Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü

15/06/2022

Xalqların və dövlətlərin taleyində əlamətdar təqvimlərin, tarixi günlərin, yeni reallıqlar və inkişaf qanunauyğunluqları yaradan ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var. Zaman keçdikcə həmin tarixi günlərin mahiyyəti, ölkənin və millətin taleyindəki əvəzsiz rolu yenidən araşdırılır, hər dəfə yeni-yeni həqiqətlər üzə çıxır, fenomenal liderlərin, tarixi yaradan şəxsiyyətlərin ən çətin zamanlarda misilsiz xidmətləri, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın və dövlətimizin tarixində və taleyində bu cür müstəsna əhəmiyyətə və rola malikdir.
1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqilliyin ilk günlərindən başlayaraq daxili çəkişmələrin, Azərbaycanın müstəqil dövlət kimi bölgədə inkişafını və rifahını istəməyən xarici qüvvələrin səyləri nəticəsində ölkədə miqyası ifadə olunmayacaq dərəcədə xaos və özbaşınalıq mühiti yarandı. Belə bir şəraitdə eyforiya dalğası ilə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün bacarıqısızlığı, yanlış qərarları, naşı idarəçiliyi siyasi proseslərin, həmçinin bütün fəaliyyət sahələrində ölkənin idarə edilməsində, əslində isə idarə olunmamasında rəngləri daha da tündləşdirdi. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə günü-gündən tənəzzülə uğradı, öz taleyinin sahibi ola bilməyən xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı. Ayrı-ayrı siyasi qruplaşmalara tabe olan qanunsuz silahlı dəstələr, aclıq, qıtlıq, səfalət, özbaşınalıq, satqınlıq, siyasi qruplar arasındakı intriqalar, vəzifə hərisliyi, kürsünün Vətəndən üstün tutulması və bütün bunların fonunda insanlarda formalaşmış ümidsizlik həmin dövrün, acı da olsa, gerçək mənzərəsidir.
1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr ölkə daxilində siyasi prosesləri tənzimləməyi bacarmır, respublikada sabitlik, əmin-amanlıq yaratmaq əvəzinə, səriştəsizlikləri ilə yaratdıqları böhranı daha da dərinləşdirirdilər. Eyni zamanda, xarici siyasətdə bir-birinin ardınca yol verilən kobud səhvlər ölkəmizin dünya dövlətləri ilə, xüsusilə qonşu ölkələrlə əlaqələrinə ciddi xələl gətirirdi.
Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – ulu öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız yad təsirlərin, siyasi oyunların, xaos və özbaşınalığın yaratdığı ümidsizliyin girdabında boğulsa da, nəhayət, özündə güc taparaq müdrik qərar verməyi bacardı. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi. Məhz ölkənin, xalqımızın milli qurtuluşunu şərtləndirən bu tarixi qərarın əhəmiyyəti bu gün ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycanda daha parlaq, daha aydın, əzəmətli görsənir. Bu məqamda onu da xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər hələ sovet hakimiyyəti illərindən başlayaraq bütün təqib və təzyiqlərə, yaradılan məhrumiyyətlərə baxmayaraq müstəqilliyimizə, milli qurtuluşumuza gedən yolun təməl daşlarını qoyurdu. Bu gün əminliklə söyləyirik ki, ölkəmizin müstəqilliyə gedən yolu 1969-cu ildən – ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən başlayıb. Məhz həmin dövrdən etibarən respublikamızın inkişafında tərəqqi meyilləri gücləndi, xalqımızda milli qürur, milli mənlik şüuru yenidən oyandı, insanların qəlbində müstəqillik duyğuları baş qaldırdı. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər bütün sahələrdə Azərbaycanın quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.
1993-cü ilin 9 iyununda qədirbilən xalqımızın səsinə, harayına səs verərək və eyni zamanda həyatını böyük təhlükələrə ataraq Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, milli nicatımız idi. Bu mənada ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu.
1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliymizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin böyük səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində ölkədə aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı, onu müdrik və cəsarətli rəhbərinin ətrafında yumruq kimi birləşməyə sövq etdi. Eyni zamanda, xalqın inamından güc alan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin yaratdığı peşəkar və ədalətli idarəetmə sistemi insanlarda dövlətə inamı formalaşdırdı. Bu isə 1990-cı illərin Azərbaycanı üçün olduqca mühüm amil idi. Bağlanılmış neft müqavilələri ilə iqtisadi dirçəlişi təmin olunmuş ölkəmizdə ilk və demokratik seçki təcrübəsinin əsası qoyuldu, vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm islahatlar həyata keçirildi. Ölkəmiz dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə əlaqələrini formalaşdırdı, müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi uğurla həyata keçirildi.

Beləliklə, ümummilli lider Heydər Əliyev qurtuluş missiyasını xalqın hərtərəfli dəstəyi, müdrik rəhbərə olan sonsuz inamı və etibarı sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi. Eyni zamanda, müdrik rəhbər bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda baş verir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz liderimiz Heydər Əliyevi xatırlayırıq. Ulu öndər Heydər Əliyev dünya tarixinin nadir şəxsiyyətlərindəndir ki, bu insanların zəngin irsi hər zaman araşdırılır, öyrənilir, ən yaxşı nümunələr kimi təbliğ olunur.
Azərbaycan dövlətini məhv olmaqdan xilas edən, onun hərtərəfli rifahına nail olan ulu öndər Heydər Əliyevin ən böyük arzusu 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış özbaşınalıq şəraitində işğal olunmuş tarixi torpaqlarımızın azad edilməsi idi. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 10 il ərzində hər an bu problemin ədalətli həllinə çalışmış, Qarabağla nəfəs almış, öz yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin qayğısına qalmışdır. Eyni zamanda, öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımız məhz Ulu Öndərin siyasətinə inanaraq əvvəl-axır yurdlarına dönəcəklərinə əmin olmuş, bu sonsuz inamın əhval-ruhiyyəsi, müsbət ovqatı ilə uzun illər ağır və məşəqqətli həyatlarına dözmüşlər.

2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi, ölkəmizi daha da qüdrətləndirdi. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi, balanslaşdırılımış siyasət yürüdən dövlətimiz dayanıqlı və davamlı rifaha nail odu. Ölkəmiz dünya birliyi, inkişaf etmiş ölkələr tərəfindən etibarlı tərəfdaş kimi qəbul olundu.

Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirdi, tarixi bir missiyanı həyata keçirdi. Dahi lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı.

Qüdrətli dövlətimiz, qədirbilən xalqımız ikinci ildir ki, xalqımızın taleyini dəyişmiş 15 İyun - Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyə və coşqu ilə qeyd edir. Bu gün – ərazi bütövlüyünü bərpa etmiş, azad Qarabağda üçrəngli bayrağını ucaltmış, milli qurtuluşdan işğal altındakı torpaqlarımızın qurtuluşuna qədər şərəfli yol keçmiş müstəqil Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan vətəndaşı daha qürurludur.

Xalqımızın taleyini dəyişən, onu tərəqqiyə və rifaha istiqamətləndirən bu tarixi günün 29-cu ildönümündə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını bir daha dərindən dərk edir, onu sonsuz sevgi və ehtiramla yad edirik. Xoşbəxt xalqıq ki, müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müdrik rəhbərin siyasi kursuna sədaqətin simvolu möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz günbəgün daha da inkişaf edir. Dünyada nüfuzu hər gün artan, onunla hesablaşmağa artıq hər kəsi vadar edən müstəqil Azərbaycan dövləti öz gücü, potensialı, qədirbilən xalqımızın dəstəyi ilə azad Qarabağı yenidən cənnətə çevirir. Müstəqil Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlayan Qurtuluş yolu azad Şuşaya doğru uzanan tarixi Zəfər yolu ilə davam edir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024