Azad Şuşada əsrə bərabər bir gün

13/05/2022

Şuşa azad olunan andan ağlımda tək bir şey vardı: ilk fürsətdə o cənnət yurdu ziyarət etmək. Şükür, arzum gerçəkləşir. Heydər Əliyev Fondunun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən 1-ci Beynəlxalq Kulinariya Festivalının iştirakçısıyam… Əslində sözlər acizdir yaşadıqlarımı ifadə etməyə. Amma yazmaya da bilmirəm…

Artıq vədə yetişib, Şuşaya yola düşürük. Çox həyəcanlıyam. Saatları, dəqiqələri, saniyələri sanki iplə özümə tərəf çəkirəm. Yol hardasa 7-8 saat çəkir, amma buna baxmayaraq, pəncərə kənarından gözümü ayırmıram, çünki yolboyu heç nəyi qaçırtmaq istəmirəm. Artıq saatlar keçir və Şuşadayam. Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun azad etdiyi Şuşada! Maşın dayanır, ayaqlarımız Şuşanın qutsal torpağına dəyir. Havası çox möhtəşəmdir, saatlarla bir nöqtəyə baxıb ciyərimə çəkmək istəyirəm Şuşanın havasını. Festival keçirilən məkana yaxınlaşıram. Beynəlxalq festivalda qardaş Türkiyədən, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya və Yaponiyadan təşrif buyurmuş kulinarlar ölkələrinin təamları ilə bizləri tanış edirlər.

…İçimdən Şuşa qalasını görmək hissi inanılmaz enerji ilə keçir. Vaxt itirmədən qaça-qaça qalaya tərəf yollanıram. Çatan kimi o ucalıqda hayqırmaq istəyirəm. Bütün dünyanın səsimi eşitməsini, xoşbəxtliyimi görməsini istəyirəm. Bu əzəmətli qala divarlarına üçrəngli bayrağımızı sancan qazilərimizi ehtiramla yad edirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Burada qürurla dalğalanan üçrəngli bayrağımızla çoxlu şəkillər çəkdirirəm və cənab Prezidentimizin “Əziz Şuşa, biz qayıtmışıq” kəlamını uca səslə səsləndirirəm. Şuşa qalasının yuxarı hissəsinə qalxıb ətrafı seyr edirəm. Olduqca füsunkardır. Sonra bütün Şuşanı gəzmək, bağrıma basmaq istəyirəm. Bulağından su içirəm – dirilik suyu kimi. Aparılan abadlıq, quruculuq işlərini gördükcə fərəhimdən qəlbim dağa dönür. Anidən saatıma baxıram: cəmi yarım saatım qalıb bu gözəl məkanda. Kədərlənirəm müvəqqəti ayrılığa. Amma Şuşada artıq əbədi yaşayacağımızı düşünüb özümə gəlirəm. “Yenə dönəcəyəm onsuz da” deyib, mütləq Cıdır düzünü görmək arzumu da gerçəkləşdirirəm. İnanılmaz dərəcədə əvəz olunmayan mənzərə ilə qarşı-qarşıyam. Sözlərim gücsüzdür bu mənzərəni qələmə almağa…

Şuşadan müvəqqəti ayrılıram. Oradan götürdüyüm daş parçasını ovcumun içinə sıxmışam. Vətən daşı kimi, həm də qalib ölkənin vətəndaşı kimi! Yolboyu Ümummilli liderimiz Heydər Əliyevin, şəhidlərimizin ruhuna dualar oxuyuram. Ümummilli liderimizin siyasətini layiqincə davam etdirən, müqəddəs ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Prezidenti olduğu ölkənin vətəndaşı olduğuma görə fəxr edirəm. Vətənimə layiq övlad olmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm və qürur, fəxarət hissi ilə Ulu Öndərimizin kəlamını deyirəm: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Fidan Həsənova

Bakı Dövlət Universitetinin

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024