Bakı Dövlət Universiteti Erciyes Universiteti ilə anlaşma memorandumu imzalayıb
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Erciyes Universitetinin rektoru, professor Fahrettin Keleştemurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov, əsasən onun beynəlxalq əlaqələrindən danışıb. Erciyes Universitetinin rektoru Fahrettin Keleştemur rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Məlum olub ki, Türkiyənin öndə gələn və ən seçmə təhsil müəssisələrindən biri olan Erciyes Universitetinin 16 fakültəsi, çoxsaylı qurum və mərkəzləri var. F.Keleştemur dünyanın bir çox universitetləri ilə əməkdaşlıq edən Erciyes Universitetinin Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşün nəticəsi olaraq univeristetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, ikitərəfli elmi simpozium, seminar və konfransların təşkili, birgə layihə və proqramlarda tərəflərin iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar – akademik Abel Məhərrəmov və professor Fahrettin Keleştemur bu sənədin təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd ediblər. Qardaş ölkənin nümayəndə heyəti universitetlə tanış olub, laboratoriyalara baxış keçirib və xoş təəssüratla ayrılıblar. Qeyd edək ki, görüşdə Türkiyə tərəfindən rektorun media üzrə məsləhətçisi Ustun Tuncer, genel sekreter Fikret Kara, dosent Sevinc Ucgul, Azərbaycan tərəfindən isə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Şəlalə Məmmədova iştirak edib.
Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2011-ci il.