Azərbaycanlı riyaziyyatçı alim TÜBİTAK-ın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb

03/09/2015

Azərbaycanlı riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimov Arif Ağacan oğlu Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) ən nüfuzlu mükafatlarından biri sayılan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb. Alim bu mükafatla aktual mövzuları əhatə edən elmi tədqiqatlarına görə təltif olunub. Qeyd edək ki, A.Səlimov sozügedən mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

1956-cı ildə anadan olan Arif Səlimov 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda baş laborant və mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və Topologiya" ixtisası üzrə təhsil almışdır. 1984-cü ildə Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir. 1983-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında assistent və dosent vəzifələrində çalışmışdır. 1998-ci ilin sentyabr ayında, bütün dünyada həndəsənin mərkəzi hesab edilən Kazan Dövlət Universitetində, "Həndəsə və Topologiya" ixtisası (ixtisas nömrəsi-01.01.04) üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 1972-ci ildə vəfat etmiş, AMEA-nın müxbir üzvü Maqsud Cavadovdan sonra Arif Səlimov Azərbaycanda "Həndəsə və Topologiya" ixtisası üzrə elmlər doktoru dərəcəsinə sahib olan yeganə elm adamıdır.

Arif Səlimovun 170-dən çox elmi əsəri var, bu əsərlərdən 150-si xaricdə, o cümlədən   ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, İtaliya, Fransa, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCI kateqoriyalı nüfuzlu elmi jurnallarında çap olunub. Elmi əsərlərinə SCI kateqoriyalı jurnallardan 170-dən çox istinadlar edilib. O, "American Mathematical Society" və "European Mathematical Society" tərəfindən təftiş edilən "International Electronic Journal of Geometry" və "TWMS Jour. of Pure Appl. Math." adlı beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür. Arif Səlimov Kazan Dövlət Universitetində həndəsə üzrə keçirilən Lobaçevski konfranslarında daim iştirak edir və 4 dəfə bu konfransların baş məruzəçilərindən biri olub. Bundan əlavə, Arif Səlimov 2006-cı ildə 4-ci Beynəlxalq Həndəsə konfransında və 2011-ci ildə isə Türkiyə Riyaziyyatçılar Cəmiyyətinin 24-ci illik konfransında baş məruzəçi olmuşdur.

Arif Səlimov tələbə və magistrlar üçün çap olunmuş 3 kitabın (1-i Azərbaycanda, 2-si isə Türkiyədə) müəəliflərindən biridir. İngilis dilində yazdığı “Tensor operators and their applications” adlı elmi monoqrafiyası məşhur “Nova Science Publishers, Inc., New York” nəşriyyatında 2012-ci ildə çap edilib.

Arif Səlimovun rəhbərlik etdiyi 3 elmi layihəsi müvafiq olaraq 2006, 2008 və 2012-ci illərdə, Türkiyə Dövlətinin Elm və Texnika Komitəsinin qrantlarına layiq görülüb (Həndəsə sahəsində bu günə qədər Türkiyədə heç bir elm adamı bu başarını göstərə bilməyib) və 14 məqaləsi eyni Komitənin müxtəlif illərdə təşviq mükafatlarını almışdır. Onun “Tensor operators and their applications” kitabı 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülüb. O, Atatürk Universitetindəki həndəsə üzrə fəlsəfə doktorluğu (PhD) Sovetinə sədrlik etmişdir. Bundan başqa, o, Türkiyədə çox prestijli sayılan Yüksək Ögretim Kurulunun Həndəsə üzrə Dosentlik elmi adı verən bir çox Jürilərinə də sədrlik etmişdir.

Arif Səlimov 1995-ci ildən Türkiyənin Atatürk Universitetində müqavilə ilə çalışmağa başlamışdır, hal-hazırda bu universitetin "Matematik Bölümü"ndə müqavilə ilə professor vəzifəsindədir. Onun Bakı Dövlət Universiteti ilə əlaqələri kəsilməmişdir, bu illər ərzində onun rəhbərliyi altında BDU-nun 3 aspirantı çalışmış, onlardan 2-si fəlsəfə doktoru olmuşdur. Arif Səlimov, bu illər ərzində SCI kateqoriyalı nüfuzlu elmi jurnallarda çap elətdirdiyi 11 məqaləsində BDU-nun da adını daxil etmişdır ki, bu da BDU və Azərbaycanın elm sahəsində dünyadakı reytinqinin yüksəlməsinə onun töhfəsidir.

Yuxarıda qeyd olunanlardan görünür ki, Arif Səlimov özünün şəxsi tədqiqatları və elmi layihələrə rəhbərliyi nəticəsində dünya həndəsə elminə yeniliklər gətirmiş, onu zənginləşdirmiş, dünyanın məşhur həndəsə alimlərinin də böyük fəxrlə bəhs etdiyi elmi məktəbini həm Azərbaycanda, həm də qardaş ölkə olan Türkiyədə yarada bilmişdir.

Mətbuat və İnformasiya şöbəsi, 03 sentyabr 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024