Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

14/02/2022

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib. Şuranın sədri, rektor Elçin Babayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, payız sessiyası əyani təhsil formasında təhsilalanlar üçün yazılı və şifahi dialoq formasında, tədrisə əyani formada cəlb edilə bilməyən əcnəbi tələbələr üçün distant formada təşkil olunub. İmtahan sessiyasının gedişinə operativ nəzarət həyata keçirilib. Bu imtahan sessiyasında 24462 nəfər tələbə iştirak edib. Payız sessisiyası üzrə keyfiyyət göstəricisi 38 faiz, müvəffəqiyyət göstəricisi isə 74 faiz olub. Rektor Elçin Babayevin əmri ilə xüsusi imtahan qərargahı və Apellyasiya Komissiyası yaradııb. Apellyasiya Komissiyasına daxil olan şikayətlərin operativ araşdırılması üçün “qaynar xətt”, xüsisi e-mail ünvanı, “WhatsApp” nömrəsi yaradılıb.

Daha sonra BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov imtahan sessiyası haqqında məlumat veriblər.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz semestrinin də payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla, hibrid formada təşkil edilməsi barədə qərar qəbul olunub.

İclasda BDU-nun Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərinin BDU büdcəsindən ödənilməsi barədə də qərar qəbul olunub. Rektor Elçin Babayev qeyd edib ki, Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır. BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş alt qruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.

İclasda həmçinin 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunması haqqında məlumat verilib. Qeyd edilib ki, ikinci ildir keçirilən müsabiqə BDU alimlərinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

İclasda həmçinin 2022-ci il üçün BDU-nun nəşr planı təsdiq edilib. İclasın sonunda Universitetin ictimai həyatında aktiv iştirak edən 16 könüllüyə təşəkkürnamələr təqdim olunub.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024