Azərbaycan tarixinin Heydər Əliyev dövrü

14/07/2014

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin ən düzgün qiymətləndirilməsində obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.

Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük inkişafın başlandığı göz önündə idi. Ötən əsrin 60-cı illərinin sonunda SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meyilləri müşahidə olunmaqda idi. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, mənfi meyillər getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.

Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən  tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır və bu, ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Ulu öndər çox gözəl bilirdi ki, respublikanın gələcək inkişafında əsas strateji amil ölkə iqtisadiyyatının tezliklə dirçəldilməsidir. Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.

O dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə və zavodların yaradılması ölkəmizdə bu strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq dərəcədə artırdı. Məhz o illərdə Xəzər dənizi hesabına Azərbaycanda neft sənayesinin gələcək inkişafını nəzərə alaraq Bakıda unikal bir zavod - dərin dəniz özülləri zavodu tikildi. Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikada müxtəlif təyinatlı 320-yə yaxın sənaye müəssisəsi tikilib istifadəyə verildi. Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artdı. Respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən quruldu, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir yolu tikilib istifadəyə verildi. Bakıda yeni-yeni metro stansiyaları inşa olunurdu. Ölkənin sosial sahələri inkişaf etdirilir, əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində geniş layihələr həyata keçirilirdi. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib insanların istifadəsinə verildi. Respublika paytaxtı və digər şəhər və rayon mərkəzlərində müasir şəhərsalma normalarına uyğun yeni parklar, küçə və meydanlar salınır, milli memarlıq xüsusiyyətlərini özündə əks etdirən elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və kurort kompleksləri yaradılırdı. İdmana geniş diqqət yetirilirdi. Dövlət idarələri üçün yeni və müasir tələblərə cavab verən yaraşıqlı inzibati binalar tikilirdi.

Ümummilli lider Heydər Əliyev respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, ana dilinə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Ulu öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı. Ümummilli lider Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.

Mən bir amili də qeyd etmək istəyirəm ki, əslində, Heydər Əliyev Azərbaycanın gələcəyi naminə siyasi fəaliyyətə hələ 1940-cı illərdən başlamışdır. XX yüzilliyin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin antiazərbaycan nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Bu gün bütün azərbaycanlılar aydın dərk etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızın ən layiqli övladlarını sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 1920-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri, Əhməd Cavadları, Salman Mümtazları - Azərbaycan xalqının qaymaqlarını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər deyildi! Başqa sözlə, Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhval-ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alırdı. Dahi rəhbər Azərbaycana birinci rəhbərliyi illərində isə xalqımızı, yurdumuzu müstəqil yaşamağa hazırladı...

Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra respublikada milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm tədbirlər həyata keçirilmiş, Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl, inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi. Ümummilli lider misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, ulu öndər ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun kursu əsasında inkişaf edirdi...

Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı KP MK Siyasi Bürosu, MK plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək sovet hökumətinin respublikamızın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan SSRİ-də qabaqcıl mövqelərə çıxdı.

Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin hökmranlığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılmasına nail oldu, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşini vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı... Məhz bu dövrdə ilk dəfə olaraq Azərbaycanın görkəmli sənət adamlarının böyük bir qrupuna - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.

Heydər Əliyevə qədər Azərbaycanın ictimai-siyasi həyatında yaşanan böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Milli kadrların hazırlanması, dövlət orqanlarında milli kadr potensialının artırılması istiqamətində heç bir ciddi addım atılmırdı. Siyasi amorfluq, təfəkkürdə və dövlətin idarə edilməsində durğunluq halları milli mənlik şüuruna, milli təfəkkürə və mentalitetə malik olan kadrlar yetişdirilməsinə ciddi əngəl idi. Lakin bu əngəllər xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə aradan qalxdı.

Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi. Məhz Heydər Əliyev dühası Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən reallıqdır. Ulu öndər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyevin respublika rəhbəri kimi ilk günlərdən başlayaraq diqqət yetirdiyi məsələlər təkcə iqtisadi potensialın artırılması ilə məhdudlaşmırdı. Bu dövrdə dahi rəhbər milli dilin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxil olmaqla, ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi.

Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” müddəası təsbit edildi. Ulu öndər Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: “...Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Hələ o illərdən ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasət cəmiyyətdə ayrı-ayrı zümrələrin həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdir. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını da təmin etmişdir.

Azərbaycanlı gənclərin strateji təyinatlı ixtisaslar üzrə təhsili də respublika rəhbərliyinin, şəxsən Heydər Əliyevin diqqət mərkəzində idi. 1970-ci ildən başlayaraq ümummilli liderin təşəbbüsü və təşkilatçılığı ilə əvvəl yüzlərlə, sonrakı illərdə isə minlərlə azərbaycanlı gənc Sovet İttifaqının yüksək səviyyəli ali məktəblərinə göndərilir və respublika üçün vacib olan ixtisaslara yiyələnirdi. Həmin dövrdə ümummilli lider böyük uzaqgörənliklə milli hərbçi kadrların hazırlanmasının da qayğısına qalmış və azərbaycanlı gənclərin hərbi sahədə yüksək təhsil alması üçün tramplin olacaq Bakıda Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. Hazırda Azərbaycanın Silahlı Qüvvələrinə rəhbərlik edən yüksək səviyyəli hərbçilərin bir çoxu həmin məktəbin yetirmələridir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər İkinci Dünya savaşını qələbə ilə başa vurmuş SSRİ-nin öz yetmiş illik tarixindəki ən güclü, dünyanı hərbə-zorba dili ilə qorxutduğu vaxtları idi. Ona görə də SSRİ-nin cəmi bir neçə ildən sonra param-parça olacağını, milli respublikaların müstəqillik əldə edəcəklərini o dövrdə heç kim xəyal edə bilməzdi. Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşması yönündə işlərə isə Heydər Əliyev o illərdə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazım olduğunu, lazım olacağını fərq edirdi.

Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdırlar. Onda da düşünürdü ki, Azərbaycanın sözü, səsi ədəbi incilərimizin, milli musiqi sərvətimizin işığında dünyanı dolaşmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır.

Azərbaycan xalqı zamanın ən böyük elm adamlarını, şair və yazıçılarını, rəssamlarını, musiqi xadimlərini, müəllimlərini, həkimlərini, mühəndislərini yetirməlidir. Azərbaycanlılar sırasından ən peşəkar hərbçilər çıxmalıdır, azərbaycanlı gənclər hərbçiliyi də gələcək sənət arzusuna çevirməlidirlər. Azərbaycan balaları o illərin imkanları çərçivəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almalıdırlar.

Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli-mənəvi dəyərlər göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri Azərbaycanda ucaldılmalıdır. Ən xoş, ən rahat həyat Azərbaycanda olmalıdır. İnsanlar Azərbaycanda yaşamalarından zövq almalıdırlar, burada həyat yaşamaq üçün bir dəyərə çevrilməlidir.

Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bütün bunların, sadəcə, kağızlarda, gurultulu manifestlərdə öz əksini tapmış utopik arzular deyil, gerçək olması, ən azı Azərbaycan boyda məkan hüdudunda reallığa çevrilməsi üçün gecə-gündüz çalışırdı və buna zərrə-zərrə nail olurdu.

O, həmin illərdə gördüyü işlərlə cəmiyyət qarşısında Azərbaycan xalqının tarix və mədəniyyətinin dərin qatlarını açdı, bu da insanlarda öz millətinə böyük qürur hissi yaratdı, milli özünüdərk meyarını yüksəltdi. Heydər Əliyev Azərbaycan insanlarının nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir təsisat obrazını formalaşdırdı.

Azərbaycanın rəhbəri vəzifəsinə Heydər Əliyev kimi bacarıqlı və inanılmış kadrın təyin olunması bu təmayüllərin aradan qaldırılması məqsədindən irəli gəlirdi. Amma Heydər Əliyev özünün böyük dövlətçilik məharəti və müdrikliyi sayəsində bu missiyaya tamam başqa istiqamət verdi. O, həmin illərdə Azərbaycan cəmiyyətində müşahidə edilən gərginliklərin, əslində, millətçilikdən deyil, korrupsiyadan, haqq-ədalət meyarlarının itməsindən, dəyərlərin aşınmasından irəli gəldiyinə Kremli inandırdı.

Faktiki olaraq, millətçiliyə qarşı mübarizə missiyasını korrupsiyaya, ədalətsizliyə qarşı mübarizə missiyasına çevirdi. Milli ruhun oyanışına təkan verdi, bu prosesin insanlara ziyan gətirməyəcək, onları repressiyalarla üz-üzə qoymayacaq bir tərzdə, daha böyük faydalarla müşayiət olunacaq bir şəkildə aram-aram inkişafını təmin etdi.

Beləliklə, 45 il bundan qabaq - 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlandı. Elə bir dövrü ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.

Antik yunan filosofu Demokrit yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq da mümkün deyildir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı da bir o qədər güclü olar.  Bəşər tarixinə öz möhürünü vurmuş fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla öz cəmiyyətlərinin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmişlər.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir.

Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “Haqlı həmişə güclüdür” düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.

Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, insan hüquqları üzrə müvəkkil institutunun (ombudstan) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Heydər Əliyev öz siyasətçi qüdrəti, xarizmatik liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, diplomatik məharəti ilə çoxdan Azərbaycan hüdudlarını adlamış, böyük siyasətə gəldiyi gündən dünya miqyasını əhatə etmişdi. Ümummilli liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün ömrü  elə Azərbaycan üçün yaşanmışdı - bu xariqüladə şəxsiyyət bütün həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. Ulu öndər hər zaman və hər yerdə Azərbaycan üçün çalışır, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanılmasında görürdü. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

 

Ulu öndərin böyük müdrikliklə söylədiyi bu fikirlər bir daha sübut edir ki, Azərbaycan xalqının çox böyük çətinliklər bahasına əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq əzmi və bu tarixi nailiyyətin daimiliyini təmin etmək arzusu onun gələcəyə doğru inamla addımlamasına və dünya birliyində, sözün həqiqi mənasında, öz layiqli yerini tutmasına imkan vermişdir. Şübhəsiz, indiyə qədər Azərbaycanın bir dövlət olaraq bütün sahələrdə qazandığı uğurların hər biri böyük ictimai-siyasi xadim, tarixi şəxsiyyət, dünya siyasətinin ən parlaq simalarından biri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi bütün dünya tərəfindən təqdir olunur.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

"Azərbaycan" qəzeti

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024