlıq imkanlarının olduğunu deyib.

Fondun Ekspertlərlə iş şöbəsinin rəhbəri Əkbər Məmmədli müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, ekspert sertifikatı almaq üçün tələb olunan təlim və imtahan prosedurları, eləcə də ekspertlərin əməyinin qiymətləndirilməsi üsulunu izah edib. Bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, peşə, orta ixtisas, bakalavriatura və magistratura səviyələrində təhsil almış 70-ə yaxın ixtisas sahibi müstəqil aqrar sığorta eksperti ola bilər. Bunun üçün ASF-də təşkil olunan təlimlərdə iştirak etmək, daha sonra Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək lazımdır. Müstəqil aqrar sığorta ekspertləri kənd təsərrüfatında risk və zərərləri qiymətləndirir. Bu zaman ekspertlərə xidmət haqqı və yol pulu ödənişləri edilir, eyni zamanda onların peşəkarlığının artırılması üçün vaxtaşırı təlimlər təşkil olunur. Nəticədə aqrar sığorta eksperti kimi çalışan mütəxəssislər aylıq orta hesabla 1000-2000 manat məbləğində əlavə gəlir əldə edə bilirlər.

Görüşdə tələbələrə sığorta sektorunda böyük tələbat olan aktuari peşəsi haqqında da geniş məlumat verilib. Müstəqil aqrar sığorta eksperti İsa İbrahimli ekspert fəaliyyəti, onun xüsusiyyətləri, bu sahədə peşəkarlıq tələbləri barədə tələbələri məlumatlandırıb.

Sonda Fond nümayəndələri mövzu ilə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb, onları əməkdaşlığa dəvət ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024