Aydınlıq, paklıq, təmizlik rəmzi – Su çərşənbəsi
Təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını özündə rəmzləşdirən Novruz bayramı Azərbaycan xalqının mənəvi dəyərlər sistemində özünəməxsus yer tutur. Novruz bayramı türkün təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan bir təqvim bayramıdır. Novruz yenilənmə, ruhun təzələnmə bayramıdır. Yenilənmə təbiət, cəmiyyət və zamanın bütün sahələrini əhatə edir. Baharın gəlişi ilə qışın soyuğundan, əziyyətindən, çiləsindən canını qurtardığını düşünən insanlar Günəşi böyük sevinclə qarşılayar, qışı, azar-bezarı, çətinlikləri qovmaq üçün müxtəlif ayin və mərasimlər icra edərdilər. Novruz insanların daxilən arınması, mənən və ruhən yenilənməsi ilə yanaşı, təbiətlə cəmiyyətin qovuşub bütövlük təşkil ediyi bir bayramdır. Bu bayramda dünyanın əski nizamı dağılır, yenidən yaradılışı canlandırılır. Köhnə ilin nəfəsi toxunan nə varsa, hamısı yox olur.
Novruz təbiət, yaşayıb-yaratmaq, bolluq-bərəkət, əkinçilik bayramı olmaqla yanaşı, bərabərlik, əltutma, humanizm bayramıdır. Xalqın həyatı, məişəti və mənəviyyatı ilə bağlı olan Novruz bayramı ilk növbədə təqvim hadisəsidir, qışın yola salınması, yazın qarşılanması mərasimidir. Xalqın qan-gen yaddaşı, etnopsixoloji düşüncəsi ilə bağlı olan Novruz bayramının məna və mahiyyətində xeyirlə şərin, isti ilə soyuğun mübarizəsi durduğundan min illər boyu xalqın yaddaşında günümüzə qədər yaşamaqda davam edir.
Novruz mərasimi xalq təqvimində çərşənbələri əhatə edir. Çərşənbələr təbiətin 4 mühüm ünsürü ilə əlaqələndirilir. Şərq ənənəvi fəlsəfi düşüncəsində dünyanın və insanın yaradılışında “ab-atəş-xak-bad” adlı 4 ünsür ənənəsi vardır. Bir çox tədqiqatçılar dörd ünsürün dörd çərşənbə ilə bağlılığını təsdiq ediblər. Belə ki, birinci çərşənbə - Su çərşənbəsi, ikinci çərşənbə - Od çərşənbəsi, üçüncü çərşənbə -Yel çərşənbəsi, IV çərşənbə - Torpaq çərşənbəsidir. Çərşənbələrin xalq arasında müxtəlif adlarla adlanması onların folklor hadisəsi olmasından irəli gəlir. Müxtəlif folklor mühitlərinin bir-birindən variantlılığına görə fərqləndiyini nəzərə alsaq, çərşənbələrin bir neçə variantının olması təbiidir.
Dörd ilaxır çərşənbənin birincisi Azərbaycanın müxtəlif bölgələrində “Əzəl çərşənbə”, “Su çərşənbəsi”, “Müjdəçi çərşənbə”, “Sular Novruzu”, “Kiçik çərşənbə”, “Toz çərşənbəsi” və s. adlarla tanınır.
Su çərşənbəsi adı ilə daha çox tanınan bu çərşənbə səhər tezdən qız-gəlinlər, gənclər axar suyun üstünə gedər, çillə kəsdirər, niyyət edib suyun üstündən tullanar və bu sözləri deyərdilər: “Ağırlığımı su götürsün” və ya “azarım-bezarım suya”. Su üzərindən hoppanan zaman bəzi qızlar ətəklərində gizlətdikləri külü və ya xırda daşları suya tökərək ötən ilin dərdini, azar-bezarını suya tapşırar, ondan sağlamlıq, xoşbəxtlik dilərdilər. Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyər, arzu və diləklərini suya danışardılar. Təzə sudan gətirib evə, həyət-bacaya səpərdilər. İnanardılar ki, belə etsələr, il ruzili olar, bərəkət artar. İnanca görə, sübh tezdən bulaqdan gətirilən su min bir dərdin dərmanıdır. Qucaqda körpələri, xəstələri, hətta qocaları belə axar su üstündən keçirərdilər ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Əski etiqadlara görə, Su çərşənbəsi günü bir anlıq “təzə suya” qovuşanlar, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olacaqlarına inanırdılar. Analar uşaqlarının başından bir tük qoparıb suya atar, bir qab su da uşaqların üzərinə çilər, inanardılar ki, bununla onlara sağlamlıq və təmizlik aşılanır. Adamlar suya əhd-peyman edərək ürəklərini ona açar, bir daha günah etməyəcəklərinə and içərdilər. Yalanın su ilə təmizlənməsi su kultu ilə bağlıdır, yəni, su təmizləyici gücə malikdir. Bu çərşənbədən başlayaraq şam yandırılar, axşam tonqal qalanar.
Uşağı olmayan sonsuz qadınlar sudan övlad dilərdilər. Türk mifoloji düşüncəsində su həyat verən, uğur verən, sağlamlıq və xoşbəxtlik gətirən bir inanc olaraq görülür. Bu qadınlar qayığa, bərəyə və ya sular üzərindəki körpülərə qalxıb çayın o biri sahilinə keçdiyi zaman suya “Çərşənbə payı”, yəni duz-çörək ataraq yalvarar, ondan imdad istərdilər. Bəzi yerlərdə isə sonsuz gəlinlər axar su sahilinə yanaşaraq suya bir daş atıb “uşaqsızlığın daşını atdım” deyərdilər. Həyatın sudan başlanmasına görə sonsuz qadınlar sirli, sehrli sular (mağaraların tavanındakı damcılar və s.) içərək hamilə qalacaqlarına inanırdılar.
İnsanların təmizləndiyi, paklandığı su əzəl çərşənbə suyu və ya ilkin yaradıcı su olduğundan möcüzəlidir, xeyir-bərəkət bəxş edir. İnsanların bir-birinin üstünə su atması təmizlənmə, paklanma ayininin tərkib hissəsi kimi göstərilir. Su çərşənbəsində çeşmə başından gətirilən sudan xəmir yoğurulardı, bunun mənası isə evin ruzili-bərəkətli olması inamı ilə bağlıdır. Eyni zamanda həmin sudan aş dəmlənər, dəmlənmiş aşın suyunu bar verməyən ağacın dibinə tökərdilər ki, ağac bar versin. Bu çərşənbədə insanlar bir-birinin üzərinə su çiləməklə onların ağırlıqlarını, bəd-nəzəri götürdüklərini, uğursuzluqlardan azad olduqlarını, tənbəlliyin aradan qaxdığını düşünərdilər.
Qorxulu yuxuların həyat mənbəyi, aydınlıq rəmzi olan suya danışılmasında məqsəd insanı izləyən qəzalardan, uğursuzluqlardan özünü qorumaq arzusudur. Su təbiətin oyanmasına töhfə verən əsas qüvvə, hər şeyin başlanğıc nöqtəsidir.
Bu çərşənbə axşamı təmizlənmiş su qabları, hovuzlar pak su ilə yenidən doldurulardı. İnanca görə, ev-eşikdə su ilə doldurulmamış qab qalarsa, onu mütləq sındırmaq lazımdır ki, yeni ildə evdə içi bərəkətlə doldurulmamış qab qalmasın, ailəyə qıtlıq, maddi sıxıntı üz verməsin.
Çərşənbələrin hər birinin öz xörəkləri vardır. Mənbələrdə bu çərşənbədə hökmən bir dolça içməli suyun olduğu süfrəyə narqovurma, turşuqovurma və ya südlü plovun qoyulduğu göstərilir.
Ulularımız arzu və niyyətlərini, dərdlərini suya söyləmiş, su ilə fala baxmışlar. Bu çərşənbə günü qızlarımız bəxtlərini sınamaq üçün “tas falı” qurar, nişanə sahibinin yaxın gələcəyi yozulardı. Uzaq səfərə çıxanın arxasınca su atarlar ki, Tanrı köməyi, yolu uğurlu olsun. Babalarımız su ilə əlaqədar müdrük sözlər yaratmışlar: “Su axdığı yerdən bir də axar”, “Su gəldiyi arxa bir də gələr”, “Su murdarlıq götürməz”, “Su olan yerdə dirilik olar” və s. Suyun müqəddəsliyinə, qüdrətinə inanan azərbaycanlılar “Sularınız axarlı-baxarlı olsun!”, “Suyun kəsilməsin!” alqışlarını, and içərkən “Su haqqı”, dua edərkən “Sucan ömrün olsun!”, – deyirlər.
Qoy aydınlıq və paklıq rəmzi olan Su çərşənbəsində axar su ağırlığımızı, azar-bezarımızı yuyub aparsın, xalqımıza xeyir-bərəkət, xoşbəxtlik və ruzi gətirsin!
Məhəmməd Məmmədov,
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
