BDU-105: Əməkdaşlarının əksəriyyəti öz məzunları olan Coğrafiya fakultəsi

03/09/2024

2024-cü ilin sentyabr ayının 1-də ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) 105 yaşı tamam oldu. Bu illərdə BDU Azərbaycanın ictimai-siyasi, mədəni həyatında ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, zəngin elm və təhsil məbədi kimi öz tarixi missiyasını şərəflə yerinə yetirib, xalqımızın maariflənməsində, ölkəmizdə elmin və təhsilin inkişafında əvəzsiz xidmətlər göstərib.

Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbər təyin edildiyi ötən əsrin 70-ci illərindən başlayaraq, eləcə də  müstəqillik illərində BDU onun hərtərəfli qayğısı ilə əhatə olunub. Ulu Öndər Heydər Əliyev BDU-nun inkişafı üçün müstəsna xidmətlər göstərib. Bu gün elmə və təhsilə qayğı və diqqət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. BDU dövlətimizin dəstəyi ilə inkişafının yeni mərhələsini yaşayır.

Bakı Dövlət Universitetində mövcud olan 16 fakültədən biri də Coğrafiya fakültəsidir.

1943-cü ildə BDU-da “Geologiya”, 1944-cü ildə isə “Coğrafiya” ixtisaslarına ilk tələbə qrupu qəbul edildikdən sonra bu ixtisasları birləşdirən Geologiya-coğrafiya fakültəsi yaradılıb. 1944-1948-ci illərdə fakültədə coğrafi fənlərin tədris olunduğu yalnız bir kafedra - Coğrafiya kafedrası mövcud olub. 1948-ci ildə həmin kafedra iki müstəqil: Fiziki coğrafiya və İqtisadi coğrafiya kafedralarına ayrılıb. 1961-ci ildə isə İqtisadi coğrafiya kafedrasının bazasında SSRİ-nin iqtisadi coğrafiyası və Xarici ölkələrin iqtisadi coğrafiyası kafedraları yaradılıb.

XX əsrin 70-ci illərində bir sıra  nazirlik və komitələrin, eləcə də Azərbaycan Elmlər Akademiyası institutlarının coğrafiyanın yeni müasir istiqamətləri üzrə kadrlara olan tələbatını ödəmək məqsədi ilə həmin mütəxəssislərin hazırlığını həyata keçirən yeni kafedraların açılmasında  ehtiyac yaranıb. Bu məqsədlə Fiziki coğrafiya kafedrasının bazasında üç müstəqil kafedra - Geodeziya və kartoqrafiya (1972), Hidrometeorologiya (1973),  Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə (1980) kafedraları yaradılıb.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Dövlət Ekologiya və Təbii Ehtiyatlardan Səmərəli İstifadəyə Nəzarət Komitəsi, AMEA-nın Coğrafiya İnstitutu, Respublika Təbiəti Mühafizə Cəmiyyəti və şəxsən akademik Həsən Əliyevin birbaşa təşəbbüsü ilə yaradılıb.

2007-ci ildə Coğrafiya fakültəsində daha bir kafedra – Azərbaycan coğrafiyası kafedrası fəaliyyətə başlayıb, 2014-cü ildə isə onun adı dəyişdirilərək, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası adlandırılıb. 2011-ci ildə Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsinin tərkibinə daxil edilib.

Hazırda Coğrafiya  fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Azərbaycan cografiyasi və coğrafiyanın tədrisi metodikasi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm, Geodeziya və kartoqrafiya, Hidrometeorologiya kafedraları fəaliyyət göstərir.

Geologiya-coğrafiya fakültəsinin ilk dekanı Azərbaycanın görkəmli geoloqu, professor Əziz Əsgərov (1944-1948) olub. Sonrakı illərdə məşhur pedaqoq Abdulla Şahbazov (1948-1952), professorlar Səttar Süleymanov (1952-1963), Ramiz Sultanov (1963-1965), dosent Mürsəl Həsənov (1965-1967), professor Rizvan Piriyev (1967-1972), AMEA-nın müxbir üzvü Vasif Babazadə (1972-1980), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1980-1984), professor Tofiq Şahsuvarov (1984-1991) fakultəyə rəhbərlik edib.

1991-ci ildə Geologiya-coğrafiya fakültəsi iki  müstəqil fakültəyə - Geologiya və Coğrafiya fakültələrinə ayrılıb. Müstəqil Coğrafiya fakültəsinin ilk dekanı vəzifəsinə dosent Vüsət Əfəndiyev (1991-2000) seçilib. Onu bu vəzifədə professor Müseyib Müseyibov əvəz edib (2000-2011). Sonrakı illərdə  professor Fərda İmanov (2011-2016),  dosent Şəkər Məmmədova (2017-2022) fakültə rəhbəri olub. 2022-ci ildən isə professor Məqsəd Qocamanov fakültənin dekanı vəzifəsində çalışır.
1940-cı illərin ikinci yarısından etibarən Azərbaycan alimlərindən Qasım Gül Xəzər problemləri, Nurəddin Kərəmov Böyük Qafqazın fiziki coğrafiyası və landşaftları, Əbdürrəhim Hacızadə Azərbaycanın iqtisadi coğrafi rayonları sahəsində sanballı tədqiqatlar aparıb.

1967-1972-ci illərdə “Coğrafiya” ixtisası üzrə fakültəni bitirənlərdən Boris Antonov, Müseyib Müseyibov, Budaq Budaqov, Naib Şirinov, Əbdürəhim Hacızadə, Rizvan Piriyev doktorluq dissertasiyalarını müdafiə edib, fakültənin yüksəkixtisaslı kadr potensialını tədricən möhkəmləndiriblər.

Coğrafiya fakültəsinin professor-müəllim heyətinin böyük əksəriyyətini fakültənin məzunları təşkil edir. Bununla yanaşı, fakültədə Moskva, Sankt-Peterburq, Kiyev universitetlərinin, həmçinin Azərbaycanın digər ali məktəblərinin məzunları da çalışır.

Azərbaycanın ali və ümumtəhsil məktəblərində coğrafiya müəllimlərinə artan tələbatın ödənilməsində və yüksəkixtisaslı kadr hazırlığında fakültənin professor-müəllim heyətinin xidmətləri böyükdür.

Hazırda fakültədə  təlim-tədris prosesi ilə 8 elmlər doktoru-professor, 18 fəlsəfə doktoru, dosent, 6 baş müəllim və 28 müəllim məşğul olur.

Fakültədə təhsil bakalavriat, magistratura və doktorantura səviyyələrində üç dildə (Azərbaycan, rus, ingilis) həyata keçirilir. Bakalavriat səviyyəsində “Coğrafiya müəllimliyi”, “Coğrafiya”, “Geomatika və geodeziya mühəndisliyi”, “Hidrometeorologiya”,  “Turizm işinin təşkili”, “Davamlı inkişafın idarə edilməsi” ixtisaslarında 1500-dən çox, magistraturada isə 20 ixtisaslaşma üzrə 130-dək tələbə təhsil alır. Fəlsəfə və elmlər doktorluğu proqramları üzrə 20 doktorant elmi-tədqiqat işləri üzərində çalışır.

Fakültədə tədris prosesi müasir innovativ üsullarla davamlı olaraq təkmilləşdirilir, xarici ölkələrin aparıcı universitetlərinin təhsil standartlarına uyğun tədris və təcrübə metodları öyrənilərək tətbiq edilir.

Fakültənin prioritet elmi istiqamətləri “Azərbaycan ərazisinin kosmik təsvirlər əsasında coğrafi tədqiqi” və “Davamlı inkişafın təmin olunmasında işğaldan azad olunmuş ərazilərin diaqnostikası və reabilitasiyası” mövzularından ibarətdir. Fakültədə elmi-tədqiqat işlərinin tətbiqi xarakterli olmasına üstünlük verilir. Fakultənin məzunları dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və davamlı inkişafın geoməkan təminatında aktiv rol oynayırlar.

Son illərdə fakultədə “İqtisadi-coğrafi rayonlaşdırma”, “Azərbaycanda qəsəbə”, “Hidrometeorologiyada statistik metodlar”, “Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması”, “Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması”, “Otelçilik fəaliyyətinin əsasları” və s. dəyərli əsərlər çap olunub.

Beynəlxalq indeksləmə bazalarına daxil olan jurnallarda Coğrafiya fakültəsinin əməkdaşlarının elmi məqalələrinin dərc olunma dinamikası ildən-ilə artır. Müvafiq ixtisaslar üzrə kadr hazırlayan xarici universitetlərlə beynəlxalq əməkdaşlıq gücləndirilir, dünyanın qabaqcıl elm mərkəzləri - Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti,  Novosibirsk Geosistem və Texnologiya Universiteti, Lvov Politexnik Universiteti, Minsk Texniki Universiteti, Vrotslav Universiteti (Polşa), Ryeston Universiteti (Canada), Melburn Universiteti (Avstraliya), Tbilisi Texniki Universiteti  və digər ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələr qurulub.

Fakültədə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi istiqamətində Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti, Satbayev adına Qazaxıstan Milli Texniki Universiteti, Kozıbayev adına Şimalı-Qazaxıstan Dövlət Universiteti ilə tədris proqramlarının uyğunlaşdırılması üzrə danışıqlar davam etdirilir.

Fakultədə tələbələr arasında Azərbaycan dövlətinin apardığı gənclər siyasəti, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi və qorunması mövzularında davamlı təbliğatlar aparılır, Vətən müharibəsi iştirakçıları,  qazilər və şəhid ailələri ilə görüşlər təşkil olunur.

BDU-nun 105 illik yubileyinin qeyd edildiyi günlərdə Coğrafiya fakultəsinin professor-müəllim heyəti və tələbələri Bakı Dövlət Universitetində çalışmaqdan, təhsil almaqdan qürur duyur, azad və müstəqil, öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan dövlətinə xidmət göstərməyi özlərinin ali vəzifə borcu hesab edirlər.

https://azertag.az/xeber/bdu_105_emekdaslarinin_ekseriyyeti_oz_mezunlari_olan_cografiya_fakultesi-3162614

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024