Avropa Komissiyasının Prezidenti BDU-nun fəxri doktoru oldu

14/01/2011

Bu gün Bakı Dövlət Universitetində Avropa Komissiyasının Prezidenti Manuel Barrozoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

Çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verdikdən sonra ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığına toxunub. Akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrə həmişə xüsusi diqqət yetirirdi. Bu gün də həmin siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Rektor deyib ki, Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərimizdəki bütün müsbət cəhətlərə baxmayaraq, biz hələ də bu mötəbər qurumun Azərbaycan üçün ən ağrılı məsələdə – Qarabağ probleminin həllində gözlədiyimiz dəstəyi görmürük. BMT-nin 4 qətnaməsinə, ən nüfuzlu beynəlxalq təşkilatların qərarlarına saymazyana yanaşan Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir, torpaqlarımızı işğal altında saxlayır və hələ də 1 milyondan artıq azərbaycanlı doğma yurdlarına qayıda bilmir. Yeri gəlmişkən, həmin qaçqınlardan 8 min nəfəri Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmışdır. Bununla da tələbələrimizin yataqxana ilə təmin olunmaq hüququ kobud şəkildə pozulur. Təəssüf ki, dünya ictimaiyyəti bu təcavüzkar əməlləri birmənalı pisləməkdən çəkinir. Belə münasibət isə bizdə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa ölkələrinin müxtəlif  nüfuzlu təşkilatlarının bu məsələyə, necə deyərlər, ikili standartlarla yanaşması təəssüratı yaradır. Ermənistanın münaqişəni dinc yolla, beynəlxalq hüquqa uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll etməkdən imtina etməsi isə, ilk növbədə, bu ölkənin özünə böyük iqtisadi zərər vurur, çünki onu bölgədə həyata keçirilən qlobal layihələrdən kənarda qoyur.

Rektor Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universiteti haqqında da məlumat verib, BDU-nun Avropa İttifaqının aparıcı elm və təhsil mərkəzləri ilə əlaqələrini durmadan genişləndirdiyindən bəhs edib. Rektor deyib ki, Bakı Dövlət Universitetinin 32 beynəlxalq proqram və qrant üzərində işləməsinə baxmayaraq, Avropa İttifaqının maliyyələşdirdiyi bir çox layihələrdə iştirakı çətinliklərlə üzləşir. Çünki Azərbaycanın və Azərbaycan kimi ölkələrin Avropada həyata keçirilən, elm və təhsilin inkişafına böyük təkan verən 7-ci çərçivə proqramında iştirak imkanları çox məhdudlaşdırılıb. Akademik Abel Məhərrəmov bu istiqamətdəki maneələrin aradan qaldırılması, Avropa İttifaqına daxil olmayan, lakin onunla sıx əməkdaşlıq edən ölkələrin aparıcı elm və təhsil müəssisələrinin də belə proqramlarda səmərəli iştirakına şərait yaratmaq üçün cənab Barrozonun dəstəyinə inandıgını bildirib.

Sonda rektor bildirib ki, Azərbaycan-Avropa İttifaqı arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindəki xüsusi xidmətlərinə görə universitetin Elmi Şurası 13 yanvar 2011-ci il tarixli iclasında Manuel Barrozoya Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.

Bundan sonra cənab Barrozoya fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub.

Çıxış edən Avropa Komissiyasının Prezidenti öz növbəsində BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu deyib. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını xüsusi qeyd edən qonaq Azərbaycan qazının Avropaya nəqlindən, enerji məsələlərindən danışıb. Eyni zamanda, Avropa ölkələri ilə viza rejiminin asanlaşması məsələsindən, bununla bağlı müvafiq danışıqlara başlanacağından danışıb. Qeyd edib ki, viza məsələsi, ilk növbədə, tələbələr və professorlar üçün çox önəmlidir. O, həmçinin Azərbaycanı Avropa ölkələri universitetlərinə daha çox tələbə göndərməyə çağırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Avropa Komissiyasının prezidenti deyib ki, biz də münaqişənin həllini istəyirik, qaçqınların problemlərini başa düşürük. Müvafiq iş gedir və birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024