"Azerbaijan International Mining Company Limited" şirkətinin BDU-da xüsusi auditoriyası açılıb
Bakı Dövlət Universitetində (BDU) təhsil, elm və sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm layihələr uğurla davam etdirilir. Bu əməkdaşlığın bariz nümunələrindən biri kimi BDU-nun Geologiya fakültəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin dəstəyi ilə yaradılmış xüsusi auditoriyanın açılışı olub.
Açılış mərasimində BDU rektoru Elçin Babayev, "Azerbaijan International Mining Company Limited" şirkətinin prezidenti Reza Vəziri, Universitetin rəhbər heyəti, Geologiya fakültəsinin professor-müəllim kollektivi, tələbələr və sənaye nümayəndələri iştirak ediblər.
BDU rektoru Elçin Babayev Universitetdə müasir infrastrukturun yaradılmasının, xüsusilə ixtisaslaşmış auditoriyaların tədris prosesinə inteqrasiyasının böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Universitetin strateji inkişaf planında sənaye strukturları ilə sıx əməkdaşlıq əsas prioritetlərdən biridir. Mədən sənayesi kimi strateji əhəmiyyətli sahələr üzrə ixtisaslı kadr hazırlığı yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktiki təcrübəyə əsaslanan müasir tədris mühiti ilə tamamlanmalıdır. Onun sözlərinə görə, "Azerbaijan International Mining Company Limited" şirkətinin təşəbbüsü və dəstəyi ilə yaradılan bu xüsusi auditoriya tələbələrin peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayacaq, onların beynəlxalq təcrübəyə çıxış imkanlarını genişləndirəcək.
Rektor Elçin Babayev bu cür layihələrin tələbələrin gələcək əmək bazarına daha çevik və rəqabətqabiliyyətli kadrlar kimi daxil olmasına şərait yaratdığını, eyni zamanda Universitetin elmi-tədqiqat potensialının inkişafına töhfə verdiyini vurğulayıb.
Daha sonra çıxış edən "Azerbaijan International Mining Company Limited" şirkətinin prezidenti Reza Vəziri rəhbərlik etdiyi şirkətin sosial məsuliyyət strategiyasında təhsil sektorunun xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, geologiya və mədən sənayesi sahəsində davamlı inkişafın əsasında bilikli və peşəkar mütəxəssislərin hazırlanması dayanır. Reza Vəziri Azərbaycan gənclərinin bu sahəyə marağının artırılmasının, onların müasir texnologiyalarla tanış olmasının vacibliyini önə çəkərək, xüsusi auditoriyanın məhz bu məqsədlərə xidmət etdiyini vurğulayıb.
Şirkət prezidenti əlavə edib ki, gələcəkdə də BDU ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin, elmi-tədqiqat təşəbbüslərinin və tələbələr üçün praktiki təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində iştirakçılar yeni istifadəyə verilmiş auditoriya ilə yaxından tanış olub, onun texniki imkanları, tədris üçün yaradılmış şərait, müasir təqdimat vasitələri və ixtisaslaşmış dərslərin keçirilməsi üçün əlverişli infrastrukturu barədə ətraflı məlumat alıblar.
Qeyd edək ki, "Azerbaijan International Mining Company Limited" şirkətinin xüsusi auditoriyası Geologiya fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, eləcə də mədən sənayesi sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Bu təşəbbüs universitet-sənaye əməkdaşlığının uğurlu modelini nümayiş etdirməklə yanaşı, gələcək perspektivlər üçün də geniş imkanlar açır.
