“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının təşkilatçılığı ilə Milli Məclisin deputatı, professor Elman Nəsirovun “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerjiyə keçid”” mövzusunda elmi seminarı keçirilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, enerji təhlükəsizliyi müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biridir. Dekan Azərbaycanın enerji siyasətinin mahiyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, enerji resurslarına sahib olmaq, onların səmərəli idarə olunması və dünya bazarına təhlükəsiz şəkildə çatdırılması dövlətlərin iqtisadi və siyasi mövqeyinə mühüm təsir göstərir.
Professor Elman Nəsirov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyinin formalaşmasının əsasını qoyub. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələ yaradaraq Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirib. Bunun nəticəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri həyata keçirilib. Bu layihələr həm Azərbaycanın, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət qazanıb.
Məruzədə vurğulanıb ki, qlobal iqlim dəyişiklikləri, ekoloji problemlərin artması və bərpa olunan enerji mənbələrinə marağın yüksəlməsi enerji siyasətində yeni yanaşmaların formalaşmasına səbəb olub. Azərbaycan da bu prosesə uyğun olaraq ənənəvi enerji siyasəti ilə yanaşı, “yaşıl enerji” strategiyasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bildirilib ki, hazırda ölkənin enerji təhlükəsizliyi siyasətində bərpa olunan enerji mənbələrinin inkişafı və müvafiq infrastrukturun yaradılması mühüm yer tutur.
Professor Elman Nəsirov çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən enerji siyasətində bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Azərbaycanın zəngin Günəş, külək və su ehtiyatlarının ölkənin yaşıl enerji potensialını artırdığı vurğulanıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsinin bu istiqamətdə mühüm addım olduğu diqqətə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ekoloji cəhətdən təmiz enerji layihələrinin regionun bərpasına və davamlı inkişafın təmin olunmasına xidmət etdiyi bildirilib.
Seminarda qeyd olunub ki, Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində də yaşıl enerji layihələrinə fəal şəkildə qoşulur. Xəzər dənizinin külək enerjisi potensialı Avropa bazarına alternativ enerji ixracı üçün geniş imkanlar yaradır. Son illərdə Azərbaycan, Gürcüstan, Bolqarıstan və Macarıstan ilə qərb istiqamətində, Qazaxıstan və Özbəkistan ilə isə şərq istiqamətində “yaşıl enerji” dəhlizlərinin yaradılması mühüm addımdır. Bu təşəbbüslərin Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya regionunda yeni geosiyasi mənzərənin formalaşmasına təsir göstərəcəyi vurğulanıb.
Elmi seminar zamanı “yaşıl enerji” texnologiyalarının inkişafının yeni iş yerlərinin yaradılması, innovasiyaların tətbiqi və ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətindən də bəhs olunub. Karbon emissiyalarının azaldılmasının Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Seminar geniş müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.



