Aərbaycanın ali tibb təhsilinin tarixində Bakı Dövlət Universiteti mərhələsi

24/10/2019

Qarşıdan gələn 2020-ci ildə ölkəmizin tibb ictimaiyyəti Azərbaycan Tibb Universitetinin  (ATU) təsis edilməsinini 90-illik yubileyini qeyd edəcəkdir. 1930-cu illərdə təsis edilmiş  ATU müxtəlif illərdə müxtəlif adlar altında  fəaliyyət göstərmişdir. 1930-1957-ci illər ərzində bu ali məktəb Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) adlandırılırdı. 1957-ci ildə ADTİ-yə ixtisasca həkim olan dövlət xadimi və yazıçı N.Nərimanovun adı verilmiş, 1986-cı ildə institut keçmiş SSRİ dövlətinin yüksək mükafatlarından biri olan “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş və bundan sonra N.Nərimanov adına “Qırmızı Əmək Bayrağı” ordenli  ADTİ adlandırılmışdır. 1991-ci il fevral ayının 4-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ADTİ-yə universitet statusu verilmişdir. Bundan sonrakı illər ərzində N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanan bu ali tibb təhsili ocağının adından 2000-ci ildə N.Nərimanovun adı çıxarılmışdır (o vaxt ölkədə verilən universitetlərin insan adları ilə adlandırılmasının qəbuledilməzliyi ilə əlaqədar qərara görə) [1].
Necə adlandırılmağından asılı olmayaraq, ATU uzun illər ərzində Azərbaycanda ali tibb təhsili verən əsas və çox vaxt  da yeganə  ali  məktəb olmuşdur. Doğrudur, keçən əsrin 30-cu illərində Bakıda Ali Diş həkimliyi və Əczaçılıq İnstitutları fəaliyyət göstərmişdir; lakin onların fəaliyyəti qısa müddət çəkmiş və sonralar onlar da ADTİ-yə birləşdirilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etdiyi ilk illərdə ölkədə yeni təşkil edilmiş  bir neçə universitetdə də qısa  müddət ərzində tibb fakültələri  fəaliyyət göstərmişdir. Lakin sonralar  həmin fakültələrin özlərini doğrultmadığı aşkara çıxmışdır [1]. Son illərdə isə ölkədə alternativ ali tibb təhsili müəssisələri (Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi), Moskva Dövlət Tibb Akademiyasının Bakı filialı) fəaliyyət  göstərir, lakin adı çəkilən  ali məktəblərdə  də tibb təhsili  əsasən ATU-da təhsil almış mütəxəssislərin  qüvvəsi ilə aparılır.
Qeyd etmək lazımdır ki, əslində ATU-nun həqiqi sələfi – Azərbaycanda ilk Avropa tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetidir. 1919-cu ildə təsis edilmiş bu universitetin nəzdində Tibb fakültəsi fəaliyyət göstərib və 1930-cu ildə  məhz həmin kafedranın bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edilib. Beləliklə, cari 2019-cu il Azərbaycanda ali tibb təhsili sisteminin yaradılmasının  100-illik  yubileyi ilə əlamətdardır.
Bakı universitetinin təsis edilməsi Azərbaycan xalqının tarixinin ağır, ziddiyyətli və şərəfli bir dövrünə təsadüf edir. 1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında İstiqlal Bəyannaməsi elan edildi. Bu bəyannamədə Azərbaycanda ali hakimiyyətin xalqa məxsus olduğu, milliyyətindən, dinindən və ictimai mənşəyindən asılı olmayaraq bütün vətəndaşlara siyasi hüquqlar və vicdan azadlığı verildiyi elan edilmişdi.
Azərbaycan Demokratik Respublikasının yarandığı ilk günlərdən hökümət bir sıra sosialyönümlü mühüm problemlərin həll edilməsini öz öhdəsinə götürdü; milli mədəniyyətin, xalq maarifınin və səhiyyənin inkişafı bu öhdəliklər arasında əsas yerlərdən birini tuturdu. О vaxtlar çar hakimiyyətinin mürtəce daxili siyasəti sayəsində imperiyanın digər əyalətlərində olduğu kimi, Azərbaycanda da təhsil və səhiyyənin inkişafı dövrün tələblərindən xeyli geri qalırdı. Ölkədə mövcud olan məktəblər va pedaqoji kadr potensialı məktəbyaşlı uşaqların yalnız bir hissəsinin təhsil almasına imkan verirdi. Buna görə, ölkədə pedaqoji kadrlar hazırlayan ali məkləb təşkil edilməsi zəruri bir problem idi. Bu dövrdə ölkədə səhiyyənin də vəziyyəti olduqca acınacaqlı idi [1]. Çar hakimiyyəti dövründə dövlət əhaliyə tibb xidməti üçün hər adambaşına cəmi 11 qəpik sərmayə qoyurdu, xəstəxanalarda bir günlük stasionar tibb xidmətinin haqqı isə kifayət qədər yüksək olub, о dövrün məzənnəsi ilə 50 qəpik təşkil edirdi [2].
1913-cü ildə Azərbaycanın şəhər əhalisinə xidmət edən bütün xəstəxanaların ümumi çarpayı fondu 1100-ə bərabər idi; həkimlərin sayı da əhalinin tibbi xidmətlə tam əhatə edilə biləcəyi səviyyədən xeyli az idi. Həmin ildə Azərbaycanda əhaliyə cəmi 353 həkim xidmət edirdi. Onların kiçik bir hissəsi Rusiyanın müxtəlif şəhərlərində və Avropa ölkələrində təhsil almış Azərbaycanlı həkimlər, əksəriyyəti isə digər millətlərin Azərbaycanda həkimlik fəaliyyəti ilə məşğul olan nümayəndələri idi; ölkədə fəaliyyət göstərən yeganə tibbi təhsil müəssisəsi isə Bakı şəhərinin doğum evində təşkil edilmiş mamaça hazırlayan orta ixtisas məktəbi idi [3].
Çar hakimiyyəti dövründə Azərbaycan kəndlərində səhiyyə sisteminin vəziyyəti xüsusilə acınacaqlı idi. Məsələn, 1901-ci ildə Qafqaz Tibb İdarəsinin hesabatında deyilirdi ki, Cavanşir qəzasında (çar hakimiyyəti dövründə indiki Tərtər, Bərdə, Kəlbəcər və Ağdərə rayonlarını əhatə edən inzibati bölgə) 94 min nəfər əhalisi olan 160 kəndə, Lənkəran qəzasında isə 190 min nəfər əhalisi olan 298 kəndə bir həkim xidmət edirdi [2]. 1902-ci ildə Bakı quberniyasında işləyən 123 həkimdən yalnız 6-sı kənd əhalisinə xidmət edirdi. 1912-ci ildə Yelizavetpol quberniyasında kənd əhalisinin hər 11426 nəfərinə bir xəstəxana çarpayası düşürdü; həmin ildə quberniyada 307946 xəstələnmə halı qeydə alındığı halda, xəstələnənlərdən yalnız 593 nəfəri stasionar müalicəsi almışdı; bu xəstələrə ümumilikdə 96 xəstə yeri olan 16 qəza xəstəxanasında xidmət edilirdi. Beləliklə, xəstələnənlərdən 307353 nəfəri ya tibbi yardım ala bilməmiş, ya da xəstəxanalardan kənarda kortəbii müalicə almışdı. Əgər tibb müəssisələrinin azlığı ucbatından xəstələnmə hallarının bir hissəsinin qeydiyyata alınmadığını da nəzərə alsaq, müalicə işinin təşkilinin nə qədər yarıtmaz olduğu aydınlaşar [2].
Rusiyada car hakimiyyətinin devrilməsi ilə nəticələnən 1917-ci il fevral Burjua-Demokratik inqilabından sonra ölkədəki hərc-mərclik nəticəsində sosial-iqtisadi problemlər daha da dərinləşmiş, imperiyanın ucqarlarında, о cümlədən Azərbaycanda əhalinin vəziyyəti daha da ağırlaşmışdı. Bu dövrdə qazanc məqsədilə Azərbaycana gələn əcnəbi həkimlərin bir hissəsi vətənlərinə qayıtmış, səhiyyə sisteminin əvvəldən ağır olan vəziyyəti daha da acınacaqlı hala düşmüşdü. 1918-ci ilin may ayına qədər Azərbaycanda həkimlərin sayı 270-ə enmiş, əhalinin aclıq və səfalət içərisində yaşaması, tibbi yardımın və profilaktik tədbirlərin yarıtmazlığı sayəsində ölkədə qarın yatalağı, səpkili yatalaq, dizenteriya, malyariya, vəba kimi xəstəliklərə tutulma və bu xəstəliklərdən ölüm hallarının sayı təsəvvürəgəlməz dərəcədə artmışdı [3]. Bu şəraitdə yenicə hakimiyyətə gələn Azərbaycan milli hökümətinin rəhbərliyinin qarşılaşdığı problemlər ölkədə səhiyyə şəbəkəsinin genişləndirilməsi və tibb kadrlannın sayının artırılmasının təmin edilməsi üçün təcili tədbirlər görməyin zəruriliyini diqtə edirdi. Ölkədə ali təhsilin təşkili və yüksəkixtisaslı milli kadrların hazırlanması zamanın tələbinə çevrilmişdi. Bununla əlaqədar, Azərbaycan Milli höküməti üç ali məktəb – Universitet, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası açılmasına qərar vermişdi.
Mövcud şəraitdə Azərbaycanda ali təhsil müəssisəsinin, xüsusən də ali tibb təhsili verən müəssisənin təşkil edilməsinin perspektivi bir çoxlarına utopiya kimi görünürdü. Lakin Azərbaycanın milli höküməti belə bir addımı atmağa özündə cəsarət tapdı. Bu dövrdə iqtisadi və maliyyə çətinlikləri üzündən qabaqcadan planlaşdırıldığı kimi 3 ali məktəbin təsis edilməsi mümkün olmasa da, Universitet təşkil edildi.
Tibb fakültəsinə malik olan  Bakı Dövlət Universitetinin təsis edilməsinə dair məlumat-larda  bu müəssisənin tarixinin Tiflis şəhərindən başlandığı göstərilir [4]. Lakin bizim fikrimizcə, bu məsələnin müəyyən dərəcədə əlavə şərhə ehtiyacı vardır. 1918-ci ildə Tiflisdə 2 universitet fəaliyyət göstərirdi. Bunlardan biri Tiflis Universiteti, digəti isə Zaqafqaziya Universiteti adlanırdı. Tiflis universitetində dərslər əsasən gürcü dilində, Zaqafqaziya Universitetində  isə rus didlində  keçirilirdi. O vaxtki  iqtisadi şəraitdə kiçik Gürcüstan Respublikası üçün 2 universiteti saxlamaq   asan deyildi. Buna görə  də elə həmin il yenicə təşkil edilmiş Zaqafqaziya  Universiteti  çətin duruma  düşmüşdü.
Qeyd etmək lazımdır ki, Zaqafqaziya  Universiteti Tiflisdə 1915-ci ildən fəaliyyət  göstərən Ali Qadın Kurslarının bazası əsasında  təşkil edilmişdi. Ali Qadın Kurslarının   nəzdində olduğu  dövrdə tibb fakültəsinin  yalnız  1-ci kursunda dərslər təşkil edilmişdi; keçirilən dərslər  isə yalnız təbiətşünaslıq və tarix yönümlü  fənləri əhatə edirdi. Bu dərslər botanikadan (prof. S.Q.Novasin), zoologiyadan (prof. E.A.Mayer), kimyadan (prof. R.Q. Melikov) və humanitar yönümlü fənlərdən ibarət idi. Lakin tibb fakültəsində  tədris edilməli olan əsas fənlərdən (məsələn,  anatomiya,  və histologiyadan) dərs deyəcək  müəllim yox idi.  Fakültədə tibb yönümlü  dərslər üzrə mütəxəssis olaraq, yalnız prof. V.D.Malenyuk (fizioloji kimya) və U.V.Sitoviç (fiziologiya) işləyirdi. Dərslərin təşkilinə I Dünya Müharibəsi  ilə əlaqədar Mərkəzi Rusiyanın şəhərlərindən  Hərbi Hospitallarda  işləmək üçün  Tiflisə köçürülmüş  təcrübəli həkim və professorların çəlb edilməsi  universitetdə tədris prosesinə  müəyyən qədər  şərait yaratmışdı. Məsələn, Saratovdan gəlmiş prof. V.İ.Razumovski burada Qafqaz ordusunun  baş cərrahı  vəzifəsini tuturdu, Yuryev Universitetinin professoru İ.İ.Şirokoqorov Qafqaz Ordusu Qırmızı Xaç  təşkilatına  rəhbərlik edirdi, Moskva Universitetinin privat-dosenti A.A.Oşman Qafqaz Ordusu Qırmızı Xaç  təşkilatının cərrahı vəzifəsində çalışırdı. Onların universitetdə  tədris işlərinə cəlb edilməsi sayəsində 2 kursda  dərsləri təşkil etmək mümkün olmuşdu. V.İ.Razumovski anatomiyadan və operativ cərrahlıqdan (topoqrafik anatomiya ilə birlikdə), İ.İ.Şirikoqorov 2-ci kursda histologiyadan, 3-cü kursda  dərslər başladıqda  isə  ümumi patologiya  və patoloji anatomiyadan dərs deyirdi. A.A.Oşman Ümumi cərrahlıq kafedrasına müdir təyin edilmişdi. Tibb fakültəsinə  ilk tələbələr Rusiyada fəaliyyət göstərən universitetlərin tələbələri arasından seçilmişdi. Universitetin maddi-texniki bazası olduqca kasad idi. Məsələn, histologiyadan dərs deyən  professorun sərəncamında  cəmi 4 mikroskop var idi. Tədris binaları bir-birindən 4-5 verst aralıda yerləşdiyinə görə tənəffüs vaxtı tələbələrin  bir binadan digərinə gedib çatması çox çətin olurdu. Çünki bundan ötrü  nəqliyyat vasitələri  də yox idi. Qış aylarında tədris binaları qızdırılmırdı. Bütün bunlara görə universitet rəhbərliyi  bu ali məktəb üçün   yer axtarmaq məcburiyyətində qalmışdı [4].
Təbiidir ki, bu şəraitdə Gürcüstan hökuməti tədris işinin gürcü dilində aparıldığı universitetə daha böyük diqqət yetirirdi. Universitetin haraya köçürülməsi  məsələsində isə fikir ayrılığı var idi. Bir qrup şəxs  Universitetin Yekaterinodar (indiki Krasnodar), bir qrup İrəvan, başqa bir qrup isə  Bakı şəhərinə köçürülməsini əlverişli hesab edirdi. Ancaq bütün çətinliklərə baxmayaraq, universiteti Tiflisdə saxlamağın tərəfdarları da var idi. Uzun mübahisələrdən sonra  başda V.İ.Razumovski olmaqla, universitetin  Bakıya köçürülməsinin tərəfdarlarının   təklifi  qəbul edildi və bu qərar Bakı Universitetinin tarixinin  başlanğıcı oldu [4].
Mübaliğəsiz demək olar ki, Bakıda universitetin təsis edilməsi 1918-20-ci illərdə müstəqil fəaliyyət göstərən Azərbaycan milli hökümətinin xalq qarşısındakı ən böyük xidməti olmuşdur. 1919-cu ilin may ayında Bakıda universitetin təsisi ilə əlaqədar sənədlərin və tədbirlər planının hazırlanması üçün xüsusi komissiya yaradıldı. Bundan əvvəl (1918-ci ildə) Tiflisdə Zaqafqaziya Universitetinin təşkilinə rəhbərlik etmiş görkəmli cərrah-professor V.İ.Razumovski komissiyaya sədr təyin edildi: tibb professorları A.M.Levin və L.S.Sitoviç, fılologiya professorları M.A.Dubrovski və L.A.İşkov, Bakı Bələdiyyə İdarəsi Məktəb şöbəsinin əməkdaşı Əlicabbar Orucəliyev, neft mühəndisi N.N.Şarapov komissiyanın üzvləri, Y.A.Babuşkin isə komissiyanın katibi oldu. Komissiya qısa müddət ərzində Bakı Universitetinin təsisi məqsədilə parlamentdə müzakirə edilməli olan qanun layihəsini, universitetin nizamnaməsini, 1919-20-ci tədris illəri üçün universitetin ştat cədvəlinin və smetasının layihələrini hazırladı. 1919-cu ilin may ayının 31-də Universitet Komissiyası Bakı Universitetinin təsisi haqqında bəyannamə elan etdi. Bəyannamədə Bakıda universitet təsis edilməsinin zəruriliyi əsaslandırılır, onun təsisi üçün şərait olduğu göstərilir, hökümət dairələrində bu məsələnin müsbət qiymətləndirildiyi bildirilir və göstərilirdi ki, 1919-cu ilin payızında Universitetdə məşğələlərə başlamaq mümkündür. О dövrdə həm ictimaiyyətin nümayəndələri, həm də parlament üzvləri arasında universitetin təsis edilməsinin əleyhinə çıxanlar da var idi. Parlament üzvlərinin bir qrupu və bəzi ziyalılar mətbuatda universitetin təsis edilməsi əleyhinə məqalələr dərc etdirir, yığıncaq və mitinqlərdə universitet əleyhinə təbliğat aparırdılar. Bu şəxslər universitetdə tədris işləri aparacaq milli kadrların olmadığını əsas gətirərək, buraya dəvət ediləcək rus ziyalılarının gənclərin milli ruhda tərbiyəsinə mane olacaqlarından ehtiyatlanır, universitetin təsis edilməsini öz milli professorlarımızın yetişəcəyi zamana qədər təxirə salmağı məsləhət gorürdülər. Lakin parlamentin mütərəqqi əhvali-ruhiyyəli üzvləri və qabaqcıl ziyalılar bu iddiaları qətiyyətlə rədd etdilər [1, 5].
Bakı Dövlət Universitetinin təsis edildiyi ərəfədə Azərbaycan Parlamentində və ölkə mətbuatında gedən diskussiya haqqında məlumat Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra əsaslı surətdə saxtalaşdırılmış və guya о dövrdə müsavatçıların universitetin təsisinə mane olmaq istəməsi, parlamentdə universitetin təsisi haqqında qərarın yalnız bolşevik fraksiyasının qətiyyəti sayəsində qəbul edilməsi kimi qələmə verilmişdir. Təəssüf ki, sonralar dövri mətbuatda bu mövzuda çıxış edən bir sıra qərəzsiz müəlliflər də bu yalan məlumatı təkrarlamalı olmuşdur. Əslində isə real faktlar bu fikrin əksinədir. Tarixdən məlumdur ki, Azərbaycan Demokratik Respublikası Nazirlər Kabinetinin sədri Fətəlixan Xoyski dövlət işlərinin kifayət qədər gərgin olmasına baxmayaraq, 1919-cu ildə özü Rusiyanın müxtəlif şəhərlərinə səfər etmiş, ən nüfuzlu alimləri Bakı Universitetində işə dəvət etmiş və Parlamentin müsavatçı çoxluğu Bakıda universitet təsis edilməsinə böyük məmnuniyyətlə səs vermişdir [4]. Ən önəmli cəhət də bundan ibarətdir ki, həyat universitetin təsis edilməsinin əleyhinə çıxış edən şəxslərin iddialarının doğru olmadığını sübut etmişdir. Bakıya dəvət edilən rus ziyalılarının əksəriyyəti öz vəzifələrinə vicdanla yanaşmış, fəaliyyətə başladıqları ilk günlərdən milli tibb kadrlarının yetişdirilməsi qayğısına qalmış və əksəriyyət etibarilə ADR-nin süqutundan sonra da Bakını tərk etməyərək, öhdələrinə düşən vəzifəni şərəflə yerinə yetirmişlər.
Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qərar 1919-cu ilin sentyabr ayının 1-də ADR Parlamentində keçirilən uzunmüddətli gərgin müzakirələrdən sonra qəbul edilmişdir. Sonralar bu qərarı xatırlayan professor V.İ.Razumovski yazırdı:  "Universitetin təsisi haqqında qərar layihəsinin son redaksiyası gurultulu alqışlar altında qəbul edildi və Azərbaycan öz ali maarif ocağını əldə etdi. Türk xalqının tarixinə yeni, parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhəddində yeni məşəl şölələndi. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik” [5]. (O dövrdə BDU-nun təşkil edilməsinə həsr edilmiş məqalə və kitablarda Azərbaycanın yerli əhalisi haqqında, bir qayda olaraq, “türk xalqı” adı ilə bəhs edildiyinə görə biz də bu adı saxlamağa üstünlük verdik.  F.İ.)
Qəbul edilən qərarda Bakıda tibb, şərq şöbəsinə malik filologiya, fizika-riyaziyyat və hüquq fakültələri olan universitetin açılması, universitetin təchizatı üçün 5 milyon manat, onun 1919/1920-ci tədris ilindəki fəaliyyətini təmin etmək üçün 10 milyon 857,5 min manat məbləğində vəsait ayrılması nəzərdə tululurdu.
Universitet Komissiyasının 1919-cu il sentyabrın 15-də keçirilən iclasında universitetin idarə heyəti və Müvəqqəti Şurası seçildi. Görkəmli rus cərrahı prof. V.İ.Razumovski Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edildi: o, eyni zamanda həm normal anatomiya, həm də operativ cərrahlıq və topoqrafik anatomiya kafedralarının təşkilatçısı və ilk rəhbəri oldu [1, 4, 5].
Universitetin yaradıldığı ilk dərs ilində yalnız 2 fakültədə – tarix-filologiya və tibb fakültələrində dərslərə başlamaq mümkün oldu. Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə professor N.A.Dubrovski, tibb fakültəsinin dekanı vəzifəsinə professor İ.İ.Şirokoqorov təyin edildi.
Universitetə tələbə qəbulu 1919-cu ilin noyabr ayının 1-ci yarısında başa çatdırıldı və noyabr ayının 10-da keçirilən 1-ci iclasda universitetin akadempersonalının heyəti təsdiq edildi. Həmin ildə universitetin 2 fakültəsinə cəmi 1094 nəfər qəbul edilmişdi. Onlardan 877 nəfəri tələbə, 217 nəfəri sərbəst dinləyici idi. Tibb fakültəsinə 490 nəfər, о cümlədən 368 nəfər tələbə və 122 nəfər sərbəst dinləyici qəbul edilmişdi. Onlardan 260 nəfər (257 tələbə və 3 nəfər sərbəst dinləyici) fakültənin 1-ci kursunda təhsilə başladı. Əlavə olaraq, əslən Azərbaycandan və ətraf əyalətlərdən olub, Rusiyanın müxtəlif universitetlərinin aşağı kurslarında tibb təhsili alan gənclər sırasından 109 nəfər (54 tələbə və 55 nəfər sərbəst dinləyici) II kursa, 133 nəfər (65 tələbə və 68 nəfər sərbəst dinləyici) III kursa qəbul edildi. Bütünlüklə fakültəyə qəbul edilən tələbələrdən 117 nəfər, sərbəst dinləyicilərdən isə 24 nəfər milliyyətcə türk, digər tələbələr isə başqa xalqların nümayəndələri idi. Universitetin fəaliyyətinin ilk illərində burada təhsil alan türk tələbələrin sayının azlığı yerli xalqın nümayəndələri olan gənclərin (xüsusən kənd rayonlarında yaşayanların) rus dilini bilməməsi ilə əlaqədar idi. Bundan əlavə, milli elmi-pedaqoji kadrların azlığı və milli dildə kifayət qədər orta məktəbin və dərsliklərin olmaması da azərbaycanlı tələbələrin universitetə daxil olması yolunda maneə idi. Buna baxmayaraq, Milli Azərbaycan Hökuməti türk (Azərbaycan) dilinin inkişafına böyük qayğı göstərirdi. Burada ana dilinin tədrisinin icbari olması və qəbul zamanı azərbaycanlı tələbələrə üstünlük verilməsi qərara alınmışdı. Universitetdə dərslərin rus dilində keçirilməsi və rəhbər vəzifələrə azərbaycanlı olmayan mütəxəssislərin təyin edilməsi yalnız məcburiyyətdən irəli gəlirdi. Təkcə bunu demək kifayətdir ki, universitetə 1922-ci ildə Azərbaycan Dövlət Universiteti adı verildiyi halda, buranın ilk azərbaycanlı rektoru, həmin vəzifəyə 1926-cı ildə təyin edilmiş, ixtisasca həkim olan yazıçı-jurnalist Tağı Şahbazi (Simurq) olmuşdur [9].
Universitetin müvəqqəti şurası noyabr avının 15-ni ilk dərs günü elan etmişdi, əslində isə dərslər 1919-cu ilin noyabr ayının 20-də başladı.
Tibb fakültəsində ilk dərs günündə V.İ.Razumovski «Tibb və anatomiyaya giriş» mövzusunda mühazirə oxudu, tarix-filologiya fakültəsində isə ilk mühazirəni Milli Şuranın sədri Məmmədəmin Rəsulzadə Azərbaycan dilində oxudu. M.Ə.Rəsulzadənin universitetdə şərqşünaslıq fənnindən dərs deməsi təkcə kadr qıtlığı ilə əlaqədar deyildi, həm də Milli Hökümətin Bakı Universitetinə nə dərəcədə önəm verdiyinə işarə idi.
Təzəcə yaradılmış universitetin fəaliyyətinə 20-ci illərin ictimai-siyasi şəraiti də öz təsirini göstərirdi. Azərbaycan Milli Hökuməti cəmi 23 ay fəaliyyət göstərdikdən sonra – 1920-ci ilin aprel ayının 27-də Rusiyanın XI Ordusunun təzyiqləri altında süquta uğradı. Aprelin 28-də isə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikanın ali siyasi hakimiyyət orqanı elan edildi. N.Nərimanovun sədrliyi ilə təşkil edilmiş İnqilab Komitəsinin qərarı ilə respublikanın yeni hökumətinin tərkibi təsdiq edildi. Xalq Komissarlığı Şurası adlanan yeni hökumətin sədri N.Nərimanov idi. Bu hökümətin təşkili əslində respublikaya formal müstəqillik verilməsi demək idi. Real hakimiyyət isə 1919-cu ildə təşkil edilən və Rusiya Kommunist (bolşeviklər) Partiyasının tabeliyində olan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əlində idi. Bu orqanda isə rəhbər vəzifələri digər millətlərin nümayəndələri tuturdu. Nəticədə onların təkidi ilə universitetdə təlim-tərbiyə işlərinin sinfılik və partiyalılıq prinsipi üzrə qurulmasına başlanılmışdı. Başda N.Nərimanov olmaqla, Azərbaycan İnqilab Komitəsi universitetin bütün fakültələrində təhsilin türk (Azərbaycan) və rus dillərində aparılmasını məqsədəuyğun hesab edərək, türk dilinin öyrənilməsinə maraq yaratmaq məqsədilə bu dildə dərs deyən müəllimlərin əmək haqqını artırmağı təklif edirdi. AK (b)P MK-da fəaliyyət göstərən qeyri millətlərin nümayəndələri və Azərbaycan bolşevikləri isə «beynəlmiləlçilik» prinsipini əsas tutaraq, bu ideyanı dəstəkləməkdən imtina edirdi. Bununla belə, universitetdə türk dilinin inkişaf etdirilməsi zamanın tələbi idi [4].
1922-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Dövlət Universitetinə Azərbaycan Dövlət Universiteti adı verildi. Universitetin 1923-cü ildə qəbul edilmiş Nizamnaməsində bütün kursların müvəqqəti olaraq rus dilində, şərq fakültəsinin bəzi dərslərinin isə Azərbaycan dilində aparılması nəzərdə tutulurdu [4].
V.İ.Razumovski və İ.İ.Şirokoqorov qısa müddət ərzində о vaxtlar Bakıda yaşayan həkim və pedaqoqların ən istedadlılarını seçib, tibb fakültəsində işə cəlb etdilər. Bunlar arasında cərrah, tibb doktoru B.R.Finkelşteyn, əczaçılıq magistri İ.R.Qolberq, prozektor M.S.Milman, kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin kimi mütəxəssislər var idi. Universitetə işə qəbul edilən tibb mütəxəssislərinin əksəriyyəti keçmiş Rusiya imperiyasının müxtəlif şəhərlərindən dəvət edilmişdi və onların əksəriyyəti öz dövrünün ən məşhur tibb alimləri idi. Lakin onlar arasında əvvəldən Bakıda işləyən və hələ 1894-cu ildə təşkil edilmiş Bakı Həkimlər Cəmiyyətinin ən fəal üzvləri arasından seçilmiş mütəxəssislər də var idi. B.K.Finkelşteyn (cərrah), Ya.K.Varşavski (oftalmoloq), M.S.Milman (morfoloq) bunlara misal ola bilər [10]. Sonralar bu mütəxəssislər professor elmi adı qazandılar, müvafiq kafedralara rəhbərlik edərək elmi məktəblərini yaratdılar.
Universitet fəaliyyətə başlayarkən burada elmi-pedaqoji kadrların sayı 44 nəfər idi. 1920-ci ildə isə təkcə universitetin tibb fakültəsində professor-müəllim heyətinin sayı 41 nəfərə çatdırıldı. Onlardan 12 nəfəri professor, 2-si dosent, 27 nəfəri isə assistent vəzifəsinə qəbul edilmişdi: onlar arasında azərbaycanlı yox idi. 1921-1922-ci illərdə Universitetin tibb fakültəsinə ilk azərbaycanlı tibb mütəxəssisləri – sonralar Azərbaycan tibb elmində böyük xidmətləri olmuş və akademik elmi adı almış cərrahlar M.A.Topçubaşov və M.M.Mirqasımov qəbul edildilər [4, 11-13].
1920-ci ilin yay  aylarında  universitetin rektoru V.İ.Razumovski xəstəliyinə görə vəzifəsindən istefa verib, doğma Saratov şəhərinə qayıtdı və sonralar  öz fəaliyyətini Saratov universitetində davam etdirdi. Bununla əlaqədar, 1920-ci ilin iyun ayında prof. İ.İ.Şirokoqorov rektor vəzifəsinə təyin edildi.  Lakin o, bu vəzifədə yalnız  2 ay  işlədi. Həmin il Gürcüstanın Batumi  şəhərində taun epidemiyası  baş qaldırmışdı. Buna görə Gürcüstan hökumətinini xahişi nəzərə alınaraq, prof. İ.İ.Şirokoqorov epidemiya əleyhinə  tədbirlərin təşkili üçün Batumiyə ezam edildi.  Həmin ilin avqust-noyabr aylarında  BDU-nun rektoru  vəzifəsini əvəzçilik üzrə prof. A.M.Levin və M.A.Dubrovski icra  etmişdir. Prof. İ.İ.Şirokoqorov 1921-ci ilin mart ayında  Gürcüstandan Bakıya qayıtmış və  bundan sonrakı illərdə əvvəlki vəzifəsində  patoloji anatomiya  kafedrasının müdiri və tibb fakültəsinin dekanı  vəzifələrində çalışmışdır. 1920-ci ilin noyabr ayında BDU-nun rektoru vəzifəsinin icrası prof. S.M.Davidenkoya həvalə edilmiş və o,  bundan sonrakı iki seçki zamanı həmin  vəzifəyə təkrarən seçilmiş, 1923-cü ilə qədər BDU-ya rəhbərlik  etmişdir. Qeyd etmək lazımdır ki, prof. S.M.Davidenko BDU-ya 1920-ci ildə Xarkov Qadın Tibb  İnstitutundan  dəvət edilmiş və  tibb fakültəsinin sinir xəstəlikləri kafedrasına müdir seçilmişdi [4]. 1923-1926-cı illərdə universitetin rektoru vəzifəsində A.D.Qulyayev işləmiş, 1926-cı ildə isə bu vəzifə ilk dəfə  olaraq azərbaycanlı ziyalı – həkim və yazıçı Tağı Şahbaziyə həvalə edilmişdir. Yazıçı kimi Simurq təxəllüsü  ilə tanınmış  Tağı Şahbazi rektor vəzifəsində  1929-cu ilə qədər işləmişdir (qeyd edək ki, BDU-nun ilk rəhbəri kimi yuxarıda adları çəkilən şəxslərdən, N.A.Dubrovski istisna olmaqla, hamısı tibb mütəxəssiləri olmuşlar).
Fakültənin təşkili sahəsində aparılan məqsədyönlü işlər sayəsində burada  tezliklə təkcə nəzəri kafedraların deyil,  həm də klinik kafedraların heyəti  komplektləşdirilmişdir.  Məsələn, mamalıq və ginekologiya kafedrasına Hərbi-Tibb Akademiyasının  privat-dosenti, radioaktiv və rentgen şüaları vasitəsilə müalicə üzrə tanınmış mütəxəssis F.N.İlyin  dəvət edilmişdi, Tiflis şəhərindən  Bakıya köçmüş prof. P.Yu.Rostovsev farmakologiya kafedrasına qəbul edilmişdi, Krım Universitetinin qocaman professoru N.Q.Uşinski ümumi patologiya kafedrasının rəhbərliyini öz öhdəsinə götürmüşdü; Moskva Universitetinin  keçmiş professoru M.A.Çlenov dəri və zöhrəvi  xəstəliklər kafedrasının fəaliyyətini təşkil etmək üçün işə qəbul edilmişdi. Vaxtilə Don Universitetində işləmiş qocaman professor-pediatr A.O.Karnitski uşaq xəstəllikləri kafedrasına, həmin universitetin göz xəstəlikləri kafedrasının professoru K.A.Orlov oftalmalogiya kafedrasına dəvət edilmişdi. Təəssüf ki, K.A.Orlov mənzil şəraitinin qənaətbəxş olmaması səbəbindən tezliklə Bakını tərk etdi. V.İ.Razumovskinin istefasından sonra anatomiya kafedrasının rəhbərliyini əvvəllər Xarkov Universitetində işləşmiş R.M.Malinovski öz öhdəsinə götürdü, Don Universitetinin professoru A.K.Şibkov  Rostov şəhərindən Bakıya dəvət edildi və  məhkəmə təbabəti üzrə mühazirə kursunu aparmaq vəzifəsini öhdəsinə  götürdü. Beləliklə, 1922-ci ildə (yəni universitetin təşkilinin 3-cü ilində) Tibb fakültəsinin bütün kafedraları, demək olar ki, komplektləşdirilmişdi və bu dövr üçün həmin fakültə professor-müəllim heyətinin keyfiyyət göstəricilərinə görə keçmiş SSRİ-nin digər şəhərlərində olan universitetlərdən geri qalmırdı [4].
Nisbətən aşağıvəzifəli müəllim yerlərinə də kifayət qədər savadlı və təcrübəli mütəxəssislər qəbul edilmişdi. Bunlardan cərrah P.İ.Blişşenkonu və V.A.Tarnoqradskini, patoloq-anatom  Q.S.Leytmanı, anatom Yu.M.Zamuxovskini və D.Urusovu,  nevropatoloq M.M.Ammosovu, bakterioloq P.F.Zdrodovskini və nəhayət universitetin ilk azərbaycanlı mütəxəssislərindən olan cərrah M.A.Topçubaşovu göstərmək olar.
Bakı Universitetinin tibb fakültəsi fəaliyyətə başladığı ilk ildən yuxarı kurslarda tədrisin təşkil edilməsi sayəsində artıq 1922-ci ildə ilk məzunlarına həkim diplomu vermişdir. Həmin ildə tibb fakültəsini bitirən 30 məzun həkim diplomu aldı. Onlar arasında 3 nəfər azərbaycanlı gənc (o cümlədən 2 azərbaycanlı qız) var idi [4, 12]. İllər ötdükcə, universitetin tibb fakültəsini bitirən məzunların ümumi sayı ilə birgə, həkim diplomu alanlar arasında azərbaycanlı gənclərin sayı da artırdı.
1922-ci  ildə universitetin tibb fakültəsində 10 semestrin dərslərini başa vurmuş 33 tələbə buraxılış imtahanı vermək hüququ  qazanmışdı. Sınaq məqsədilə 3, 4 və 5-ci  kursda keçirilən  bütün dərslərdən imtahan qəbul edilirdi. İlk iki kursda keçilən fənlərdən isə imtahan biletlərinə anatomiya və fiziologiya üzrə suallar salınmışdı. Buraxılış imtahanlarında  iştirak edən 33 tələbədən 30 nəfər imtahanlardan uğurlu  nəticə əldə edərək, həkim diploma aldı. Onların  universiteti bitirməyi  münasibətilə keçirilən təntənəli gecədə Azərb. SSR Xalq Maarif  Komissarlığının  nümayəndələri və Universitetin ilk rektoru olmuş prof. V.İ.Razumovski iştirak etdi. Bu təntənəli yığıncaqda demək olar ki, universitetin təşkilinin ilk mərhələsinə yekun vuruldu. Bundan sonrakı illər ərzində universitetin fəaliyyəti ildən-ilə daha geniş vüsət alırdı. Bütün çətinliklərə baxmayaraq, universitetin tibb fakültəsi get-gedə genişləndirilirdi. 1923-1924-cü tədris ilində bu fakültədə kafedraların sayı 25-ə çatdırılmışdı: əməkdaşlardan 20 nəfəri professor idi və professorlar arasında bir nəfər də azərbaycanlı olmasa da, burada Azərbaycan dilində tədrisin təşkilinə böyük ehtiyac var idi. Çünki yalnız bu yolla respublikanı yerli əhalinin dilini bilən həkim kadrlarla təmin etmək olardı. Buna görə AK (b)P MK-nın rəyasət heyəti 3 aprel 1927-ci il tarixdə qəbul etdiyi “Dövlət Uni¬versiteti haqqında əməli təklif” adlı sənəddə universitetin türkləşdirilməsinə dair göstəriş verilmişdi və bu işi həyata keçirmək üçün Xalq Komissarları Soveti və Xalq Maarif Komissarlığı birgə komissiya təşkil etmişdi. Komissiya ali məktəblərin türkləşdirilməsinin ümumi prinsiplərini tərtib edərək, təsdiqlədi. Bu dövrdə digər millətlərdən olan professorlar türkləşdirilmə xəttini öz mənafelərinə zidd hesab edir və iddia edirdilər ki, türk millətindən olanların intellektual səviyyəsi aşağıdır. Buna baxmayaraq, zaman öz sözünü deyirdi: universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır və onların ən perspektivliləri seçilib, kafedralarda işə cəlb edilirdi. 1923/24-cü tədris ilində tibb fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərirdi [4]:
1)    Təsviri anatomiya kafedrası – kafedra müdiri K.N.Malinovski;
2)    Normal histologiya və epidemiologiya  kafedrası – M.C.Milman;
3)     Fiziologiya kafedrası – kafedra müdiri N.A.Popov;
4)    Fizioloji (bioloji) kimya kafedrası – rəhbərliyi prof. V.D.Malenyuka həvalə edilmişdi;
5)    Əczaçılıq (farmakoqnoziya ilə birlikdə) kafedrası – prof.  İ.K.Qolberq;
6)    Patoloji anatomiya – prof.  İ.İ.Şirokoqorov;
7)    Bakteriologiya kursu (patoloji anatomiya kafedrasının nəzdində) – dosent P.F.Zdrodovski;
8)    Ümumi patologiya – prof. N.Q.Uşinski;
9)    Daxili  xəstəliklərin   diaqnostikası kafedrası – müdir vəzifəsi prof. A.M.Levinə həvalə  edilmişdi;
10)    Xüsusi patologiya və terapiya kafedrası – müdir vəzifəsi prof. İ.Q.Mezernitskiyə  həvalə  edilmişdi;
11)    Ümumi cərrahlıq (propedevtika klinikası ilə birlikdə) – prof.  Q.B.Berlatski;
12)    Operativ cərrahlıq və topoqrafik anatomiya – prof. A.İ.Okinşeviç;
13)    Farmakologiya – prof. P.Yu.Rostovsev;
14)    Fakültə terapiyası klinikası – prof. A.M.Levin;
15)    Mamalıq və ginekologiya – prof. F.N.İlyin;
16)    Fakültə cərrahlığı  klinikası – prof. A.A.Oşman;
17)    Sinir və psixi xəstəliklər (klinikası ilə birlikdə) – prof. S.N.Davidenko;
18)     Uşaq xəstəlikləri (klinikası ilə birlikdə) – prof. A.O.Karnitski.
19)    Dəri və zöhrəvi xəstəliklər  (klinikası ilə birlikdə) – prof. M.A.Çlenov.
20)    Göz xəstəlikləri  (klinikası ilə birlikdə) – prof. A.Q.Trubin
21)    Hospital terapiya klinikası  – prof. P.T.Mezernitski.
22)    Hospital cərrahlığı klinikası – prof. B.K.Finvelşteyn.
23)    Yoluxucu xəstəliklər kursu – prof. M.Q.Uşinskiyə həvalə edilmişdi.
24)    Ümumi gigiyena – prof.  V.D.Malenyuk.
25)    Məhkəmə təbabəti – kafedra müdiri vəzifəsi müvəqqəti olaraq prof. İ.İ.Şirokoqorova həvalə edilmişdi, müvəqqəti olaraq dərsləri dr U.M.Leplinski deyirdi.
Beləliklə, 25 kafedradan iyirmisinə professor, birinə isə dosent rəhbərlik edirdi. 4 kafedrada (fiziloji kimya, diaqnostika, xüsusi patologiya və terapiya, məhkəmə təbabəti) müdir vəzifəsi vakant idi.  O kafedralarda dərslər digər kafedraların müəllimlərinə həvalə  edilmişdi. Bundan əlavə, fizika (prof. S.N.Usatıy), qeyri-üzvi kimya (P.İ.Kuznetsov), üzvi kimya (prof. L.Q.Qurviç), zoologiya (prof. N.A.Smirnov), botanika (N.A.Lebedev), minerologiya və geologiya (prof. V.E.Boqaçev) dərslərini riyaziyyat  fakültəsinin müəllimləri tədris edirdilər.
Kafedraların heyəti komplektləşdirildikcə, tibb fakültəsində təhsil alan tələbələrin sayı da artırılırdı. 1924-cü ildə tibb fakültəsində daha 2 kafedra təşkil edildi. Beləliklə, kafedraların sayı 27-yə çatdırıldı. Professor və müəllimlərin sayı da tədricən artırdı. Məsələn, 1925-ci ildə artıq fakültədə 26 professor, 24 assistent, 6 prozektor, 7 prozektor köməkçisi və 5 laborant (cəmi 68 nəfər) çalışırdı. Bunlardan əlavə, kafedralarda 32 ordinator və preparator tədris işlərinin aparılmasına yardım göstərirdi.
Tibb fakültəsinin mövcudluğunun ilk illərindən etibarən onun məzunları arasından ən istedadlıları şeçilib, müxtəlif kafedralarda işə cəlb edilirdi. Bu, universitetdə milli kadrların artırılmasına və gələcəkdə Azərbaycan dilində tədris isinin təşkilinə şərait yaradırdı. Bu məzunların əksəriyyəti sonrakı illərdə Azərbaycan tibb elminin və səhiy-yəsinin inkişaf tarixində şərəfli yer tutdular. Məsələn, 1924-cü ildə tibb fakültəsini bitirənlərin arasında gələcəyin görkəmli alimlərindən – akademik C.Y.Hüseynov, əməkdar elm xadimi, prof. M.M.Əfəndiyev, 1925-ci ilin  məzunları arasında akademik C.M.Abdullayev, professorlar – M.M.Hüseynov, İ.M.Orucov, Q.B.Ələkbərov, G.R.Qurbanov, B.M.Mahmudbəyov, M.V.Əbiyev, A.Z.Feyzullayev, 1926-cı ildə həkim diplomu alanlar arasında – akademik Z.M.Məmmədov, Azərbaycan SSR EA-nın müxbir üzvü Ü.S.Musabəyova, əməkdar elm xadimi, prof. K.Ə.Balakişiyev, professorlar – H.K.Əliyev, Ə.A.Sultanov, A.N.Tahirov, K.Qambay, 1927-ci ildə tibb fakültəsini bitirənlər arasında müxtəlif illərdə ATİ-nin rektoru, АКР MK katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmış əməkdar həkim, prof. Ə.M.Əliyev, 20-ci illərin sonlarında tibb fakültəsini bitirmiş məzunlar arasında akademiklər F.Ə.Əfəndiyev, A.İ.Qarayev, Azərbaycan SSR EA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor A.S.Həsənov, professorlar – H.B.Abdullayev, M.Q.Mahmudbəyova, A.Q.Sadıqov, Ə.Əlibəyov. M.X.Səfərəlibəyov və başqaları olmuşdur.
Mövcud olduğu müddət ərzində tibb fakültəsini bitirən tələbələrin sayı ildən-ilə artırdı. 1923-cü ildə həkim diplomu alan məzunların sayı 82, 1924-cü ildə 213, 1925-ci ildə isə 221 nəfər oldu. Ümumiyyətlə 1922-1925-ci illər ərzində tibb fakültəsini bitirən 546 nəfərdən 80 nəfəri Azərbaycanlı idi. 10 il ərzində isə tibb fakültəsini cəmi 1238 nəfər bitirmişdi və onlardan 258 nəfəri Azərbaycanlı idi. Azərbaycan dilini bilən həkimlərin sayının artırılması zamanın tələbi idi. Çünki respublikanın kənd rayonlarının əhalisinə yalnız yerli xalqın dilini bilən həkimlər qulluq edə bilərdi. 1928-ci ildə artıq respublikada 1227 həkim işləyirdi. Müqayisə üçün deyək ki, 1913-cü ildə respublika əhalisinin hər 8038 nəfərinə 1 həkim düşdüyü halda, 1928-ci ildə bu göstərici 2032-уə bərabər idi [14, 15].
О dövrdə respublikanın yerli əhalisi arasında rus dilini bilən şəxslərin azlığı universitetdə təhsil alanlar arasında da azərbaycanlıların sayının az olmasına səbəb olurdu. Bununla əlaqədar olaraq, universitetin tələbə və məzunları arasında ruslar və ermənilər sayca üstünlük təşkil edirdi. Qeyd etmək lazımdır ki, universitetin 1920-ci ildə qəbul edilmiş nizamnaməsində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılmalı olduğu göstərilirdi; Nizamnamənin 1923-cü ildə qəbul edilmiş yeni variantında isə Şərq fakültəsində məcburi kursların Azərbaycan dilində, digər fakültələrdə isə «müvəqqəti olaraq» rus dilində aparılmalı olduğu göstərilmişdi [4]. Sovet dövlətinin siyasətilə əlaqədar olaraq, nizamnamədə təkrarən təsbit edilmiş bu «müvəqqətilik» xüsusən kənd rayonlarından olan azərbaycanlı gənclərin tibb təhsili almaq imkanını məhdudlaşdırırdı. Lakin elə həmin illərdə universitetdə işə başlayan Azərbaycanlı mütəxəssislər (M.M.Mirqasımov, M.A.Topçubaşov, K.Ə.Balakişiyev, C.Y.Hüseynov və b.) Azərbaycan dilində tibb terminologiyası yaratmaq üzrə gərgin iş aparırdılar. Onların bu əməyini 30-cu illərdə müstəqil fəaliyyətə keçən Azərbaycan Dövlət Tibb İnstitutunun Azərbaycan bölməsində tədris işlərinın aparılmasına hazırlıq kimi qiymətləndirmək olar.
Bakı universitetinin ilk nizamnaməsində onun əsas vəzifələrindən birinin elmi-tədqiqat işi olduğu göstərilirdi. Bu sahədə görülən işlər sayəsində tibb fakültəsi tezliklə respublikada tibb elminin əsil mərkəzinə çevrildi. Fakültənin kafedra və klinikalarında mühüm elmi-tədqiqat işləri aparılır, onların nəticələri praktik səhiyyədə tətbiq edilirdi. Bu elmi işlərin əsas xüsusiyyəti – Azərbaycanın materialları əsasında aparılması, Azərbaycanın ölkə patologiyasının araşdırılması idi [16].

Tibb fakültəsinin əməkdaşları respublikada təşkil edilən elmi-tədqiqat institutlarının fəaliyyətində də yaxından iştirak edirdilər. Məsələn, 1921-ci ildə P.F.Zdrodovskinin təşəbbüsü ilə vaksin laboratoriyası təşkil edildi, həmin ildə də Azərbaycan Dövlət Mikrobiologiya vo Gigiyena İnstitutu təşkil edildi və adı çəkilən laboratoriya institutun strukturuna daxil edildi. Bu institutun yaradılmasında tibb fakültəsinin əməkdaşlarından P.F.Zdrodovski, Q.Q.Lindberq, Y.S.Yelpalyevski, P.P.Popov və b. böyük əməyi olmuşdur.
Bakı universiteti tibb fakültəsinin əməkdasları və yetirmələri şəhərdə yeni təşkil edilən digər tədris müəssisələrinin fəaliyyətində də yaxından iştirak edirdilər. 1925-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı nəzdində Ali Diş Həkimliyi İnstitutu yaradıldı. Bu institutda dərs deyənlərin əksəriyyəti universitetin tibb fakültəsinin məzunları idi. Bunlar arasında sonralar Azərbaycan SSR EA-nın akademiki olmuş C.Y.Hüseynov, əməkdar elm xadimi adı almış professorlar K.Ə.Balakişiyev. G.R.Qur-banov, M.B.Sultanov, A.A.Əmirov və b. var idi. İnstitutu həkim S.Səlimbəyov və A.Əmirov təşkil etmişdi.
Bakı universiteti tibb fakültəsinin kafedra, laboratoriya və klinikalarında aparılan elmi tədqiqat işlərinə ilk vaxtlarda "Elm cəmiyyəti», 1992-ci ildən isə «Elm komitəsi» rəhbərlik edirdi. Bunlardan əlavə, tibb elminin müxtəlif sahələri üzrə elmi cəmiyyətlər təşkil edilmişdi: 1920-ci ildə yaradılan «Təbiətşünaslar və həkimlər cəmiyyəti» elmi-tədqiqat işlərinin planlaşdırılmasında və əlaqələndirilməsində yaxından iştirak edirdi. Bundan əlavə, universitetdə 1922-ci ildə S.N.Davidenkovun rəhbərliyi altında «Nevropatoloqlar və psixiatrlar cəmiyyəti», K.A.Orlovun rəhbərliyi altında «Oflalmoloqlar cəmiyyəti», 1923-cü ildə B.K.Finkelşteynin rəhbərliyi altında «Azərbaycan cərrahlar cəmiyyəti», 1924-cü ildə prof. M.A.Çlenovun rəhbərliyi altında «Dermatoloqlar cəmiyyəti», İ.İ.Şirokoqorovun rəhbərliyi altında «Patoloqlar Cəmiyyəti», P.Q.Mezernitskinin rəhbərliyi altında «Terapevtlər cəmiyyəti», A.O.Kar¬nitskinin rəhbərliyi altında «Uşaq həkimləri cəmiyyəti», 1928-ci ildə İ.M.Lukovun rəhbərliyi altında «Otorinolarinqoloqlar cəmiyyəti» yaradılmış və müvafiq elm sahələrinin inkişafına öz töhfələrini vermişlər. Bu cəmiyyətlərin işinin qarşılıqlı surətdə əlaqələndirilməsi ilə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında 1922-ci ildə təşkil edilən Elmi-Tibbi Şura (İ.İ.Şirokoqorov) məşğul olurdu.
Aparılan elmi-tədqiqat işlərinin nəticələrini dərc etdirmək üçün mətbuat vasitələrinə böyük ehtiyac var idi. 1921-1923-cü illərdə sonralar SSRİ TEA-nın akademiki olmuş görkəmli alim S.N.Davidenkovun təşəbbüsü ilə «Bakı universiteti sinir və psixi xəstəliklər klinikasının salnamələri» adlı məcmuə çap edilirdi. 1921-ci ildə «Salmanələrin» 3 nömrəsi çap edilmişdi. Demək olar ki, «Salna¬mələrlə» eyni vaxtda Bakı Dövlət Universiteti Xəbərlərinin təbiətşünaslıq və tibb seriyası da çap edilirdi. Jurnalın işində professorlardan B.K.Finkelşteyn. İ.İ.Şirokoqorov, S.N.Davidenkov və başqa alimlər fəal iştirak edirdilər. Bunlardan əlavə, 1923-cü ildə «Nəzəri və praktik təbabət arxivi»nin 2 buraxılışı, 1924-cü ildə «Nevroloji qeydlər» adlı məcmuə çap edilmişdi və «Nəzəri və praktik təbabət jurnalı» da fəaliyyətə başlamışdı. Jurnalda orijinal məqalələr və eksperimental tədqiqatların nəticələri ilə birlikdə, Azərbaycanda çox rast gəlinən xəstəliklərin etiologiyasına, patogenezinə, klinika və müalicəsinə həsr edilmiş məqalələr də çap edilirdi. 1924-cü ildə professorlardan A.A.Kazimovun, P.Q.Mezernitskinin və N.Q.Uşinskinin təşəbbüsü ilə «Bakı tibb jurnalı»nın nəşrinə başlanıldı. Bu jurnalda Azərbaycanın ölkə patologiyasına, kurort amillərinə, həmçinin peşə xəstəliklərinə dair məqalələr çap edilirdi. «Bakı tibb jurnalı»nda çap edilən məqalələrin Azərbaycan dilində qısa xülasəsi də verilirdi. Bundan əlavə, jurnalda xarici tibb jurnallarında çap edilmiş məqalələrin referatları da dərc edilirdi.
Tibb fakültəsində çalışan professorların qarşısında duran əsas vəzifələrdən biri – elmi-pedaqoji kadrlar hazırlamaqdan ibarət olmuşdur. Bu məqsədlə tələbələrin ən qabiliy-yətliləri seçilib universitetdə işə cəlb edilir, kafedra və laboratoriyalarda elmi-tədqiqat işləri üçün şərait yaradılır, lazım gəldikdə əməkdaşlar SSRİ-nin mərkəzi şəhərlərində yerləşən elmi müəssisələrə ezam edilirdi. Bunun sayəsində fakültədə elmi-pedaqoji kadrlar hazırlığının vəziyyəti ildən-ilə yaxşılaşır, müdafiə edilən dissertasiya işlərinin sayı artırdı. Bakı Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı mütəxəssis M.M.Mirqasımov olmuşdur (1926-cı ildə); 1928-ci ildə universitet əməkdaşlarından ilk azərbaycanlı qadın – oftalmoloq Sona xanım Vəlixan doktorluq dissertasiyası müdafiə etmişdir. Ümumiyyətlə fakültənin mövcud olduğu müddət ərzində burada tibb sahəsində 27 doktorluq dissertasiyası müdafıə edilmişdir: müdafiə edənlərdən 7 nəfəri azərbaycanlı, onlardan da bir nəfəri (S.Vəlixan) qadın idi.
Universitetin professor-müəllim heyətinin əsas vəzifələrindən biri də tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin edilməsindən ibarət idi. Bu məqsədlə bütün mümkün olan vasitələrdən istifadə edilirdi: universitetdə çalışan professorların əvvəllər başqa şəhərlərdə işləyərkən yazıb çap etdirdikləri dərsliklər yenidən çap edilir, yeni dərslik və dərs vəsaitləri yazılır, bu mümkün olmadıqda isə müxtəlif elm sahələri üzrə qısa konspektlər hazırlanıb mətbəə üsulu ilə çoxaldılaraq tələbələrə çatdırılırdı. Məsələn, 1921-1925-ci illərdə professor A.M.Levinin «Qısa diaqnostika kursu». P.F.Zdrodovskınin «Abderhalden reaksiyasının eksperimental qiymətləndirilməsi», prof. M.S.Milmanın «Histologiya üzrə rəhbərlik», B.K.Finkelşteynin «Ümumi cərrahlıqdan müha¬zirələr», F.Ş.İlyinin «Tələbələr üçün operativ mamalıq üzrə rəhbərlik», N.Q.Uşinskinin «Ümumi və eksperimental patologiya» və «Floridzin qlükozuriyası zamanı qaz mübadiləsi və istilik-yaranma», 1926-cı ildə P.F.Zdrodovskinin «Muğan düzündə malyariya: epidemiologiya və mübarizə planı», 1929-cu ildə L.V.Qarkavi-Landaunun «Resepturanın öyrənilməsinə dair rəhbərlik» adlı kitabları çap edilmişdir.
Tibb fakültəsinə malik olan Bakı Dövlət Universiteti 1919-cu ildən 1930-cu ilə qədər fəaliyyət göstərdi (1924-cü ildə Universitetə V.İ.Leninin adı verilmişdi). 1929-cu ilin payızında universitetin yaradılmasınm 10-illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və 1930-cu ilin yanvar ayının 12-14-də yubiley keçirildi. Yubiley komissiyasının yanvann 14-də keçirilən yekun iclasında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) və Xalq Komissarları Sovetinin (XKS) sədri – ixtisasca həkim olan Q.Musabəyov hökumət adından universitet kollektivinə səmərəli iş arzulayaraq bildirmişdi ki, hökumət Bakıda universitet şəhərciyi tikmək haqqında qərar qəbul etmişdir və bu işə 10 milyon manat məbləğində pul ayrılmışdır. Lakin 1930-cu ilin fevral ayında Azərb. SSR XKS Xalq Maarif Komissarlığının təklif etdiyi ali məktəblər haqqında əsasnaməni təsdiq edərək AK(b)P MK-nın razılığını aldıqdan sonra, BDU-nun yenidən təşkil edilməsinə dair layihə hazırladı. Layihə 1930-cu il aprelin 11-də Respublika Dövlət Plan Komitəsinin sosial siyasət bölməsində müzakirə edildi və nəticədə universitetin müxtəlif fakültələri əsasında yeni, müstəqil ali məktəblər yaradılması məqsədəuyğun hesab edildi. Nəhayət, 1930-cu il iyunun 19-da Azərb. SSR XKS universitetin müstəqil institutlara ayrılması haqqında qərar çıxardı. Beləliklə, Bakı Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, tibb fakültəsi müstəqil tibb institutu şəklində fəaliyyət göstərməyə başladı. Digər fakültələrin bazası əsasında da bir neçə ali təhsil müəssisəsi yaradıldı (Ticarət-Kooperativ İnstitutu, Pedaqoji İnstitut, Sovet Quruculuğu və Hüquq İnstitutu və s.). Respublikada ali təhsil müəssisələrinin sayca artımının böyük əhəmiyyəti olsa da, bunun universitetin bağlanması hesabına həyata keçirilməsinin məqsədəuyğun olmadığı tezliklə aşkara çıxdı və 1934-cü ildə SSRİ XKS-nin qərarı ilə universitetin fəaliyyəti bərpa edildi. Lakin bundan sonrakı dövr ərzində Azərbaycan Dövlət Tibb İnstitutu fəaliyyətini müstəqil şəkildə davam etdirdi.
Beləliklə, Azərbaycan tibb tarixinə 1919-cu il ölkədə ali tibb təhsilinin əsasının qoyulduğu, 1930-cu il isə həmin fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) yaradıldığı tarix kimi daxil olmuşdur. Bu gün çoxsaylı tibb ictimaiyyətimiz fəxr edə bilər ki, ölkəmizdə ali təhsilin əsasını məhz tibb mütəxəssisləri qoymuşlar. Azərbaycanda ilk universitetin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin səyləri və görkəmli tibb alimlərinin fəaliyyəti sayəsində gerçəkləşdirilmiş, tibb fakültəsi isə fəaliyyət göstərdiyi on il ərzində həm tələbələrin sayına görə, həm də burada aparılan elmi-tədqiqat işlərinin miqyasına görə öncül mövqedə olmuşdur.
1919-cu ildə Bakı şəhərində tibb fakültəsi də daxil olmaqla Azərbaycanın ilk ikifakültəli universitetinin açılması о dövrdə ölkədə baş verən demokratik dəyişikliklərin və Azərbaycanın mütərəqqi ictimaiyyətinin elm və mədəniyyəti inkişaf etdirməyə yönəldilmiş aktiv fəaliyyətinin nəticəsi idi. Universitetin tibb fakültəsinin ixtisaslı kadrlarla və baza ilə təminatı о dövrün tələbatına uyğun idi və burada həm praktik həkimlər, həm də elmi-pedaqoji kadrlar yetişdirmək üçün əlverişli şərait yaradılmışdı. Universitetin təsis edildiyi ilk illərdə buraya о zamankı Rusiyanın ən qabiliyyətli tibb mütəxəssisləri dəvət edilmişdi və elmi-pedaqoji kadrların səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilirdi.

ƏDƏBİYYAT

1.    Əmiraslanov Ə.T., İslamzadə F.İ. Azərbaycan Tibb Universiteti. Bakı. «Təbib» nəşriyyatı, 2000, 376 s.
2.    Talıbzadə İ.A. İnqilabdan qabaqki dövrdə Azərbaycan kəndində səhiyyənin tarixinə dair // Azərbaycan Tibb Jurnalı, 1968, № 4. s. 97-101.
3.    Ибрагимов А.И. Здравоохранение советского Азербайджана. Москва. «Медицина», 1967, 250 c.
4.    Широкогоров И.И. Медицинский факультет Азербайджанского Государственного Университета (исторический очерк). Баку, 1928, 129 с.
5.    Разумовский Б.И. Основание университета в городе Баку. Исюрическип очерк // Известия Бакинского Университета. Естествознание и медицина. Баку, 1922, № 2. с.
6.    Eyvazov B.Ə. Tibb kadrlarının və tibb elminin ocağı // Azərbaycan Tibb Jurnalı, 1960, № 4, s.28-44.
7.    Hüseynov D.Y. Azərbaycanda tibb elminin inkişafi // Azərbaycan Tibb Jurnalı, 1964, № 7, s. 68-74.
8.    Məhərrəmov A.M. Bakı Dövlət Universiteti. Bakı, Bakı Universiteti nəşriyyatı. 2000, 452 s.
9.    İslamzadə F.İ. Azərbaycanda tibb elmi və səhiyyənin inkişafında Bakı Dövlət Universitetinin rolu // Azərbaycan Tibb Jurnalı, 2009, № 1, s. 7-13.
10.    Manafov İ.T. Bakı şəhəri həkimlər cəmiyyətinin tarixinə dair // Azərbaycan Tibb Jurnalı, 1958, s.40-46.
11.    İslamzadə F.İ., Əlivev Ş.X. Akademik Mustafabəy Topçubaşov. Bakı. «Təbib» nəşriyyatı, 156 s.
12.    O.K.Şirəliyev. Xalq həkimi // Azərbaycan Tibb Jurnalı, 2008, № 4, s. 7-12.
13.    Şahbaşov R. Akademiyanın ilk prezidenti. Bakı. «Elm və həyat» nəşriyyatı, 1996, 96 s.
14.    Мехтиева С.А. Высшее медицинское образование в советском Азербайджане. Автореф. дисс. ... канд.  мед. наук. Москва, 1990, 26 с.
15.    Eyvazov B.Ə. Azərbaycanda ali tibb təhsili // Azərbaycan Tibb Jurnalı, 1957, № 10, s. 23-32.
16.    Nəzirov M.R. Azərbaycanın ölkə patologiyasının oyrənilməsi işində S.M.Kirov ad. Azərbaycan Dövlət Universitetinin rolu // Azərbaycan Tibb Jurnalı, 1969, № 10, s. 80-84.




“Stage of Baku State University in the history of higher medical education in Azerbaijan (on the centenary of the establishment of BSU)”
Islamzadeh F.I. Edutorial office of the Azerbaijan Medical Journal and Department of Biochemistry Azerbaijan Medical University, Baku

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024