BDU-105: Peşəkar diplomatlar və iqtisadçılar yetişdirən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Azərbaycan Respublikası dövlət müstəqilliyinə yenidən nail olduqdan sonra onun beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində mütəxəssislərə böyük ehtiyac yarandı. Bu məqsədlə Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı əsasında 1991/1992-ci tədris ilindən yeni bir fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yaradıldı.
Fakültənin tələbə kontingenti həmin ixtisaslar üzrə ilkin qəbulun, eləcə də BDU-nun Hüquq fakültəsinin “Beynəlxalq hüquq”, Tarix fakültəsinin və Lənkəran Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan tələbələri hesabına formalaşdırılıb.
Bolonya təhsil sisteminə keçidlə əlaqədar fakültədə bir sıra struktur dəyişiklikləri aparılıb. 2011-ci ildə “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil alan tələbələr Hüquq fakültəsinə köçürülüb. Elə həmin il Sosial elmlər və psixologiya fakültəsinin tərkibində olan “İqtisadiyyat”, 2013-cü ildə isə “Politologiya” ixtisasları müvafiq ixtisasların bir mərkəzdə cəmləşdirilməsi məqsədi ilə fakültənin tərkibinə daxil edilib. Buna görə də 2011-ci ildə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi adlandırılıb. Buna müvafiq olaraq fakültədə “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı” və “Politologiya” ixtisasları üzrə tədris təşkil olunub. Hazırda fakültədə “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, “Dövlət və ictimai münasibətlər”, “Maliyyə”, “Menecment”, “Biznesin idarə edilməsi”, “Politologiya” və “Statistika” ixtisasları üzrə kadrlar hazırlanır.
Fakültədə akademik heyətin potensialının artırılması, həmçinin yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması məqsədi ilə bir sıra addımlar atılıb. Tələbə və professor-müəllim heyəti arasında müvafiq sorğular keçirilib və onların nəticələri təhlil ediib. Dünya standartlarına cavab verən və müasir əmək bazarının tələblərini ödəyən yeni ixtisaslar (ixtisaslaşmalar) formalaşdırılıb və mövcud ixtisaslar dövrün tələbləri çərçivəsində təkmilləşdirilib. Fakültə dekanlığının və kafedraların birgə işinin nəticəsi olaraq qısa müddətdə yeni və müasir standartlara cavab verən tədris proqramları hazırlanıb. Otuz il ərzində fakültə müəllimlərinin ayrı-ayrı fənlər üzrə sanballı dərslikləri işıq üzü görüb, kafedralarda bakalavr və magistr tədris pillələrində nəzərdə tutulan fənlərin proqramları hazırlanıb və nəşr olunub.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əldə etdiyi uğurlar fakültənin yüksək elmi potensialından qaynaqlanır. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin kafedralarında elmi fəaliyyət illər ərzində formalaşmış elmi məktəblər çərçivəsində həyata keçirilir. Fakültənin əməkdaşları dünyanın aparıcı elm və təhsil mərkəzləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə intensiv əməkdaşlıq edir.
“TACİS-TEMPUS” proqramı çərçivəsində “Avropa və Xəzər dənizi” layihəsi üzrə Fransanın Nits Universiteti, Qrenobl Universiteti və İtaliyanın Genuya Universiteti ilə əməkdaşlığı vurğulamaq lazımdır. Bu layihənin fakültədə tədrisin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti var.
Fakültənin tələbələri 2005-ci ilin yanvar-aprel aylarında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin və Amerika Təhsil Şurasının təşkil etdiyi “Nazirliklərdə praktika” müsabiqəsinin qalibi olublar. Həmçinin 2006-ci ilin 25-30 aprel tarixləri arasinda Moskva şəhərində Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin və Avropa İnsititunun təşkil etdiyi “3-cü Moskva Beynəlxalq forumu” çərçivəsində “2006-cı ilin Avropa Birliyi Modeli” mövzusunda tədbirdə, həmin ilin 21-25 oktyabr tarixlərində Brüsseldə NATO-nun Baş Qərargahında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin NATO-nun İctimai Diplomatiya İdarəsinin təşkil etdiyi seminarda Universiteti layiqincə təmsil ediblər.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən, qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanaraq ölkəmizdə yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanması qarşıda duran başlıca məqsədlərdən biridir. Bu baxımdan BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.
Hazırda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ABŞ, Kanada, İsveçrə, Rusiya, Almaniya, İtaliya, Polşa, Fransa, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bir sıra qabaqcıl elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Fakültədə müxtəlif kafedralardan olan professor-müəllim heyəti xarici və yerli universitetlərdə keçirilən beynəlxalq və respublika konfranslarında iştirak edir. Fakültədə mütəmadi olaraq tələbə, magistrant, doktorant və professor-müəllim heyəti üçün impakt səviyyəli beynəlxalq jurnallarda məqalələrin nəşr edilməsinə dair təlimlər həyata keçirilir. Son illər Türkiyənin nüfuzlu universitetlərindən olan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub və birgə tədqiqat işləri, ikili diplom proqramı və bu kimi məsələlər üzrə danışıqlar aparılıb.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ölkəmizdə yerləşən müxtəlif diplomatik korpuslarla geniş əməkdaşlıq edir. Fakültə təhsilin beynəlxalq standartlara cavab verməsi üçün müxtəlif universitetlər ilə əməkdaşlığı daim diqqət mərkəzində saxlayır.
İqtisadiyyat və idarəetmə sahəsində hərtərəfli təhsilə, müasir düşüncəyə sahib, işgüzar münasibətlərin qurulması və təhlilinin müasir metodlarını bilən və onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi ilə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və ABŞ-nin Linkoln Universitetinin Biznes inzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)” ixtisaslaşmasında ikili diplom proqramı hazırlanıb.
Beynəlxalq münasibətlər sahəsində hərtərəfli təhsili və biliyi olan, müasir düşüncəyə sahib, diplomatik münasibətlərin qurulması və təhlilinin müasir metodlarını bilən və onları real olaraq tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması məqsədi ilə BDU və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramı hazırlanıb. 2022-ci ildən etibaran bakalavriat səviyyəsi üzrə “Beynəlxalq münasibətlər” ixtisası üzrə BDU və Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında ikili diplom proqramı imzalanıb.
Fakültə tələbələrinin uğurları daha sevindiricidir. Onlar BDU-nun daxili və beynəlxalq səviyyəli tədbirlərinin ən fəal iştirakçılarıdırlar. Universitetlərarası beynəlxalq humanitar yarışmasında fakültə komandası ardıcıl olaraq qalib olub və Beynəlxalq Qırmızı Xaç Komitəsinin diplomlarına layiq görülüb. Fakültənin tələbələri müxtəlif illərdə beynəlxalq hüquqa dair ABŞ-da, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin qalibi, Moskvada keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının ən güclü iştirakçısı olublar.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinə, paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil edilir. Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılıb. BDU-da fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və əqli cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək, Universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən beynəlxalq münasibətlər və iqtisadiyyat profilli elmi-tədqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir.