Bakıda MDB-nin humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu başlamışdır

12/10/2010

Oktyabrın 12-də Bakı Dövlət Universitetində (BDU) MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu öz işinə başlamışdır.
Forumun birinci günü Əlaqələndirmə Şurasının iclası keçirilmişdir.
Forum iştirakçıları əvvəlcə BDU-da Heydər Əliyev muzeyi ilə tanış olmuş, universitetin fəxri doktorlarının və AMEA-nın üzvlərinin fotoları əks olunmuş stendə baxmışlar.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev forumu açaraq iştirakçıları salamlamışdır. Bildirmişdir ki, ilk dəfə təşkil edilən beynəlxalq tədbirdə MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən 30 nümayəndə iştirak edir. Əlaqələndirmə Şurası forumda müzakirə olunacaq məsələləri, təşkili nəzərdə tutulan mədəni tədbirləri müzakirə edəcəkdir.
Bildirilmişdir ki, oktyabrın 13-də forum iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Sonra forumun ümumi iclası keçiriləcək, məruzələr dinləniləcəkdir. Forum çərçivəsində Bakının tarixi yerləri ilə tanışlıq və digər mədəni tədbirlər də nəzərdə tutulur.
İclasda çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bildirmişdir ki, ilk dəfə keçirilən forumun ideyası cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəlmişdir. Həmin vaxt forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini qeyd etmişdir. Məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının forumunun keçirilməsi ilə bağlı təşkilati işlərə başlanılmışdır.
Y.Pivovar forumun təşkilinə və birinci toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, forum yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında da əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
İclas iştirakçıları MDB-nin humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının ilk toplantısının Bakı forumu adlandırılması barədə razılığa gəlmişlər.
Əlaqələndirmə Şurasının iclasından sonra qonaqlar Bakıdakı bir neçə ali məktəblə və 132-134 nömrəli təhsil kompleksi ilə tanış olmuşlar.

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024