Azərbaycan elmini layiqincə təmsil edən alim

30/05/2018

Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı. Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə də dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli inkişaf etdirir və elmin inkişafı artıq öz yerini innovasiya ilə təsdiqləyir.  Bu cür multidisçiplinar tədqiqatçılardan biri də indi 60 illik yubileyini qeyd etdiyimiz Fərhad müəllimdır. Fərhad müəllimin 60 illik yubileyi haqqında düşünərkən  birinci kursda onunla tanışlığım yadıma düşdü və Fərhad müəllimin həyat yolu haqqında yazını hazırlamaq missiyasını boynuma götürdüm. Mən Fərhad müəllimi 1975-ci ildən tanıyıram və etibarlı bir dost, təvazökar bir insan kimi ondan bu günkü gəncliyin çox şey öyrənməli olduğunu düşünürəm. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin, gözəl insanın həyatına səyahət edərək və onun ömür səhifələrini vərəqləyək.

Mirzəyev Fərhad Əlif oğlu 1958-ci il may ayının 29-da Yardımlı şəhərində anadan olub. 1965-1975-ci illərdə Yardımlı şəhər 1 saylı orta məktəbdə oxuyub. 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Oxuduğu illərdə fakültənin ictimai işlərində fəal iştirak edib. O, təyinatla Azərbaycan Milli Aerokosmik  Agentliyinə göndərilib, orada əmək fəaliyyətinə mühəndis kimi başlayıb. 1980-2009-cu illərdə Azərbaycan Milli Aeorokosmik Agentliyində kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib. 1987-1991-ci illərdə Sank-Peterburq şəhərində Aqrofizika İnstitutunda uzunmüddətli ezamiyyətdə olub, aspiranturanı bitirib. 2009-cu ildən BDU-da çalışır. 2015-ci ildən İqtisadi Kibernetika kafedrasının müdiri seçilib. Ekologiyanın əsasları, strateji planlaşdırma, aqrar sahənin iqtisadiyyatı, iqtisadiyyatda qərar qəbul etməyə sistemli yanaşma, iqtisadi-ekoloji inkişafın modelləşdirilməsi, ehtiyatların idarə olunması dərslərini tədris edir. 70-dən artıq elmi əsərin, 2 dərs vəsaitinin, çoxlu sayda metodik göstərişin, fənn proqramı  və  elmi-kütləvi kitabların müəllifidir. O, tez-tez müxtəlif ölkələrdə elmi konfranslarda çıxış edir. Türkiyənin Cümhuriyyət Universitetində (Sivas şəhəri), Süleyman Dəmirəl Universitetində (Sparta şəhəri), Trakiya Universitetində (Ədirnə şəhəri) ənənəvi keçirilən Ekonometrika, Əməliyyatlar Tədqiqi və Statistika konfransında, Türkiyənin TOBB EKONOMİKA VƏ TEXNOLOGİYA (Ankara şəhəri) 5-ci Beynəlxalq Fuzzy Sistemlər Simpoziumunda, İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq Fənlərarası Avrasiya Konqresində, Kabardin–Balkar Dövlət Universitetində (Nalçik şəhəri) keçirilən Tətbiqi riyaziyyatın və fizikanın aktual problemləri konfransında məruzələrlə çıxışlar edib. 2017-ci il iyul ayının 12-14-də Azərbaycan Texniki Universitetində keçirilən Beynəlxalq Fənlərarası, Təhsil, Elm, Mühəndislik və Texnologiya konfransına sədrlik edib. Bir neçə beynəlxalq  konfransın elm komitələrinin üzvüdür. “Bakı Universiteti Xəbərləri“ jurnalının redaksiya heyətinin üzvü kimi məhsuldar iş aparır.

Fərhad Mirzəyev bu gün də BDU-nun ictimai həyatında fəal rol oynayır. O, ezamiyyətdə olduğu bütün ölkələrdə Azərbaycan elmini və xalqını layiqincə təmsil edib, elmi ictimaiyyətin rəğbətini qazanıb, əldə etdiyi elmi nəticələrin praktik tətbiqində yüksək effektivliyə nail olaraq həm də humanist bir missiyanı uğurla həyata keçirib. Təsadüfi deyildir ki, Fərhad Mirzəyev iştirak etdiyi konfransların təşkilatçıları tərəfindən növbəti illər üçün də dəvətlər alıb.

Fərhad Mirzəyev sadə bir insan, gözəl ailə başçısı, təvazokar alim və müəllim kimi elm aləmində, təhsilimizdə  xüsusi rəğbət qazanıb. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Məhəmmədəli Ramazanov,

BDU-nun Fizika fakültəsinin dekanı, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024