Azərbaycan alimi BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib

11/07/2017

 

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Bu barədə qərar həmin akademiyanın 6 aprel 2017-ci ildə Moskvada keçirilmiş iclasında qəbul edilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu günlərdə Böyük Elmi Şuranın genişləndirilmiş yekun iclasında həmin akademiyanın diplomunu, sertifikatını və döş nişanını Knyaz Aslana  təqdim edib.

Qeyd edək ki, Beynəlxalq İnformasiyalaşdırma Akademiyası 1990-cı ildə təsis edilib. Akademiya 1994-cü ildən BMT-nin İctimai İnformasiya Departamenti yanında assosiyalaşdırılmış üzv statusuna, 1995-ci ildən isə BMT-nin İqtisadi və Siyasi Şurasının Baş Məsləhətçi statusuna malikdir.

Dünyanın ayrı-ayrı ölkələrində elmin və mədəniyyətin müxtəlif sferalarında informasiya proseslərinin və texnologiyalarının inkişafına imkan yaradan, informasiologiya sahəsində fundamental və tətbiqi problemlərin həlli ilə məşğul olan məşhur alimlər, böyük mütəxəssislər, görkəmli dövlət xadimləri bu Akademiyaya üzv seçiliblər.

Xatırladırıq ki, geniş elmi-pedaqoji və ədəbi ictimaiyyət arasında yaxşı tanınan Knyaz Aslanın tədqiqat sahəsinə dünya kitab və kitabxana mədəniyyətinin tarixi, klassik şair və yazıçıların həyatında kitab və mütaliə mövzusu, bədii ədəbiyyatın təbliği, tərcümə, ədəbiyyatşünaslıq, kitabşünaslıq və jurnalistikanın nəzəri və təcrübi istiqamətləri, ənənəvi və elektron nəşriyyat işinin müasir problemləri, müxtəlif ədəbiyyat növlərinin redaktəsi və s. kimi aktual məsələlər daxildir. Onun rəhbərlik etdiyi Kitabşünaslıq və nəşriyyat işi kafedrası son illərdə tədris və elm sahəsində qazandığı nailiyyətlərə görə BDU-nun reytinq cədvəllərində ön sırada qərarlaşıb.

Knyaz Aslan 5 monoqrafiyanın, 30 kitabın, çoxsaylı elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalələrin müəllifi, bir çox kitabların ön söz müəllifi və redaktorudur. O, ABŞ, Rusiya, İran, Ukrayna, Gürcüstan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar edib, sertifikat, diplom və fəxri fərmanlarla təltif edilib.

Knyaz Aslan, eyni zamanda, BDU Tədris Metodik Şurası Rəyasət Heyətinin üzvü, BDU-da Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verən Daimi Komissiyanın üzvü, BDU Nəşriyyat Şurasının üzvü, BDU-da 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” indeksi üzrə dissertasiya şurasının üzvü, “Kitabşünaslıq və redaktor sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnаlının təsisçisi və bаş rеdаktоru, eləcə də bir sıra elmi və ədəbi-publisistik nəşrlərin redaktoru və ya redaksiya heyətinin üzvüdür.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Knyaz Aslan “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi”, “İlin alimi”, “İlin ziyalısı” fəxri adlarına, ədəbi-publisistik uğurlаrınа görə N.Gəncəvi, H.Zərdаbi, Ö.F.Nеmаnzаdə, A.Şaiq, S.Yеsеnin, “Qızıl Qələm”, “Ustad” və s. mükаfаtlаrа lаyiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2017-ci il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024