Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar treniq keçirib
Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi müasir qloballaşma şəraitində elm və təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin miqyasının genişliyini nəzərə alaraq MilliByte İnformasiya Texnologiyaları Mərkəzi (İTM) ilə birlikdə univeristetdə aktiv və ictimaiətçi tələbə-gənclər üçün “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda bir günlük seminar treniq təşkil etdi. Seminarı giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov qeyd etdi ki, XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış olduğunu diqqətə çatdıran Daşqın müəllim ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini vurğuladı.
Sonra sözü MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) direktoru Xəyal Kərimə verdi. Xəyal Kərim MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) - prioritet istiqamətlərindən, maddi – texniki imkanları, pedaqoji potensialı barədə ümumi məlumat verdikdən sonra birşabaşa olaraq seminarın mövzusuna keçdi. Tələbələrin diqqətinə slaydlarla təqdim olunan seminar cox böyük maraqla dinlənildi. Sonda tələbələri maraqlandıran sullar cavablandırıldı.