Arxeoloji abidələr xalqımızın maddi yaddaşı, qürur mənbəyidir

17/04/2021

Mədəni irsin çox mühüm hissəsini arxeoloji irs təşkil edir. Arxeoloji irs arxeoloji obyektlərin bütün növlərini, o cümlədən ibtidai insan düşərgələrini, neolit və sonrakı dövrlərin kənd tipli yaşayış yerlərini, kiçik və böyük şəhərgahları, qala və qəsrlərin qalıqlarını, azman müdafiə sədlərini, kurqanları, dolmenləri, menhirləri, qayaüstü rəsmləri özündə birləşdirir. Arxeoloji abidələr xalqımızın ulu keçmişinin öyrənilməsində əvəzolunmaz dəyərə malik zəngin informasiya mənbəyinin cəmləşdiyi “arxiv”lərdir.  Azərbaycanın Tarix və Mədəniyyət abidələri unikal dəyərə malik olmaqla Dünya mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Abidələrin qorunması dövlətin mühüm vəzifələrindən biri olaraq konstitusiyada öz əksini tapmışdır: Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə “tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.”

Azərbaycan Respublikasinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 10 aprel 1998-ci il Qanunu tarix və mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir. Qanunun 1-ci maddəsində bildirilir ki, “Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi-tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.”

Abidələrin qorunması mədəni irs obyektlərinin fiziki mühafizəsinə, maddi və mədəni dəyərlər olaraq hüquqi müdafiəsinə, eləcə də ətraf mühitin mənfi təsirlərindən qorunmasına yönəlmiş fəaliyyəti ehtiva edir. Azərbaycan dövləti tarix və mədəniyyət abidələrinin, maddi mədəni irsimizin qorunmasına, tədqiqinə, təbliğinə yüksək səviyyədə diqqət yetirir. Dövlət orqanları abidələrin qorunması üzrə hüquqi, təşkilati, maliyyə, maddi-texniki və digər müvafiq tədbirləri həyata keçirir, mədəni irs obyektləri aşkarlanaraq qeydə alınır, tədqiq edilir, əhəmiyyətlilik səviyyəsi müəyyənləşdirilir,  onların dağıdıcı təbiət və antropogen təsirlərə məruz qalmasının qarşısı alınır. Abidələr dünya, ölkə və yerli əhəmiyyətli olmaqla müxtəlif kateqoriyalara ayrılır və dövlət mühafizəsinin səviyyəsi də buna müvafiq həyata keçirilir.

Arxeoloji abidələr səciyyələndirilərkən abidənin Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni tarixinin, xalqımızın etnik mənşəyinin və digər ümdə problemlərin həlli üçün əhəmiyyəti nəzərə alınır. Arxeoloji abidələrin xəritəsi ölkəmizin uzaq daş dövründən son orta əsrlərədək zəngin tarix və mədəniyyətə sahib olduğunu sübut edir. Xocavənd rayonundakı Azıx paleolit mağara düşərgəsində professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda qədim insanların hələ iki milyon il əvvəl məskunlaşdığı sübuta yetirilmişdir. Məmmədəli Hüseynovun Azıx mağara düşərgəsinin X-VII mədəni təbəqələrinin tədqiqi nəticəsində müəyyənləşdirdiyi Quruçay mədəniyyəti Azərbaycanın erkən oykumananın xəritəsinə daxil olduğunu, burada ibtidai insanların məskunlaşmasını, bu ərazilərin antropogenez proseslərinin getdiyi məkanlardan biri olduğunu sənədləşdirən ilk mədəniyyət idi. Bu dünya əhəmiyyətli bir kəşf idi və sonradan, XX yüzilliyin son onilliyində və XXI əsrin ilk onilliklərindəki Qafqazda digər Oldovan mədəniyyəti abidələrinin axtarışı və kəşfi üçün əsas oldu.

2007-ci ildə Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan abidələr kompleksinin unikallığı üst paleolit dövründən son orta əsrlərədək tarixi inkişafın müxtəlif mərhələlərinə aid 6 mindən artıq zəngin qayaüstü rəsmlər kolleksiyası ilə yanaşı çoxsaylı mezolit-neolit düşərgələrini, tunc dövrü yaşayış yerlərini, müxtəlif tipdə qəbir abidələrini özündə cəmləşdirməsindədir.

Qarabağın, Gəncə-Qazax bölgəsinin, Muğanın, Naxçıvanın və Cənubi Azərbaycanın neolit-eneolit yaşayış yerlərinin arxeoloji tədqiqi yerli tayfaların istehsal təsərrüfatına keçməsini, kənd tipli məskənlərin meydana gəlməsi və oturaq əkinçi mədəniyyətlərinin bərqərar olmasını, demoqrafik yüksəlişi, etnik-mədəni proseslərin sürətlənməsini nümayış etdirir.

Arxeoloji abidələr Qafqazın, o cümlədən Azərbaycanın tunc metallurgiyasının mühüm mərkəzlərindən biri olduğunu, Tunc dövründə təsərrüfatdakı uğurların nəticəsi olaraq əmlak və sosial differensiasiyanı dərinləşdiyini, tayfa başçılarının statusunun hökmdar səviyyəsinədək ucalmasını, Azərbaycanda mürəkkəb quruluşlu cəmiyyət formalaşdığını sübut edirlər. Tunc dövründə bir tərəfdən mürəkkəb quruluşlu nəhəng kurqanların ucaldılması, digər tərəfdən yaşayış məskənlərinin yeni tipi - şəhərlər meydana çıxır. Şəhər artıq sivilizasiyanın göstəricisidir. Cənubi Azərbaycanda Göytəpə, Yanıqtəpə, Naxşıvanda II Kültəpə, Qarabağda Üzərliktəpə Azərbaycanda şəhər mədəniyyətinin mövcudluğunu sənədləşdirən abidələrdir. Ümumiyyətlə, arxeoloji tədqiqatlar urbanizasiya prosesinin Azərbaycanda qədim köklərə malik olduğunu, onun başlanğıcının tunc dövrünə təsadüf etdiyini və yerli zəmində erkən əkinçi cəmiyyətin tərəqqisi və innovasiyaların mənimsənilməsi nəticəsində təşəkkül tapdığını sübut edir.

Azərbaycanın mədəni irsinin mühüm bir qatını əsasən arxeoloji və memarlıq abidələri ilə təmsil olunan alban mədəni irsi təşkil edir. Məhz arxeoloji abidələrin və numizmatik materialların tədqiqi Azərbaycan arxeoloqlarına Albaniya dövlətinin əvvəl düşünüldüyü kimi e.ə.I əsrdə deyil, e.ə. IV əsrin sonunda yarandığı təsdiqləməyə imkan verdi.

Ermənilər alban mədəni irsini mənimsəmək, xüsusilə alban xristian mədəni irsinə sahib olmağa cəhdlər edirlər. Onlar işğal dövründə Qarabağın alban xristian məbəd və monastrlarını saxtalaşdırmaq istiqamətində müxtəlif vasitələrə əl atmış, bu abidələri erməni abidələri kimi təqdim etməyə səy göstərmiş və bu gün də davam edirlər. Azərbaycanda kilsə arxeologiyasının son 70 ildə təşəkkül və inkişafı bu iddiaların əsassız olduğunu sübut etməyə, erməni saxtakarlığını elmi əsaslarla ifşa etməyə imkan vermişdir. Azərbaycan arxeoloqlarının alban abidilərində apardıqları arxeoloji qazıntılar xristian dini təlimi, ibadəti, mərasim və ayinləri haqqında zəngin informasiya verməsi ilə yanaşı, həm də Albaniyada erkən orta əsrlərdə cərəyan edən etno-mədəni proseslərin mənzərəsini bərpa etmək üçün mötəbər əsas yaratmışdır.

Arxeoloji abidələr “Xalqların böyük köçü” dövründə Azərbaycanın hərbi-siyasi və etnik-mədəni hadisələr burulğanına fəal cəlb olmuş ölkələrdən biri olduğuna şahidlik edirlər. Məlum olduğu kimi, həmin dövr xalqların hərəkətə gəlməsi, hərbi əməliyyatların əhatə dairəsinin genişlənməsi, hərb sənətinə və müdafiə memarlığına diqqətin artması əlamətdar olmuşdur. V-VI yüzilliklərdə Böyük Qafqaz sıra dağlarının Xəzər dənizinə sıx yaxınlaşaraq sahil boyu düzənlikdə dar keçidlər əmələ gətirdiyi yerlərdə beş müdafiə səddi ucaldılmışdı. Onlardan üçü-Beşbarmaq, Gilgilçay, Dərbənd sədləri xüsusilə böyük əhəmiyyətə malik idi. Həmin sədlər erkən orta əsrlərin nəhəng istehkam tikililəri olub Azərbaycan hərb memarlığının şah əsərlərindəndir. Azərbaycanın az abidəsi tapılar ki, Beşbarmaq, Gilgilçay, Dərbənd sədləri qədər orta əsrlərin və yeni dövrün tarixcilərinin, coğrafiyacılarının, səyyahlarının diqqətini cəlb etsin.

Çoxsaylı şəhər yerləri, qala və qəsrlər, kənd tipli yaşayış yerləri, məscid və xanagahlar, xatirə abidələri və qəbiristanlar müsəlman mədəniyyətinin təşəkkül tapması və inkişaf mərhələlərini, ümummüsəlman və məhəlli xüsusiyyətləri müəyyənləşdirməyə imkan verir, Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz tərkib hissəsinin təşkil etməsini sübut edir.

Yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlirik ki, arxeoloji abidələr insan fəaliyyəti nəticəsində meydana gəlmiş, yerüstündə, torpaqda və ya suyun altında qalmış, arxeoloji metodları vasitəsi ilə öyrənilən qiymətsiz informasiya potensialına malik fondu, arxivi təcəssüm etdirir. Hələ öyrənilməmiş və ya kifayət qədər tədqiqatlar aparılmamış arxeoloji abidələr bəşəriyyətin keçmişi haqqında, minilliklər, yüzilliklər, qədim cəmiyyətlər və xalqlar haqqında çox zəngin informasiya qoruyurlar. Məhz arxeoloji qazıntıların nəticələrinin təhlili, artefaktların hərtərəfli öyrənilməsi keçmiş cəmiyyətlər və mədəniyyətlərin inkişafı haqqında məlumat əldə etməyə imkan verir.

Sual oluna bilər ki, arxeoloji abidənin qiyməti, dəyəri nədədir? İlk növbədə bütün arxeoloji obyektlərə xas olan qədimlik statusunda; ikincisi müasir gerçəklikdən xeyli fərqli olan cəmiyyət və mədəniyyətləri dərk etmək imkanı yaratmasında; üçüncüsü, keçmişdə hazırlanmış  artefaktların formalarının estetik dəyərində; dördüncüsü, arxeoloji materialların insanın gündəlik məişəti, fəaliyyəti ilə sıx bağlı olmasındadır.

Arxeoloji abidələrin mühüm özəlliklərindən biri ən qədim və qədim mədəniyyətlərin incilərinin müasir cəmiyyətə bəxş etməsi ilə yanaşı sadə xalqın həyatını, gündəlik məişətini səciyyələndirən tapıntıların kütləviliyidir. Bəşər cəmiyyətinin sübh çağının, ən qədim və qədim sivilizasiyaların öyrənilməsi arxeoloji abidələr olmadan mümkünsüzdür. L.N.Qumilyov sözləri ilə desək, maddi mədəniyyət abidələri xalqların yüksəliş və tənəzzül dövrlərini dəqiq əks etdirirlər. Torpaqdan tapılan qədim əşyalar və ya qədim qəbirlər tədqiqatçının yanılmalardan və ya faktları təhrif etməkdən uzaqlaşdırırlar.

Bunu da xatırladaq ki, arxeoloji abidələr tarixi-mədəni irsin digər kateqoriya obyektlərinə nisbətən təbii və antropegen təsirlərdən daha az müdafiəyə malikdir. Xalqın maddi yaddaşı olan həmin arxeoloji irs bəzən müasir texnokratlar tərəfindən layiqincə qiymətləndirilmir, məhv edilir. Əgər memarlıq abidəsi dağıdıldıqdan sonra onu salamat qalmış çertyojlar, cizgilər və fotoşəkillər əsasında bərpa etmək mümkün olduğu halda, arxeoloji abidələr dağıdıldıqdan sonra onu bərpa etmək mümkünsüzdür, onu itirilmiş tarixi sənəd ilə müqayisə etmək olar.

Abidələrlə cəmiyyət arasında qabarıq müşahidə olunmasa da daimi, sıx  əlaqə mövcuddur. Belə ki, abidələr insanın sosial varlıq olaraq yaşayıb yaratdığı tarixi-mədəni mühitdə mövcud olmaqla onun keçmiş mədəniyyətlər və tarix haqqında biliklərini zənginləşdirir, bununla da dünyagörünüşünün formalaşmasına təsir göstərir. Hələ uzaq keçmişdə, qədim sivilizasiyalarda arxeoloji və memarlıq abidələrin, qədim artefaktların insan şüuruna və əhval-rühiyyəsinə emasional təsirini dərk etmişdilər. Məhz ilk arxeoloji qazıntılar Qədim Şərqdə Yeni Babil hökmdarı Nabonit tərəfindən aparılmışdı.

Müasir  dünyanın sivil ölkələrində arxeoloji abidələrin qorunması və istifadəsi probleminə diqqətlə yanaşılır. Abidələrin qorunması qanunverici aktlarla mükəmməlləşir, arxeoloji irsin mühafizəsi, öyrənilməsi və təbliğinin təşkilinin daha effektli yolları, formaları axtarılır. Arxeoloji irsin problemlərinə diqqətin artması nəticəsində bu problem ayrı-ayrı dövlətlərin fəaliyyət sahəsindən kənara çıxaraq beynəlxalq təşkilatların fəaliyyətinin bir istiqamətinə çevrilib. Bu sahədə UNESCO-nun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. 1959-cu ildə abidələr və tarixi yerlər üzrə beynəlxalq komitə yaradılıb. 1985-ci ildə isə bu sistem çərçivəsində arxeoloji irs üzrə beynəlxalq komitə yaradılıb və arxeoloji irslə bağlı məsələlər beynəlxalq forumlarda müzakirə olunur.

Hazırda arxeoloji kəşflərə bəşəriyyətin inkişaf qanunauyğunluqlarının dərk olunması nöqteyi-nəzərdən yanaşılır, o məhəlli hadisədən beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib. 1956-cı ildə UNESСO-nun qəbul etdiyi “Arxeoloji qazıntıların beynəlxalq tənzimlənmə prinsipləri haqqında tövsiyə”sində bildirilir ki, arxeoloji kəşflər hansı ölkənin ərazisində edilirsə həmin dövlətlər üçün daha çox əhəmiyyət kəsb edir, bununla belə onlar bütün bəşəriyyəti zənginləşdirir. Bu sənəddə qeyd olunur ki, UNESСO-nun üzvü olan dövlətlər arxeoloji qazıntılara nəzarəti təmin etməlidirlər. Arxeoloji qazıntılar icazə əsasında aparılmalı, aşkarlanan obyektlər haqqında məlumat verilməlidir. Hər bir dövlətdən qanunsuz arxeoloji qazıntılar aparılmasına qarşı mübarizə aparılması, arxeoloji tapıntıların qeyri-qanuni ölkədən çıxarılmasının qarşısının alınması tələb olunur. Tövsiyədə bildirilir ki, UNESСO-nun üzvü olan dövlətlər hərbi münaqişələr zamanı işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparmaqdan çəkinməli, təsadüfi aşkarlanan arxeoloji irs isə işğalçı dövlət tərəfindən mühafizə olunmalı və hərbi əməliyyatlardan sonra işğala məruz qalmış dövlətin səlahiyyətli nümayəndələrinə təhvil verilməlidir.

10 oktyabr 1990-cı ildə qəbul olunmuş “Arxeoloji irsin qorunması və idarəsı üzrə xartiya”nın 1-ci maddəsində bildirilir ki, “Arxeoloji irsin qorunmasına hər bir insanın əxlaqi borcu kimi baxılmalı, o həm də bütün cəmiyyətin kollektiv borcudur. Arxeoloji irs bütün bəşəriyyətə məxsusdur.” Xartiyanın 5-ci maddəsində isə tələb olunur ki, “Qazıntılar 1956-cı il “UNESCO-nun arxeoloji qazıntılar üçün tətbiq olunan beynəlxal prinsiplər üzrə tövsiyələr”ində ifadə olunmuş prinsiplərə uyğun və müəyyən olunmuş beynəlxalq və milli peşə standartları üzrə aparılmalıdır”.

UNESCO-nun 5 dekabr 1956-cı il vəsadətinin 32-ci maddəsi Qarabağ ərazisində erməni işğalı dövründə qeyri-qanuni arxeoloji qazıntılar aparmaqla müntəzəm olaraq Ermənistan Respublikası tərəfindən pozulmuş, işğal olunmuş ərazilərdə ermənilərin minillik mövcudluğuna dair saxta arxeoloji dəlillər yaratmaq məqsədi daşımış, dünya isə şanlı Azərbaycan ordusunun qələbəsinədək beynəlxalq hüququn pozulmasına biganə idi.

“Arxeoloji irsin qorunması haqqında” 16 yanvar 1992-ci il tarixli Avropa Konvensiyasında geniş miqyaslı layihələrdə arxeoloji irsin tam tədqiq olunması, elm üçün xilas edilməsi xüsusi vurğulanır,  arxeoloji qazıntılar, tapıntılar haqqında elmi informasiyanın verilməsi məsələlərinə diqqət yetilir.

20 oktyabr 1999-cu ildə Azərbaycan Respublikası "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il Avropa Konvensiyasına qoşulub. Avropa Konvensiyasının müddəalarına Azərbaycanın genişmiqyaslı layihələrində tam əməl olunur. Bunun bariz nümunəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı zamanı kəmərlərin dəhlizində 50-dən artıq abidədə arxeoloji tədqiqatların aparılmasının və layihə həyata keçirilənədək arxeoloji irsin tam öyrənilməsini qeyd etmək olar. Bu abidələrdə aparılan arxeoloji qazıntıların nəticələri nəinki Azərbaycan tarixinin və mədəniyyətinin, ümumiyyətlə, Qafqazın tarix və mədəniyyətinin bəzi ümdə problemlərinin həllinə kömək etmişdir.

Azərbaycan Respublikasında, eləcə də qonşu ölkələrdə arxeoloji irsə münasibət birmənalı qiymətləndirilə bilməz. Bir çox qabaqcıl dövlətlərdə qanunvericilik şəraiti ilə yanaşı, formalaşmış əxlaqi normalar da abidələrin qorunmasında müstəsna rol oynayır. Misal üçün, Danimarkanın təcrübəsi kifayət qədər nümunəvidir. Hər il Danimarkada 400-dən 500-dək xilasetmə arxeoloji qazıntıları aparılır, ölkənin milli sərvətinin təsərrüfat və tikinti sahələrində qorunması təmin edilir, arxeoloji irsin xilas olunması ilə yanaşı onun öyrənilməsinə yol açılır. Arxeologiyanın təbliğinə xüsusi önəm verilir. Hətta məktəblilər üçün xüsusi arxeoloji jurnal çap olunur. Arxeoloji materiallar, qədim dövrlərə aid artefaktlar milli qürur predmetinə çevrilib.

Azərbaycanda dövlət arxeoloji abidələrin qorunmasına böyük qayğı göstərir, zəruri tədbirləri həyata keçirir, qanunvericilik arxeoloji irsin qorunmasının təmin edir.

 

Tarix Dostiyev,

BDU-nun Tarix fakültəsinin dosenti,

Tarix üzrə elmlər doktoru

 

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024