Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

03/03/2026

Novruz bayramının ikinci çərşənbəsi Od çərşənbəsidir. Od çərşənbəsi “Kül çərşənbəsi”, “Külə çərşənbə”, “Üskü çərşənbə”, “Xız çərşənbə” və s. adlarla da tanınır. Bu çərşənbə əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Od dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, günəşin yerdəki rəmzi kimi düşünülüb. Qədim etiqadlara görə, insanlar odu-ocağı nə qədər çox əzizləsələr, təbiət bir o qədər tez isinər, canlanar və torpaq tez oyanardı. Qobustan qayaüstü rəsmlərində əcdadlarımızın od ətrafında rəqsi Günəşə, oda olan sevgisinin, tapınmasının nümunəsidir. İnanca görə, Günəşin yerdəki təmsilçisi od-alov qış günlərində Yer üzündə yığılıb qalmış bütün murdarlıqları təmizləyib, insanları “çillədən” xilas edib, azar-bezardan qoruyur, sağlamlıq, paklıq, gümrahlıq bəxş edir.

Bəzi regionlarda “Kül çərşənbəsi” adı ilə qeyd olunan bu çərşənbədə kəndli bağ-bostanın, əkin-biçinin qış yuxusundan oyanmasını istədiyindən axşam yandırılmış  çərşənbə tonqalının külünü isti-isti bağa, bostana, əkiləcək yerə səpər. İstiliyin bu şəkildə simvolunu yaratmaq, üstlərinə kül səpdiklərinin tezliklə oyanması, canlanması istəyini ifadə edir. Bu küldən həm də evin dörd küncü də azacıq tozlandırılardı. İnama görə, belə etdikdə həm bərəkət artar, həm də şər qüvvələr qorxub qaçar.

Əcdadlarımız inanardılar ki, insanları azar-bezara salan bədxah qüvvələr ocaq və tonqal külünə toplaşır. Ona görə də köhnə ilin çətinlikləri, acısından can qurtarmaq üçün il boyu cəmlənmiş külü evdən uzaq yerə aparar, divar dibinə, axar suya və s. tökərdilər. Külü aparmış şəxs evinə qayıtdıqda soruşardılar: ”Haradan gəlirsən?”.  O cavab verərdi: “Toydan-bayramdan”. “Özünlə nə gətirmisən?” sualına həmin şəxs belə cavab verərdi: “Sağlıq-salamatlıq”. Bu axşam həyətlərdə tonqal nə qədər gur yandırılarsa, üzə gələn ildə ailənin həyatı o qədər nurlu və xoşbəxt keçər.

Türk mifoloji düşüncəsində od və ya ocaq kultunun əsas funksiyası insanları bəla və xəstəliklərdən qorumaq, heyvanların artımını təmin etməkdir. Mifoloji inama görə, od Umay və qayın ağacı ilə birlikdə göydən enib. Od ruhu türk xalqlarında antropomorflaşdırılmış, yəni ağ saqqallı, yaşlı kimi təsəvvür edilirdi. İlkin dövrdə qadın başlanğıcını rəmzləndirən od artımın, zənginliyin, rahatlığın mənbəyidir. Bir sıra türk xalqlarında od sahibi ailənin qoruyucusu kimi qəbul edilirdi. Od kosmoqonik mifdə yerlə göyün bir-birindən ayrılmasını işarələyən elementdir.

Odun əsas funksiyalardan biri onun paklaşdırıcı, təmizləyici, saflaşdırıcı qüvvəsidir. Qədim türklərdə, Göy türklərdə düşmən tərəfindən danışıq üçün gələn elçilərə tonqalların arasından keçdikdən sonra hökmdarın hüzuruna gəlməyə icazə verirdilər. İnama görə, od düşmənin ürəyindəki kin-küdurəti, bədxah düşüncəsini, düşmənçilik hisslərini məhv edərdi. Mənbələrdə göstərilir ki, 568-ci ildə Bizans elçisi Zemarkos Göy türklərin yanına elçi sifətiylə gəldiyi zaman türklər elçi heyətini tonqalların arasından keçirərək yaman ruh və şər qüvvələrdən təmizləmiş və sonra xaqanın hüzuruna gətirmişlər.

İnama görə, şaman ruhu o biri dünyada təmizləndiyi və xeyirxah ruhlar tərəfindən qorunduğu üçün odda yanmaz. Şamanların müxtəlif xəstəlikləri odla müalicə etmələri, xəstəni odun üstündən keçirmələri, ocağın başına fırlatmaları, öz bədənlərindəki şər qüvvələri təmizləmək üçün közün üstündə ayaqyalın gəzmələri, eyni zamanda xalqımızın Novruz bayramı zamanı tonqalın üstündən atılması odun saflaşdırıcı qüvvəsinə inamla bağlıdır. Bu adət köhnə ildən canımıza yığılan ağrı-acıdan, xəstəliklərdən qurtulmaq, təmizlənmə, yeni ilə saf, sağlam, təmiz şəkildə qədəm qoymaq arzusundan irəli gələn inamın izlərindəndir. Bu çərşənbə axşamında ayin və mərasimlərin əksəriyyəti tonqal və ocaq başında icra olunur.  Böyükdən kiçiyədək hamı 7 dəfə tonqalın üstündən hoppanır  və “ağrım, acım, azarım-bezarım bu odda yansın!” deyirlər. Bu çərşənbə axşamında qonşular təziyəli olanların həyətində tonqal yandırmaqla həmin ailəni də yasdan çıxarardılar. Ərə veriləcək nişanlı qızları tonqalın, ocağın başına dolandırar və “Səni görüm odlu-ocaqlı olasan!” deyərdilər. Xalq düşüncəsinə görə, insanlar sonsuz qalmaqdan qorxduqlarına görə, çərşənbə tonqalına yaş, ağlayan və ya acı tüstülü ağac atmazdılar. Əcdadlarımız inanmışlar ki, Od çərşənbəsi tonqallarının alov dilimləri insanların arzu və istəklərini ulu Tanrıya çatdırır. Əvvəlcə yanar körpünün, sonralar isə iki od arasından həm özü, həm də heyvanları keçirdən əcdadlarımız qışdan qalmış azar-bezarı, qada-bəlalarını, ağırlıqlarını oda tapşırmaqla çillədən çıxar, paklaşar, sanki yenidən doğulardılar.

Zərdüştlərin müqəddəs kitabı “Avesta”da göstərilir ki, Günəşin, Ahura Məzdanın yerdəki təmsilçisi olan od həyatın qaynağı olub, bütün canlılara can verir, onun enerjisi və qabiliyyət gücü kimi çıxış edir. Türklər oda təmizləyici, bədxah qüvvələri məhv edən, saflaşdırıcı bir element kimi baxdığı halda, atəşgahlarda oda qulluq edən Zərdüşt kahinləri bədxah nəfəsləri ilə müqəddəs odu kirlədəcəklərindən qorxaraq ağızlarını əski parçası ilə örtərdilər. Deməli, zərdüştilikdə od sitayiş olunan bir kult, türk mifoloji düşincəsində isə qoruyucu, təmizləyici bir elementdir.

Əcdadlarımız oda-ocağa azar-bezarı, şər ruhları məhv edən, qovan, günah və ağırlıqlardan təmizləyən, çətinlikləri azaldan qüvvə kimi baxmışlar. Çərşənbə tonqalı özü sönməlidir, onu yarımçıq və ya su ilə söndürmək olmaz. Çərşənbələrdə odun üstündən hoppanan insanların dedikləri ”sarılığımı al, qırmızılığını mənə ver!” və ya ”ağırlığım oda!” ifadələri odun təmizləyici, saflaşdırıcı funksiyalarından xəbər verir. Ərə getməmiş qızları hər vasitə ilə odun üzərindən tullanmağa məcbur edər və onların “bağlı” bəxtlərinin açılacağına inanardılar. Tonqalın təsir gücünü artırmaq üçün oda üzərlik səpərdilər. İnsanlar evlərini, mal-qarasını bəd gözdən, nəzərdən qorumaq üçün evini, ağılı, tövləni üzərlik tüstüsünə tutardılar.

Türk xalqlarında od hər bir evə xoşbəxtlik gətirən mifoloji varlıq kimi kimi göstərilir və insanın oda münasibətindən onun ailəsinin sağlamlığı, heyvanların məhsuldarlığı asılıdır. Odun təmizləyici, qoruyucu funksiyası geniş yayıldığından türk xalqlarında oda, ocağa böyük sayğı və hörmətlə yanaşılıb. Belə ki, ocağa ayaqla basmaq, odu su ilə söndürmək və ya ona tüpürmək olmaz. İnanca görə, ocağa su tökməzlər, çünki ocaqda məleykə var. Əski türklər odu-ocağı nəsil, ailə ilə əlaqələndirirdi. Od insanı yaşadığı yerə, yurda, elə-obaya bağlayır. Babalarımız insanın məskən saldığı yerə “ocaq” demişlər. Od qalanan yer müqəddəs bilindiyindən ocaq çadırın, kosmosun sakral mərkəzi sayılıb. Ocağı nəsillə əlaqələndirən əski türklər ona dini bir mahiyyət verib,  müqəddəs ziyarət yerlərinə ocaq deyiblər.

Od çərşənbəsində şam süfrəsini paxlaplov bəzəyərdi. Çərşənbə süfrəsi başa çatdıqdan sonra onu odun, ocağın üstünə silkələyər, odla saflaşdırardılar. Çərşənbə süfrəsinin şam-çırağını yarımçıq söndürmək olmaz. Arzu və istəklərinin bu çərşənbə axşamı həyata keçəcəyinə inanan qızlarımız ürəklərində niyyət tutub saçlarını açıb tökər, yanan şam və güzgünün köməkliyi ilə fallarına baxar, gecə yarısı güzgüdə gələcək nişanlılarını görəcəklərinə inanardılar.

Od çərşənbəniz mübarək! Ocağınız odlu, qazanınız qaynar olsun!


Məhəmməd Məmmədov,

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti

Xəbərlər

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə
03/03/2026

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə
02/03/2026

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
02/03/2026