Əbdürrəhim bəy Haqverdiyev - 150

17/05/2020

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur. Ə.Haqverdiyev Azərbaycan SSR əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı; “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur "Molla Nəsrəddin" jurnalının baş redaktorlarından biri olmuşdur.

Ə.Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı pyes, Peterburqda təhsil alarkən  "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazmışdır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar, Bakıda Şərq konsertləri (1902-1903) təşkil etmiş və "Ata və oğul", “Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirmişdir.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə etmiş, "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Lağlağı". "Mozalan", "Süpürgəsaqqal" kimi imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirmişdir. 1919-cu ildə nasir Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərilmiş, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilmişdir. Dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Emil Zolyanın "Qazmaçılar", Mari Fransua Volterin "Sultan Osman", Hans Xristian Andersenin "Bülbül", Maksim Qorkinin "İzergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə etmişdir. Klassik irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edən Haqverdiyev  "Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri nəsrimizin incilərindən sayılır.

Əbdürrəhim bəy 1921-1931-ci illərdə Bakı Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, BDU-da milli elmi kadrların hazırlanmasında yaxından iştirak etmişdir. O, bu işi uğurla davam etdirmiş, universitetdə 1922-ci ildə yerli komitənin sədri, 1923-1925-ci illərdə Azərbaycanın Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri olmuşdur. Bu dövrdə yaranan Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti o vaxtlar ilk elmi-tədqiqat müəssisəsi olaraq alimlərə elmi işlərini müdafiə etməkdə köməklik etmiş, sənədlər vermişdir. Hətta 1924-cü ildə Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi bu işin təşkilində Əbdürrəhim bəy çox fəal çalışmışdır. Onun bu uğurlu işi və təşkilatçlıq qabiliyyətinə görə SSRİ alimləri Əbdürrəhim bəyi Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun 1924-cü ildə keçirilən beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçmişlər.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəmizə töhfələr bəxş etmiş qüdrətli söz ustası Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd edilir.

BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş "Ağrı" essesini təqdim edirik:

 

 

Ağrı

(Esse)

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinə həsr olunur.

Bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Əbdürrəhim bəy Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərəncamı ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verilən qiymətin nəticəsi kimi mühüm əhəmiyyət kəsb edir. Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. O, yaradıcılığı dövründə pyes, hekayə, məqalə və xatirə yazıb, rus və dünya ədəbiyyatından tərcümələr edib, eyni zamanda, səhnəmiz üçün dram əsərləri yazıb.

Azərbaycan ədəbiyyatının ən ziyalı yaradıcılarından olan Əbdürrəhim bəy Haqverdiyevin ömrünün son saatlarını əks etdirən maraqlı bir fotosu yadigar qalıb. Ölüm döşəyində taqətdən düşüb gözlərini qapayan ədibin uzandığı taxtın baş tərəfindəki mizin üstündə açıq bir kitab var. Bu, onun ölümlə çarpışa-çarpışa oxuyub başa çatdıra bilmədiyi son kitabdır. Həmin son kitab həm də yarımçıq qırılan ömrün mənalı rəmzi təsirini yaradır. Hər bir yazıçının, fikir adamının yazdığı, nəşr etdirdiyi, hətta oxuduğu kitablardan əlavə, sonadək yazılmamış ömür kitabı da olur və həmin kitab axıra qədər yazılmadığı kimi, heç vaxt axıra qədər oxunmur...

Özünəməxsus poetik istedad sahibi olan, sözə istədiyi rəngi və mənanı verməyi bacaran Əbdürrəhim bəyin ömür kitabından əsərlərinə nüfuz etmiş düşüncələr bu gün filoloji baxımdan daha maraqlı və aktual görünür. Ədibin ömrün son aylarında dəftərxana üslubunda qələmə aldığı, sırf rəsmi səciyyə daşıyan tərcümeyi-halından oxuyuruq: "Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan, əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu".

Əbdürrəhim bəy bu cümlələri qələmə alanda artıq böyük və təlatümlü bir həyat yolu keçmişdi, zamanın görünməmiş fırtınalarının içindən adlamışdı. XX əsrin əvvəllərində Azərbaycan milli ideologiyasının formalaşmasında yaxından iştirak etmiş, yeni ictimai məzmun qazanan milli mədəniyyətin ən qaynar hadisələrinin mərkəzində olmuşdu. Yolu həbsxanadan belə keçmişdi. Çar hakimiyyəti dövründə Dumaya üzv seçilmiş, müstəqil Azərbaycan dövləti qurulanda məsul vəzifəyə təyin edilmiş, sovet hakimiyyəti illərində bütün ziddiyyətləri və fəlakətlər ilə bərabər, yenidən qurulan cəmiyyətdə mədəniyyətin və təhsilin keşiyində durmuşdu...

Zamanın burulğanlarında yaşamış Ə.Haqverdiyevin ömrün qürub çağında qələmə aldığı qeyri-bədii "protokol" qeydlərinin əhəmiyyəti isə bundadır ki, qeydlərdə rast gəldiyimiz həyat faktlarının ədibin bədii əsərlərində necə dərin iz saldığını görürük. Bu rəsmi qeydlər yazıçının bədii obrazlarla ifadə etməyə səy göstərdiyi düşüncələrinin ünvanını, yaranma mənbəyini nişan verir. Dəftərxana qeydləri ədibin yaradıcılığındakı bəzi məqamların birbaşa öz həyatından, illər uzunu içində daşıdığı ağrılardan gəldiyini əyani və rəsmi şəkildə təsdiqləyir.

Yazıçının ilk qələm təcrübələrindən olan "Ata və oğul" hekayəsində əsərin qəhrəmanı Xəlilin atasının ən böyük arzusu oğul qazancının çörəyini yeməkdir. Lakin bu niyyət atanın gözündə qalır, Xəlil atasını itirir. Atasının "sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi". Bu hekayədə Hacı Xəlilin oğlu Əkbərin də faciəsi atasının ölümü ilə şərtlənir, ata öləndən sonra oğul yolunu itirir...

Beləliklə, Ə.Haqverdiyev yaradıcılığa özü kimi atasını vaxtsız itirmiş gənclərin taleyinin bədii tədqiqi ilə başlayır və bu "araşdırma" sonradan ardıcıl səciyyə qazanır. İlk əsərlərindən olan və yazıçının cəsarətli bədii axtarışlarının zənginliyi ilə seçilən "Ayın şahidliyi" hekayəsində quldur ehtirasının qurbanı olan Səlmanın ən böyük narahatlığı və nigaranlığı uşaqlarının yetim qalmasıdır. Ölümdən qabaq öz qatilinə balalarının yetim qalmaması naminə dil tökür: "Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm... Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma"...

"Odabaşının hekayəsi" poetik baxımdan və ictimai məzmununa görə ədibin ilk hekayələrindən tamamilə fərqli olan "Xortdanın cəhənnəm məktubları"nda xüsusi yer tutur. "Hekayə içində hekayə" kimi verilən bu əsərdə qarşımıza qəddar əmi obrazı çıxır. Müəllifin cəmiyyətin ən ağrılı problemlərini, millətin qanayan yaralarını ironiya və gülüşlə əyaniləşdirməyə nail olduğu bu əsərdə zalım əmi obrazı qabarıq cizgilərlə təsvir edilir. Bütün dəyərləri öz ticarət arşını ilə ölçən Hacı Kamyab vicdansız qardaş və rəhmsiz əmidir. O öz qardaşını və qardaşının oğlunu həm mənəvi, həm də fiziki cəhətdən məhv edir. Mühitin əxlaqi və ictimai eybəcərliyinin mərkəzində dayanan Hacı Kamyab qardaşı oğlunun məhəbbətinə ucuz, alıb-sata biləcəyi bir əşya, alver malı kimi baxır, qızını sevdiyini bilə-bilə gənc Fərmanın duyğularından sui-istifadə edir, onu qapısında haqsız-muzdsuz nökər kimi işlədir. Gövhərtacı sevdiyindən ayırır, varlı adamlarla qohum olmağı üstün tutur: "Müftə hambaldır, qoy işləsin. Onun xəyalından mənim qızımı almaq keçir. Qoy xəyal-plovdan nə qədər yeyəcək yesin. Mən qızımı ərə vermək istəsəm, özümə yaraşan bir şəxsə verərəm, nəinki acın birisinə. Çox da mənim qardaşım oğludur".

Hacı Kamyab böyük günah işlədiyinin fərqində deyil və naqis əməlləri sonradan bumeranq kimi öz üstünə qayıdır. Maraqlıdır ki, öz qızının sevgisini gözündə qoyan Hacı Kamyabı müəllif qəddar ata kimi deyil, vicdansız əmi kimi yaradıb. Hacı Kamyab gələcək qohumluqla bağlı bütün alver haqq-hesabları ilə bərabər, qızının xoşbəxt olacağını düşünür. Sadəcə, onun xoşbəxtik anlayışı yanlış və naqisdir. Əslində, öz qardaşı oğlu ilə zülmkar kimi davranmaqla Hacı Kamyab baş aktyorlarından biri olduğu cəhənnəm dünyasında doğma övladını alver vasitəsinə, ticarət malına çevirmiş, öz namusunu və şərəfini ortaya qoymuş olur. Bu natəmiz və nanəcib alverin içində Ə.Haqverdiyevin tərcümeyi-halında ağrı ilə vurğuladığı zalım əmi arvadının da xəstə ehtirasları qabarıq şəkildə ön plana gətirlir. Qızını sevdiyi oğlana deyil, xan oğluna vermək bu qadına hamamda qürrələnmək, başqalarına yanıq vermək üçün lazımdır:

"-O günü hamamda başıma su tökürəm, gördüm bir nəfər arvad yanımdakına deyir:

- O başına su tökən kimdir? Ona deyin bir az kənara çəkilsin. Suyu üstümə sıçrayır.

Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamyabın arvadıdır, dedi:

- Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İbrahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin...

Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona özüm çimib çıxınca hamama girməyə izn verməyəcəyəm. Qoy desinlər:

- Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir".

Sonradan qızın "müştərisi" dəyişir, onu Hacı Mirzə Əhməd ağa özünə arvad etmək niyyətinə düşür, lakin Fərmanın əmisi arvadının hamamda arvadlara yanıq vermək ehtirası soyumur...

Başdan-ayağa ironiya üzərində qurulmuş "Xortdanın cəhənnəm məktubları"nda Fərmanla Gövhərtacın faciəvi sevgi hekayəsi sentimental-melodramatik faciə kimi təqdim olunur və bu hekayəni ədib böyük ustalıqla əsərin ümumi mətninə uzlaşdıra bilir. "Odabaşının hekayəsi" "Xortdanın cəhənnəm məktubları"nın kontekstinə genişlik və bütövlük gətirir...

Ə.Haqverdiyevin yaradıcılığında onun tərcümeyi-halı ilə yaxından səsləşən ən maraqlı əsərlərdən biri də 1900-cü ildə gənc yaşlarında yazdığı "Bəxtsiz cavan" faciəsidir. Ə.Haqverdiyev yaradıcılığının tədqiqatçısı professor Kamran Məmmədov bu əsərdə ədibin "qismən öz həyatını təsvir etdiyi"ni yazmışdı. Faciədə ədibin özünü, öz həyatının işıqlandırılması məsələsinə iki rakursdan yanaşmaq mümkündür. Birincisi, əsərdə birbaşa yazıçının tərcümeyi-halından gələn oxşar faktlar: məsələn, Fərhadın atasının erkən vəfat etməsi, anasının ikinci ərə getməsi, atalığının Fərhadı oxutması və s. İkinci yanaşma isə Fərhadın iç dünyasında baş verənlər, qəlbində gəzdirdiyi ağrılar və mənəvi əzablar, iztirablardır. Tərcümeyi-hal qeydlərindən də göründüyü kimi, Ə.Haqverdiyev bu ağrıları bütün ömrü boyu özü ilə yaşatmışdı. "Bəxtsiz cavan" əsərinə faciə pafosu gətirən də müəllifin içində daşısdığı, müəyyən qədərini gənc Fərhada yüklədiyi psixoloji üsyandır.

Oxumaqdan gələn Fərhadın münasibətləri nə qədər təmkinli göstərilsə də, Fərhad sanki mühitə üsyan etməyə, mühitlə döyüşməyə hazır gəlib. Anasının ikinci ərinə, əmisinə qarşı ürəyi doludur və özünün təbirincə deyilsə, üfunət mühitinə qarşı dolmuş səbir kasası tezliklə daşır. "Əmimə de və özün də bilginən ki, ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncərəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz".

Əsərdə qəhrəmanların münasibətlərində, dialoqlarda hadisələrin məntiqindən gələn dramatizmi inkar etmədən bir xüsusiyyətə də diqqət yönəltmək zəruridir ki, mətnə daha böyük təsir gücü gətirən psixoloji dramatizm, Fərhadın içində coşub-çağlayan və anası ilə dialoqlarda daha qabarıq üzə vuran daxili hiddət əsərdəki faciə ruhunu dərinləşdirir və dolğunlaşdırır. O da maraqlıdır ki, dialoqlarda bəzən Ə.Haqverdiyevin özü, öz fərdi yaşantıları, sanki yaratdığı obrazlardan öndə görünür.

Fərhadın ən böyük psixoloji əzablarından biri atasından sonra anasının "dingildəyib" ərə getməsi, yenidən ailə qurmasıdır. Yaşı gənc olsa da, ziyalı ədəb-ərkanı ilə oturub-duran Fərhad qəlbində illərlə qövr edən bu yaranı anasına heç cür bağışlaya bilmir. Mehri xanıma: "Sən hərgah mənə ana olsaydın, mənim kimi oğulu tullayıb, dingildəyib ərə getməzdin", - deyir, anası ilə son dərəcə amansız davranır: "Mənim anam yoxdur. O gündən ki, mənim atam ölüb, mən yetim qalmışam. Yox, sən mənim anam deyilsən. Yox, yox, sən ancaq Hacı Səməd ağanın övrətisən. Sən mənim anam olsaydın, məni bəsləyib saxlardın. Havan başına vurub, gedib Hacı Səməd ağa tək qaniçənə övrət olmazdın!"

Ə.Haqverdiyev ömrünün sonunda yazdığı tərcümeyi-halında anasının ikinci əri Həsənəli bəyi minnətdarlıqla xatırlayır, onu oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmadığını göstərir. Ədibin "Bəxtsiz cavan"ında Hacı Səməd ağa da and içir ki, Fərhadı öz övladından artıq istəyir. Lakin Ə.Haqverdiyevin yaratdığı "Bəxtsiz cavan"ın daxili dünyasında ananın ikinci ərinə - atalığa qarşı heç bir rəğbət və mülayim münasibət müşahidə olunmur. Bu, gənc müəllifin şüuraltı təhriklə taleyin yazısına qarşı üsyanı kimi özünü göstərir. Ə.Haqvediyev bənzərsiz yaradıcılıq istedadı sayəsində özünün şüur altından qaynayan fərdi instinktiv düşüncələrinə bədii əsaslandırma verir, konfliktin obyektiv şərtlərini əsaslandırır.

Ə.Haqverdiyevin 1932-ci il yanvarın 4-də Əziz Şərifə yazdığı məktubda maraqlı bir məqam var. Məktubun axırına yaxın o, qeydlərini yarımçıq kəsib mötərizə açır və mötərizə arasında bu cümlələri yazır: "(Bu yerdə telefon səsi məni dayandırdı, telefonla bu gün üçdə Mirzə Cəlil Məmmədquluzadənin vəfatını xəbər verdilər; dəfni ayın altısında saat on birə təyin olunubdur. Köhnə qvardiya yavaş-yavaş getmək üzrədir. Oçeredimizi gözləyək)".

Ə.Haqverdiyevin sovet dövründə qələmə aldığı əsərlərin əksəriyyətində "oçered" - növbə gözləmək əhvalını hiss etmək və "oxumaq" isə o qədər də çətin deyil...

 

Məti Osmanoğlu

BDU, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti

 


 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024