Azərbaycan mədəniyyətinin yeni tarixi nailiyyəti

09/06/2016

Müstəqil Azərbaycan Respublikasının mədəniyyət strukturunda kitab və kitabxana mədəniyyəti mühüm yer tutur. Respublikamızda mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi kitabxana-informasiya fəaliyyətininin inkişafı naminə ciddi dövlət siyasəti aparılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun siyasi xəttinin layiqli davamçısı  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət nəticəsində ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin möhkəm hüquqi  bazası formalaşdırılmış, sahənin kompleks inkişafını özündə ehtiva edən ümumdövlət sənədləri qəbul edilmişdir.

Müasir şəraitdə qədim və zəngin kitab və kitabxana mədəniyyətinə malik olan  ölkəmizdə bu mədəniyyətin ensiklopedikiyasının hazırlanması dövlətin mədəniyyət siyasətinin prioriteti kimi müəyyənləşdirilərək, mühüm aktuallıq kəsb edən Azərbaycan Kitabxana Ensiklopediyası hazırlanmışdır. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Kitabxana Ensiklopediyası Müstəqil Azərbaycan Respublikasında mədəniyyətin inkişafı, informasiya mühitinin optimallaşdırılması, informasiyalaşdırılmış cəmiyyətə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən mədəniyyət siyasətinin səmərəli nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət Proqramı”na müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi kimi nəşr olunaraq bu günlərdə oxuculara təqdim olunmuş ensiklopediyanın layihə rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs  Qarayev, baş redaktoru Azərbaycan Milli Kitabxanasının  direktoru, professor Kərim Tahirov, elmi redaktoru Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi,  Əməkdar elm xadimi,  tarix elmləri doktoru, professor Abuzər Xələfovdur.

Ensiklopediyanın redaksiya heyətinin və işçi qrupunun tərkibinə respublikamızın əsas elmi kitabxanalarının rəhbərləri və aparıcı mütəxəssisləri, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı və kafedra müdirləri  daxildirlər. Bu fundamental ensiklopedik nəşr həmin aparıcı mütəxəssislərin və kitabxanaşünas-biblioqrafiyaşünas  alimlərin birgə gərgin əməyinin, 5 illik ciddi elmi axtarışlarının və yaradıcı təxəyyülünün məhsulu hesab edilə bilər.

Təkcə kitabxana-biblioqrafiya və informasiya ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan mədəniyyəti üçün əhəmiyyətli tarixi nailiyyət hesab olunan Azərbaycan Kitabxana Ensiklopediyası bir mədəniyyət abidəsi kimi mədəniyyətimizin tərkib hissəsi olan kitabxana-informasiya fəaliyyətinin elmi-praktiki uğurlarını və perspektiv inkişafını dərin ümumiləşdirmə və sistemləşdirmələr əsasında özündə əks etdirir.

Azərbaycan Kitabxana Ensiklopediyası öz mahiyyəti etibarilə milli mədəniyyətimizin müasir mərhələdə əldə etdiyi əhəmiyyətli uğur, kompleks xarakterli ümummilli mədəni hadisə, elmi-nəzəri, metodik və təcrübi tədqiqatların məntiqi yekunu kimi yüksək dəyərə malikdir. Ensiklopediya kitabxana-informasiya fəaliyyəti sahəsində əsrlərdən bəri formalaşmış bilikləri ümumiləşdirmək, sistemləşdirmək və təbliğ etməklə yanaşı,  bu sahənin hazırki dövr üçün inkişafını, sahənin aparıcı kadrlarının intellektual potensialını müəyyən edir və gələcək tarix üçün sənədləşdirir ki, məhz bu faktor da nəşrin ümumi konseptual mahiyyətinin məzmun dərinliyi və perspektiv xəttinin praqnostizminin dolğunluğunu və əsaslılığını göstərir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Kitabxana Ensiklopediyasının nəşri Azərbaycanda kitabxana-informasiya fəaliyyətinə dövlət qayğısının, milli siyasətdə mədəniyyətin inkişaf konsepsiyasına ideoloji-siyasi və hüquqi istiqamətin tamamilə düzgün müəyyənləşdirilməsinin, kitabxana-informasiya fəaliyyətinin hüquqi bazasının fundamentallığının və kitabxana-informasiya elmlərinin inteqrasiyalı və diferensasiyalı inkişafının məntiqi nəticəsi zəminində baş tutmuşdur. Ensiklopediya keçmiş SSRİ məkanında Rusiya Federasiyasından sonra yaradılmış ikinci milli ensiklopediyadır. Milli ensiklopediyamız, məzmun və mövzunun əhatə dairəsinə görə daha modernliyi, geniş məzmunluluğu, nəzəri fundamentallığı, metodiki mükəmməlliyi, xronoloji əhatə dairəsi, tezaurus çoxmənalılığı, semantik funksionallığı, praqmatik adekvatlığı ilə Rusiya Ensiklopediyasından fərqlənir.

Azərbaycan Kitabxana Ensiklopediyasında cəmiyyətimizdə son dövrlərdə baş verən əhəmiyyətli sosial, siyasi, texnoloji və iqtisadi dəyişikliklər,islahatlar və onların təsiri altında kitabxana-informasiya fəaliyyətində yaranan yeni mütərəqqi innovasiyalara, elmi-texniki nailiyyətlərin nəticələrinə və həmin nəticələrin praktikaya tətbiqindən doğan mühüm faktlara daha çox yer verilmişdir.

Bəşəriyyətin sonuncu informasiya inqilabı hesab olunan informasiya cəmiyyətinin formalaşaraq getdikcə sürətli inkişafı və bu dinamik qlobal prosesin tələblərindən doğan texnoloji layihələr, anlayışlar, yeni informasiya məhsulları və xidmətləri, onların məzmun və mahiyyət nüvəsi, funksional komponent strukturu, müasir qiymətləndirmə mexanizmi və perspektiv inkişaf istiqamətləri ensiklopediyada öz əksini tapmışdır. Burada digər bir mühüm məqam ensiklopediyada toplanmış məqalələrin böyük əksəriyyətinin əsasən müvafiq kontekstdə kompleks mövzu və problemlərə həsr edilməsidir.

Milli dövlətçiliyimizə, müəllifi  xalqımızın ümummilli lideri, dünya siyasətinin nəhəng siması, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev olan, milli ideologiyamıza - azərbaycançılıq ideologiyasına, azərbaycançılıq fəlsəfi konsepsiyasına xidməti baxımından da  Azərbaycan Kitabxana Ensiklopediyasının ana xəttini milli-tarixi dəyərlərə hörmət, mental xarakterə sədaqət, müasirlik və demokratik prinsiplərə tolerant yanaşma təşkil edir.

Azərbaycan Kitabxana Ensiklopediyasında nəzəri cəlb edən daha bir mühüm cəhət burada kitabxana-informasiya fəaliyyətinin inkişafında böyük əməyi olmuş şəxslər haqqında məqalələrin yer almasıdır. Bu onların əməyinə verilən əhəmiyyətli qiymət və xatirələrinə ucaldılmış mədəni abidə kimi xüsusi dəyər kəsb edir.

Ensiklopediyada mədəniyyət və onun tarixi haqqında, kitab və kitabxana tarixi haqqında, dünyanın 50-dən artıq qabaqcıl kitabxanası haqqında, beynəlxalq kitabxana təşkilatları haqqında, kitabxana-informasiya fəaliyyətinin hüquqi-normativ bazası haqqında, eləcə də müvafiq istiqamətdə mühüm əhəmiyyət kəsb edən digər aspektlər haqqında çoxsaylı dolğun məqalələr də öz əksini tapmışdır ki, bu da bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün olduqca qiymətli elmi-nəzəri, metodik və təcrübi əhəmiyyətə malik olan ciddi hadisə kimi qiymətləndirilməyə layiqdir.

Ensiklopediyada daha bir mühüm məsələ  kitabxana-informasiya elmləri üzrə elmi-dövri mətbuat nəşrləri və ya məqalələrinin yer almasıdır. Bu məlumatlar müvafiq sahə mütəxəssisləri üçün konseptual əhəmiyyət kəsb edərək sahənin informasiya təminatının təşkili və istiqamətləndirilməsi, kommunikativ axtarışın imkanlarının genişləndirilməsi və funksional parametrlərinin məqsədəuyğun fəaliyyət göstərməsi üçün daha əlverişli şəraitin yaradılmasına mühüm töhfədir.

Beləliklə, qətiyyətlə demək olar ki, belə bir kompleks fundamental soraq-məlumat kitabının hazırlanaraq ərsəyə gətirilməsi  üçün böyük elmi-təşkilati proses həyata keçirən peşəkar və mobil komandanın, yaradıcı kollektivin gərgin əməyi olduqca böyük minnətdarlıqla qiymətləndirilməlidir.

İnanırıq ki, bu Ensiklopediya təkcə kitabxanaçıların və biblioqrafların deyil, bütövlükdə mədəniyyət, kitab və nəşriyyat sahəsi mütəxəssislərinin stolüstü kitabına çevriləcək, onlara yol göstərən mayaka çevriləcəkdir.

http://www.xalqqazeti.com/az/news/culture/72255

Azad QURBANOV,
BDU-nun kitabxanaçılıq-informasiya
fakültəsinin dekanı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024