Bakı Dövlət Universitetinin inkişafında yeni mərhələ: Heydər Əliyev mərhələsi (1969-2003) -I hissə

18/10/2019

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, respublikamızın ilk elm və təhsil məbədgahı, Şərqdə ilk parlayan ulduz Bakı Dövlət Universiteti xalqımızın istiqlal mübarizəsi tarixində, siyasi, iqtisadi, elm təhsil və mədəniyyətinin inkişafı sahəsində respublikamızın müstəqilliyə, inkişaf və tərəqiyyə gedən yolunu işıqlandırılmış, universitetin beynəlxalq imicini yüksəltmiş, əvəzsiz xidmətləri ilə şöhrət tapmışdır. Bakı Dövlət Universitetinin tarixinin 70 ili Azərbaycan Sovet Respublikası dövrünə təsadüf edir.

Universitetin Sovet dövrü tarixini qiymətləndirərkən Ulu Öndər Heydər Əliyev BDU-nun 80 illiyində etdiyi parlaq çıxışında demişdir:

“Mənim də mövqeyim ondan ibarətdir ki, Azərbaycan xalqı, təhsili 70 illik Sovet hakimiyyəti dövründə böyük inkişaf yolu keçibdir. Xalqımız təhsillənib, yüksək təhsilə malik olubdur”. “Tarixi təhrif etmək olmaz, tarixdə hər şeyin öz yeri vardır. O, nə səndən, nə də heç kəsdən asılı deyildir.”

Ulu Öndərin keçmiş dövrün öyrənilməsi, tarixi proseslərə obyektiv qiymət verilməsi haqqında bu kəlam öz tarixi inkişafının 70 ilini Sovet dövründə keçirən, çox mühüm nailiyyətlər əldə edən, Bakı Dövlət Universitetinin tarixinin öyrənilməsinə və qiymətləndirilməsinə də şamil edilmişdir.

Bakı Dövlət Universitetinin Sovet dövrü fəaliyyəti olduqca mühüm hadisələrlə, ali məktəb təhsilinin, elminin yeni forma və metodlarının yaradılması, inkişafı, dövrün tələblərinə müvafiq yeni islahatların keçilməsi, ali məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris korpusları, yaradılması tədrisin texniki vasitələrinin əldə edilməsi, universitetin maliyyələşdirilməsini ön plana çəkilməsi, tələbə qəbulunun davamlı olaraq, ilbəil artırılması, yüksək ixtisaslı professor müəllim heyətinin, alim kadrlar hazırlanması ilə zəngin olmuşdur.

Bakı Dövlət Universiteti çətinliklə də olsa Azərbaycan milli ideologiyasının yaranmasında, formalaşmasında böyük və uğurlu fəaliyyət göstərmiş, onun auditoriyalarında, dərs otaqlarında, mühazirə zallarında, kafedralarda və labaratoriyalarında xalqımızn milli mənliyinin, mili şüruunun, vətənpərvərlik və milli dirçəliş ruhunun aşılanması və inkişaf etdirliməsi üçün olduqca böyük işlər görməyə müvəffəq olmuşdur.

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında böyük xidmətləri olan Bakı Dövlət Unuversiteti Azərbaycan xalqının, Azərbaycan dövlətinin diqqət mərkəzində olmuş, yüksək qayğı ilə əhatə edilmişdir.

Vaxtaşırı olaraq bu böyük elm və təhsil məbədgahının yubileylərinin dövlət səviyyəsində keçirilməsi bu qayğının təzahürüdür.

1929-cu ildə Bakı Dövlət Universitetinin 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1979-cu ildə 60 illiyi, 1989-cu ildə 75 illiyi, 1999-cu ildə 80 illiyi, 2009-cu ildə 90 illiyi keçirilmişdir. Universitetin inkişaf və tərəqqisinə, universitet təhsilinin və universitet elminin inkişafına qayğı ilə yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı Dövlət Unversitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam bu qayğının yeni təzahürüdür.

Sərəncama müvafiq olaraq Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində xalqımızın, dövlətimizin, elmimizin, təhsilimizin, mədəniyyətimizin bayramı kimi 2019-cu ilin noyabr ayında qeyd edilməsi nəzərdə tutulmuşdur.

1919-cu ilin sentyabrında fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin 1969-cu ildə 50 illiyi tamam oldu.

Bakı Dövlət Universiteti yarım əsr müddətində olduqca şərəfli, böyük uğurlarla dolu tarixi bir yol keçmiş, Azərbaycanın ilk elm, təhsil məbədgahı kimi şöhrətə nail olma bilmişdi.

Universitetin fəaliyətinə yüksək qiymət verən Azərbaycan hökuməti 1969-cu ilin sentyabrında 50 illik yubileyin yüksək dövlət səviyyəsində keçirilməsi haqqında qərar qəbul etmiş, yubiley komissiyası yaradılmış yubileyə hazırlıq işlərinə başlamışdır. Yubileyə hazırlıq ərəfəsində respublikanın siyasi həyatında kadr dəyişikliyi baş verdi.

1969-cu il iyun ayının 14-də Azərbaycan KP MK-nın plenumu keçirildi. Plenum Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevi Azərbaycan KP MK-nın birinci katibi seçdi. Bununla da Azərbaycanın müasir tarixində dönüş mərhələsi kimi xarakterizə olunan, dönüş mərhələsinin təməli qoyuldu.

Uzun bir dövrü əhatə edən bu tarixi mərhələ Azərbaycan xalqının, Azərbaycan dövlətinin iqtisadi, ictimai-siyasi, elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı, xalqın mənəvi-siyasi şüurunun formalaşması, dövlət quruculuğunun daha da təkmilləşməsi sahəsində mühüm tarixi inkişaf yolunun böyük inkişaf və tərəqqi mərhələsi oldu.

Məhz bu mərhələdə respublikada ictimai-siyasi ab-hava yaxşılaşdı, insanlarda gələcəyə inam artdı. Azərbaycan alimləri, yaradıcı ziyalıları üçün sərbəst düşüncə şəraiti yarandı. Ölkədə milli özünü dərk prosesinin genişlənməsinə, milli şüurun, milli ideologiyanın və milli-mənəvi dəyərlərin formalaşmasına ciddi təkan verdi. Ölkədə milli kadrların hazırlanması, Azərbaycan tarixinin, Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin öyrənilməsi üçün böyük tədbirlər həyata keçirilməyə başlandı.

Bakı Dövlət Universitetinin çoxminli kollektivi 1969-cu ilin iyun ayında Universitetin dünya şöhrətli məzunu, xalqımızın böyük oğlu, XX əsr türk dünyasının ulduzu Heydər Əlirza oğlu Əliyevin AKP MK-nın birinci katibi seçilməsini böyük qürur və iftixar hissi ilə qarşıladı.

Ulu Öndərin hakimiyyətə gəlməsi unversitetin tarixinə Heydər Əliyev mərhələsi kimi daxil oldu. Məhz 1969-cu ildən başlayaraq ömrünün axırına qədər universitetin hamisi, böyük təssübkeşi olmuşdur. Heydər Əliyev universitetin inkişafını daim diqqət mərkəzində saxlamış, onun tərəqqi və inkişafına nəzarət və rəhbərik etmişdir.

1919-cu ildə fəaliyyətə başlayan və 1969-cu ilə qədər böyük fəaliyyət göstərən Bakı Dövlət Universiteti 50 illik inkişaf yolu keçmişdir. Bu yol böyük çətinliklər, ideoloji-siyasi mübarizələr yolu, daşlı-kəsəkli, enişli-yoxuşlu bir yol olsa da Bakı Dövlət Universiteti bu yolu ləyaqətlə irəliləmiş, 50 illik şərəfli yubileyinə böyük nailiyyətlərlə, qazandığı böyük uğurlarla gəlib çıxmışdır. Universitetin əldə etdiyi 50 illik nailiyyətləri xalqımızın, dövlətimizin böyük iqtisadi, siyasi sahədə, elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində həmçinin milli şüurunun, milli ideologiyanın formalaşmasının böyük qələbəsi idi.

Bakı Dövlət Universitetinin 50 illik fəaliyyəti ilə bağlı statistik rəqəmlərə diqqət yetirək.

1919-cu ilin oktaybrında fəaliyyətə başlayan unuversitetin 4 fakültəsi, 40 nəfər professor-müəllimi var idisə, 1969-cu ildə unversitetdə təbiət və humanitar elmlərin mühüm sahələrini əhatə edən 14 fakültə: Mexanika- Riyaziyyat, Fizika, Kimya, Biologiya, Gioloji-Coğrafiya, Tarix, Filologiya, Şərqşünaslıq, Hüquq, Kitabxanaçılıq, Jurnalistika, İxtisasartırama və xarici tələbələr fakültələri fəaliyyət göstərirdi. Bu fakültələrdə 64 kafedra, 86 laboratoriya, o cümlədən 4 problem labarotoriyası 42 kabinet, 2 muzey fəaliyyət göstərirdi. İlbəil artan tələbələrin miqdarı 1969-cu ildə 12 mindən artıq idi. Universitetdə çalışan 710 nəfər professor –müəllimlərin böyük əksəriyyəti elmi dərəcəyə və elmi ada malik müəllimlər idi. Universitet 50 il müddətində 25 mindən artıq xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadr hazırlamağa müvəffəq olmuşdur.

1946-1969-cu illərdə univesitet elmi şuralarında 105 doktorluq, 1253 namizədlik disertasiyası müdafiə edilmiş, onun yetirmələrindən 30 nəfərdən çoxu Azərbaycan Elmlər Akademiyasının müxbir və həqiqi üzvü seçilmişdi.

Bakı Dövlət Universitetinin 1950-1960-cı illərdə böyük uğurlar əldə etməsində müharibədən sonrakı illərdə universitetə rəhbərlik etmiş xalqımızın görkəmli alimləri, akademik A.İ.Qarayevin, professor C.Z.Hacıyevin, akademik Y.H.Məmmədəliyevin, akademik Ş.F.Mehdiyevin və dosent M. S.Əliyevin böyük rolu olmuşdur.

Bakı Dövlət Universitetinin 50 il müddətində hazırladığı kadrların xalq təsərüffatının, elm, təhsil və mədəniyyətin bütün sahələrində böyük uğurlar qazanmışdır. Universitet məzunlarının həm respublikamızda, həm də keçmiş SSRİ məkanında yüksək imic qazanması onun böyük uğurlarından xəbər verirdi. Məlum olduğu kimi Ulu Öndər hakimiyyətə gələnə qədər Respublika hakimiyyəti Bakı Dövlət Universitetinin xalqımız, dövlətimiz, iqtisadıyyatımız, elmimiz, təhsilimiz, mədəniyyətimiz qarşısında böyük xidmətlərini nəzərə alaraq onun 50 illik yubileyinin dövlət səviyyəsində 1969-cu ilin sentyabr ayında keçirilməsi haqqında qərar qəbul etmişdi.

Azərbaycan KP MK-nın birinci katibi yubiley komissiyasının sədri təyin edilmişdi.

1969-cu ilin iyun ayında Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra yubiley komissiyasının sədri vəzifəsini öz üzərinə götürdü.

Heydər Əliyev Universitetdə yubileyə hazırlıq işləri ilə tanış olduqdan sonra yubileyin keçirilməsi üçün görüləcək işlərə dair ayrı-ayrı dövlət orqanlarına göstəriş verildi.

Yubileyin keçirilməsi üçün görüləcək tədbirlər, həyata keçirələcək işlər Universitetin gələcək inkişafına istiqamətləndirilmişdi. Heydər Əliyevin yubiley komissiyasının keçirilməsinə rəhbərlik etməsi, onun məzunu olduğu Universitetə böyük qayğısının və qiymətinin nəticəsi idi. Universitetin tarixi inkişaf yoluna nəzər saldıqda bir daha məlum olur ki, bu qayğı daimi xarakter daşımış Ulu Öndərin həyatının sonuna qədər davam etmişdir.

Bakı Dövlət Universitetinin yubileyləri içərisində onun ilk 50 illik yubileyinin hazırlanması və keçrilməsinin universitetin gələcək inkişafında yeni istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm rolu olan yeni dönüş mərhələnin başlanması oldu. Bu mərhələ Bakı Dövlət Universitetinin tarixində çox dəyərli, daim milli dirçəlişə, təhlil prosesinin kefiyyətinin yüksəlməsinə, Universitet elminin elmi-tədqiqat sahəsinin genişlənməsinə və universitetin kadr korpusunun daha da təkmilləşməsinə xidmət edən mərhələ kimi yadda qalmışdır.

Bakı Dövlət Universitetinin 50 illik bayramı xalqımızın, elmimizin, təhsilimizin, maarif və mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin bayramı idi. Universitetin çox milli kollektivi bu bayramı böyük ruh yüksəkliyi, iftixar hissi ilə qarşıladı. Bu bayram Universitet kollektivi üçün bir də ona görə əziz və şərəfli, qürur mənbəyi idi ki, yubiley komissiyasının sədri Universitetin dünya şöhrətli məzunu, Universitetin böyük təssubkeşi, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyev idi. Obrazlı şəkildə desək, Heydər Əliyev Universitetin şah əsəri idi.  Heydər Əliyev qədər həm Bakı Dövlət Universitetini, həm də bütövlükdə Azərbaycan xalqını, Azərbaycan dövlətini beynəlxalq aləmdə şöhrətləndirən ikinci məzun yoxdur.  Bakı Dövlət Universitetinin tarixində Allah vergisi olan, bu böyük insan olduqca təvözökar, sadə, insan ləyaqətinə hörmət edən, özünü insanlardan ayırmayan, böyük fitri istedada, liderlik qabiliyyətinə malik dünya şöhrətli dövlət xadimi idi.

Ulu Öndərin  Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etməsini dəfələrlə vurğulaması universiteti “Azərbaycan xalqının milli sərvəti, qürur mənbəyi” kimi qiymətləndirməsi xalqımızın ilk elm və təhsil məbədgahı olan Bakı Dövlət Universitetinə verilən ən böyük qiymətdir.

2019-cu ilin oktyabr ayında özünün 100 illik yubileyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetinin çoxminli kollektivi özünün dünya şöhrətli məzunu Heydər Əliyevin yüksək tarixçi, mütəxəssis kimi yetişdirilməsində xidməti ilə qürur hissi keçirir, öz məzunu ilə fəxr edir.

1969-cu ilin oktyabr ayında Universitetin 50 illiyi tamam oldu. Azərbaycan hökumətinin qərarına müvafiq olaraq 1969-cu ilin noyabr ayının 1-də təntənəli yubiley iclası keçirildi. Yubiley təntənələrində Bakı Dövlət Universitetinin professor müəllim heyəti, respublikamızın görkəmli, ziyalıları ilə yanaşı SSRİ-nin müttəfiq respublikalarından və bir çox xarici ölkələrdən nümayəndələr iştirak edirdilər.

Bakı Dövlət Universitetinin 50 illik yubileyi xalqımızın, elmimizin, təhsilimizn bayramı idi. Bu bayram universitetin coxminli kollektivi üçün bir də ona görə əziz və şərəfli idi ki, yubiley komissiyasının sədri universitetin dünya şöhrətli məzunu, universitetin böyük təəssübkeşi, Azərbaycan Komminist Partiyasının birinci katibi Heydər Əlirza oğlu Əliyev idi. Obrazlı dildə desək, universitetin şah əsəri idi. Heydər Əliyev qədər universiteti həm də bütövlükdə Azərbaycan xalqını, Azərbaycan dövlətini beynəlxalq aləmdə yüksəklərə qaldıran ikinci məzunu yoxdur.

Heydər Əliyev öz əsərlərində çıxışlarında dəfələrlə Bakı Dövlət Universitetinin məzunu olmağı ilə fəxr etdiyini vurğulayıb. Onun yüksək şəxsiyyət, görkəmli dövlət xadimi, böyük ziyalı kimi formalaşmasında, milli-mənəvi dəyərlərə yiyələnməsində universitet mühitinin, abu-havasının, böyük rolunu yüksək qiymətləndirib.

Ulu Öndərin Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etməsi Bakı Dövlət Universitetinin çoxminli kollektivinin qürur mənbəyidir. Öz dünya şöhrətli məzunu ilə fəxr edən kollektiv onun əziz xatirəsini daima uca tutur, onun ideya və baxışlarına daim sədaqətli olması ilə şərəf duyur.

Heydər Əliyevin yubiley komissiyasının sədri kimi tədbirlərin hazırlanmasına bilavasitə rəhbərlik etməsi, yubileydə iştirak üçün gələn qonaqları qəbul etməsi, universitetin Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafındakı xidmətləri haqqında geniş məlumat verməsi yubiley tədbirlərinin daha yüksək səviyyədə keçirilməsinə şərait yaratmışdı.

Heydər Əliyev təntənəli yubiley iclasını açarkən öz parlaq nitqində universitetin keçdiyi böyük və çətin, keşməkeşli inkişaf və tərəqqi yolunu, universitetin Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafındakı böyük xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində ölkədə vətəndaş müharibəsi alovlandığı bir vaxtda yaradılmışdır. Lakin bu vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədi. Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi... Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli, irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar.

Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına, Bakı Dövlət Universitetinin yaradılmasında böyük fədakarlıq göstərən Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə verdiyi böyük qiymət idi...

Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarım əsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir.

Ulu Öndər universitetin Azərbaycan elminin, ali təhsil sisteminin Azərbaycan Elmlər Akademiyasının yaranmasında, aparıcı ali məktəblərin yaranıb, formalaşmasındakı fəaliyyətini yüksək qiymətləndirərək obrazlı şəkildə deyirdi ki, əgər universiteti qüdrətli bir ağaca bənzətmiş olsaq, deyə bilərik ki, bunlar onun öz  qol-budaqlarıdır.

Bakı Dövlət Universitetinin 50 illik yubileyində mühüm siyasi və milli əhəmiyyət kəsb edən mühüm, diqqətəlayiq bir hadisə baş verdi.

Ulu Öndər çıxışını doğma Azərbaycan dilində etdi. Heydər Əliyev o dövrdə bütün SSRİ miqyasında, bütün rəsmi yığıncaqlarda dövlət və partiya rəhbərlərinin ancaq rus dilində çıxış etməsi ənənəsini pozaraq öz ana dilində danışdı. Heydər Əliyevin bu çıxışı Azərbaycanın milli mənəvi sərvətlərinin qorunması, Azərbaycan dilinin, Azərbaycan tarixinin, Azərbaycan ədəbiyyat və incəsənətinin, bütövlükdə Azərbaycan milli mədəniyyətinin inkişafının yeni bir mərhələsinin başlanğıcı oldu. Məhz bu mərhələ Azərbaycan tarixinə dönüş mərhələsi, milli dirçəliş mərhələsi kimi daxil oldu. Azərbaycan dilinin dövlət dili kimi formalaşması, dövlət dili statusu almaq üçün zəmin  yaratdı. Obrazlı şəkildə desək, Heydər Əliyevin bu çıxışı Azərbaycan tarixinin rəsmi dövlət tədbirləri keçirilən akt zallarına saraylarına daxil olmaq üçün şərait yaratdı.

Beləliklə, burada göstərdiklərimizdən məlum olur ki, Heydər Əliyev dühası 1960-cı illərdən başlayaraq XXI əsrin əvvələrinə qədər “Azərbaycan xalqının milli sərvəti” kimi qiymətləndirdiyi, “Üniversitetin məzunu olmağı ilə fəxr etdiyi” Bakı Dövlət Universitetinin inkişaf və tərəqqi yolunu işıqlandırmış ölkəmizin ilk elm və təhsil məbədgahını dünyanın qabaqcıl universitetləri sırasına çıxması, davamlı olaraq universitetin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, tədris prosesinin kefiyyətinin daha da yüksəldilməsi, ali məktəb elminin daha da şaxələnməsi, yeni elmi məktəblərin yaranması üçün mühüm dövlət tədbirlərinin həyata keçirilməsinin təşəbbüskarı olmuş, unuversitetin Azərbaycan ali məktəblərinin flaqmanı imicini qazanmasına şərait yaratmışdır.

Universitetin 100 illiyi müddətində onun xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev 1969-cu ildə 50, 1979-cu ildə 60, 1994-cü ildə 75, 1999-cu ildə 80 illik yubiley şənliklərinin təşkilinə və keçirilməsinə rəhbərlik etmiş, yubiley şənliklərində universitetin elm, təhsil, mədəni inkişaf sahəsində gördüyü işlər haqqında dərin məzmunlu çıxışlar etmişdir.

Ənənəyə görə 1989-cu ildə universitetin 70 illik yubileyi keçirilməli idi. Ancaq Heydər Əliyev Moskvada olduğundan Azərbaycanın o dövrki rəhbərliyi bu yubileyi keçirməyi lazım bilmədi. Təkcə bu fakt göstərir ki, Ulu Öndər universitetin inkişafı üçün çox böyük işlər görmüşdür.

Ulu Öndərin proqram xarakterli çıxışlarında unuversitetin fəaliyyəti, əldə etdiyi uğurlar dərindən təhlil edilmiş, onun gələcək inkişafının əsas istiqamətləri və qarşıda duran vəzifələri şərh edilmişdir.

Universitetin yubiley şənliklərinin keçirilməsini böyük elm, təhsil və mədəniyyət bayramı kimi qiymətləndirən Heydər Əliyev 1994-cü ildə universitetin 75 illik yubiley təntənəsi keçirilərkən demişdir: “Xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin də, 60 illik yubileyin də iştirakçısı olmuşam. İndi universitetin 75-illik ybileyinin iştirakçısıyam. Universitetin 50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar.

1969-1980-cı illər Bakı Dövlət Universitetinin tarixinə yeni inkişaf istiqamətləri ilə zəngin olan yeni dönüş mərhələsi kimi daxil olmuşdur.

Bu mərhələ 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əlirza oğlu Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Böyük dövlətçilik qabilliyətinə, siyasi iradəyə malik olan Ulu Öndər qısa müddətdə dövlət orqanlarının işində dönüş yaratdı. Respublikanın ictimai-siyasi həyatında sağlam ab-hava yaratmaqla bütün dövlət orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi sahəsinə yönəltdi. Dönüş mərhələsinin ən zəruri amillərindən biri milli oyanış, dirçəliş siyasətinin böyük məharətlə aparılması, Azərbaycan xalqının milli adət və ənənlərinin bərpa edilməsi, milli şüurun yüksəlməsinə yönəldilməsi olmuşdur.

XX əsrin 60-cı illəri keçmiş SSRİ-də inkişaf etmiş sosializm cəmiyyəti illəri adlanmasına baxmayaraq Azərbaycanda bu inkişafdan danışmaq olauqca çətin idi. Azərbaycan iqtisadiyyatı bütövlükdə böhran mərhələsini yaşayırdı. Respublika ardı-arası kəsilməyən dedi-qodu meydanına çevrilmişdi.

Belə bir çətin siyasi, iqtisadi böhran şəraitində Heydər Əlirza oğlu Əliyev 1969-cu ilin 14 iyununda Azərbaycan Kommunist Paritiyasının birinci katibi vəzifəsinə seçildi. Böyük təşkilatçılıq qabiliyyətinə, möhkəm, dəmir iradəyə malik olan Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda anarxiyaya, hərc-mərcliyə son qoyuldu. Ölkə özünün inkişafını tapdı. SSRİ-nin müttəfiq respublikları içərinsində Azərbaycan iqtisadiyyat, siyasət, elm, təhsil, mədəniyyət sahəsində öz öncül mövqeyini bərpa etməyə müvəffəq oldu. İqtisadiyyatda, siyasətdə bütövlükdə, elm, təhsil və mədəni quruculuğun bütün sahələrində əldə edilən böyük inkişaf və tərəqqi ölkənin mədəni və mənıvi həyatında mühüm irəliləyişlərə səbəb oldu.

1970-1980-cı illər Azərbaycan ali məktəblərinin filaqmanı olan bakı Dövlət Universitetinin həyatında da böyük inkişaf və dönüş mərhələsi olmuşdur. Bu mərhələ bilavasitə Universitetin dünya şöhrətli məzunu, Universitetin böyük təəssüfkeşi və hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də Bakı Dövlət Unversitetinin 1969-1980-cı illər tarixi Heydər Əliyev mərhələsi kimi xarakterizə olunur.

Bakı Dövlət Universitetinin tarixinə nəzər salarkən məlum olur ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi 34 ildə həmişə universitetin fəaliyyəti ilə maraqlanmış, onu diqqətdə saxlamış, onun inkişaf istiqamətini müəyyənləşdirmişdi. Ulu Öndərin universitetə diqqət və qayğısının ən böyük təzahürü Universitetin bütün yubileylərini keçirilməsini təşəbbüskarı, Yubiley Komissiyasının sədri, yubiley iclaslarında Universitetin inkişaf proqramı olan parlaq çıxışları, Universitetin professor-müəllim heyətini yüksək dövlət mükafatları ilə təltif etməsi olmuşdur.

Bu dövrdə bakı Dövlət Universitetinə 1970-ci ildə Heydər Əliyev tərəfindən rektor təyin edilmiş akademik F.Bağırzadə rəhbərlik etmişdi. 17 ilə qədər rektor olmuş F.Bağırzadə öz işgüzarlığı ilə fərqlənir, universitetdə aparılan islahatlara bacarıqla başçılıq edirdi.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb həyata keçirilən təhsil islahatlarında ali təhsilin inkişaf istiqamətlərinə, cəmiyyətin inkişafı ilə əlaqədar yeni instituttların, fakültələrin, şöbələrin, ixtisasların yaradılması, təhsil sisteminin təkmilləşmsi, təhsil prosesinin kefiyyət göstəricilərinin əsas amilə çevrilməsinə xüsusi diqqət yetirmişdir.

1970-1980-cı illərdə 7 yeni ali məktəb, 40-dan çox yeni fakültə, 100-dən çox yeni kafedra açılmış, 100-ə qədər yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdı.

1980-cı illərin axırında respublikada hər il 100 mindən artıq tələbə təhsil alan 17 ali məktəb fəaliyyət göztərirdi.

Dövlətin təhsil siyasətində ali məktəblərin maliyyələşdirilməsinə diqqətin artırılması, xalq təssərüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yeni ixtisasların yaradılması, onların maddi texniki bazasının möhkəmləndirilməsi, tələbə qəbulunun ilbəil artırılması mühüm amil hesab edilirdi. Ölkəmizdə ali təhsilin inkişafına dair qəbul edilən dövlət sənədlərində Heydər Əliyevin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin inkişafı haqqında ayrıca bölmələrin ayrılması universitetə Heydər Əliyev qayğısının təzahürü idi. Universitetin maliyyələşdirilməsinə xüsusi qayğı onun daha da inkişafını təmin edən amillərdən biri kimi qiymətləndirilməlidir.

 

Abuzər Xələfov

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BDU-nun fəxri professoru, BMT yanında İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor

Azad Azərbaycan qəzeti

 

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024