Azərbaycan aliminin həmmüəllifi olduğu monoqrafiya kimya elmimizin yeni uğurudur

13/10/2018

Azərbaycan elmi müxtəlif inkişaf mərhələlərindən keçərək zaman-zaman dünya elminə öz töhfələrini vermişdir. Ayrı-ayrı elm sahələrində yetişən Azərbaycan alimləri öz kəşfləri, yenilikləri ilə çox şeyə ilkin olaraq imza atmış, dünya alimləri sırasında layiqli yerini tutmuşdur. Kimya elminin inkişafı üçün yorulmaq bilmədən çalışan elm adamları da dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələr qurmuş, tanınmış alimlərlə birgə fəaliyyət göstərmiş, nailiyyətlər əldə etmişdir. Bu ənənə bu gün də davam edir...
Bu yaxınlarda işıq üzü görmüş İ.Ə.Əliyev, L.A.Oparina, B.A.Trofimovun (Novosibirsk, “Akademik nəşriyyat” QEO, 2018), “Aromatik tiollar və onun törəmələri (İ.A.Aliev, L.A.Oparina, B.A.Trofimov "Aromatiçeskie tiolı i ix proizvodnıe" Novosibirsk, Novosibirskoe İzdatelğstvo "QEO" 2018, 295 c.) monoqrafiyası da birgə əməyin nəticəsidir. Azərbaycan aliminin də həmmüəllifi olduğu kitab kimya elmimizin yeni uğuru olmaqla yanaşı, həm də respublikamızda aparılan elmi işlərin, alimlərin dünya miqyasında tanınması istiqamətində atılan bir addımdır. Onu da qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru İ.Ə.Əliyev, Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları kimya elmləri namizədi L.A.Oparina və akademik B.A.Trofimovun birgə araya-ərsəyə gətirdikləri “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq bölməsinin akademik katibi, “Uspexi ximii” jurnalının baş redaktoru, “İzvestiya AN, Seriya ximiçeskaya” və “Organometallics” (ABŞ) jurnallarının redkollegiyalarının üzvü akademik Mixail Petroviç Yeqorovun redaktorluğu ilə nəşr olunmuşdur.
Monoqrafiya haqqında AMEA-nın kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin dəyərli fikirləri mənə də kitab barədə bu məqaləni yazmağa bir stimul oldu. Yeri gəlmişkən deyim ki, AMEA-nın kimya bölməsi Azərbaycan kimya elminin adını hər zaman dünya səviyyəsində yüksəklərə qaldırıb. Tarixən Azərbaycan kimyaçıları neft kimyasının və sənayesinin inkişafı ilə bağlı öz sözlərini demiş, dünya elmində layiqli yerlərini tutmuşlar. Professor İ.Əliyev və onun həmkarlarının birgə əməyi olan monoqrafiya kimyaçı alimlər tərəfindən maraqla qarşılanmışdır.
Monoqrafiyanın rəyçiləri REA Ural bölməsinin Üzvi Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin Üzvi Kimya kafedrasının müdiri, akademik Oleq Nikolayeviç Çupaxin, k.e.d., professor N.K.Qusarova və k.e.d., professor S.V.Amosovadır. BDU-nun professoru İ.Əliyevin 50 il ərzində “Aromatik tiollar və onun törəmələri” sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin bir hissəsi bu monoqrafiyada öz əksini tapmışdır. Ümumiyyətlə, kitabda 950-dən çox ədəbiyyatdan istifadə edilmişdir ki, onun əksəriyyəti müəlliflərin elmi yaradıcılıqlarının məhsuludur. Monoqrafiyanın əsas məziyyətlərindən biri də odur ki, yeddi fəslin hər biri üçün ayrıca ədəbiyyat siyahısı verilmiş və kimyaçılara təqdim olunan yeni üzvi birləşmələrin sintezi üsulları göstərilmişdir. O, həm də bu sahədə cədvəl və şəkillərin sayına görə sorğu kitabı vəzifəsini icra edəcəkdir.
Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunmuşdur. Bir sıra hallarda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilmişdir. Əsas diqqət sintez üsullara - ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyaya girmə qabiliyyətlərinin tədqiqinə yönəlmişdir. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilir. Kitabın əhəmiyyətli hissəsini nəzəri suallar - müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir. Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir. Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvi sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.
Belə bir dəyərli monoqrafiyanın həmmüəllifi olan professor İsmayıl Əliyevin daha bir uğurunu da qeyd etmək yerinə düşərdi. Belə ki, o, Azərbaycan kimya alimlərinin tövsiyəsi ilə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilmişdir. Onun əməyi Bakı Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Alim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bu mükafat Azərbaycan elminə verilən yüksək dəyərin təcəssümüdür.
İnanırıq ki, kimyaçı-sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmakologiya sahəsində çalışan kimyaçılar, həmçinin mühəndis-texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar üçün nəzərdə tutulan monoqrafiya müəllim, doktorant, magistrantlar və tələbələr üçün də faydalı olacaqdır.

Fəqan ƏLİYEV, professor.

http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/20867-azaerbaydzan-aliminin-haemmuaellifi-oldughu-monografiya-kimya-elmimizin-yeni-ughurudur

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024