Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib

14/12/2018

Bakı Dövlət Universitetinin Böyük Akt zalında Hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” adlı beynəlxalq konfransın plenar iclasının açılışı olub.

Tədbirdə mühüm dövlət strukturlarının rəhbərləri, Respublikanın tanınmış hüquqşünas alimləri, hakimlər, vəkillər və ziyalılar, o cümlədən Hüquq fakültəsinin keçmiş məzunları və tələbələr iştirak ediblər.

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva tədbir iştirakçılarını salamlayıb, BDU-nun 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bir sıra tədbirlərin keçirilməsindən, o cümlədən 90 illiyi qeyd olunan Hüquq fakültəsinin respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasındakı xüsusi rolundan bəhs edib. Professor fakültənin fəaliyyət göstərdiyi müddətdə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadrlar yetişdirməsindən, respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etməsindən danışıb.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Hüquq fakültəsinin tarixi, inkişaf yolu və müasir cəmiyyətdə rolu” mövzusunda məruzə edib. O, Hüquq fakültəsinin BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biri olduğunu, onun tarixinin BDU-nun yarandığı ilk illərə təsadüf etdiyini vurğulayıb. Dekan qeyd edib ki, bu fakültənin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapıb. O, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməsindən sonra Hüquq fakültəsində mühüm dəyişikliklərin əsasının qoyulduğunu, məhz bu dövrdən başlayaraq hüquq elmi və təhsilini tədris edən alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesi sürətləndiyini, Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Hüquq fakültəsinin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsindəki nailiyyətlər Hüquq fakültəsində də müvəffəqiyyətlə davam etdirilir.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin birinci vitse-spikeri, professor Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru Fərhad Abdullayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) professor Elmira Süleymanova, Ankara Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Muharram Özen, Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı, professor Liliya Bakulina, Ukrayna hüquqşünasları adından akademik Oleq Zayçuk, Tbilisi Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, professor Tamar Zarandiya, Polis Akademiyasının rəisi, general-leytenant Nazim Əliyev çıxış edərək fakültə ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasın Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının, o cümlədən ali təhsil rəhbərlərinin təbrik məktubları səsləndirilib.

ABŞ Tüleyn Universiteti Hüquq fakültəsinin dekanı professor Devid Meyer, Almaniyanın Halle Vittnberq Universitetinin rektoru, professor Kristian Titye, Almaniyanın Vürzburq Universiteti Hüquq fakültəsinin dekanı, professor Ekhard Paxen, Qazaxstan Əl-Fərabi adına Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinovun video-təbrikləri nümayiş etdirilib.

Tədbirdə Hüquq fakültəsinin bir qrup professor-müəllim heyətinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı”, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı”, Bakı Dövlət Universitetinin Fəxri fərmanı təqdim edilib, “Təşəkkür” elan edilib.

Plenar iclas işini bədii hissə ilə yekunlaşdırıb.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Almaniya, Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstandan 15-dən çox xarici hüquqşünas alimin iştirak etdiyi iclaslarda altı bölmə üzrə 180-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Hüquq fakültəsində 25-dən çox hüquq üzrə elmlər doktoru, professor və 100-ə yaxın hüquq üzrə fəlsəfə doktoru, dosent olmaqla ümumilikdə 120-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar bu gün Hüquq fakültəsinin müvafiq magistraturalarında və ingilis bölmələrində tədris prosesini uğurla aparırlar. Təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində Azərbaycan, ingilis, alman və rus dillərində davam etdirilir. Fakültədə əyani şöbədə 1161, qiyabi şöbədə 374, magistraturada isə 180 tələbə təhsil alır.

Hüquq fakültəsində bakalavr təhsil səviyyəsində  bir ixtisas -“Hüquqşünaslıq” ixtisası üzrə 83 fənn, Magistratura təhsil pilləsində isə 17 ixtisaslaşma üzrə 250-dən artıq fənn tədris olunur.

Artıq beşinci ildir ki Hüquq fakültəsində daimi Dissertasiya Şurası fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir.

Hüquq fakültəsində 11 kafedra, Hüquq Klinikası, Kriminalistika laboratoriyası və Dəniz və enerji hüququ Mərkəzi fəaliyyət göstərir. “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın YUNESKO və digər beynəlxalq təşlikatlarda apardığı uğurlu fəaliyyətin məntiqi nəticəsi olaraq 2015-ci ildə YUNESKO arasında imzalanmış Sazişə əsasən yaradılıb.

Hüquq fakültəsi ABŞ-ın Tüleyn Universiteti, Almaniyanın Vürzburq və Martin Lüter adına Halle-Vittenberq Universitetləri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin Ankara və İstanbul Dövlət Universitetləri, T.Q.Şevçenko adına Kiyev Milli Universiteti, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Dövlət Universiteti və A.Qumilyov adına Avrasiya Universitetlərinin Hüquq fakültələri, habelə Almaniyanın Maks Plank adına Beynəlxalq və müqayisəli cinayət hüququ İnstitutu, Moskva Dövlət Hüquq Akademiyası, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və digər mötəbər elm-təhsil ocaqları ilə geniş elmi əlaqələr qurub.

 

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024