Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb

29/07/2020

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistarura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

Bakalavr pilləsində:

Biotexnologiya;

Su bioehtiyatları və akvakultura;

Turizm işinin təşkili;

Geomatika və geodeziya mühəndisliyi;

Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

Kitabxanaçılıq və informasiya fəaliyyəti;

Beynəlxalq ticarət və logistika ixtisasları.

 

Magistratura pilləsində:

Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşması

Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.

 

BDU-nun bakalavr səviyyəsinin yeni ixtisaslarını seçəcək abituriyentlərə məlumat üçün bildirək ki:

Biotexnologiya ixtisası – biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir, tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. Biotexnoloq, biotexnologiya alimləri – gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab suların təmizlənməsi və istixana effektinin azalması daxildir. Bu ixtisas üzrə kosmetik və farmakoloji şirkətlərdə, özəl və dövlət tədqiqat laboratoriyalarında, təhsil müəssisələrində, qida, ekologiya, əczaçılıq, ətriyyat, baytarlıq, emal sənayelərində işləmək mümkündür.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavr təhsili alan tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və eko-sistemlərinin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Həmçinin balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Bu ixtisas suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Eyni zamanda bu sahəni öyrənməklə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, bu su hövzələrində yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Adıçəkilən ixtisası üzrə  məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə bilərlər.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhliletmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Turizm işinin təşkili ixtisasının məzunları turizm siyasətini həyata keçirən orqanlarda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında və s. çalışa bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası özündə iki mühəndisliyi birləşdirir. Geodeziya mühəndisliyi yerin formasını, relyefini, ölçülərini, seysmtektonikvə texnogen hərəkətləri, onun üzərində tikilən bir çox mühəndis qurğularını, sənaye və mülki obyektlərin deformasiyalarının müşahidə metodlarını işləyir, onların proqnozlaşdırılması məsələlərini həll edir. Geomatika mühəndisliyi isə yerin distansion tədqiqini həyata keçirir. Yerin topoqrafiya və tematik xəritələrini hazırlayır, obyektlərin koordinatlarını təyin edir. Bu ixtisas sahibləri torpaq və xəritəçəkmə fəaliyyətində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid müvafiq idarələrində, torpaqların mühafizəsinə aid müvafiq müfəttişliklərində işləyə bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası torpaqlardan səmərəli istifadə, yararlı torpaqların artırılması, onların keyfiyyətcə yaxşılaşdırılması, torpaqların üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrədir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir. Bu ixtisas sahibləri  yerquruluşu və daşınmaz əmlakın kadastrını həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında işləyə bilərlər.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına yiyələnmiş mütəxəssislər respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, kitabxanalarında çalışa bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasına yiyələnən mütəxəssis dünyada olan beynəlxalq bazarları, ticarəti, xüsusilə beynəlxalq yükdaşımanı öyrənir, öyrəndiklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tətbiq etmək bacarığına sahib olur. Bu sahədə ixtisaslaşmış kadr məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdıra, rəqiblərin qiymətlərini təhlil edə bilir. Logist funksiyasını yerinə yetirərək malların daşınmasını təşkil edir, məhsulların hansı nəqliyyat və hansı marşrutla çatdırılmasına qərar verir. Beynəlxalq ticarət və logistika ixtisası üzrə logistika şirkətlərində, beynəlxalq əlaqələrə malik yerli şirkətlərdə, beynəlxalq təşkilatlarda və s. işləmək mümkündür.

Magistratura səviyyəsinin Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasını seçəcək bakalavrlara məlumat üçün bildirək ki, Rusiya üzrə ölkəşünaslıq ixtisaslaşmasında ixtisaslaşan bakalavrlar Rusiyanın ictimai-siyasi və sosial həyatının incəliklərini öyrənirlər. Həmçinin onlar Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti barədə də ətraflı bilgilər əldə edirlər. Bu ixtisaslaşma üzrə magistr dərəcəsi alan şəxslər universitetlərdə, dövlət qurumlarının beynəlxalq əlaqələr şöbələrində, diaspor təşkilatları ilə fəaliyyətlərdə mütəxəssis kimi, turizm agentliklərində, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində çalışa bilərlər

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024