Bakıdan Londona uzanan yol... Getdik, gəzdik, gördük... - I YAZI - REPORTAJ

02/04/2014

Əməkdaşlarımızın London təəssuratları

Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun “Biznes jurnalistika” layihəsinin iştirakçıları arasında Bakı Dövlət Universitetinin  Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin müəllimi Könül Niftəliyeva da olub. İlk mərhələsi 11-15 noyabr 2013-ci il, ikinci mərhələsi isə 11-15 yanvar 2014-cü il tarixlərində Bakıda baş tutan layihənin sonuncu hissəsi 16-23 mart tarixində Londonda keçirilib.

Nə öyrəndik?

Təlimçi Tomson Fondunun məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis, 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda və onlayn əməliyyatlar sahəsində dəfələrlə mükafatlandırılaraq baş redaktor və baş menecer vəzifələrində çalışan Den Meysonun sayəsində bunları: onlayn məlumatların zənginliyi, interaktiv cədvəllər, xəritələr və infoqrafikanın yaradılmasında istifadə olunan sadə, amma güclü vasitələrlə müxtəlif hadisələrin şıqlandırılması və mürəkkəb mövzuların açıqlanmasının yeni yolları, onlayn oxucular üçün məlumatların tapılması, hazırlanması və vizuallaşdırılması, əlaqələrin yaradılması məqsədilə sosial media vasitələrindən səmərəli istifadə və nüfuzunu artırmaq, multimedia yazılarının planlaşdırılması və yaradılması, onlayn axtarışın daxili mexanizmi, yazma və redaktə bacarıqları, şəkil, audio və video materialların yaradılaraq internetə yükləmənməsini.

10 günlük Bakı təlimləri

Jurnalistlər üçün faydalı oldu. Onlar əmin oldular ki, bu müddətdə effektiv surətdə əməkdaşlıq etmək, şəxsi təşkilati bacarıqları mükəmməlləşdirmək və sadə onlayn vasitələrdən istifadə edərək daha effektiv fəaliyyət göstərmək, onlayn axtarış, sorğular və digər mənbələr vasitəsilə məlumat əldə etmək, verilənlər arxasında duran hadisələri görə bilmək, habelə cədvəl, diaqram, qrafik, xəritə və vaxt cədvəllərinin vizuallaşdırılmasında istifadə olunan pulsuz vasitələrin geniş çeşidi ilə tanış olmaq, mətn, şəkillər, video, audio, verilənlər, vaxt cədvəlləri və s. kimi vasitələrdən istifadə edərək strukturlu multimedia yazısını planlaşdırmaq, mətn, multimedia və qrafikadan ibarət bloq və ya internet saytını yaratmaq və idarə etmək bacarığına malikdirlər. Eyni zamanda, onu da yəqin etdilər ki, mobil vasitələrdən istifadə edərək, video və audio müsahibələri yazmaq, internetə yükləmək, yaxşi reputasiya və nüfuz qazanmaq, ictimaiyyəti daha fəal iştirak etməyə sövq etmək və hadisələri işıqlandırmaq məqsədilə sosial mediadan istifadə etmək, sosial media mənbələrindəki məlumatın düzgünlüyünü yoxlamaq və yeni yazı formalarını yaratmaq üçün istifadəçilər tərəfindən yaradılmış tərkibə nəzarət etmək vərdişlərinə sahibdirlər.

Təkcə bunamı?

Əlbəttə yox. Layihənin daha faydalı və səmərəlisi Londonda olacaqdı. Elə isə haydı dostlar, irəli!!! Viza üçün sənədləri, digər lazımi vasitələri qaydaya salmaq vaxtıdır. British Councilin Proqramlar Departamentinin xanım əməkaşları Nigar Baimova və Könül Əhmədovanın sayəsində bütün maneələri pillə-pillə aşdıq və vaxtdır. 16 mart tarixində Heydər Əliyev adına Beynəlxalq hava limanındayıq. İstiqamət İngiltərə. Gedəcəyimiz ünvanları bilsək də, həyacan da vardı. Haqqında kitablardan oxuduğumuz, müəllimlərimizdən eşitdiyimiz Londonu canlı görməcək, tələbəliyimizin ilk illərində haqqında oxuduğumuz, dəfələrlə imtahan biletlərinə sual kimi salınan nəhəng mediaqruplarda olacaqdıq. Əla hisslərdir. 6 saatı tamamlamaq üzrəyik və Londonla bağlı ilk təəssüratlarımızı təyyarədən alırıq. Əksəriyyət eyni fikirdə olur: yaşıl şəhər. Təyyarə yerli vaxtla saat 15:10-da Hitrou hava limanına enir və getməmişdən öncə qrupumuzda yazdığım «dostlar, Londonun bizə hava surprizi edəcəyindən əminəm» ehtimallarım özünü doğruldur. Doğrudan da hava gözəldi. Nə soyuq var, nə də şaxta.


Hitrou-Strand Palace

İsti olan təkcə hava yox, həm də ilk qarşılanma mərasimimiz olur. Tomson Fondunun əməkdaşı, əslən Pakistandan olan Məryəm Şahla çoxdankı dostlar kimi görüşürük. Bizim üçün ayrılan avtobusla şəhərə doğru istiqamət alırıq. İlk diqqətçəkən məqam küçələrin, binaların və pəncərələrinin təmizliyi, əksər evlərin qarşısındakı gül-çiçəklər, yolboyu düzülən və yarpaqlarını töksələr də, ətrafa xüsusi yaraşıq verən ağaclar və ən əsası tıxascıslıq. Otelə yerləşər-yerləşməz şəhər gəzintisi tarixi Trafalqar döyüşünün şərəfinə adlandırılan meydandan başlayır. Adətən həftəsonu istirahət edən, dükan-bazara çox az çıxan londonlular bu dəfə küçələrdə idilər. Başdan-ayağa yaşıla bürünən yerli sakinlər arasında qışqıran kim, içki butulkalarını hara gəldi tullayan kim, zibillikdə eşələnən kim. Çaşqınlığımızı görən Den «hər il martın 16-da London Müqəddəs Patrik gününü qeyd edir. Sabah belə olmayacaq», - deyir. Həqiqətən də sabahısı Müqəddəs Patrik gününün dünəndə qaldığını şahidi oluruq.

Londonun simvolları

Ən çox diqqətçəkən qırmızı rəngli 2 mərtəbəli avtobus, eyni rəngli telefon budkası və jurnalistlərin «bizim taksimiz” adlandırdıqları “London taksisi”. Britaniya nəqliyyatının fərqlilikləri çoxdur. Belə ki: sükan sağ tərəfdədir, gediş haqqı təxminən 2 funta yaxındır, avtobuslara minik sürücü tərəfdən, enişisə arxa qapıdandır, ödəniş etmədən avtobusa daxil olmaq yasaqdır. Dayanacaqda avtobusu gözləmək üçün gözlə (wait) düyməsini basmaq, avtobus dayanacağa yaxınlaşanda isə bir addım irəli gələrək onu gözlədiyini hiss etdirmək lazımdır. Əks halda, o, dayanacaqda saxlamayacaq. Bu arada qeyd edək ki, gözləmə monitorlarının tam dəqiqliklə işləməsi də diqqətdən yayınmır. Londonun yolları təmiz olduğu qədər rahatdır. Piyadalar üçün bütün yollarda saga və ya sola baxmaq üçün (look right, look left) sözlərini görmək mümkündür. İnsanlar və avtomobillər yol hərəkəti qaydalarına tam riayət etdiklərindən, təhlükəyə əsas yoxdur.


Bəs metroda?

Bu ölkədə bütün nəqliyyat vasitələrində vahid kartdan istifadə edilir və avtobuslardan fərqli olaraq, metroda gediş haqqı çıxarkən ödənilir. Bakı metrosu və vaqonları ilə müqayisədə London metrosu daha yığcam, daha kiçik təsir bağışlayır. Metroda ticarət obyektləri də, zir-zibil də görmək mümkündür. Amma vaqonların xüsusi yerlərinə qoyulan qəzetlər (əsasən London Evening Standart) daha diqqətçəkəndir. Vaqona minən hər bir sakin vaxtını boş yox, ən azı bir informasiya almaqla keçirə bilir. Əksər metro çxışlarında və dayanacaqlara yaxın yerlərdə pulsuz qəzet və jurnal ənənədəndir.

Biq Ben, Vestminster, Bukingem, Ceyms və Qreen Park


Britaniyanın fəxri və rəmzi sayılan Vestminster saray kompleksinin bir hissəsi olan zəngli saat qülləsi Biq Bendə olmağın ayrıca yeri var. Çarlz Berri və Oqastes Uelbi Pyucin tərəfindən Qotika memarlıq üslubunda inşa edilən 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Bəzən Müqəddəs Stefan qülləsi də adlandırılan Biq Ben 1858-ci ildə tikilib, saat isə 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun", saatin sağ və sol tərəflərində, qüllənin üzərində isə "Laus Deo", yəni "Tanrıya şükür" sözləri qeyd edilib. 2012-ci ilin iyun ayında ingilis parlamentarilər bu saat qülləsinin adının İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə «Yelizavet qülləsi» adlandırılmasına qərar veriblər. Bu qüllənin yerləşdiyi binada həm Nümayəndələr və də Lordlar palatası yerləşir. (Bu haqda növbəti yazıda). Kimsənin Londona və bu qülləyə yolu düşərsə, unutmasın ki, gözətçi xanımlar yalnız onlarla bircə dəfə şəkil çəkdirməyə icazə verirlər. Ən gözəli isə odur ki, Londonun harasında olursan-ol Biq Ben öz möhtəşəm səsi ilə sənin yanındadır. Britaniya monarxlarının, hazırda II Yelizavetanın rəsmi London iqamətgahı Bukingem sarayının qarşısı orada olduğumuz müddətdə qələbəlikdi. Hər gün 11.30-da gözətçilərin növbə dəyişməsinin xüsusi təmtəraqla qeyd edilməsi də sarayın daimi qonaqlı-qaralı olmasında rol oynayır. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşən bu sarayın təməli 1703-cü ildə qoyulub. 1762-ci ildə o Böyük Britaniya kralı III Georq tərəfindən kralın şəxsi iqamətgahı kimi alınıb və növbəti 75 ildə onun yanında daha üç bina tikilib.

19-cu əsrdə inşa edilməsinə baxmayaraq, məğrur görkəmi ilə London turistlərini heyrətləndirən Vestminister sarayı ya da Parlament binası mötəbər tədbirlərin keçirildiyi məkandır. Vestminister sarayı son illərdə şahzadə Diana və Çarlzın oğlu Uilyamın toy mərasimi ilə daha çox yaddaşlarda həkk olunub.

Ceyms və Qreen Park, o cümlədən Londonun bütün parkları yaşıllıqları, təbiiliyi ilə göz oxşayır. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı bu paytaxt şəhəri həm yerli sakinlərin, həm də turistlərin ən çox sevdiyi məkandır. Təbiətin gözəlliyi ilə təbii şəkildə ünsiyyətdə olmaq, çiçəklərin ətrindən, quşların nəğməsindən xoşhal olmaq kimin ürəyincə olmaz ki?!


Ukraynalılar etiraz, Zimbabvelilər şadlıq edir

Londonda hər kəs öz işindədir. Heç kim bir-birinin işinə qarışmaz və heç kim başqasının nə etdiyinin fərqinə varmaz. Məşhur Trafalqar meydanın bir tərəfində ukraynalılar Krımın birləşdirilməsinə etiraz edir, o biri tərəfində isə zimbabvelilər müstəqillik günlərini xalq mahnılarını ifa etmək, çalıb-oynamaqla qeyd edirdilər. Əllərində doğma bayraqları ilə…

Həmişə ucada ol, bayrağım!!!

Londonda bizi doğma bayrağımız qədər qürurlandıran ikinci bir məqam olmadı. Bu şəhər bütün atributları ilə gözəldir. Amma Kensinqton küçəsində yerləşən səfirliyimizin önündə 3 rəngli

bayrağımızın dalğalanmasının şahidi olmaqdan gözəl ikinci bir hiss yoxdu. Doğma məkan, doğma simalar, doğma dil. Ətrini aldıgımız Azərbaycan, səni sevirik…


Ardı olacaq

Pərvanə İbrahimova
Könül Niftəliyeva
Bakı-London-Bakı

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024