Bakı Dövlət Universitetini: Elm - Təhsil - İstehsalat əlaqələri

21/05/2014

Respublikada elm siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin kursunu uğurla və ləyaqətlə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır-iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir ki,son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”. Təhsil sistemi qarşısında duran bu vəzifələrin həyata keçirilməsi üçün təhsilin elmi əsaslar üzərində qurulması, innovasiyaların tətbiqi ilə  elm-təhsil-istehsalat əlaqələrinin genişləndirilməsi də həlli vacib məsələlərdən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin 10 yanvar 2014-cü il Sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” élan edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda qeyd edilir ki, “Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir”. Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planının icrası ilə əlaqədar ali təhsil müəssisələri qarşısında da bir sıra vəzifələr qoyulur. Bu gün universitetlər istehsal və sənaye müəssisələrini səriştəli kadr potensialı ilə təmin etmək üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edildiyi kimi, iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir ki, bu da elm-təhsil-istehsalat əlaqələrinin genişləndirilməsini və işəgötürən maraqlı tərəflərin bu və ya digər dərəcədə təhsil prosesində iştiraka cəlb edilməsini tələb edir. Ötən illər ərzində bu baxımdan Bakı Dövlət Universitetində artıq bir sıra tədbirlər həyata keçirilmişdir və növbəti illərdə də bu sahədə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

Artıq qeyd edildiyi kimi, bu gün təhsil elmdən ayrı təsəvvür edilə bilməz. Sovet dönəmində elm əsasən akademiya sistemində cəmləşirdi və universitetlər daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin hazırda inkişaf etmiş dünya dövlətlərində universitetlər ilk növbədə elm mərkəzləri kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında qurulur. Beləliklə universitetlər cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün elm – təhsil mərkəzləri kimi formalaşır. Qloballaşan dünyaya inteqrasiya etmək üçün Azərbaycanda da bu gün universitetlər belə bir missiyanı yerinə yetirməlidir. Bu baxımdan bu gün universitetlər sənaye müəssisələri, texnoparklar, AMEA-nın institutları və elmi təşkilatları ilə daha sıx əlaqəli olmalı, universitetlərin bu müəssisələrdə və AMEA-da olan kadr potensialından, maddi-texniki bazadan və elmi mühitdən istifadə imkanları  daha da genişləndirilməli, birgə elmi-tədqiqat laboratoriyaları və Mərkəzlər yaradılmalıdır.

BDU-da artıq bu istiqamətdə  addımlar atılmışdır. Belə ki, BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə son vaxtlar BDU ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və İnstitutları arasında əlaqələr gücləndirilir və birgə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində:

  • Bakı Dövlət Universitetinin “Seysmologiya və yer təkinin fizikası” kafedrasının Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Filialı yaradılmışdır.
  • Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının AMEA-nın Aşqarlar kimyası İnstitutunun nəzdində fəaliyyət göstərən Filialının, AMEA-nın Coğrafiya İnstitunda Elm və Tədris Mərkəzinin yaradılması haqqında Müqavilə imzalanmış və növbəti tədris ilindən onların fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
  • Bakı Dövlət Universiteti ilə AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Radiasiya Problemləri İnstitutu və Fəlsəfə və Hüquq İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində  əməkdaşlıq müqavilələri imzalanmışdır və hazırda  bu müqavilələr əsasında birgə işlər həyata keçirilir.
  • Bakı Dövlət Universiteti ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu arasında növbəti tədris ilindən başlayaraq İnformasiya hüququ istiqamətində birgə magistr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
  • Son illər AMEA-nın 150-dən çox aparıcı mütəxəssisi və elmi işçisi BDU-da tədris prosesinə, Universitetin professor-müəllim heyəti isə AMEA-nın elmi təşkilatlarında elmi fəaliyyətə cəlb olunur. Hazırda AMEA-nın 11 akademiki və 20 müxbir üzvü BDU-nun tədris prosesində bilavasitə iştirak edir və BDU-nun 6 əməkdaşı Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Problem Şuralarında sədrlik edir.

Artıq qeyd edildiyi kimi, bu gün universitetlər cəmiyyətin tələbat və ehtiyaclarını ödəmək üçün elm – təhsil mərkəzləri kimi formalaşır. Ona görə universitetlərin inkişaf etdirilməsində cəmiyyətin bütün təbəqələri və dövlətin bütün strukturları maraqlı olmalıdır. Bu məqsədlə hazırda bir sıra dünya dövlətlərinin qabaqcıl universitetlərində kadr hazırlığının əmək bazarının tələbatına uyğunlaşdırılması, məzunların işlə təmin olunması sahəsindəki problemlərin operativ həll edilməsi, elm və təhsilin inkişaf etdirilməsinə əlavə dəstək verilməsi məqsədi ilə Himayədarlar Şurası yaradılır və onun tərkibinə elmi təşkilatların nümayəndələri, əlaqədar nazirlik və komitələrin rəhbərləri və ya nümayəndələri, işəgötürən təşkilat və müəssisələrin nümayəndələri, qeyri hökumət təşkilatlarının və özəl şirkətlərin nümayəndələri, texnoparkların və digər əlaqədar qurumların nümayəndələri daxil edilir. Bir çox hallarda universitetlərin Himayədarlar Şurasına ölkə prezidenti və dövlət rəsmiləri rəhbərlik edirlər. Artıq BDU-da belə bir Şuranın yaradılması nəzərdə tutulmuş və ilkin hazırlıq işləri görülmüşdür.

Son illər Bakı Dövlət Universiteti ilə respublikada fəaliyyət göstərən digər müəssisə və təşkilatlarla da əlaqələr gücləndirilir. Məsələn, bu il Bakı Dövlət Universiteti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb. Sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur. Son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür. Bakı Dövlət Universitetində də “Azərsu” ASC-nin fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və “Azərsu” ASC yüksək ixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir. Gələcəkdə universitetin professor və müəllimlərinin köməyi ilə “Azərsu” ASC-nin mütəxəssisləri üçün treninq, seminar və təlim kurslarının təşkili də planlaşdırılır. “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

Bakı Dövlət Universiteti ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında "Təhsil elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair" imzalanmış Memorandum üzrə həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər planına müvafiq olaraq Ekologiya və torpaqşünaslıq fakültəsinin rəhbərliyi və ekoloji kimya kafedrasının professor-müəllim heyəti “Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən mərkəzi laboratoriyada aparılan işlərlə yaxından tanış olmuşlar. Layihə çərçivəsində BDU-da “Azərsu” ASC-nin dəstəyi ilə müasir cihazlarla təmin olunmuş elmi-tədqiqat laboratoriyasının yaradılması və birgə tədqiqatların aparılması nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində BDU alimləri 2014-cü ilin aprel ayında keçirilən II Xəzər Beynəlxalq su texnologiyaları sərgisində (CATEC-2014) xüsusi güşədə BDU ilə “Azərsu” ASC arasında görülən işləri nümayiş etdirmiş və II Xəzər Beynəlxalq su texnologiyaları konfransında məruzələr etmişlər.

Son illər BDU-da tələbələrin nəzəri biliklərlə yanaşı dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl təcrübələri imkanları da genişləndirilir. Məsələn, bu il Bakıdan təxminən 200 kilometr kənarda, zəngin təbiəti olan Quba rayonunda Tədris-təcrübə mərkəzi tikilib istifadəyə verilmişdir. 450 nəfər üçün nəzərdə tutulan bu mərkəzdə universitetin 10 fakültəsinin tələbələri təcrübə keçir, müasir laboratoriyalarda tədqiqatlar apararaq həm də istirahət edirlər.

Bakı Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda olublar. Elmlə istehsalat arasında körpü yaratmaq, əlaqələri inkişaf etdirmək məqsədilə edilən səfər Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanışlıqdan başlayıb. Daha sonra nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu ilə tanış olublar. Bakı Dövlət Universiteti alimlərinin bu texnoparkla əlaqələrini qurmaq, elmi potensiallarından istifadə etmək, tələbələri istehsalata cəlb etmək, yeni elmi innovasion sistem tətbiq etmək və elmi-texniki mərkəz yaratmaqla mövcud istehsalatı daha da inkişaf etdirmək nəzərdə tutulub. Eyni zamanda əldə edilən təcrübədən yararlanaraq gələcəkdə Bakı Dövlət Universitetində innovasion elmi istiqamətlər üzrə xüsusi mərkəzin (texnoparkın) yaradılması da nəzərdə tutulur.

Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-6 milyon ABŞ dolları olan 80-dan çox layihə həyata keçirilir ki, bunların da yarıdan çoxu beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələrdir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Elmi layihələr daha çox fundamental elmlər sahəsində, əsasən kimya, biologiya, fizika və riyaziyyat fakültələrinin əməkdaşları tərəfindən həyata keçirilir. Həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son 5 ildə  Nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. BDU alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Bütün bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Təkcə onu demək kifayətdir ki, 2013-cü ildə BDU alimləri tərəfindən 2681 məqalə və 1176 tezis, o cümlədən nüfuzlu xarici jurnallarda 694 məqalə (26%)  çap etdirilmişdir. Xaricdəki məqalələrin 155-i, qəni hər 4 məqalədən biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap olunmuşdur. İmpakt faktorlu jurnallarda çap edilən məqalələrin sayı 52 ali təhsil müəssisəsini əhatə edən təhsil sistemi üzrə indekslənən jurnallarda çap edilən məqalələrin 53 faizini və respublika üzrə belə jurnallarda çap edilən məqalələrin təqribən 20 faizini təşkil edir.

Aydın Kazımzadə

BDU-nun prorektoru, professor

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024