AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI

28/04/2020

 

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır; tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.”
Ümummilli Lider Heydər Əliyev

 

Məlum olduğu kimi, I dünya müharibəsinin nəticəsi olaraq 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Xalqlar həbsxanası adlandırılan Rusiya imperiyası dağıldı. Çar Rusiyasının əsarətindən azad olan Azərbaycan xalqı öz müqəddəratını təyin etmək hüququnu əldə etdi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi dağıldı, Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 28-də Tiflisdə Azərbaycanın milli-demokratik qüvvələri Azərbaycanın müstəqilliyini elan  edərək, 6 maddədən ibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdilər. Beləliklə, Müsəlmam Şərqinin ilk Cümhuriyyəti olan bu dövlət qısa zaman kəsiyində bir çox uğurlar əldə etdi. Lakin Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsi və beynəlxalq hüququn subyektinə çevrilməsi bəzi qonşu dövlətləri rahat buraxmırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdan ibarətdir. Cümhuriyyətin xarici işlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini (defakto) tanıdı. Bu hadisə Sovet Rusiyasının Azərbaycana qarşı müdaxilə planını surətləndirdi.

Azərbaycan höküməti Sovet Rusiyası ilə mehriban qonşuluq münasibətləri yaratmaq məqsədi ilə danışıqlara başlamağa təklif etdi. Lakin Azərbaycan hökümətinin bu mövqeyi sovet Rusiyasını  təmin etmirdi. Rusiya Kommunist (b)  Partiyası Mərkəzi Komitəsi Fətəli xan Xoyskinin cavabını və Azərbaycan hökümətinə münasibət məsələsini yanvarın 17-18-də keçirilən iclasında müzakirə etdi. Q.Çiçerinin məruzəsi və V.Leninin təklifi üzrə iclas Azərbaycan Cümhuriyyətinin daxili işlərinə müdaxilə ruhunda sərt qərar qəbul etdi. Qərarda deyilirdi: “Rusiya Xalq xarici işlər komissarlığına tapşırılsın ki, Azərbaycan höküməti barəsində çox böyük təmkinlik və etimadsızlıq siyasəti yeritsin, çünki o, Denikinə qarşı birgə əməliyyat aparmaq təklifimizi rədd etmişdir və Xəzər dənizində bizə qarşı çıxan İngiltərə hərbi qüvvələrinə xidmət göstərir. Rusiya Xalq xarici işlər komissarlığı Azərbaycan hökümətinin bu cür davranışına qarşı qəti protest etməlidir.”

1920-ci il yanvarın 19-da Paris Sülh Konfransının Ali Şurası Müttəfiqlərin ordu göndərmədən, yalnız silah və sursat vasitəsi ilə Azərbaycan və Gürcüstanı müdafiə edəcəyi barədə qərarını elan etməsi bolşevik təcavüzü üçün əlverişli şərait yaratdı. Hələ 1919-cu ilin axırlarında ingilis nümayəndəsi O.Qredi ilə danışıqlar aparan Rusiya Xalq xarici işlər komissarlığının Kopenhagendəki müvəkkili M.Litvinov yanvar ayında Q.Çiçerinə göndərdiyi teleqramda bildirirdi ki, İngiltərə höküməti Qafqaza güclü ordu göndərmək barədə şaiyələri təkzib edir.

Çiçerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırırdı. Bu nota hədələyəci məzmuna malik idi. F.Xoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür.

Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhalisi təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı.

Hökumətin torpaq islahatını yubatmasından bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı.

Böhranı kəskinləşdirən amillərdən biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə kommunistləri və ittihadçılarının xalq arasında geniş nüfuzlarından istifadə edərək, rus ordusunun gələcək yürüşü xeyrinə təbliğat aparmaları idi. Türklər iddia edirdilər ki, güya qırmızı ordunun Türkiyədə Kamal hərəkatına köməyə tələsməsinə baxmayaraq, Azərbaycan hökuməti rus ordusunu öz ərazisindən buraxmaq istəmir. Buna görə də türk kommunistləri yerli və xarici bolşeviklərlə birlikdə milli hökumətə qarşı mübarizə aparmağa məcburdurlar .

1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri Azərbaycan xalqının qatı düşməni A.Mikoyan idi. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Primov və Zaxaryan Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. 1920-ci ilin Novruz bayramı günlərində Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu üçün ölkənin şimal sərhədləri müdafiəsiz qaldı. Daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırtmaq üçün milli ordu hissələri təcili Bakıdan və Dağıstan sərhədlərindən Qarabağın dağlıq hissələrinə gətirilməyə başladı.

Yetmiş iki minlik XI rus ordusu Samur çayı sahilindən Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım reallaşmadı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində yekdillik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.Hacınskiyə görə Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı. Lakin M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi, az sonra bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər. Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çağırırdılar.

Sovet Rusiyasının müstəqil Azərbaycan dövlətinə münasibəti siyası mülahizələrlə yanaşı daha çox iqtisadi amillərlə bağlı idi. 1920-ci ilin yazında Rusiyada vətəndaş müharibəsi, əsasən başa çatmış, dağılmış və bərbad vəziyyətə düşmüş təsərrüfatı bərpa etmək kimi çətin bir vəzifə qarşıya çıxmışdır. Təsərrüfatın bərpa edilməsi üçün neft və neft məhsullarına çox böyük ehtiyac var idi. Əslində, 1920-ci ilin yanvarında başlanan diplomatik qarşıdurmaların arxasında Bakı neftinə sahib olmaq iddiaları dururdu. Rusiya hökümətinin başçısı V.Leninin martın 17-də Qafqaz cəbhəsinin Hərbi Inqilab Şurasının üzvləri Similqa və Orconikidzeyə göndərdiyi teleqramda Bakının işğal edilməsi məsələsi açıq-aydın göstərilmişdir. V.Lenin yazırdı: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səylərinizi buna verin, həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli sovet hakimiyyətinin hazırlandığını tamamilə yəqin etmək lazımdır… Qüvvələr yeridilməsi haqqında baş komandanla şərtləşin”.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.Xoyski Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycan sərhəddində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Fətəli xan Xoyski Q.Çiçerinə göndərdiyi teleqramda yazırdı ki, Dağıstan denikinçilərdən təmizləndikdən sonra Azərbaycan xalqı bu ümiddə idi ki, şimaldan təhlükə qurtarmışdır; o, qardaş dağlı xalqlarına öz müqəddəratını təyin etmək hüququna təminat vermiş Rusiya ilə dostcasına yaşayacaqdır. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri yaxınlığındakı Dərbənd rayonunda və Dağıstan hüdudlarında sovet hökümətinin fikrindən xəbərsizdir, ona görə xahiş edir ki, yuxarıda göstərilən rayonlarda ordunun toplanmasının səbəbləri haqqında məlumat verilsin. Lakin Çiçerin bu notaya əhəmiyyət vermədi.

Aprelin 18-də Quba qəza rəisi Daxili İşlər Nazirliyinə göndərdiyi şifrəli teleqramda Azərbaycan sərhədlərinə toplanmış bolşevik qoşun birləşmələrinin hərbi hazırlıq planları haqqında məlumat verdi.

Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI ordu rəhbərliyinə və Volqa-Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə göstərirdi ki, Azərbaycan hökümətinin əsas ordu hissələri öz dövlətinin qərb cəbhəsində məşğuldur. Ona görə XI orduya və Volqa-Xəzər donanmasına Tuxaçevski, Orconikidze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr edilirdi ki, aprelin 27-də Azərbaycan sərhəddini keçib, 5 gün ərzində Yalama-Bakı əməliyyatını yerinə yetirsinlər. Aprelin 23-də bu direktivdə dəyişiklik edildi və sərəncam verildi ki, XI ordunun son vəzifəsi təkcə Bakı quberniyasını tutmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir.

Həmin günlərdə AK(b) P-nin nümayəndələrindən ibarət bir heyət Petrovsk şəhərinə gedərək XI rus ordusunun Azərbaycan sərhədlərini keçməsi məsələsini müzakirə etdilər. A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar.

Bakıdakı parlament və digər mühüm dövlət orqanlarını qoruyan "Yardım Alayı" türkiyəli komandirlərin təhriki ilə bolşeviklərin tərəfinə keçdi. Hərbi gəmilərin topları dənizdən parlament binasına tuşlandı.

Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl A.Mikoyan, Q.Cəbiyev və Q.Musabəyovu gətirən “III Beynəlmiləl” zirehli qatarı Samur körpusundən keçdi və yol boyu azsaylı və pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi. İki saatlıq qanlı vuruşmadan sonra zirehli qatar Yalama stansiyasını ələ keçirdi. Stansiyanı Quba alayının 2 bölüyü, 200 nəfərdən ibarət jandarm dəstəsi qoruyurdu.

XI ordu hissələrinin Biləcəri stansiyasında dayandığına arxalanaraq  aprelin 27-də gündüz saat 16-da Azərbaycan bolşevikləri RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Fəhlə Konfransı adından parlamentə hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim etdilər.

Ultimatumla bağlı parlament müzakirələri başladı. Müsavat fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi: “Bizə kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz öz müstəqilliyimizin tapdalanmaması şərti ilə Türkiyəyə köməyə gedən qüvvələri müdafiyə edirik. Lakin, cənablar, bizim razılığımızı soruşmadan sərhədlərimizi keçən qüvvələr bizə dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost maskası geymiş düşmənə vermək deməkdir! Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar. ”

Azərbaycan parlamentinin hakimiyyətin təhvil verilməsinə həsr olunmuş sonuncu iclası gecə saat 20.45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verliməsi barədə qərar qəbul etdi:

1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3. Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6. Azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Azərbaycan höküməti aprelin 27-də respublikanın bolşevik Rusiyası tərəfindən təcavüzə məruz qaldığı, sərhədlərinin pozulduğu barədə müttəfiqlərin Tiflisdəki nümayəndələri qraf de Martelə, polkovnik Qabbaya və Lyükkə təcili məlumat göndərdi. Azərbaycan höküməti müttəfiqlərin nümayədələrindən xahiş edirdi ki, bu çətin günlərdə Azərbaycana hücum etməmək üçün Ermənistan hökümətinə təsir göstərsinlər, çünki bolşevik təcavüz aktı ilə əlaqədar Hökümət öz qoşunlarını Qarabağ və Ermənistanla sərhəd olan rayonlardan çıxarmağa məcbur olmuşdur.

Aprelin 27-dən 28-ə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi.

Aprelin 28-də San Remo (İtaliya) konfransında iştirak etmiş Azərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq dövlətlərin Ali Şurasına, İtaliya hökümətinə və xarici dövlətlərin Romada olan səfirliklərinə suveren Azərbaycan dövlətinin sovet Rusiyasının silahlı quvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sülh konfransına verilmiş notada deyilirdi: “Azərbaycan nümayəndələri ümid edirlər ki, sülh konfransı müstəqilliyimizin bərpa olunmasında Azərbaycana köməklik göstərəcəkdir.”

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə bağlı dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə notalar təqdim olundu, müraciətlər edildi. Lakin Antanta dövlətləri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı aprel işğalı ilə sona çatdı.

Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki, XI rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Hakimiyyəti təhvil alan bolşeviklər heç bir vədinə əməl etmədilər. Bakıda talan həftəsi başladı, qırmızı ordu Azərbaycanın şəhər və kəndlərini bir-birinin ardınca işğal etməyə başladı. Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. Mayın ortalarında XI ordu Azərbaycanın bütün ərazisini nəzarət altına aldı.

Aprel hadisələrinin biləvasitə iştirakçılarından biri - Milli hökümətə hakimiyyəti bolşeviklərə vermək barədə ultimatum təqdim etmiş Həmid Sultanov 1920-ci ilin oktyabrında AK(b) P-nin II qurultayındakı çıxışında göstərirdi ki, hakimiyyətin devrilməsi üçün MK heç bir fəhlə, heç bir kəndliyə göstəriş verməmişdi. Biz bilirdik ki, indi də olmasa, sabah, ya birisi gün qırmızı süngü burada olacaqdır. Belə də oldu, biz Sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda gətirdilər.

1920-ci aprelin sonu-mayın ortalarında Azərbaycanda Cümhuriyyət dövründə qazanılan bütün uğurlara son qoyuldu. 70 illik sovet dönəminin ilk günlərində dövlət bayrağından tutmuş dövlət himninə qədər hər şeyə qadağalar qoyuldu. 30-cu illərdə milli düşüncəli ziyalılar repressiyaya məruz qaldılar. Min illər boyu ibadət etdiyi dini qəyərlər qadağan edildi, məscidlər dağıdıldı. Nəhayət, 1991-ci ildə SSRİ adlanan nəhəng imperiya süqut etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa edərek, özünü Cümhuriyyətin siyasi varisi elan etdi.

Azərbaycan Respublikası hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının bərabər hüquqlu üzvüdür və sülhsevər siyəsəti ilə dünya dövlətləri arasında böyük nüfuz qazanmışdır.

Anar İsgəndərov,

Milli Məclisin deputatı,

BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri,

tarix elmləri doktoru, professor,

Bəxtiyar Nəbiyev,

BDU-nun dosenti, siyası elmlər üzrə fəlsəfə doktoru

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024