Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir

28/05/2020

1918-ci il 28 may tarixində Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd - İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması məhz itirilmiş dövlətçiliyimizin  bərpası idi.

Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib.

AXC Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa  müvəffəq oldu. Qısa vaxt ərzində Cümhuriyyət hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar verdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik elan etdi. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" fərman, avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərman imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Azərbaycanın görkəmli ziyalıları və ictimai-siyasi xadimləri bu prosesin daim ön sıralarında getdilər və məhz onların qətiyyəti həmin islahatların müvəffəqiyyətlə həyata keçirilməsinə geniş imkanlar yaratdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdıqları mühüm addımlar milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı.

AXC 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində çox mühüm tədbirlər həyata keçirdi. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun  qəbul etdi. Milli Universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyətə abidə ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. 2018-ci ildə Prezidentimiz cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.

Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024