BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

06/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 1972-ci ildə müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılıb. BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri və Nəzəri mexanika kafedraları bazasında yaradılmış Tətbiqi riyaziyyat fakültəsi inkişaf edərək universitetin qabaqcıl fakültələrindən birinə çevrilib. 1992-ci ilin sentyabr ayından fakültə Tətbiqi riyaziyyat və kibernetika fakültəsi adlanmağa başlayıb. Yarandığı ildən başlayaraq fakültədə “Tətbiqi riyaziyyat”, 1991-ci ildən isə “İqtisadi kibernetika” ixtisasları üzrə kadrlar hazırlanıb. Fakültədə 2009-cu ildən “Kompüter elmləri” və “İnformatika müəllimliyi”, 2021-ci ildən isə “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə kadrlar hazırlanır.

Fakültəyə dosent Mustafa Vəliyev (1972-1988), akademik Mirabbas Qasımov (1989), professor Rizvan Paşayev (1989-1999, 2005-2007), AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov (2000-2004), AMEA-nın həqiqi üzvü, professor Məhəmməd  Mehdiyev (2008-2024) rəhbərlik edib. Onların hər birinin fakültənin inkişafında, təhsil və elm sahəsində uğurların əldə olunmasında əvəzsiz xidmətləri olub. Hazırda fakültənin dekanı professor Ələkbər Əliyevdir.

Fakültədə tədrisin və elmin inkişafı üçün akademiklər Məcid Rəsulov, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, professorlar Niyaz Məmmədov, Rzabala Fərəcov, Tamilla Nəsirova, Rizvan Paşayev, dosent Ramin Mahmudzadə və digərləri müstəsna xidmət göstəriblər. Fakültənin məzunları hazırda respublikanın müxtəlif elm və təhsil ocaqlarında, o cümlədən dünyanın müxtəlif ölkələrində çalışırlar. Onların arasında İngiltərədə Elnur Seyidovu, Aqil Əliyevi, İsmayıl Əliyevi, Turan Məmmədovu, Danimarkada Aslan Əsgərovu, İrlandiyada Xalid Həsənovu, Kanadada Adil Əliyevi, Almaniyada Murad Talıbovu, Niderlandda Aydın Kazımovu, İspaniyada Nurlan Sofiyevi və digərlərini misal göstərmək olar.

Ölkə iqtisadiyyatının ən müxtəlif istiqamətlərində, tətbiqi və fundamental riyazi tədqiqatlar, informasiya texnologiyaları sahələrində çalışan məzunlar haqqında mütəmadi olaraq fakültəyə xoş rəylər, təşəkkür məktubları daxil olur. Fakültənin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri almış məzunları çoxdur. Onlar arasında yüksək elmi vəzifələr, hətta yüksək dövlət vəzifələri tutan məzunlar da var. Bu sıradan AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyevi, professorlar Əli Nağıyevi, Asəf Zamanovu, Uğur Abdullayevi, Qərib Mürşüdovu, Aslan Əsgərovu, Bilal Bilalovu, Qabil Yaqubovu və başqalarını qeyd etmək olar.

“Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə peşəkar kadrlar hazırlayan, yüksək elmi və texniki bazası olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 50 ildən artıqdır ki, fəaliyyət göstərir. Fakültədə Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, Optimallaşdırma və idarəetmə, Riyazi kibernetika, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi,  İnformasiya texnologiyaları və proqramlaşdırma, İnformatika, İqtisadi kibernetika və Tətbiqi analizin riyazi üsulları kafedraları fəaliyyət göstərir. Fakültədə 17 professor və elmlər doktoru (onlardan ikisi AMEA-nın həqiqi üzvü), 54 dosent və elmlər namizədi çalışır.

Son beş il ərzində fakültənin professor-müəllim heyəti və elmi işçilər tərəfindən 40 kitab, 418 elmi məqalə (xarici nəşrlərdə 215 məqalə), 537 tezis (xaricdə 272 tezis) nəşr olunub.

Fakültədə elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavriat səviyyəsində 3 ixtisas üzrə (“Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi”) 1741 tələbə, magistratura səviyyəsində 19 ixtisaslaşma üzrə 280 magistrant, doktorantura səviyyəsində (fəlsəfə doktoru, elmlər doktoru proqramları üzrə) 7 doktorant  olmaqla cəmi 2028 nəfər təhsil alır. Son beş il ərzində fakültənin müəllimləri tərəfindən 4 elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Fakültədə müntəzəm olaraq elmi seminarlar keçirilir. Bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, digər fakültə və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak edirlər.

Fakültədə müasir kompüterlərlə təchiz olunmuş Azərbaycan-Koreya İnformasiya Mərkəzi tələbələrin və elmi-tədqiqatçıların istifadəsinə verilib ki, bu da müasir standartlara cavab verən kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları hər bir dövlətin, xalqın inkişaf səviyyəsini, intellektual potensialını qiymətləndirməyə imkan verən, sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən biridir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və çevik tətbiqi nəticəsində cəmiyyətin bütün sahələrində köklü dəyişikliklər baş verir. İnformasiya iqtisadiyyatının formalaşması və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, genişləndirilməsinə hazırda böyük diqqət yetirilir. Müasir dövrü kompüter elmləri və texnologiyaları olmadan təsəvvür etmək olmaz. Onların sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Bunların arasında istifadəçilərin ehtiyaclarına yönəlmiş müasir tətbiqi və sistem proqram təminatının, veb dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin, kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin və s. yaradılmasını qeyd etmək olar. Göstərilən problemlərin həlli üçün Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisasının məzunlarına ehtiyac duyulur.

Bu ixtisasın aktuallığını nəzərə alaraq, İsrailin Holon Texnologiya İnstitutu və Bakı Dövlət Universiteti arasında “Kompüter elmləri” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom layihəsi çərçivəsində memorandum imzalanıb. Bu ikili diplom layihəsinin əsas məqsədi “Kompüter elmləri” ixtisası üzrə əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Bu gün əmək bazarının əsas tələblərindən biri kompüter elmləri və texnologiyalarının fundamental və xüsusi tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri effektiv həll etmək imkanına malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi kompüter elmləri sahəsində hərtərəfli riyazi biliyə, alqoritmik düşüncəyə sahib, effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını bilən və onları real sənaye məsələlərində tətbiq etmək bacarığına malik olan peşəkar mütəxəssislər hazırlayır.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində SABAH layihəsi çərçivəsində “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmun yaradılıb və tətbiqi həyata keçirilib.

BDU Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” adlı “Erasmus+ KA2” layihəsinə tərəfdaş universitet kimi qatılıb. Sözügedən layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində “Kompüter elmləri” ixtisasında “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması və bu sahədə kadr hazırlığıdır. Bu məqsədlə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşları Avropa İttifaqının beynəlxalq “MAGNUS” layihəsində iştirak edib.

Hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri“ mövzusunda gənc tədqiqatçılar və magistrantların elmi konfransı keçirilir. Belə konfranslar tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaradır. Konfransa təqdim olunan elmi işlər əsasən dərin öyrənmə və maşın öyrənməsi alqoritmlərinin effektivliyinin artırılmasına, süni intellekt metodlarının tətbiq sahələrinə, informasiya təhlükəsizliyinin qorunması üsullarına, mobil tətbiqlərin yaradılmasına, kompüter şəbəkələrinin texniki və proqram təminatına və informasiya texnologiyalarının digər aktual sahələrinə həsr edilir.

BDU-nun 105 illik yubileyi günlərində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi tətbiqi riyaziyyat və informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislər yetişdirmək, elmi tədqiqatlar aparmaq və cəmiyyətin inkişafına töhfə vermək missiyası daşıyır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məqsədi regionda və dünya miqyasında tanınan, qabaqcıl elmi araşdırmalar və yenilikçi tədris proqramları ilə fərqlənən lider bir təhsil mərkəzi olmaqdır. Fakültə təhsil və elmi araşdırmalarda yüksək keyfiyyət standartlarını qorumaq, texnoloji yeniliklərə açıq olmaq, onları tədris və tədqiqatlarda tətbiq etmək, yerli və beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmək üçün daim çalışır. Elmi tədqiqatların nəticələrini tədris prosesinə daxil etmək, tələbələri əmək bazarına hazırlamaq üçün praktiki bacarıqları inkişaf etdirmək, yaradıcılıq və innovasiyanı təşviq edən təhsil mühiti yaratmaq əsas hədəflərdəndir. Bu prinsip və dəyərlər əsasında fakültənin inkişafına və tələbələrin uğuruna töhfə vermək mümkündür.

azertag.az

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur
08/10/2024