Bakı Dövlət Universitetində müstəqilliyin 20-ci ildönümü qeyd olunub
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor deyib ki, Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparıb, yalnız ötən əsrin sonlarında yenidən bu arzusuna qovuşub. Xalqın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə, ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Biz xoşbəxt xalqıq ki, ümummilli liderimiz var. Xalq o vaxt daha da xoşbəxtdir ki, ümummilli liderin siyasi kursu ölkədə uğurla davam edir. Abel Məhərrəmov Azərbaycanın qonşu ölkələrə nisbətən xeyli çətin iqtisadi və siyasi problemlərlə müstəqilliyə qovuşmasından, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsindən, müstəqil və inkişaf edən dövlət kimi dünyanın diqqət mərkəzində olmasından, idman sahəsində, incəsənətdə, o cümlədən «Eurovision» yarışmasında qazanılan uğurların Azərbaycan xalqının istedadlı olduğunu dünyaya nümayiş etdirməsindən danışıb, təhsil və elmdə qazanılan uğurlara toxunaraq bütün bu nailiyyətlərdə prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Sonra BDU-nun kafedra müdiri, millət vəkili, professor Rəbiyyət Aslanovanın məruzəsi dinlənilib. Kafedra müdirləri, akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmovun da çıxışları maraqla qarşılanıb. Elmi-praktik konfransda vitse-spiker Ziyafət Əsgərov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov da iştirak ediblər. Tədbir bədii hissə ilə davam edib.
Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2011-ci il