Azərbaycanda Lider – Xalq tandeminin başlanğıcı

14/07/2023

Dünyada xalqlar üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. İnsan azad, suveren, demokratik dövlətdə yaşayırsa, bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan artıq 32 ildir ki, müstəqil demokratik, hüquqi və dünyəvi dövlətdir. Xalqımızın bu xoşbəxtliyə qovuşması uğrunda mübarizənin öndəri Ümummilli Lider Heydər Əliyevdir.

Böyük filosof Platon demişdir ki, ədalət və müdrikliklə demokratik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaq­dır. Ümummilli Lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi, uzaqgörən şəxsiyyət və qüdrətli strateq Heydər Əliyevə bəşəri şöhrət və əbədiyyət qazandıran da məhz onun Azərbaycan məkanında bu mənəvi-siyasi xüsusiy­yətləri bir araya gətirməyi bacarma­sıdır. Tanınmış soydaşımız, azərbay­canşünas alim, London Universitetinin professoru Turxan Gəncəyi deyirdi: “Mən istiqlalımızın sabahından daha nigaran deyiləm. Çünki millətimin üç­rəngli bayrağı Heydər Əliyev kimi bir rəhbərin müqtədir əlindədir”.

Azərbaycan tarixinin taleyüklü ha­disələrlə dolu bir qərinəlik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı­dır. Bu illərdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqı­nı zamanın ən çətin sınaqlarından çıxa­raraq öz ölkəsinin ictimai-siyasi, iqti­sadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Res­publikası Prezidentinin sərəncamında qeyd edilir: “Heydər Əliyev öz xalqı­nı zamanın mürəkkəb tarixi-siyasi sı­naqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”. Azərbaycan xalqı XX əsrin sonun­da tarixi suverenliyinə məhz Heydər Əliyevin öndərliyi ilə qovuşmuş, yeni əsrə və yeni minilliyə də onun müəy­yən etdiyi yol ilə qədəm qoymuşdur.

XX əsr Azərbaycan tarixinin 34 ilini ölkəsinin, xalqının nicatına, in­kişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsasla­rını yaratmış, xalqı milli müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiya­şarlıq qazanmışdır. Azərbaycan xalqı­nın dünya şöhrətli tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, ta­rixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir icti­mai-siyasi fikrin ən davamlı keyfiyyət­lərinin canlı mənzərəsidir.

Ümummilli Lider Heydər Əliyev şəxsiyyətini, onun Azərbaycan üçün misilsiz nəticələrə gətirib çıxaran fəa­liyyətini öyrəndikcə, araşdırdıqca, əs­lində müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyi­ni, Azərbaycan dövlətinə, onun qoru­nub saxlanmasına, dinamik inkişafına, dünya inteqrasiya sisteminə qovuşma­sına həsr etdiyi titanik fəaliyyətini və dövlət quruculuğu prosesini öyrənmiş oluruq.

Ulu Öndər Heydər Əliyevin Azər­baycanda ali rəhbərliyə birinci gəlişi və 34 illik liderliyinin birinci mərhələsi 1969–1982-ci illəri əhatə edir. Bu mər­hələdə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisa­di böhran vəziyyətinin, uzunmüddətli (60-cı illərin) geriliyinin təhlili veril­di, səbəbləri açıqlandı və çıxış yolları müəyyənləşdirildi. Bunun nəticəsi idi ki, həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlamış­dır. Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə Azərbaycanın sosial-iqti­sadi və mədəni həyatında dirçəliş, in­kişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyul­muş, intibah dövrü başlamışdır.

Xalqını və ölkəsini bütün varlığı ilə sevən bu nadir insanın rəhbərliyi, zəngin təcrübəsi sayəsində qısa müd­dətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmışdır. İqtisadiy­yatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müa­sir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. 1969–1982-ci illərdə müdrik, uzaqgörən, zəngin təcrübəyə əsaslanan milli siyasət əsasında Azər­baycanın iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmişdir.

O illərdə bütün sahələrdə əhəmiy­yətli uğurlar, nailiyyətlər əldə edil­mişdir. Azərbaycanda elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş ver­mişdir. Ölkədə yeni müasir istehsal sahələri yaradılmış, 250-dən çox za­vod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri açılmışdır. Nəticədə, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

1969–1982-ci illərdə neft hasilatı­nın, neft emalı və qazçıxarma sahələ­rinin inkişafında da yeni mərhələ başlamışdır. Bakı Məişət Kondisioner­ləri, “Azon”, “Ulduz”, Cihazqayırma, Sumqayıt Kompressorlar, Dərin Dəniz Özülləri və s. zavodlar da məhz bu il­lərin nəhəng tikililəridir. 1969–1982-ci illərdə respublika sənayesinin yeni sahələri olan elektrotexnika, cihazqa­yırma, elektron, dəzgahqayırma, avtomatlaşdırma kimi yeni istehsal sahələrinin yaradılmasına başlanılmış­dır. Qısa müddətdə Heydər Əliyevin fədakar əməyi sayəsində Azərbaycan SSRİ-də elektrotexnika sənayesinin ən böyük və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birin­ci mərhələdə sənayenin sürətli, kənd təsərrüfatının dinamik inkişafı, respub­likanın inkişafında ən mühüm iqtisadi nəticələrdəndir. 1980-ci illərin ortala­rına qədərki dövrdə sənaye istehsalı 2,2 dəfə artmış, məhsulun orta illik ar­tım sürəti 8,2 faiz olmuş və bu, əvvəlki onillikdəkindən 19 faiz çox olmuşdur. Təkcə neft hasilatında istehsalın həcmi 2,8 dəfə, həmçinin maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artmışdır.

Bu illərdə sənayedə əmək məhsul­darlığı 1,7 dəfə yüksəlmiş, 4 min 400 yeni növ maşın, cihaz, avadanlıq və digər məmulat yaradılmışdır ki, on­lardan 400-ü keçmiş SSRİ-də ilk dəfə həyata vəsiqə almışdır. Həmçinin, bu illərdə respublika üzrə 5,5 milyon ton pambıq, 7 milyon 399 min ton üzüm istehsal olunmuşdur. Təkcə 1981-ci ildə pambıq istehsalı 1 milyon 15 min 300 tona, üzüm istehsalı 1 milyon 616 min tona çatdırılmışdır.

1969–1982-ci illərdə baş verən dəyişikliklərin miqyası, iqtisadi və sosial sahələrdə aparılan dərin struk­tur islahatları, xalqın maddi rifahının yüksəlməsi Azərbaycanda mədəniy­yət sahələrində böyük inkişafa səbəb olmuşdur. Respublikada geniş sosi­al-mədəni quruculuq proqramı həya­ta keçirilmişdir. Şəhərlər böyümüş, yeni yaşayış massivləri salınmışdır. O dövrdə Bakıda böyük konsert-top­lantı mərkəzi – indiki Heydər Əliyev sarayı, Gülüstan şadlıq sarayı və digər möhtəşəm sosial-mədəni obyektlər inşa edilmişdir.

Əsl milli Lider olan Heydər Əliyev Azərbaycanda elmin inkişafına və təh­silin dünya standartları səviyyəsinə qaldırılmasına xüsusi diqqət vermişdir. Dahi şəxsiyyətin Azərbaycan təhsili­nin inkişafında xidmətlərindən biri də 1969–1982-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən ar­tıq şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyə­tinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbay­canlı gəncin ali təhsil almasına, yük­sək ixtisaslı mütəxəssislər kimi hazır­lanmasına imkan və şərait yaratması olmuşdur.

Beləliklə, XX əsrin 70-ci illə­ri – 80-ci illərin əvvəlləri Azərbay­can tarixində yüksəliş dövrü kimi səciyyələnir və qeyd edə bilərik ki, müstəqilliyimizin əsasları bu illərdə qoyulmuşdur.

Ümummilli Lider Heydər Əliyevin 34 illik dövlətçilik fəaliyyətinin ikinci mərhələsi 1982–1987-ci illəri əhatə edir. 1982-ci ilin dekabrında Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Sove­ti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və Kreml liderlərindən biri olmuşdur. Azərbaycanın qüdrət­li oğlu sovet xüsusi xidmətinin sıravi leytenantından general-mayor rütbə­sinədək, kommunistlər ordusunun sıra nəfərindən Kreml liderləri, SSRİ-nin rəhbərlərindən birinə qədər yüksəlmiş­dir.

Qeyd edək ki, Sovet imperiyası, totalitar kommunist rejimi şəraitində həm də müsəlman və türk oğlu üçün belə yüksək səviyyəyə yüksəlmək hər siyasi xadimin hünəri deyildi. Şovinist əhval-ruhiyyəli SSRİ rəhbərliyinin yuxarı eşelonunda təmsil olunmaq, keçmiş Sovetlər Birliyində, həmçinin dünyada gedən proseslərə təsir göstərə biləcək fəaliyyət, cəsarət, iradə sahibi olmaq – bunlar yalnız Ümummilli Lider Heydər Əliyevə nəsib olmuşdur.

Keçmiş SSRİ-nin şovinist, millət­çi rəhbərliyi, Kremli və digər ittifaq qu­rumlarını hörümçək toru kimi bürümüş erməni lobbisi, sovet diktatoru M.Qor­baçovun məkrli ermənipərəst ətrafı Hey­dər Əliyevin qüdrətli, qətiyyətli şəxsiyyət, fenomen lider olmasına, ölkə daxilində daim yüksələn nüfuzuna, dünyada türk oğlu kimi geniş şöhrətlənməsinə dözə bilmirdilər.

1982–1987-ci illərdə sovet super­dövlətinin ali rəhbərlərindən biri olan bu insanın geniş səlahiyyət, kəsərli hökm sahibi olmasına isə ittifaq dövlətinin hər yerinə və hər sahəsinə yayılmış ermənilər həsəd və paxıllıqla baxır, bu gerçəkliklə barışa bilmirdilər. Sovet hö­kumətində Heydər Əliyevə böyük səla­hiyyətlər verilmişdi. Nəhəng bir ölkənin – SSRİ-nin 20-yə yaxın böyük nazirli­yinə məhz Heydər Əliyev rəhbərlik edir­di. Baykal–Amur magistralı kimi nəhəng layihə, magistral xətt boyunca yüzlərlə yaşayış məntəqəsi, müəssisə və obyekt onun rəhbərliyi altında inşa olunurdu.

Lakin XX əsrin 80-ci illərin ortala­rından başlayaraq beynəlxalq aləm­də geosiyasi vəziyyət kəskin şəkildə dəyişdi. Dünyada gedən bu proseslər SSRİ-də də ictimai-siyasi, sosial-iqti­sadi vəziyyətə öz təsirini göstərdi. Belə bir şəraitdə sovet rəhbərliyinə, ermə­nipərəst, qatı şovinist, türk xalqlarına kəskin və barışmaz nifrəti ilə fərqlənən Mixail Qorbaçov gətirildi. Onun Qara­bağın dağlıq hissəsini Ermənistana bir­ləşdirməyə çalışan erməni müşavirləri Heydər Əliyevi qarşılarında ciddi maneə görürdülər. M.Qorbaçovun yenidənqur­ma adı altında yeritdiyi dağıdıcı siyasi xəttlə razılaşmayan Heydər Əliyev, nə­hayət, ciddi təzyiq və təhdidlərlə 1987-ci ilin payızında SSRİ rəhbərliyindən uzaq­laşdırıldı.

Bununla da, Qarabağın dağlıq hissə­sində, daşnak Ermənistanda fitnə ocağı alovlandı. Ölkəmizə qarşı erməni təca­vüzü, vandalizmi, xalqımıza qarşı terror, soyqırımı və deportasiya kimi irimiqyaslı qəsdlər gerçəkləşdi. Xalqımızın böyük oğlu sovet rəhbərliyindən istefa verdik­dən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı.

Ulu öndərin dövlətçilik fəaliyyəti­nin üçüncü mərhələsi 1991–1993 və 1993–2003-cü illəri əhatə edir. Dün­ya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məcli­sinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini olmuşdu. O, 1992-ci ildə Yeni Azərbaycan Partiyası­nın Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilmişdi.

1991-ci ilin 18 oktyabrında müstəqil­liyini bəyan edən Azərbaycan Respubli­kası, əslində, real suverenliyinə 1993-cü ilin iyunundan sonrakı dövrdə nail oldu. 1993-cü ilin may–iyununda siyasi-hərbi böhranın son dərəcə kəskinləşməsi ilə ölkədə xaos, vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Müstəqilliyin və dövlətçiliyin itirilməsi təhlükəsinin yaran­dığını görən xalqın çox ciddi tələbi və xahişindən sonra Heydər Əliyevin yeni­dən Azərbaycanda hakimiyyətə qayıdışı baş verdi.

Bununla da ölkəmiz məhv olmaq təhlükəsindən xilas oldu və Azərbay­canda milli intibah dövrünün ikinci mər­hələsi (1993–2003-cü illər) başlandı. Bu dövr ümummilli liderin sözləri ilə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəm­ləndirilməsi” ilə xarakterizə olunurdu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Pre­zidentinin səlahiyyətlərini həyata keçir­məyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Təcrübəli, uzaqgörən dahi şəx­siyyət, ilk növbədə ölkədə vətəndaş mü­haribəsinin, ölkənin parçalanmasının, müstəqilliyimizin parçalanmasının qar­şısının alınmasına nail oldu.

Ümummilli lider Heydər Əliyev qəti əmin oldu ki, sosial-iqtisadi böhran keçirən respublika iqtisadiyyatını dir­çəltmək, dinamik inkişafı təmin etmək, ölkənin dünya inteqrasiya sisteminə qovuşmasına nail olmaq üçün ən san­ballı mənbə neft amili ola bilər. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Artıq 1994–1996-cı illərdə iqtisadiyyatda tənəzzül meyillərinin qar­şısı alındı. Eyni zamanda, ölkədə yeni iqtisadi sistemin qurulması, aqrar isla­hatların aparılması, sahibkarlığın inki­şafı ilə əlaqədar qanunvericilik bazası yaradıldı.

Azərbaycan ordusunda hökm sürən intizamsızlığa son qoyuldu. Vahid ordu sisteminin yaradılmasına başlanıldı. Əsil ordu quruculuğu mərhələsi başladı. Ordunun döyüş qabiliyyətinin, vətənpər­vərliyinin artırılması, möhkəmləndirilmə­si, ən müasir silah və texnikalarla təchiz edilməsi, peşəkar hərbiçilərin formalaş­dırılması istiqamətində genişmiqyaslı işlər başlanıldı.

Ulu öndər çevik, düşünülmüş və uzaqgörən siyasətilə 1994 və 1995-ci illərdə Azərbaycanın dövlət müstəqil­liyinin əleyhinə olan qüvvələrin dövlət çevrilişinə yönəlmiş cəhdlərinin qarşısı­nı aldı.

Heydər Əliyevin Azərbaycan rəh­bərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş­dur. 1993–2003-cü illərdə onun apardı­ğı daxili siyasət ölkənin genişmiqyaslı tərəqqisinə, hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarının təmin olunmasına xidmət etmişdir. Bu illərdə ümummilli lider Heydər Əliyevin fəaliy­yətində sosial-iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, dina­mik inkişafın təmin edilməsi, Azərbayca­nın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahat­ların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir.

Beləliklə, 1995-ci ilin ortalarında Azərbaycan dövlətinin inkişafında yeni mərhələ başladı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk konstitu­siyasının qəbulu ilə paralel demokratik seçkilər əsasında Azərbaycan Respubli­kasının Milli Məclisi formalaşdırıldı, özü­nüidarəetmə orqanları – bələdiyyələr yaradıldı.

1993–2003-cü illərdə həyata ke­çirilən daxili və xarici siyasət göstərdi ki, ulu öndər Heydər Əliyev təcrübəli, görkəmli, dünya miqyaslı tarixi şəxsiy­yət kimi Azərbaycan gəmisini tarix oke­anının tufanlarından, qasırğalarından sağ-salamat keçirib, uğurla irəliyə - gələ­cəyə aparmağa qadir fenomen liderdir.

Yeni Azərbaycanın qurucusu Heydər Əliyev ölkənin təbii sərvətlərin­dən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüyündən respublikanın milli mə­nafelərinə uyğun şəkildə istifadə edilmə­sinə yönəldilmiş beynəlxalq iqtisadi sa­zişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin, səmərəli və yorulmaz fədakar fəaliyyət göstər­mişdir. Həmçinin, bir çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başla­nılmışdır.

Azərbaycana 34 il rəhbərlik etməklə Ulu öndər Azərbaycanın, bütün dünya azərbaycanlılarının lideri olmaqla bə­rabər, dünyanın böyük, dünyamiqyaslı xadimləri səviyyəsinə yüksəlmişdir. Türk dünyasının böyük lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində dün­ya azərbaycanlılarını ilk dəfə bir araya gətirən tarixi şəxsiyyət, böyük dövlət xa­dimi idi.

Azərbaycanın Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara, birliklərə daxil olması ümummilli liderin xarici si­yasətinin ən mühüm uğurlarından idi. Azərbaycan xalqının, tarixin XX əsrdə yetirdiyi dünya miqyaslı tarixi şəxsiy­yətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, uzaqgörənliyi sayəsində iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə - XXI əsrə inamla qədəm qoymuşdu.

Xalqımızın dahi oğlu, ümummilli lide­ri, görkəmli dövlət xadimi, dahi şəxsiy­yət Heydər Əliyevin əziz və işıqlı, şərəfli ömür yolu, xatirəsi qədirbilən Azərbay­can xalqının qəlbində əbədi yaşayacaq­dır.

İbrahim ZEYNALOV,

Bakı Dövlət Universitetinin professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024