Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir

16/10/2020

Hər bir insanın, hər bir xalqın öz doğma yurdunda dinc yaşamaq hüququ, bu hüquqa qəsd edənlərə qarşı özünümüdafiə hüququ var. Bu günlərdə Azərbaycan Ordusu Vətənin ərazi bütövlüyü, Ermənistan silahlı qüvvələrinin ölkəmiz ərazisindən çıxarılması uğrunda mübarizə aparır.

Erməni qatı millətçi tarixçilərinin xəyal məhsulu olan “böyük Ermənistan”ın bir parçası kimi təqdim edilən Qarabağ əzəldən bəri azərbaycanlıların ata-baba yurdudur. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi haqqında 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsini də Qafqazdakı rus ordusunun baş komandanı ilə Qarabağın ozamankı sahibi İbrahimxəlil xan imzalayıb. Qarabağda indi yaşayan ermənilərin sələflərini Rusiya hakim dairələri İrandan və Osmanlı dövlətindən köçürüb yerləşdiriblər.

Keçən əsrin əvvəllərindən başlayaraq erməni qatı millətçi təşkilatları Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa yiyələnmək üçün kütləvi qətl və qarətlər törətməyə başladılar. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almağa qismən müvəffəq olsa da, sovet dövründə ali rəhbərliyin erməniləri himayə etməsi Azərbaycan xalqına yeni məhrumiyyətlər gətirdi. 1948-1953-cü illərdə 150 min azərbaycanlı əhali Ermənistan SSR-dən öz doğma yurdlarından deportasiya edildi. 1988-1989-cu illərdə isə bu respublikada yaşayan bütün azərbaycanlılar – 250 mindən çox insan qovuldu, evləri yandırıldı, əmlakları qarət edildi. Elə o zaman Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün açıq çıxışlar başlandı. 90-cı illərin əvvəlində isə Dağlıq Qarabağ əraziləri, ardınca da onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edildi. Burada yaşayan insanlar soyqırımına məruz qaldı, sağ qalanlar isə öz evlərini tərk etməyə məcbur oldu. Müstəqilliyini yeni qazanan Azərbaycan Respublikası ərazisinin 20 faizini itirdi, 1 milyondan çox insan qaçqına, məcburi köçkünə çevrildi.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan respublikası beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayıb, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini rədd edib. Ermənistan rəhbərliyi Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirib, azərbaycanlıların tərk edilmiş evlərinə Suriyadan, Livandan etnik erməniləri, kürd terrorçularını yerləşdirməyə başlayıb.

Q.Əliyev vurğulayıb ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə, Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan atəşə tutmasına cavab olaraq ordumuz əks-hücuma keçib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Sonrakı günlərdə ordumuz uğurlu hərbi əməliyyatları davam etdirib, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarında onlarla yaşayış məntəqəsini düşmən tapdağından qurtarıb.

Cəbhədən ard-arda gələn qələbə xəbərləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bütün vətəndaşlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın haqlı davasını necə inamla qoruduğunu görür, qürur duyurlar.

Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistanın rəhbərliyi bunun qisasını Azərbaycanın mülki əhalisini və obyektlərini, döyüş mövqelərindən çox uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Oktyabrın 11-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə Ermənistan ərazisindən raket atılıb, şəhər atəşə tutulub, öz mənzillərində yatmış insanlar, o cümlədən qadın və uşaqlar həlak olublar.

Ermənistanın bu qəddar, heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə obyektiv hüquqi qiymət verilməlidir. Bu vandalizmi, dövlət terrorunu beynəlxalq ictimaiyyət doğru-dürüst qiymətləndirməli, Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir.

https://azertag.az/xeber/Qabil_Aliyev

Qabil Əliyev,

BDU-nun Tarix fakültəsinin professoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024