BAKI DÖVLƏT UNİVERSİTETİ V.RAZUMOVSKİNİN XATİRƏ - OÇERKİNDƏ

31/08/2018

Bizə-yəni bütün xalqımıza doğma olan,milli tariximizin iftixarı Bakı Dövlət Univerisitetinin yüz illik yubleyinə qısa bir müddət qaldı.Millətimizin və dövlətçiliyimizin tarixində hadisə kimi qiymətləndirilən bu universitetin layiqli qiyməti  Bakı Dövlət Universitetinn 100 illik yubleyinin  keçirilməsi haqqında  Azərbaycan  Respubilkası  Prezidentinin  14 noyabr 2017-ci il tarixli sərəncamında  özünün dəqiq  əksini  tapmışdır: “Azərbaycan  Xalq  Cumhuriyyətinin  yadigarı  Bakı Dövlət  Universiteti  müsəlman  Şərqində yeni  tipli  ilk ali məktəb kimi  yarandığı vaxtdan etibarən  naliyyətlərlə  zəngin  bir  yol  keçmişdir. Daim azərbaycançılıq  məfkurəsinə  sadiqlik  nümayiş  etdirən  Universitetin  ölkədə  ali  təhsil  sisteminin qurulmasında, elmi  tədqiqatların  dərin məzmun kəsb edərək son texnalogiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin surətləndirilməsində  təqdirəlayiq xidmətləri vardır” (“Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. “Azərbaycan ” qəzeti, 15 noyabr 2017). Prezidentin Sərəncamında daha sonra bu Universitetin tarixi xidmətlərinin çağdaş düşüncəmizə təsiri belə qiymətləndirilir. “Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədəkar əməyi sayəsində yetirdiyi içtimai-siyasi, elm və  mədəniyyət  xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respubilkada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının  davamlı  təkminləşdirilməsi  və  elmi-intellektual  mühitin  inkişaf  səviyyəsinin daha da  yüksəldilməsi, o cümlədən   Azərbaycan  xalqının  tarixi –mədəni  dəyərlərinin  və  mənəvi-əxlaqi  sərvətlərinin  qorunub  yaşadılması,  Universitetin  dünya  təhsil  məkanına  inteqrasiya  yolu  seçməklə  göstərdiyi  bugünkü  çoxşaxəli, geniş  fəaliyyətin  başlıca  istiqamətlərini  təşkil  edir”.

Göründüyü kimi, Prezident  Sərəncamının bu yığcam  sətirlərində  Universitetimizin həm tarixi xidmətlərinin, həm də  müasir  fəaliyyət  istiqamətlərinin  real qiyməti  verilmişdir. 100  illik yubleyini  iftixarla  qeyd  edəcəyimizə  artıq çox  az  bir  zaman  qalmış bu  böyük və müqəddəs Universitet dövrün çətin sınaqları anında necə yaranmışdır,onun təsis edilməsi hansı ağ və qara qüvvələrin cəhdlərindən keçmişdir, xalqımızın gələcək həyatında  tale yüklü bir rol oynayacaq bu elm və təhsil ocağı öz yaranışında nə kimi çətinliklərlə üzləşmişdir? kimi suallara obyektiv  cavabın özü də tarixin unudulmaz səhifələrindədir.Bu tarixi səhifələrdən birini və bəlkə də ən əsasını Bakı Universitetinin yaradılmasında misilsiz rol oynamış, universitetin ilk rektoru, professor Vasili Razumovskinin  “Bakı şəhərində Universitetin yaradılması” adlı tarixi oçerki təşkil edir. BDU-nun bugünkü rektoru, Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü  Abel Məhərrəmovun  rəhbərliyi ilə Universitetimizin 95 illik yubileyi ərəfəsində çap edilmiş “Bakı şəhərində universitetin yaradılması” adlı kitabda əsas yeri eyni adlı oçerk tutmuşdur. Kitabın müəllifləri V.İ.Razumovski və A.O.Makovelskidir. Akademik Abel Məhərrəmovun layihəsi əsasında və dosent Fikrət Şiriyevin tərtibçiliyi və məsul redaktorluğu ilə çap olunan bu kitabdakı xatirələr, xüsusilə V.Razumovskinin  xatirələri Universitetimizin yaranmasının  tarixinə bir güzgü tutur. Kitaba yazdığı ön sözdə Abel müəllim kitabın meydana gəlməsinin əsas səbəbini belə izah edir: “Bizim nəslin əlinə XX əsrin əvvəllərində rus dilində çap edilmiş iki məqalə çatib.Bunlardan biri  BDU-nun ilk rektoru olmuş professor Vasili Razumovskinin, digəri tanınmış polyak alimi Aleksandr Makovelskinindir. Maraqlı cəhət burasındadır ki, A.Makovelski bolşevik hökumətinin icraçı nümayəndəsi olduğuna görə yazdığı məqalədə komunist rejiminin tələblərini yerinə yetirib. O biri məqalədə isə (yəni Razumovskinin oçerkində - G.M) məsələyə daha obyektiv yanaşılır. Tarixi həqiqətlərə işıq salmaq hər iki məqalənin ümumi cəhətidir və bu baxımdan əhəmiyyəti olan məqalələri oxuyarkən düşündük ki, görəsən bizdən sonrakı nəsillər bu məqalələri tapa, yaxud rus dilində oxuya biləcəklərmi?  Bütün bunları düşünərək, məqalələri Azərbaycan dilinə tərcümə etdik və həm orjinalda-yazıldığı dildə, həm də ana dilində oxuculara təqdim edirik” (A.Məhərrəmov. V.İ.Razumovski, A.O.Makovelskinin “Bakı şəhərində Universitetin yaradılması” kitabına ön söz. Bakı,” Nurlar” nəşriyyat - Poliqrafiya Mərkəzi, 2014, səh.4.). Akademik Abel Məhərrəmovun bizdən sonrakı nəsillərə ünvanladığı bu kitab və onun içindəki xatirə-oçerklər indiki çağın oxucuları üçün də çox vacib əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Prezidentinin Sərəncamında da deyildiyi kimi, müsəlman Şərqində yeni tipli ilk ali məktəb olan bu Universitetin yaranma tarixinə onun meydana gəlməsində və ilk dövrdəki fəaliyyətində mühüm rol oynamış adamların öz dilindən nəzər salmaq çox mühüm bir hadisədir. Bizim də əlimizdəki bu yazının ortaya çıxmasına belə bir fakt səbəb oldu. “Bakı şəhərində Universitetin yaradilması” kitabının nəşr olunmasından beş ilə yaxın bir vaxt ötməsinə baxmayaraq hələ geniş ictimaiyyət bu kitabla yaxından tanış deyil. Halbuki min bir tellərlə Azərbaycan xalqının hər bir ailəsinə bağlı olan bir Universitetin tarixi ilə bağlı bu kiçik həcmli kitab gərək hər ailənin stolüstü kitabı olsun.Cəmi 500 nüsxə tirajla nəşr olunmuş bu kitab, 100 illik yubileyinə hazırlaşdığımız bir Universitetin ən azı məzunlarının sayı qədər olmalıdır. Bu say ən azı minlərlədir. Ümid edirik ki, Universitetimizin 100 illiyi şərəfinə tərtib edilən bu kitabı elə onun nəşriyyatlarda çalışan məzunları böyük tirajla yenidən millətimizə ərmağan edəcəklər. İndiki halda isə biz həmin kitabın Universitetin yaranma tarixinə dair faktları üzərində dayanmaq istərdik.

O, Saratov, Tiblisi və Baki Universitetlərinin yaradilmasinda əvəzolunmaz xidmətlər göstərmiş, Saratov və Baki Universitetlərinin ilk rektoru vəzifəsini tutmuşdur. Həmin qisa bioqrafiyadan məlum olur ki, V.Razumovski Bakı Universitetinin yaradılmasında, hətta Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentində bu barədə qərarın qəbul olunmasında çox böyük səy göstərmişdir. Universitetin professor-müəllim heyəti ilə təmin olunması, tədris prosesinin təşkilində böyük rol oynamış bu rektor bolşevik Rusiyasının Azərbaycanı zəbt etməsindən dərhal sonra əvvəllər işlədiyi Kazan Universitetinə qayidir və 1935-ci ildə Kazanda vəfat edir.

Professor V.Razumovskinin əsərləri çoxdur. Lakin haqqında bəhs etdiyimiz tarixi oçerki Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı hadisələri ən obyektiv şəkildə bizə çatdıran misilsiz bir əsərdir. Müəllif xatirə-oçerkin lap əvvəlində öz məqsədini bele ifadə edir. “Bakıda Universitetin  açılması Zaqafqaziya tarixində möhtəşəm hadisə idi; mən bu prosesdə iştirak etdiyim üçün hələ ki, buna aid faktlari təfərrüatı ilə xatirladığıma görə olayları şərh etməyi özümə borc bilirəm”

V.Razumovski bu memuar əsərində əvvəlcə Rusiyadan Qafqaza gəlməyinin bəzi detallarını xatırlayır. O, Qafqaza rus ordusunda cərrah olaraq gəlib. Rusiyada yenicə baş verən bolşevik inqilabı zamanı Qafqaza göndərilən orduda qulluq etməklə, Tiflisdə Travmatalogiya İnistitunun təşkili ilə də məşğul olur. Burada bir sıra ali məktəb və kursların formalaşmasında iştirak edir. Sonra bir sıra danişiqlarla Bakıda universitet yaradılması layihəsinin hazırlanmasına nail olur. Bu işdə Fətəli Xan Xoyski, Həmid bəy Şahtaxtinski, Nəsib bəy Yusifbəyov və başqalarının həmin təşəbbüsü qiymətləndirdiklərini və erməni qüvvələrinin təkidinə baxmayaraq, universitetin Bakıda təşkil olunmasına kömək göstərdiklərini xüsusi vurğulayır. Müəllif yazır: O zaman “Zaqafqaziya Universitetinin professoru seçilmiş A.M.Levin 1919-cu ilin əvvəllərində Bakıdan Tiflisə gəldi və müşavirədə müəllimləri universitet üçün Bakıda açılacaq perspektivlərlə tanış etdi... Məruzədən aydın oldu ki, universitetin açılması üçün Bakıda mənbə və vəsait vardır. Ayrı-ayrı qruplarla və müəllim heyətinin üzvləri ilə məsləhətləşərək... mən rəsmi şəkildə universitet şurasında universitetin Bakıya köçürülməsi təklifini irəli sürdüm. Əksəriyyət köçməyin tərəfdarı idi, ancaq ayrı bir qurup (xüsusilə ermənilər) Tiflisdə qalmağa ümid edirdilər ( bəlkə də Ermənistana köçmək niyyəti ilə)”. Kiçik qeydlərlə olsa da, müəllif ermənilərin erməni xislətini bu yerdə də cəsarətlə ifadə etmişdir. Bu tarix elə onu da sübut edir ki, ermənilərin Azərbaycana qarşı təxribatları tarixən hər yerdə özünü göstərmişdir.

Qeyd edək ki, burada söhbət Rusiyanın Tiflisdə təşkil etdiyi Zaqafqaziya Universitetinin Bakıya köçürülməsindən gedir. Ermənilər bu məqamda da ancaq öz xeyrlərinə işləməyi üstün tutmuşlar. V.Razumovski uzun mübahisələrdən və mübarizələrdən sonra universitetin Bakıya köçürülməsi qərarını böyük sevgiylə belə xatırlayır: “Bakıda universitetin təşkili bizim hamımıza məlum oldu. Azərbaycan hökümətinin... ciddi istəyi olması ... tezliklə universitetin açılmasına köklənmişdi. Biz başa düşdük ki, Azərbaycan hökümətinin öz universitetini yaratmaq qərarı o qədər ciddi idi ki, Rus Zaqafqaziya Universiteti bura ( Bakıya) köçürülməsə də Bakıda Universitet onsuz da açılacaq: dəqiq vaxt da göstərilmişdi- mayın biri”.

Daha sonra müəllif bu universitetin İrəvanamı, Bakıyamı köçürülməsi və ya Tiflisdə qalması ətrafında 3 fikir cərəyanı olduğunu deyir və bu sırada ermənilərin məkrli təşəbbüsünü, hətta Razumovskini dilə tutduqlarını qeyd edir. Bu yerdə müəllif yazır: “Yeri gəlmişkən onlar mənə də Erivanda universitetin təşkili işini rəsmi şəkildə deyil, şəxsi təşəbbus kimi öz üzərimə götürməyimi təklif etdilər. Mənim üçün toplanmış məlumata əsəsən,müharibə və aclıqdan dağılmış Erivanda yaxın gələcəkdə universitetin yaranması üçün şərait yox idi”. Daha sonra V.Razmoviski yazır ki, rəyini soruşduğumuz adamların çox hissəsi Erivanda universitetin yaradılmasının qeyri-mümkün  olduğunu bildirmişdilər. Universitetin Tiflisdə qalması uğrunda gürcülərin də səyləri boşa çıxır. Lakin Tibb universitetinin tələbələrinin səyi əsasında Universitetin Bakıya köçürülməsi prosesinə başlanılır. Bakıda komissiya universitetin təşkilinə başlayır. Xüsusilə azərbaycanlı ziyalılar, yeni hökumətin üzvləri bu işdə çox fəallıq göstərirlər. Amma yenə də çətinliklər.Müəllif yazır ki, Universitet üçün, xüsusilə tibb fakültəsi üçün laboratoriya, avadanlıq problemi vardı. Bir tərəfdən də “Gürcüstan hökuməti laborotoriya obyektlərini Bakıya aparmağa icazə vermirdi”. Oçerkdə daha sonra tarix-filaloji fakultə üçün kitabxana çətinliyi təsvir olunur. Universitetin Nizamnaməsinin hazirlanması və.s çətinliklərdən sonra Parlamentdəki ikitirəlik və süründürənçilik üzərində dayanan müəllif yazır: “Universitet işi parlament komissiyalarından keçəndə əsil süründüməçilik başlandı”.

Xatirədən məlum olur ki, Razumovski, komissiyanın bir çox üzvləri və Azərbaycan ictimaiyyəti universitetin yaradılmasını sürətləndirmək üçün böyük işlər görmüşlər. Sürətləndirmə ona görə lazım imiş ki, “işin ləngiməsi bütün universitet məsələsinin tam dağılması ilə nəticələnə bilərmiş”. Xatirə-oçerkdə müəllif acı bir məsələni də kədərlə yada salır. Məlum olur ki, cəmiyyətdə və parlamentdə universitetin açılışına əks qüvvələr də olmuşdur. Müəllif yazır: “...mətbuatda universitetə düşmən mövqeli məqalələr göründü, universitet əleyhinə yığıncaqlar keçirilirdi”.

Məlum olur ki, hətta tələbələrin təhsil alması üçün milli universitet yaratmaqdansa, onları Avropaya göndərmək ideyası formalaşmışdı. V.Razumovskinin dediyinə əsasən, hətta Müsavat Partiyasının bir sıra nüfuzlu üzvləri də universitet əleyhinə olmuşlar. Lakin M.Ə.Rəsulzadə başda olmaqla, Mehdi bəy Hacinski və başqaları parlamentdə universitet ideyasini güclü müdafiə etmişlər. Bu yerdə Parlament Universitetin Nizamnaməsini qəbul edib və həmin gün- 1919-cu il sentyabrın 1-i Bakı Universitetinin yaranması günü kimi elan olunub. V.Razumovski “bu günü Türk xalqının tarixinə yeni, parlaq səhifə əlavə olunduğu” gün kimi qiymətləndirir. Daha sonra Universitetin təşkili işi başlanır. V.Razumovski Bakı Unversitetinin ilk rektoru seçilir. Tələbə qəbulu elan olunur. Müxtəlif universitetlərin təcrübəsi öyrənilir, müəllimlər cəlb olunur. Tibb, tarix-filoloji, şərqşünaslıq fakultələrinə tələbə qəbulu uğurla həyata keçirilir. Hətta, Bakı Universitetinin xəbərləri kimi elmi jurnal nəşrə hazırlanır. V.Razumovski bu yazısında deyir: “Mənə əziz olan Bakı Universitetinin professorları ilə birgə işim həyatımın ən yaxşı xatirəsi kimi qalır. Mən Bakı Universitetinin böyük gələcəyinə inanıram, onun gənclik həvəsli, mətanətli ilk xadimlərinə və tələbələrinə inanıram. Mən onun nurlu gələcəyinin sarsılmaz uğurlarını görürəm”. Müəllif yazının son sətrini latın dilində belə bitirir: “Vivat, floreat, crescat, Universitas, Bacuensis (yaşa, çiçəklən, var ol, Bakı Universiteti)”.

Bakı Dövlət Universitetinin ilk rektorunun uzaqgörən arzuları bu gün tam reallığa çevrilib. Bakı Dövlət Universiteti Şərq dünyasına öz ışığını saçdı. Bu Universitetin Ümummilli liderimiz Heydər Əliyev kimi məzunu var. Bu Universitet indi dünya universitetləri sırasında uğurla addımlayır. Ümummilli liderimiz “Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti” kimi qiymətləndirir. Universitetimizin azərbaycançılığa, elmi dünyagörüşə, maarif işinə, kadr hazırlığına xidmətləri bu gün yüksək səviyyəyə çatmışdır. Akademik Abel Məhərrəmovun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Dövlət Universiteti “mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir” (A.Məhərrəmov “Bakı Dövlət Universiteti” kitabına ön söz. “Bakı Universiteti” nəşriyyatı, Bakı, 2014, Səh.7).

Prezident İlham Əliyev Universitetimizin xalqa, millətə xidmətini belə qiymətləndirir: “Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçəliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir”.

Belə bir Universitetin yaranma trixini özünün “Bakı şəhərində Universitetin yaradılması” adlı tarixi öçerkində obyektiv şəkildə işıqlandıran V.Razumovskinin  ruhu şad olsun.

Biz Universitetimizin tarixi ilə bağlı bu kitabdakı digər yazılara toxunmadıq. Əlbəttə , o yazılarda da bir çox tarixi həqiqət var. Lakin bizim bu yazıda əsas məqsədimiz Universitetimizin 100 illiyi ərəfəsində həmin kitabı yenidən xatırlatmaqdan ibarət oldu. Biz həmin   kitabın yeni nəşrini səbirsizliklə gözləyirik.

Günel Mehdizadə

Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi

və təcrübəsi kafedrasının II kurs magistrantı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024