Bakı Dövlət Universiteti - 95 Bakı Dövlət Universitetinin elmi fəaliyyəti və əldə edilən uğurlar

15/12/2014

Aydın KAZIMZADƏ,
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müsəlman şərqinin ilk ali təhsil müəssisəsi kimi yaradılmış Bakı Dövlət Universiteti (BDU)  bu gün regionun ən nüfuzlu ali təhsil müəssisələrindən  biridir. Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərmiş, ilk gündən elmi-tədqiqat mərkəzinə çevrilərək, AMEA-nın və onun institutlarının təşkilində, respublikanın digər ali məktəblərinin  təşəkkülündə, onların kadr potensialının formalaşmasında yaxından iştirak etmişdir. Bu gün də AMEA-nın tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əksəriyyəti bu və ya digər dərəcədə BDU ilə əməkdaşlıq edir.

BDU-nun fəaliyyət göstərdiyi ilk dövrlərdə (1919-1930-cu illər) universitetdə elmi iş, əsasən, kafedralar, laboratoriyalar və klinikalarda aparılmış, elmi-tədqiqat işlərinə ümumi rəhbərliyi isə Elm komitəsi (sədr prof. S.N.Davidenkov) həyata keçirmişdir. Cəmi bir il mövcud olmasına baxmayaraq, komitə tibb, tarix-filologiya, təbiət elmlərinə dair onlarla məruzə dinləmiş, elmi xəbərləri müzakirə etmişdir.

Həmin dövrdə universitetdə fəaliyyət göstərən elmi cəmiyyətlər də elmin inkişafına önəmli töhfələr verirdi. İlk dəfə 1920-ci ildə yaradılan belə cəmiyyətlər, əsasən, tibb fakültəsində daha geniş inkişaf etmişdi. Belə cəmiyyətlərdən "Təbiətşünaslar və həkimlər", "Cərrahlar cəmiyyəti" və b. göstərmək olar.

1930-cu ildə məlum səbəblərə görə bağlandıqdan sonra 1934/1935-ci tədris ilində yenidən bərpa olunan universitetdə elmi-tədqiqat işləri önəmli fəaliyyət sahələrindən birinə çevrildi. Bu fəaliyyət kafedralarda kollektiv və fərdi şəkildə həyata keçirilir, elmi işlərin planı ildən-ilə genişlənir, universitetin Elmi Şurası kafedraların elmi-tədqiqat işlərinə tələbələri də cəlb etmək, onlar üçün bütün fakültələr üzrə elmi dərnəklər yaratmaq barədə qərar qəbul edirdi. Elmi-tədqiqat işlərinə laborantlar cəlb edilir, bilik və bacarıqlarını artırmaq üçün kiçik elmi işçilər professor və dosentlərə təhkim olunurdular.

Ağır müharibə illərində də universitetdə elmi-tədqiqat işləri davam etdirilmiş, ölkənin müdafiəsinə xidmət edən yüksək əməli əhəmiyyətə malik araşdırmalara üstünlük verilmişdir. Bu dövrdə universitetin Elmi Şurasının qərarı ilə görkəmli alim Y.H.Məmmədəliyevin aviasiya yanacağı istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verən tədqiqatı SSRİ Dövlət mükafatına təqdim olunmuşdur.

Həmin illərdə universitetin elmi həyatında elmi sessiya və konfranslar böyük rol oynamağa başlamış, mütəmadi olaraq keçirilən belə tədbirlərdə elmin müxtəlif sahələri üzrə onlarla məruzələr dinlənilmiş, görkəmli elm və mədəniyyət xadimlərinə həsr olunmuş bir sıra elmi sessiyalar keçirilmişdir. Universitetin respublikada elmin inkişafına verdiyi böyük töhfələrdən biri də 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılarkən baza rolunu oynaması oldu. Təsadüfi deyildi ki, akademiyanın 15 həqiqi üzvündən 4 nəfəri BDU-nun nümayəndələri-Heydər Hüseynov, Aleksandr Qrossheym, Yusif Məmmədəliyev və Mirəli Qaşqay idi.

II dünya müharibəsindən sonrakı illərdə universitetdə kimya, riyaziyyat, fəlsəfə, dilçilik və s. elm sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Bu işdə elmi fəaliyyətlərini davam etdirən Mirəli Qaşqay, Yusif Məmmədəliyev kimi alimlərlə yanaşı, Zahid Xəlilov, Şəfayət Mehdiyev, Maqsud Cavadov, Qasım Gül, Əşrəf Hüseynov, Heydər Hüseynov, A.O.Makovelski, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Cəfər Xəndan Hacıyev, Əli Sultanlı, Məmmədcəfər Cəfərov və b. xüsusilə böyük rol oynamışlar.

Elm sahələrinin diferensasiyası, kəskin aktual olan konkret elmi vəzifələrin həlli tələbi ilə səciyyələnən 1960-cı illərdə universitetdə də bu istiqamətdə böyük işlər görülmüş, Hesablama mərkəzi, ayrı-ayrı fakültələrdə müxtəlif elmi-tədqiqat laboratoriyaları açılmış, kafedraların və mövcud laboratoriyaların yeni müasir cihaz və avadanlıqlarla texniki təchizatı (xüsusən Kimya, Fizika və Biologiya fakültələrində) həyata keçirilmişdir. Həmin illərdə universitetdə elmi-tədqiqat işi aparan əməkdaşların, plan və təsərrüfathesablı elmi-tədqiqat işlərinin sayı intensiv şəkildə artmışdır.

Bu gün BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 195 mövzü üzrə 1149 elmi iş yerinə yetirilir. Bakı Dövlət Universitetində yerinə yetirilmiş elmi-tədqiqat işlərindən kifayət qədər mühüm elmi nəticələr alınır və bu elmi nəticələr hər il AMEA-nın illik hesabatına daxil etmək üçün təqdim olunur. Son 10 ildə  201 elmi-tədqiqat işi AMEA-nın illik hesabatına mühüm nəticə kimi daxil edilmişdir. BDU əməkdaşları tərəfindən Dövlət qeydiyyatından və ekspertizadan keçmiş  113 ixtiraya patent alınmışdır ki, bunlardan 94 patent BDU-nun sahibliyi ilə, 19 patent isə universitet əməkdaşlarının iştirakı ilə olmuşdur. 2014-cü ildə BDU əməkdaşları tərəfindən 5 yeni ixtiraya patent alınmışdır. Bundan əlavə, BDU əməkdaşları 2012-ci ildə Avroasiya, 2013- cü ildə bütün ölkələrdə tanınan ABŞ patentini almışlar.

Universitetdə mütəmadi olaraq beynəlxalq, respublika, universitet və fakültə səviyyəli elmi konfranslar keçirilir. 2004 -2014 -cü  illərdə Bakı Dövlət Universitetində 286 elmi konfrans keçirilmişdir. Onlardan 30-u beynəlxalq, 98-i respublika, 30-u universitet, 128-i fakültə səviyyəli elmi konfranslar olmuşdur. Bu konfransların materialları 13035 məqalə və 13153 tezis şəklində nəşr olunmuşdur.

Elmin inkişafı zəminində güclənən müasir Azərbaycan təhsili bu gün milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanır. İnsan kapitalının ön plana çəkilməsi,  elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiya bu gün yüksək ixtisaslı kadr hazırlığına və  doktorantura təhsilinə verilən tələblərdə də ciddi islahatlar aparılmasını tələb edir. Bu gün BDU-da elmi araşdırmalar və yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığına xüsusi yer verilir. Doktorantura yalnız elmli mütəxəssis deyil, müasir tələblərə cavab verə bilən, yeni nəslin inkişafını təmin edə bilən bir şəxsiyyət formalaşdırmaq məqsədi daşıyır.

Bakı Dövlət Universitetində  magistratura və doktorantura təhsilini Magistratura və Doktorantura şöbəsi həyata keçirir. Doktoranturada təhsil  ikipilləli olaraq  əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formada, həmçinin dissertantlıq yolu ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları ilə həyata keçirilir. Bu gün BDU-da fəlsəfə doktoru proqramı üzrə 18 istiqamətdə 88 ixtisas üzrə  286 doktorant, 71 ixtisas üzrə 214  dissertant təhsil alır. Elımlər doktoru proqramı üzrə 16  istiqamət, 53 ixtisas üzrə  104 doktorant fəaliyyət göstərir. BDU-da 70 əcnəbi də daxil olmaqla 688 doktorant elmi yaradıcılıqla məşğul olur. Doktorantlara biri xarici ölkələrdən olmaqla iki elmi rəhbərin təyin olunması praktikası genişləndirilir, onların müxtəlif proqramlar üzrə dünyanın qabaqcıl universitetlərinə ezam edilməsinə imkanlar  yaradılır. Elmi kadrların hazırlanması yalnız Bakı Dövlət Universiteti üçün deyil, respublikamızın digər universitetləri, ali təhsil müəssisələri, elmi mərkəzləri üçün də həyata keçirilir.

BDU son zamanlar ölkəmizdə elm və təhsil sahəsində islahatların həyata keçirilməsində çox önəmli rol oynayır. Bolonya prosesinə qoşulmuş universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülmüş, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi (İTM) yaradılmışdır. Bu gün 20 elmi-tədris sinfini, 4 imtahan zalını və Elektron Tədris Mərkəzini özündə birləşdirən İTM ən müasir kompüter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılmış və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsilə internetə çıxışı təmin olunmuşdur. Universitetin lokal şəbəkəsi özündə 1200-dən çox kompüteri birləşdirərək, onların hər birini sürətli internet xətti ilə təmin edir. Şəbəkənin daima tənzimlənməsi, yüksək sürətli informasiya ötürmə sürətinə malik olması və yerlərdə kompüterlərin virus təhlükəsizliyini təmin etmək üçün universitetin server otağı, mərkəzin əməkdaşlarının nəzarəti altında ilin bütün günləri fasiləsiz çalışmaqdadır. Bu gün İTM nəinki universitet əməkdaşları, hətta tələbələr üçün də nəzəri-praktiki bazaya çevrilib.  Müasir informasiya telekommunikasiya vasitələrinin sürətlə inkişafını nəzərə alaraq mərkəz tərəfindən qoyulmuş nəzəri-praktik məsələlərin həllində, yerlərdə tətbiqində İTM mütəxəssisləri universitetin tələbələrini cəlb edərək tədris prosesi zamanı əldə edilmiş nəzəri biliklərin tətbiq sahələrini öyrədirlər.

Mərkəzin əsas məqsədlərindən biri də Azərbaycan təhsilinə Bolonya Bəyannaməsinin prinsiplərinin tətbiqində professional köməkliyin göstərilməsi, habelə informasiya texnologiyalarının istifadəsi ilə tədris prosesinin və təhsilin idarə edilməsi üçün virtual universitetin və e-kontentin yaradılmasıdır. Bu səbəbdən BDU kredit sisteminin və Bolonya prosesinin tələblərini yerinə yetirən ilk ali məktəblərdən biridir. Hazırda mərkəzdə tyutor hazırlığı və multimedia vəsaitlərinin yaradılması üzrə ixtisaslaşmış kadrlar fəaliyyət göstərir. 2008-ci ildən həyata keçirilən tyutor hazırlığı kursları altı buraxılış etmişdır. Kurslarda Azərbaycanın digər təhsil ocaqlarını da əhatə etməklə 221 tyutor hazırlanmış və təhsilini uğurla başa vurmuş məzunlara uyğun sertifikatlar təqdim etmişdir. Ümumilikdə BDU üçün 179, digər 16 təhsil müəssisələri üçün isə 42 tyutor hazırlanmışdır. Bu proses bu gün də uğurla davam etdirilir.

Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində də böyük işlər görülmüşdür.

BDU-da elmin və təhsilin kitabxana-informasiya xidməti ilə təminatında zəngin kitab fonduna malik Elmi Kitabxana mühüm rol oynayır. Hazırda Elmi Kitabxananın fondunda 3 milyona yaxın ədəbiyyat saxlanılır. 5 abonement, 14 oxu zalı, 30 kabinet kitabxanası olan Elmi Kitabxana dünyanın 15 ölkəsinin 30 universiteti ilə kitab, jurnal və qəzet mübadiləsi aparır. Kitabxana işinin kompüterləşdirilməsi elmi-tədqiqat laboratoriyasının köməyi ilə respublikamızda ilk dəfə olaraq kitabxananın kompüterləşdirilməsi işinə başlanmış, elektron kataloq yaradılmış, kitab, jurnal və qəzet fondunun böyük hissəsi elektron kataloqa salınmışdır.

Son illər Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində hər il ümumi dəyəri 5 -6 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu layihələrin 50-dən çoxu Avropa birliyi,  Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir. Elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə  nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olmuşdur. Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə  qalib olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur.

Respublikada elm siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır-iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya üzrə dövlət proqramları qəbul edilmişdir, bir neçə istiqamətdə iş aparılır. Ölkə Prezidenti tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Hazırda Elm siyasəti haqqında qanun layihəsi hazırlanmışdır və geniş müzakirə olunur.

Bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Sovet dönəmində elm əsasən akademiya sistemində cəmləşirdi və universitetlər daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin hazırda inkişaf etmiş dünya dövlətlərində universitetlər ilk növbədə elm mərkəzləri kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında qurulur. Beləliklə, universitetlər cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün elm - təhsil mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya inteqrasiya etmək üçün bizdə də bu gün universitetlər belə bir missiyanı yerinə yetirməlidir. Bu baxımdan bu gün universitetlər AMEA-nın institutları və elmi təşkilatları ilə daha sıx əlaqəli olmalı, universitetlərin AMEA-da olan elmi mühitdən istifadə imkanları  daha da genişləndirilməli, birgə elmi-tədqiqat laboratoriyaları və mərkəzlər yaradılmalıdır.

BDU-da artıq bu istiqamətdə  addımlar atılmışdır. Son bir ildə BDU ilə akademiyanın ayrı-ayrı elmi təşkilatları və institutları arasında əlaqələr gücləndirilmiş və birgə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində BDU-nun müvafiq kafedralarının Geologiya və Geofizika, Aşqarlar kimyası və Coğrafiya İnstitutunun nəzdində filialları və Elm və Tədris Mərkəzi yaradılmışdır. Humanitar sahədə əməkdaşlıq məqsədi ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində  əməkdaşlıq müqavilələri imzalanmışdır və hazırda  bu müqavilələr əsasında birgə işlər həyata keçirilir. O cümlədən  Bakı Dövlət Universiteti ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu arasında növbəti tədris ilindən başlayaraq informasiya hüququ istiqamətində birgə magistr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Son illər akademiyanın 150-dən çox aparıcı mütəxəssisi və elmi işçisi BDU-da tədris prosesinə, universitetin professor-müəllim heyəti isə AMEA-nın elmi təşkilatlarında elmi fəaliyyətə cəlb olunmuşdur. Hazırda AMEA-nın 11 həqiqi üzvü və 20 müxbir üzvü BDU-nun tədris prosesində bilavasitə iştirak edir və BDU-nun 6 əməkdaşı Problem Şuralarında sədrlik edir.

Bakı Dövlət Universitetinin alimləri 2014-cü ilin noyabr ayının 10-da və 11-də Bakıda ilk dəfə olaraq keçirilən Elm Festivalında da fəal iştirak ediblər. Festival çərçivəsində təşkil olunan sərgidə BDU-nun gənc alimləri və tələbələrinin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri böyük maraqla qarşılanıb.

Son illərdə dövlət tərəfindən gənclər siyasətinə xüsusi diqqət yetirilir.  Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu baxımdan prioritet məsələlərdən biri də gənclərin elmi fəaliyyətə cəlb edilməsidir. Bu sahə son illər BDU-da da diqqət mərkəzində olmuşdur. Məsələn, BDU-da da 2012-ci ildə 35 yaşadək 99 nəfər, 2013-cü ildə isə 114 nəfər (yuxarı kurs tələbələri və magistrantlar da daxil olmaqla)  tam və yarım ştat müəllim, tyutor, elmi işçi, laborant, baş laborant, mütəxəssis və digər vəzifələrə işə götürülüb.

Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi məqsədi ilə Gənc Alimlər Şurası yaradılmışdır. Şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir, onları respublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir, AMEA-nın ayrı-ayrı institutları, respublikanın digər ali təhsil müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən gənc alimlər şuraları ilə əlaqə yaradır, birgə tədbirlər təşkil edir və həyata keçirir, BDU-da respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və tətbiq edilməsini təşkil edir, BDU-da çalışan gənc alim və tədqiqatçıların BDU, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsini təmin edir, onları respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştiraka cəlb etməklə onların mədəni səviyyələrinin inkişaf etdirilməsini və s. təmin edir. 19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika fakültəsinin, nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyevadır. Hazırda BDU-da 35 yaşınadək alimlik dərəcəsi almış 62 nəfər çalışır, 500-dən çox gənc doktorant və 1700 magistrant elmi tədqiqat işi aparır.

Qloballaşmanın vüsət aldığı müasir dünyada elm və təhsilin vəhdətini və elmi-texniki tərəqqini təmin edən yüksək texnologiyalar (nanotexnologiya, biotexnologiya və s.) müxtəlif elmlərin kəsişmə nöqtəsi kimi formalaşmışdır, bu tip tədqiqatlar kimyaçıların, fiziklərin, bioloqların və digər sahələrdə çalışan mütəxəssislərin birgə iştirakı ilə aparılır və kadr hazırlığı prosesinə multidissiplionar yanaşma tələb edir. Yüksək texnologiyaların təhsil prosesi ilə inteqrasiyası bioenerjinin, enerjitutumli məhsulların, sağlamlıq və ekoloji təhlükəsizliyin yaradılması üçün də geniş imkanlar açır. Elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, müasir elmin tələblərinə uyğun yeni problemlərin, yüksək texnologiyalar üzrə prioritet istiqamətlərin müəyyən edilərək bu istiqamətlərdə elmi tədqiqatların aparılması və bu sahədəki elmi innovasiyaların təhsil mühitinə transferinin təşkil edilməsi məqsədi ilə 2014-cü ildə BDU Elmi Şurasının qərarı əsasında Yüksək Texnologiyalar Mərkəzi yaradılmışdır. Eyni zamanda Azərbaycandan kənarda yaşayan elm adamlarını bir araya gətirmək, onları Azərbaycana tanıtmaq və bu elm adamları vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-da virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzi yaradılmış və artıq müxtəlif xarici ölkələrdə yaşayan 7 nəfər elm adamı bu mərkəzdə virtual olaraq işə qəbul edilmişdir.

Bakı Dövlət Universiteti dünyanın 60-dan çox ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. 1991-ci ildən Avroasiya Universitetlər Şəbəkəsinin, 1996-cı ildən Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının, 1997-ci ildən Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasının, 2003-cü ildən isə Avropa Universitetləri Şəbəkəsinin üzvüdür. Beynəlxalq və regional səviyyədə əməkdaşlıq universitetin  inkişafına, beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq üçüncü ildir ki, BDU "QS World University Rankings" reytinqinə görə dünyanın elitar hesab edilən 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına daxil edilib. Ötən il BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb.  Reytinq siyahısına Azərbaycan universitetlərindən yalnız BDU düşüb.

Bütün bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Təkcə onu demək kifayətdir ki, 2013-cü ildə BDU alimləri tərəfindən 2681 məqalə və 1176 tezis, o cümlədən nüfuzlu xarici jurnallarda 694 məqalə çap etdirilmişdir ki, onlardan da 165-i, yəni hər 4 məqalədən biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap olunmuşdur. İmpakt faktorlu jurnallarda çap edilən məqalələrin sayı respublika üzrə indekslənən jurnallarda çap edilən məqalələrin 26 faizini, təhsil sistemi üzrə isə 53 faizini təşkil edir.

BDU alimlərinin "Neft sənayesində nanotexnologiya" adlı elmi işi YUNESKO tərəfindən yüksək qiymətləndirilərək 2011-ci ildə bu qurumun "Nanoelm və nanotexnologiyalar.  Həyatı təmin edən sistemlər ensiklopediyası"  kitabında  çap edilmişdir. Bu ensiklopediya ilk dəfə YUNESKO-nun yardımı ilə ingilis dilində İngiltərənin EOLSS onlayn nəşriyyatı tərəfindən dərc edilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı" Bakı Dövlət Universitetinin nanomateriallar və nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə rektor, akademik  Abel Məhərrəmova  verilib. Mükafat 20-21 noyabr 2012-ci il tarixlərində Sudanın Xartun şəhərində keçirilən  "Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı"nın çərçivəsində təqdim edilmişdir.  "Elm və Texnologiya sahəsində mükafat" İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Son illər universitet elminin və əldə edilən uğurların nümayişi və beynəlxalq aləmdə təbliği sahəsində "XXI əsr: ümidlər, çağırışlar" devizi altında keçirilən Beynəlxalq Humanitar Forumların da böyük əhəmiyyəti olmuşdur. Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci ildə ikinci, 2013-cü ildə üçüncü, 2014-cü ildə dördüncü  Forum keçirilib. Bu forumlarda tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılmış, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilmişdir. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilmişdir.

Keçirilən hər bir forumun bir "dəyirmi masa"sı Bakı Dövlət Universiteti tərəfindən təşkil edilmişdir.  I Bakı Beynəlxalq Humanitar Forumu (2011-ci il) çərçivəsində BDU tərəfindən təşkil edilən "dəyirmi masa" "Dünyanı dəyişən müasir texnologiyalar"a həsr edilmişdir. "Dəyirmi masa" "Müasir texnologiyalar və qlobal katastroflar", "Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu" və "Müasir texnologiyalar və davamlı inkişaf" adlı bölmələrdən ibarət olmuşdur. II Bakı Beynəlxalq Humanitar Forumu (2012-ci il) çərçivəsində BDU tərəfindən keçirilən "dəyirmi masa" "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar"a həsr edilmişdir. Bu masa "Virtual reallıq və cəmiyyətin inkişafı", "Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu" və "Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri" adlı işçi bölmələrdən ibarət olmuşdur. "Dəyirmi masa"da 120 nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40 xarici qonaq və əsasən BDU-nun professor-müəllim heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı iştirak etmişdir. III Bakı Beynəlxalq Humanitar Forumu (2013-cü il) çərçivəsində BDU tərəfindən keçirilən "dəyirmi masa" elmi innovasiyalar və onların təhsil mühitinə transferi məsələlərinə həsr edilmişdir. Bu masa da "Fundamental elmlər sahəsində innovasiyalar", "Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı" və "Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları" adlı işçi bölmələrdən ibarət olmuşdur. "Dəyirmi masa"da 27 ölkədən 70 nümayəndə iştirak etmişdir.

2014-cü ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda BDU-nun təşkilatçılığı ilə  təşkil edilən "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu"  mövzusunda "dəyirmi masa" "Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar", "Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi" və "Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri" adlı üç bölmədən ibarət olmuşdur. Forumda 60 ölkədən 500-dən çox nümayəndə, o cümlədən BDU tərəfindən təşkil edilən "dəyirmi masa"da 14 ölkədən 25 nümayəndə iştirak etmişdir.

Keçirilən hər bir forum çərçivəsində Nobel mükafatı laureatları, sabiq dövlət başçıları və görkəmli alimlər BDU-da professor-müəllim heyəti və tələbələrlə görüşmüş, elmi məruzələrlə çıxış etmişlər. Ümumiyyətlə, keçirilən forumlar humanitar sahədə göstərilən pozitiv beynəlxalq səylərə böyük bir töhfədir və dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldiliblər.

Müasir dövrdə elmin inkişafını təmin etmək üçün  elmi nailiyyətlərin və alimlərin fəaliyyətlərinin obyektiv şəkildə qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə elmi məqalələrin və alimlərin qiymətləndirilməsi üzrə müxtəlif elmi-informasiya bazaları mövcuddur. Belə informasiya bazalarından ən mötəbəri "Thomson Reuters" agentliyinə məxsus olan Web of Knowledge istinadların indeksləşdirilməsi və axtarış xidmətidir. Dünyanın aparıcı elm və təhsil müəssisələri bu xidmətdən səmərəli istifadə edərək elmi nailiyyətlərini müasir səviyyədə saxlamağa müvəffəq olurlar. Web of Knowledge xidmətindən istifadə edilməsi Azərbaycan elminin dünya elmi mühitinə sürətli inteqrasiya olunmasına da əhəmiyyətli yardım edə bilər. Son illər ərzində Bakı Dövlət Universitetində də "Thomson Reuters" agentliyinin nümayəndələri ilə görüşlər keçirilmiş, Web of Knowledge xidmətinin imkanlarından istifadə edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Əminik ki, 95 illik tarixi ərzində hər zaman elmin inkişafına böyük töhfələr vermiş Bakı Dövlət Universiteti Azərbaycan elminin tərəqqisinə, onun beynəlxalq nüfuzunun yüksəlməsinə bundan sonra da xidmət göstərəcəkdir.

Azərbaycan müəllimi

12 dekabr 2014 – № 48

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024