Azərbaycan İlahiyyat İnstitutunun rektoru BDU-da ustad dərsi keçib

20/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “İslam mədəniyyətində kitabxanalar” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov mövzu ilə bağlı məruzə edib.

Rektor Aqil Şirinov tarixi xronologiya əsasında islam dünyasında meydana gələn və formalaşan kitabxanaların fəaliyyətindən bəhs edib. Bildirib ki, islam coğrafiyasında yaşanan tərəqqi və intibahda kitabxanalar müstəsna rol oynayıblar. İslam mədəniyyətində ilk kitabxanaların Əməvilər dövründə məscidlərdə yarandığını qeyd edən natiq həmin dövrdə mövcud olmuş məscid kitabxanaları, şəxsi kitabxanalar və saray kitabxanaları barədə məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Əməvilər dövründə alimlərin və tələbələrin daha çox istifadə etdiyi ilk böyük kitabxana Dəməşqdə qurulan “Beytülhikmə” (hikmət evi) olub. Abbasilər dövründə kitabxana işinin xüsusilə inkişaf etdiyini bildirən məruzəçi bu sahədə Xəlifə Mənsurun və Harun ər-Rəşidin xidmətlərini xüsusi vurğulayıb. Mühazirədə həmçinin Səlcuqilər dövründə məşhur vəzir Nizamülmülkün qurduğu “Nizamiyyə” mədrəsələrinin nəzdindəki kitabxanaların, Osmanlılar dövründə qurulan və hazırda da fəaliyyət göstərən, nadir əlyazmaların qorunub saxlanıldığı Fateh və Süleymaniyyə kitabxanalarının fəaliyyəti əksini tapıb.

Orta əsrlərdə Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafından danışan Aqil Şirinov Ağqoyunlular, Qaraqoyunlular və Səfəvilər dövründə bu sahənin inkişafından bəhs edib, Həmədan şəhərindəki “Toğruliyyə” mədrəsəsinin kitabxanası, Marağada Nəsirəddin Tusinin yaratdığı 400000 kitab fonduna malik Rəsədxana kitabxanası, Cahanşah kitabxanası, “Müzəffəriyyə” və “Bəyim” mədrəsələrinin kitabxanaları, Uzun Həsən kitabxanası, Sultan Xəlil kitabxanası, Sultan Yaqub kitabxanası, Şah İsmayılın tikdirdiyi Şeyx Səfi məqbərəsinin kitabxanası, Təbrizdəki məşhur saray kitabxanası, eyni zamanda Sam Mirzə, Əlqas Mirzə, Bəhram Mirzə və digər şəxslərə məxsus şəxsi kitabxanalar barədə tarixi faktları etibarlı mənbələr əsasında iştirakçıların diqqətinə çatdırıb.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi  dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026